44 GÜNLÜK MÜHARİBƏ NİYƏ BAŞ VERDİ?

Azərbaycan və Ermənistan arasındakı mövcud Dağlıq Qarabağ münaqişəsi XX əsrdə Cənubi Qafqaz regionunun ən mübahisəli məsələlərindən biri idi. Tarixən Azərbaycanın ayrılmaz parçası olan Qarabağın son bir neçə əsr ərzində əhalisinin əksəriyyətini etnik azərbaycanlılar təşkil edirdi. Qarabağın erməni əhalisinin sayı XIX əsrin əvvəllərində Rusiya-İran və Rusiya-Osmanlı imperiyaları arasında imzalanan müqavilələr nəticəsində ermənilərin bu bölgəyə yerləşməsindən sonra son iki əsr ərzində artmağa başlamışdır.

Versal Sülh Konfransı tərəfindən 1918-1920-ci illərdə Dağlıq Qarabağın Azərbaycan Xalq Cümhuriyyətinin bir hissəsi kimi tanınmasına baxmayaraq, Ermənistan bu regiona olan ərazi iddialarından əl çəkmədi. 1918-1920-ci illərdə tərəflər arasında Dağlıq Qarabağ üzərində davam edən müanaqişə Cənubi Qafqaz ölkələrinin 1920-ci illərin əvvəllərində Sovet İttifaqının tərkib hissəsi olduqdan sonra iki tərəf arasında yenidən münaqişə mövzusu olaraq gündəmə gəldi. Nəticədə Rusiya Kommunist (b) Partiyası Mərkəzi Komitəsi Qafqaz Bürosunun 5 iyul 1921-ci il tarixli plenum sərəncamına əsasən daha əvvəl mövcud olmuş tarixi reallıq nəzərə alınaraq Dağlıq Qarabağın Azərbaycan SSR-nin tərkibində saxlanılmasına qərar verildi. Daha sonra həmin qərara əsasən 1923-cü ildə Dağlıq Qarabaq Muxtar Vilayəti yaradıldı.

1980-ci illərin sonunda Sovet İttifaqının dağılması ərəfəsində Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Soveti regionun suverenliyinin Ermənistana verilməsi haqqında qərar qəbul etdi. Lakin bu qərar sadəcə Azərbaycan SSR tərəfindən deyil, eyni zamanda Sovet İttifaqı Konstitusiyasının 78-ci maddəsinə istinad edilərək Sovet İttifaqının Ali Soveti və Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi tərəfindən rədd edildi. Sovet Konstitusiyasının 78-ci maddəsində deyilirdi: “müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməz”. Buna baxmayaraq, separatçı siyasət yürüdən Dağlıq Qarabağ erməniləri Ermənistan SSR-in birbaşa dəstəyi ilə öz siyasi strukturlarını qurmağa başladılar.

Bundan əlavə, öz separatçı fəaliyyətini əsaslandırmaq üçün Ermənistan tərəfi “Müttəfiq respublikanın SSRİ-dən çıxması ilə əlaqədar məsələlərin həlli qaydası haqqında” 3 aprel 1990-cı il tarixli Sovet İttifaqı Qanununa Dağlıq Qarabağı Azərbaycandan ayırmaq üçün hüquqi əsas qismində istinad etməyə başladı ki, bu da öz-özlüyündə sadəcə Sovet Konstitusiyasının yuxarıda vurğulanan maddəsi ilə deyil, məhz həmin Aprel Qanunu ilə də təzad təşkil edirdi.

1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra onun keçmiş sərhədləri daxilində bir çox etnik qarşıdurmalar və müharibə ocaqları yaranmağa başladı. Nəticədə, Ermənistanın tarixi Azərbaycan torpaqları ilə bağlı ərazi iddialarından qaynaqlanaraq Cənubi Qafqazın müasir tarixinin ən mübahisəli məsələlərindən biri olan Dağlıq Qarabağ münaqişəsi 1991-1994-cü illər arasında qaynar müharibəyə çevrildi. Hərbi əməliyyatların qeyri-bərabər səviyyədə aparılması və keçmiş SSRİ-nin regionda olan silahlı qüvvələrinin Azərbaycanın ərazi bütövlüyünü pozması üçün ermənilərə açıq dəstək verməsi Azərbaycanın 20 faiz torpaqlarının işğalı kimi qorxunc nəticələr doğurdu. Müharibə Azərbaycan üçün təkcə ərazi itkisinə yox, həm də mədəni irsinin məhvinə, qaçqın və məcburi köçkün böhranına səbəb oldu və ölkə iqtisadiyyatına ağır təsir göstərdi.

1994-cü ilin mayında Azərbaycanla Ermənistan arasında atəşkəs müqaviləsi imzalandıqdan sonra munaqişənin həlli üçün müxtəlif sülh təklifləri irəli sürülmüşdür. Minsk Qrupunun danışıqlar prosesinə cəlb olunması münaqişə tərəflərində böyük ümidlər doğurmuşdu. Çünki Minsk Qrupu sadəcə Rusiya və Türkiyə kimi region ölkələrinin deyil, həmçinin Avropa və Şimali Amerika ölkələrinin də iştirak etdiyi geniş bir platforma idi ki, bu da özlüyündə münaqişənin sülh yolu ilə həll olunacağına inamı artırırdı. Lakin, bütün bu səylərə baxmayaraq Ermənistan tərəfi heç vaxt münaqişənin sülh yolu ilə həll edilməsi üçün konstruktiv yanaşma ortaya qoymamış və cəbhə xətti boyunca yaşayan mülki əhalini hədəf alaraq 1994-cü il atəşkəs müqaviləsini dəfələrlə pozmuşdur.

Erməni vəhşilikləri və özbaşınalıqları son üç ildə öz zirvəsinə çatmış, bu da öz növbəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli imkanları üçün ciddi maneələr yaratmışdır. Belə ki, Ermənistan hökumətinin Dağlıq Qarabağın hüdudlarından kənarda işğal edilmiş ərazilərin işğalını həmişəlik möhkəmləndirməyə cəhd etməsi, ATƏT-in Minsk Qrupu tərəfindən başladılan və hər iki tərəfin qəbul etdiyi “Əsas Prinsiplər”-in rədd edilməsi, qondarma Dağlıq Qarabağ Respublikasının inzibati mərkəzini Xankəndidən Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya köçürmə cəhdi, dünyanın müxtəlif yerlərindən olan ermənilərin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə qanunsuz yerləşdirilməsi, toponimlərin dəyişdirilməsi və tarixi abidələrin saxtalaşdırılması kimi təcavüzkar və dözülməz hərəkətləri tərəflər arasında gərginliyə səbəb olmuşdur.

Bundan əlavə, 5 avqust 2019-cu il tarixində Xankəndində baş tutan mitinqdə Ermənistanın Baş naziri Nikol Paşinyanın “Artsax Ermənistandır, nöqtə” bəyanatı baş tutacaq ciddi danışıqlar ehtimalını məhv etmişdir. Əlavə olaraq, Ermənistanın müdafiə naziri David Tonoyan 2020-ci ilin mart ayında Nyu Yorkda “sülh üçün ərazi” siyasətinin “yeni ərazilər üçün yeni müharibə” siyasəti ilə əvəz edildiyini bəyan etmiş və bununla da münaqişənin sülh yolu ilə həllinə hər hansısa bir yer qoymamışdır.

Lakin, 2020-ci ilin yayında Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini pozaraq, münaqişə zonasından kənarda yerləşən Tovuz rayonuna hücum etməsi mövcud vəziyyətin daha da gərginləşməsi üçün son səbəb olmuşdur. Nəticədə, Ermənistan-Azərbaycan sərhədində Tovuz istiqamətində Ermənistanın artilleriya atəşi nəticəsində Azərbaycan hərbçiləri və bir mülki şəxs həyatını itirmişdir. Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı yaranmış vəziyyətlə əlaqədar olaraq, 14 iyul 2020-ci il tarixində Azərbaycanın paytaxtı Bakıda ümummilli mitinq keçirilmiş, minlərlə insan vətənpərvərlik şüarları səsləndirərək paytaxtın mərkəzi küçələrində yürüş etmişdir. Dənizkənarı bulvar boyunca şəhərin yuxarı hissəsinə irəliləyən yürüş iştirakçıları əllərində bayraqlar “Qarabağ bizimdir”, “Eşq olsun ordumuza”, “Əsgər irəli”, “Şəhidlər ölməz” şüarları səsləndirirdilər.

Bütün bu hadisələrin fonunda 15 iyul tarixində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev bildirmişdi ki, hərbi xidmətə getmək istəyən vətəndaşlar şəxsi məlumatlarını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim edə bilərlər. Nəticədə minlərlə Azərbaycanın vətənini sevən oğul və qızları, xaricdə yaşayan soydaşlarımız, ehtiyatda olan hərbçilər, müharibə əlilləri və veteranlar hərbi xidmətə çağırılmaları və orduya dəstək olmaq üçün hərbi əməliyyatlara cəlb olunmaları xahişi ilə Müdafiə Nazirliyinə müraciət etmişdilər. Buna görə də 13-17 iyul tarixlərində və daha sonrakı günlərdə Müdafiə Nazirliyinə bu məsələ ilə bağlı minlərlə müraciət daxil olmuşdur.

Avqust ayında Ermənistan növbəti hərbi təxribata əl atmış, bu dəfə Azəbaycana diversiya qrupu göndərilmişdir. Diversiya qrupunun başçısı Azərbaycan hərbçiləri tərəfindən saxlanılmış və istintaqa cəlb edilmişdir. Onun ifadələrdə açıq-aydın göstərirdi ki, bu planlaşdırılmış təxribatçı diversiya qrupu Azərbaycana terror aktları törətmək üçün gəlmişdir. Tovuz rayonundan keçən neft və qaz ixrac boru kəmərlərini hədəf almaq Avropanın enerji təhlükəsizliyini təhdid edirdi.

27 sentyabr 2020-ci il tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəvrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Sonrakı günlərdə Şəmkir, Beyləqan, Ağdam, Füzuli, Cəbrayıl, Goranboy, Tərtər, Bərdə, Ağcabədi və Gəncə şəhərlərində mülki əhalinin sıx məskunlaşan yaşayış məntəqələri orta mənzilli raketlər də daxil olmaqla ağır bombardmana məruz qaldı. Ermənistanın Azərbaycana qarşı yeni təcavüzü beynəlxalq hüququn əsas norma və prinsiplərinin, Beynəlxalq Hümanitar Hüququn, 1949-cu il Cenevrə Konvensiyaları və onlara daxil edilmiş Əlavə Protokolların, və eləcə də 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinin açıq şəkildə pozulmasıdır.

Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başlamışdır. 44 gün davam edən və ‘Vətən Müharibəsi’ olaraq adlandırılan müharibə Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatmışdır. Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri Şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli atəşkəs müqaviləsi nəticəsində 1 dekabr tarixi etibari ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir. Bu 44 günlük müharibə nəticəsində Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoyulmuşdur.