Oktyabrın 11-də təxminən səhər 01:50-də Ermənistan hərbi qüvvələri Gəncə şəhərinin Ələkbər bəy Rəfibəyli və Heydər Əliyev prospektinin paralel küçələri arasında yerləşən yaşayış məhəlləsinə partlayan Scud-B ballistik raketi ilə hücum edib. Sakinlər və rəsmi mənbələrə görə, hadisə nəticəsində 10 mülki şəxs həyatını itirib, 34 nəfər yaralanıb. Human Rights Watch ərazidə yaranmış böyük ölçülü krateri, həmçinin Əliyev prospekti ilə üzbəüz olan çoxmərtəbəli ticarət binalarından bir qədər arxada yerləşən 20-dən çox dağıdılmış və zərər görmüş yaşayış binasını müşahidə edib.

Hadisə şahidlərindən 63 yaşlı Akifə Bayramova və 68 yaşlı Şərqiyə Daşdəmirovanın sözlərinə görə, partlayış nəticəsində onlar dağıntılar altından qalıblar və sonra çıxarılıblar. Bayramovanın fikrincə, dağıdılmış və zərər görmüş binalarda ən az 60 ailə yaşayıb. Daşdəmirova Human Rights Watch-a deyib ki, onun “bütün bədəni əzilib” və hücumdan 10 gün keçməsinə baxmayaraq yeriməkdə hələ də çətinlik çəkir. Onun evi tamamilə dağıdılıb.

Qırx üç yaşlı Səadət Ələsgərova hücum nəticəsində qaynını, onun həyat yoldaşını və onların oğlunu itirib. Hücum zamanı qurbanların ikimərtəbəli evləri dağılıb və daha yeddi nəfər həyatını itirib, Ələsgərova bildirib.

ANAMA qeyd edib ki, qurum ərazidəki Scud-B ballistik raketin qalıqlarını əldə edib. Azərbaycan rəsmisinin Twitter-də paylaşdığı fotoları əsas götürərək müstəqil silah mütəxəssisi də qalıqların Scud-B sursatına məxsus olduğunu təsdiqləyib.

https://www.hrw.org/az/news/2021/01/28/377321