27 sentyabr tarixində axşam saat 5-6 radələrində Ermənistan hərbi qüvvələrinə məxsus artilleriya Naftalan rayonunun Qaşaltı kəndinə hücum zamanı mülki əhalinin, o cümlədən Qurbanovlar ailəsinin beş üzvünün ölümünə səbəb olan hücum zamanı bir neçə ev dağıdılıb. Üç hadisə şahidi bu barədə Human Rights Watch təşkilatına bildirib. Kəndin təxminən 1200 sakini var. Hücum zamanı Nadir Qurbanovun evi atəşə məruz qalıb və onun 69 yaşlı atası Elbrus, 64 yaşlı anası Şəfiyyət Qurbanova, 39 yaşlı həyat yoldaşı Afaq Əmirova, 14 yaşlı qardaşı qızı Fidan Qurbanova və 13 yaşlı oğlu Şəhriyar öldürülüb. Onun sağ qalan digər oğlu Bakıda orta məktəb şagirdidir.

Hərbçi olan 41 yaşlı Nadirin qulluq etdiyi hərbi hissə hadisə yerindən təxminən üç kilometr məsafədə olub. “Mən bir mərminin evimin yaxınlığına düşdüyünü gördüm, digəri 1-2 dəqiqə sonra düşdü və mən ailəmi yoxlamaq üçün dərhal evə qaçdım,” o deyib.

Nadirin xalası oğlu Məhəmməd Məmmədov evə çatdığı zaman Nadirin uşaqlarının cəsədlərinin parçalarını qucaqladığını gördüyünü deyib. “Onları tanımaq mümkün deyildi,” o bildirib. “Onlar yanıb külə dönmüşdü, ətrafa səpələnmişdilər.” Human Rights Watch ciddi ziyan görmüş bu evə baxış keçirib və həyətdə iri kalibrli artilleriyanın qəlpələrinə aid olan bir partlayıcı qalıqları tapıb.

https://www.hrw.org/az/news/2021/01/28/377321