İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Füzuli rayonunda qarşılayıb
İyunun 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa şəhərinə yola düşüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Füzuli rayonunda qarşıladı.
Prezident İlham Əliyev: Əziz qardaşım, Qarabağ torpağına xoş gəlmisiniz.
Prezident Rəcəb Tayyib Ərdoğan: Xoş gördük. Ancaq Qarabağ torpaqlarını yaxıb-yıxıblar.
Prezident İlham Əliyev: İndi daha da görəcəksiniz. Gördünüz də?
Prezident Rəcəb Tayyib Ərdoğan: Gördük.
Prezident İlham Əliyev: Əminə xanım, xoş gəlmisiniz.
Əminə Ərdoğan: Xoş gördük.
Prezident İlham Əliyev: Bura Füzuli bölgəsidir, yəni, Aşağı Qarabağ bölgəsidir. Bakıdan gələndə birinci Qarabağ bölgəsi Füzulidir.
Prezident Rəcəb Tayyib Ərdoğan: Burada yol tikintisi layihələri var.
Prezident İlham Əliyev: Bəli, başladıq. Bu da artıq Qarabağ dağlarıdır, meşələrdir.
x x x
Sonra dövlət başçıları Şuşa şəhərinə yola düşdülər.
Prezident İlham Əliyev: İndi Füzulinin baş planı hazırlanır. Yəqin ki, bir neçə aya onu biz artıq təsdiqləyəcəyik. Ondan sonra isə bərpa işlərinə başlayacağıq.
x x x
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yolüstü Şuşa şəhərinin ətraf ərazilərini seyr etdilər.
x x x
Prezident İlham Əliyev: Buradan Şuşanın yerini göstərim.
Prezident Rəcəb Tayyib Ərdoğan: Göstər, baxaq.
Prezident İlham Əliyev: Bax, oradır, o qayanın başı, soldan sağa qədər. O da kənddir, Şuşanın altında, bu kəndin adı Daşaltıdır.
Prezident Rəcəb Tayyib Ərdoğan: Daşaltı, daş orada, o da altı.
Prezident İlham Əliyev: Daşaltı, yəni, daşın altı.
Əminə Ərdoğan: Şuşa onun arxasındadır?
Prezident İlham Əliyev: Şuşa düz onun üstündədir.
Əminə Ərdoğan: Düzənliyin üstündə.
Prezident İlham Əliyev: Bəli, o düzənliyin üstündə. Sağdakı o dağ çıxıntısı Cıdır düzüdür. At yarışları keçirilən məşhur Cıdır düzü. Biz də gedib oraya baxacağıq.
x x x
Burada xatirə şəkilləri çəkdirildi.