İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Hadrutun turizm inkişaf konsepsiyası barədə məlumat verilib
Mayın 5-də Hadrut qəsəbəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Hadrut qəsəbəsinin turizm inkişaf konsepsiyası barədə məlumat verilib.
Dövlətimizin başçısına və birinci xanıma Hadrutda turizmin inkişaf etdirilməsi üçün Dövlət Turizm Agentliyi tərəfindən ilk növbədə qəsəbənin tarixi hissəsində mərkəzi məhəllənin bərpasının və abadlaşdırılmasının nəzərdə tutulduğu bildirildi.
Qeyd olundu ki, Hadrutun tarixi hissəsində bərpa və konservasiya işləri çərçivəsində ilkin dövrdə Qafqaz Albaniyasının tarixi-mədəni irsinə aid məbədin, onun yanındakı üç tikilinin bərpası, həmin ərazinin abadlaşdırılması planlaşdırılır. Məhz bu hissədə bərpa və konservasiya işləri gələcəkdə Hadrutda aparılacaq tarixi tikililərin bərpa işləri üçün ilkin təcrübə olacaq və digər işlər bu təcrübəyə əsaslanaraq aparılacaq.
Məlumat verildi ki, bu xristian məbədi Hadrutun tarixi hissəsinin əsas memarlıq abidəsidir. Qafqaz Albaniyası dövründə həmin məbəd müxtəlif dövrlərdə bir neçə dəfə bərpa edilib. Məbəd sonuncu dəfə 1621-ci ildə bərpa olunub. Bu məbədin divarlarında daha qədim dövrdə tikilmiş abidənin daşlarından istifadə edilib. Buna görə də Qafqaz Albaniyası dövrünə aid məbəd və onun ətrafında Dövlət Turizm Agentliyi tərəfindən bərpa və abadlaşdırma işləri görülməzdən əvvəl burada elmi-tədqiqat və arxeoloji qazıntıların aparılması nəzərdə tutulur. Çünki işğal dövründə Hadrutda olan bir sıra abidələr kimi, bu məbədin də tarixi mənşəyinə ermənilər tərəfindən müdaxilələr edilib.
Yerli əhəmiyyətli memarlıq abidəsi kimi rəsmi olaraq dövlət mühafizəsinə götürülən məbəd kompleksinin ərazisində onlarla qəbir daşı yerləşir. Bununla əlaqədar ərazinin arxeoloji cəhətdən tədqiq edilməsinə ehtiyac yaranıb.
Azərbaycan Prezidentinə və birinci xanıma Turizm Məlumat Mərkəzi barədə də məlumat verildi.
Qeyd olundu ki, Hadrutun mərkəzi hissəsində yerləşən tarixi mülkün bərpa edilərək, Turizm Məlumat Mərkəzi kimi fəaliyyət göstərməsi nəzərdə tutulur. Mərkəzdə Hadruta gələn ilk turist qruplarına qəsəbə və ətraf kəndlərdəki turizm obyektləri haqqında məlumat veriləcək. Turizm Məlumat Mərkəzi iki hissədən ibarət olacaq. Birinci hissə turistlərin qəbulu sahəsi, ikinci hissə isə turizm işçiləri üçün ofis kimi nəzərdə tutulur.