İlham Əliyev Kəlbəcərdə “Zar” KSES-in açılışında iştirak edib və SCADA sistemi vasitəsilə Göygöl rayonunda “Toğanalı” KSES-in açılışını edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Kəlbəcər rayonunda “AzərEnerji” ASC-nin 4,3 MVt gücündə “Zar” Kiçik Su Elektrik Stansiyasının (KSES-in) açılışında iştirak edib və SCADA sistemi vasitəsilə Göygöl rayonunda yeni tikilən 4,1 MVt gücündə “Toğanalı” KSES-in açılışını edib.

Dövlətimizin başçısına görülən işlər barədə məlumat verildi.

Bildirildi ki, Kiçik Qafqaz dağ silsiləsindəki bulaqlar, ərinti suları da daxil olmaqla mənbəyi Azərbaycan ərazisində formalaşan çaylar üzərində yaşıl enerji istehsal edəcək su elektrik stansiyalarının yaradılması prosesi sistemli şəkildə davam edir.

Cari ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğu və COP29-a ev sahibliyi edəcək Azərbaycanın Kəlbəcər rayonunda “AzərEnerji” ASC tərəfindən 4,3 meqavat gücündə “Zar”, Göygöl rayonunda isə 4,1 meqavat gücündə “Toğanalı” Kiçik Su Elektrik stansiyaları cəmi bir il ərzində tikilib. İnnovativ mühəndislik işi sayılan bu stansiyaların maşın zallarında Avropa istehsalı olan turbin, generator və məsafədən idarəetmə üçün rəqəmsal avadanlıqlar quraşdırılıb. Stansiyalar 24 damarlı fiber-optik kabel xətləri ilə ölkənin mərkəzləşmiş optik kabel şəbəkəsinə və SCADA sisteminə inteqrasiya olunub.

Bu elektrik stansiyalarını su ilə təchiz etmək üçün “AzərEnerji” tərəfindən Zar və Kürəkçay çaylarının üzərində ekoloji normalar daxilində baş suqəbuledici qurğular inşa edilib. Bu məqsədlə çaylarda yaşayan canlıların, ümumilikdə flora və faunanın qorunmasını təmin etmək üçün xüsusi hidrotexniki qurğular tikilib. Ümumilikdə hər iki stansiya üçün çətin relyefdə 14 min metr derivasiya boruları çəkilib və çay ekosisteminin qorunmasına xüsusi önəm verilib.

“Zar” və “Toğanalı” KSES-lərdə ümumilikdə 25 milyon kilovat-saatadək yaşıl enerjinin istehsal olunması nəzərdə tutulur ki, bu da 5,5 milyon kubmetr təbii qaza qənaət edilməsi, 10 min tondan çox karbon emissiyasının qarşısının alınması deməkdir.

Sonra “Zar” və “Toğanalı” KSES-lərin tikintisindən və yaradılan şəraitdən bəhs edən videoçarx nümayiş olundu.

Prezident İlham Əliyev stansiyaları işə saldı.

Qeyd edək ki, “Zar” və “Toğanalı” stansiyalarının istismara verilməsi enerjisistemdə yaşıl enerjinin davamlı artırılması missiyasına töhfə olmaqla yanaşı, ekoloji davamlılıq məqsədinə çatma yolunda mühüm əhəmiyyətə malikdir.

Qarabağ və Şərqi Zəngəzur bölgələrinin ilin bütün fəsillərində xalis sıfır karbon emissiyalı regionlara çevrilməsi, yaşıl enerji istehsalının tam şəkildə təmin edilməsi və artıq qalan enerjinin ölkə enerjisisteminə ötürülməsi Azərbaycanın regional enerji müstəqilliyini gücləndirir və ətraf mühitin qorunmasına müsbət təsir göstərir. Bu, həm də ölkənin enerji istehsalında dayanıqlılıq və ekoloji davamlılıq məqsədinə çatma yolunda mühüm bir addımdır.

Eyni zamanda, diqqətə çatdırıldı ki, Prezident İlham Əliyevin işğaldan azad edilən əraziləri yaşıl enerji zonasına çevirmək, regionun hidroenerji potensialından səmərəli istifadə etmək barədə tapşırıqlarına əsasən “AzərEnerji” ASC tərəfindən ümumi gücü 37,5 MVt olan 6 kiçik su elektrik stansiyasının tikintisi üzrə işlərə başlanılıb. Bu su elektrik stansiyalarının 2025-ci ilin birinci yarısında istismara verilməsi nəzərdə tutulur.

Həmin stansiyalarda ümumilikdə 110 milyon kVts-dan çox elektrik enerjisi istehsal ediləcək ki, nəticədə 24 milyon kubmetrdən çox təbii qaza qənaət olunacaq, həmçinin 44 min tondan çox karbon qazının atmosferə atılmasının qarşısı alınacaq.

Bildirildi ki, Qarabağ və Şərqi Zəngəzurda indiyədək ümumi gücü 270 MVt olan 32 su elektrik stansiyası istismara verilib və bu günədək 492 milyon kilovat-saat sıfır emissiyalı elektrik enerjisi istehsal edilib. Bununla da 110 milyon kubmetr təbii qaza qənaət olunub, 200 min ton karbon emissiyasının atmosferə atılmasının qarşısı alınıb.

Qeyd edək ki, regiondakı SES-lərin qoyuluş gücü 500 MVt-a, illik istehsal həcmi isə 1,5-1,8 milyard kilovat-saata çatacağı, bununla da 350-400 milyon kubmetr təbii qaza qənaət edilməsi, 650-750 min ton həcmində karbon dioksid emissiyasının azalması proqnozlaşdırılır. Müqayisə üçün bildirək ki, Azərbaycanın digər regionlarında SES-lərin illik istehsalı ortalama 1,2 milyard kilovat-saat təşkil edirsə, Qarabağ və Şərqi Zəngəzurda bu həcm 50 faiz daha çoxdur.

https://president.az/az/articles/view/66778