İlham Əliyev Şuşada Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Şuşada Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarı qəbul edib.
Dövlətimizin başçısı Ersin Tatar ilə Bakıda və digər beynəlxalq tədbirlər çərçivəsində keçirdiyi görüşləri məmnunluqla xatırladı.
Söhbət zamanı nəqliyyat, əlaqələr və iqlim fəaliyyəti vasitəsilə dayanıqlı gələcəyin qurulması mövzusunda keçiriləcək qeyri-rəsmi Zirvə toplantısının Türk Dövlətləri Təşkilatının gündəliyində duran məsələlərin dövlət və hökumət başçıları səviyyəsində müzakirəsi və reallaşdırılması baxımından əhəmiyyəti qeyd olundu. Bu tədbirin müntəzəm xarakter alacağına ümidvarlıq bildirildi, onun Türk dünyasının inkişafına, birliyinə xidmət edəcəyi vurğulandı.
Azərbaycan Prezidenti ilə görüşlərini məmnunluqla xatırlayan Ersin Tatar Türk Dövlətləri Təşkilatının Şuşa şəhərində keçiriləcək qeyri-rəsmi Zirvə toplantısına dəvətə görə dövlətimizin başçısına təşəkkürünü bildirdi və ölkəmizə ikinci dəfə səfər etdiyini dedi.
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti imzalanacaq Qarabağ Bəyannaməsinin əhəmiyyətini qeyd etdi.
O, Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə toplantıları ilə bərabər, qeyri-rəsmi Zirvə toplantılarının keçirilməsi təşəbbüsünü yüksək qiymətləndirdi. Bunun mütəmadi xarakter alacağına, Türk dövlətləri arasında əməkdaşlığın və tərəfdaşlığın daha da inkişafına əsaslı töhfə verəcəyinə əminliyini bildirdi.
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti bu Zirvə toplantısının nəqliyyat, əlaqələr və iqlim fəaliyyəti kimi çox aktual məsələlərə həsr olunduğunu vurğuladı.
Ersin Tatar 2022-ci ilin noyabrında Səmərqənddə keçirilmiş Türk Dövlətləri Təşkilatının Zirvə toplantısında Şimali Kipr Türk Cümhuriyyətinin bu təşkilatda müşahidəçi statusunu almasından sonra əlaqələrin inkişafından məmnunluğunu bildirdi.
Göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürünü ifadə edən Ersin Tatar vurğuladı ki, dəfələrlə o, öz bəyanatlarında da bu məsələləri qeyd edib və Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyətinə göstərdiyi həmrəyliyə, dostluğa, qardaşlığa və dəstəyə görə təşəkkürlərini bildirdi.
Azərbaycan Respublikasının Milli Məclisində Şimali Kipr ilə dostluq qrupunun yaradılmasını vacib addım kimi dəyərləndirən Ersin Tatar Azərbaycan Mədəniyyəti Günlərinin ölkəsində keçirilməsini məmnunluqla qeyd etdi.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.