İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonunda “İstisu” Müalicə-İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olublar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunda “İstisu” Müalicə-İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olublar.
Dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verildi.
Bildirildi ki, yenidən inşa edilən “İstisu” Müalicə-İstirahət Kompleksinin ümumi sahəsi 80 min kvadratmetr təşkil edəcək. Hazırda Kompleksin ərazisində 145 nömrədən ibarət olan hotel binasının, 10 kottecin və 5 inzibati binanın tikinti işləri aparılır.
Kompleksin hotel binasında restoranlar, kafelər, konfrans zalı, boulinq mərkəzi, uşaq əyləncə mərkəzi və müxtəlif əyləncə zonalarının fəaliyyət göstərməsi planlaşdırılır.
Hotel binasının daxilində yerləşən və sahəsi 10 min kvadratmetr təşkil edəcək SPA Mərkəzində 16 müxtəlif təyinatlı açıq və qapalı hovuz, termal hamamlar, müalicəvi termal su vannaları, isti və soyuq su ilə kontrast terapiya hovuzu, termal hidrohovuzlar, təzyiqli su terapiya otağı, buxar otaqları, duz otağı, müalicəvi palçıq ilə prosedur otaqları, masaj otaqları, digər prosedur otaqları və istirahət zonaları nəzərdə tutulur.
Kompleksin SPA Mərkəzinin mineral sularla müalicə, pelioidterapiya (palçıqla müalicə) və klimatoterapiya (iqlim müalicəsi) istiqamətləri üzrə fəaliyyət göstərməsi nəzərdə tutulur.
Belə ki, “Yuxarı İstisu” yatağında yerləşən termal mənbələrdən Almaniyanın aparıcı laboratoriyalarından olan “SGS Institut Fresenius GmbH”ın mütəxəssisləri tərəfindən nümunələr götürülüb və suyun mineral analizi həyata keçirilib. Aparılan analizlərin nəticələrinə və balneoloji rəylərə əsasən İstisu termal mineral suyu fizioloji, metabolik, müalicəvi təsirlərə malikdir və dayaq-hərəkət sistemi, sinir sistemi, ürək-damar sistemi, tənəffüs orqanları, mədə-bağırsaq sistemi, endokrin, immun sistemi, həzm sistemi, böyrək sistemlərinin fəaliyyətinin bərpasına və dermatoloji xəstəliklərin müalicəsinə effektiv təsir göstərir.
Eyni zamanda, pelioidterapiya birləşdirici toxuma sisteminin, onurğa sisteminin, böyrəklərin fəaliyyətini bərpa edir və nevroloji pozuntular, otorinolarinqoloji və dəri xəstəliklərinin müalicəsinə müsbət təsir göstərir.
Digər fəaliyyət istiqaməti olan klimatoterapiyada isə aerofitoterapiya, aeroterapiya, qelioterapiya və landşaftoterapiya metodlarından istifadə edilir.