İlham Əliyev Xankəndi stadionunda çıxış edib
Bu gün xalqımız tarixi hadisəyə şahidlik edir. Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları qarşılaşıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oyuna baxmaq üçün stadiona gəliblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Dövlətimizin başçısı oyundan əvvəl stadionda çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı
– Əziz dostlar, Xankəndiyə xoş gəlmisiniz!
İlk dəfədir ki, işğaldan azad edilmiş ərazilərdə futbol matçı keçirilir. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.
Bu gün qəhrəman şəhidlərimizin uşaqları, ailə üzvləri bizim yanımızdadır. Gəlin, hamımız birlikdə onları salamlayaq.
Bu futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var. Xankəndi qədim Azərbaycan diyarıdır. Bu kəndin təməli Qarabağ xanı tərəfindən qoyulmuşdur və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılmışdır. Əfsuslar olsun ki, 30 il ərzində bu şəhərdə separatçılar yuva salmışdılar. Bu şəhər separatizmin rəmzinə çevrilmişdi. Torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Biz, şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdik ki, bu, bizim tarixi, əzəli torpağımızdır. Bu torpaqların sahibləri bizik, Azərbaycan xalqıdır. Biz buraya qayıtmalı idik və qayıtmışıq.
Üç ay bundan əvvəl Xankəndi işğaldan azad edildi. Birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir, bu gün bütün Qarabağ bölgəsində Azərbaycan Bayrağı dalğalanır. Bu, böyük tarixi hadisədir və bu tarix bizim qəlbimizdə əbədi yaşayacaq. Azərbaycan xalqı, dünya azərbaycanlıları bu Zəfər ilə bundan sonra əbədi fəxr edəcəklər.
Biz – bu torpaqların sahibləri qurub-yaradırıq, o cümlədən Xankəndi şəhərində, Xocalıda, işğaldan azad edilmiş digər ərazilərdə geniş quruculuq-abadlıq işləri aparılır. Bu stadion cəmi iki ay ərzində, demək olar ki, yenidən inşa edilmişdir, əsaslı təmir olunmuşdur. Separatizm simvolikasını əks etdirən bütün yazılar artıq tarixin zibilxanasına atıldı. Bütün başqa şəhərlər kimi, bu gün Ağdam şəhəri də yenidən qurulur. O cümlədən bir neçə aydan sonra Ağdam şəhərində “İmarət” stadionunun yenidən inşa edilməsinə başlanılacaq.
Bugünkü oyunun nəticələrindən asılı olmayaraq qalib bəllidir. Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir! Bugünkü oyunda “Qarabağ” və Mərkəzi Ordu İdman Klubunun qarşılaşması təbii ki, böyük rəmzi məna daşıyır. Qarabağ–Ordu-Xalq birliyi bizim Zəfərimizin əsas mənbəyidir.
Əziz dostlar, dörd il bundan əvvəl bu stadionda bəziləri “Qarabağ Ermənistandır və nöqtə” demişdilər. Biz onlara sübut etdik ki, Qarabağ Azərbaycandır!
İşğal edilmiş torpaqların böyük hissəsi üç il bundan əvvəl – İkinci Qarabağ müharibəsi nəticəsində işğalçılardan azad edildi. Qarabağın tacı olan Şuşa şəhərində Azərbaycan Bayrağı qaldırıldı. Üç ay bundan əvvəl – sentyabrın 19-20-də Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə rayonları da işğalçılardan azad edildi. Oktyabrın 15-də bütün bu şəhərlərdə mən Azərbaycan Bayrağını ucaltdım. Noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradı keçirildi. Bu gün isə bu gözəl idman bayramını biz birlikdə qeyd edirik.
Bundan sonra bu torpaqlarda Azərbaycan Bayrağı əbədi dalğalanacaq. Biz azərbaycanlılar burada əbədi yaşayacağıq! Yaşasın Qarabağ! Yaşasın şanlı Ordumuz! Qarabağ Azərbaycandır!
x x x
Sonra Ulu Öndər Heydər Əliyevin idmançılarla görüşləri, idmanla bağlı fikirləri barədə videoçarx nümayiş olundu.
Stadiona daxil olan dövlətimizin başçısı futbolçularla və oyunu idarə edən hakimlərlə görüşdü, onlarla xatirə şəkli çəkdirdi.
Prezident İlham Əliyevin topa rəmzi toxunuşundan sonra “Qarabağ”–MOİK görüşü başladı.
Maraqlı idman mübarizəsi şəraitində keçən görüş “Qarabağ” komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. “Qarabağ”ın futbolçusu Nəriman Axundzadənin matçın əsas hissəsinə əlavə olunmuş vaxtın 5-ci dəqiqəsində vurduğu qol oyunun taleyini həll edib. Bununla da N.Axundzadə işğaldan azad olunmuş ərazilərdə 30 ildən sonra keçirilən ilk futbol matçında fərqlənən hücumçu kimi tarixə düşüb.