Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Füzuli şəhərinin Baş planı ilə tanış olub

Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Füzuli şəhərinin Baş planı ilə tanış olublar.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlət başçılarına Füzulidə görülən və həyata keçiriləcək işlər barədə məlumat verdi.

Bildirildi ki, Baş planda 2040-cı ilədək Füzuli şəhərinin inzibati ərazisinin 1943 hektara, əhalisinin 50 min nəfərə çatdırılması nəzərdə tutulur. Şəhərdə rahat və müasir həyat şəraitinin təmin edilməsi üçün orta və azmərtəbəli yaşayış binaları, həyətyanı torpaq sahələri olan fərdi evlər inşa ediləcək, təhsil, səhiyyə, mədəniyyət, istehsalat müəssisələri, rekreasiya və digər təyinatlı zonalar yaradılacaq.

Yaşayış ərazilərinin sıxlığının müəyyənləşdirilməsində proqnozlaşdırılan əhali sayı ilə yanaşı, təklif edilən digər şəhər xidmətlərinin yerləşməsi də nəzərə alınıb. Məşğulluğun və sosial xidmətlərin təmini üçün şəhərdə 9 ümumi və orta təhsil müəssisəsi, 13 məktəbəqədər təhsil müəssisəsi, peşə təhsili müəssisəsi, internat tipli musiqi məktəbi, xəstəxana, idman və sağlamlıq mərkəzi, mədəniyyət mərkəzi, inzibati mərkəz, idman kompleksinin inşası, Qələbə və Memorial park, 6 məhəllə parkı və şəhər meydanının, ərazisi 150 hektardan çox olan ekoparkın salınması planlaşdırılıb.

Xüsusi vurğulandı ki, ötən ilin avqustunda Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan 960 şagird yerlik Mirzə Uluqbəy adına məktəbin, bu gün isə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin istifadəyə verilməsi füzulililər üçün unudulmaz hədiyyə olmaqla yanaşı, ölkələrimizin və xalqlarımızın dostluğunun, qardaşlığının sarsılmazlığının daha bir göstəricisidir.

Diqqətə çatdırıldı ki, Baş planda Füzuli şəhərinin dayanıqlı inkişafı, ağıllı həllər əsasında qurulması və insanların sağlam həyatını təmin etmək üçün ən müasir şəhərsalma yanaşmaları tətbiq edilib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə işğalçı Ermənistanın 30 il ərzində Füzuli rayonunun ərazisində törətdiyi dağıntılar, vandalizm aktları barədə də məlumat verildi.

https://president.az/az/articles/view/65309