BU TARİXİ GÜNDƏ
Oktyabrın 4-ə keçən gecə Tərtər rayonunda yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində bir neçə mülki şəxslər yaralanıb, evlərə və infrastruktura ciddi ziyan dəyib.
Ermənistan silahlı qüvvələri oktyabrın 5-ə keçən gecə Tərtərin Əskipara kəndində əhalinin sıx yaşadığı məntəqələrini və tam orta məktəbi artilleriya atəşinə tutub. Nəticədə mülki obyektlərə və dinc əhalinin əmlakına külli miqdarda ziyan dəyib.
11 oktyabr tarixində Ermənistan silahlı qüvvələri Tərtər rayonunun mərkəzində yerləşən Şıxarx qəsəbəsini intensiv atəşə tutmaları nəticəsində qəsəbədə yerləşən evlərin əksəriyyəti tamamilə yararsız hala düşüb.
Ermənistan silahlı qüvvələri cəbhəboyu ərazilərdəki yaşayış məntəqələrini, mülki insanları artilleriya atəşinə tutmaqda davam edir. 13 oktyabr tarixində ağır artilleriya atəşi nəticəsində Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində mülki sakinlərin evlərinə və təsərrüfatlarına ciddi ziyan dəyib.
Oktyabrın ayının 15-də gündüz saat 12.45 radələrində Ermənistan hərbi qüvvələri Tərtərin 400 metrliyində yerləşən məzarlığı atəşə tutub. Hadisə zamanı cənazə mərasimində iştirak edən dörd mülki vətəndaş – 31 yaşlı Pərviz Orucov, 32 yaşlı Şakir Zamanov, 60 yaşlı Vasif Rüstəmov, 53 yaşlı İsgəndər Əmirov həyatını itirib. Şahidlərin sözlərinə görə, daha dörd nəfər yaralanıb.
Hücum zamanı yaralanan 54 yaşlı Fizuli Məmmədov telefon müsahibəsində bildirib ki, hadisə zamanı onlar məzarlığa təbii səbəblərdən vəfat etmiş xalasını dəfn etməyə gediblər. O qeyd edib ki, məzarlığın girişində başlarının üstündə səs eşidiblər. Cənazəni yerə qoyub qorunmağa çalışarkən mərmi 50 metr aralıda partlayıb və bir neçə dəqiqə sonra digər bir mərmi yaxınlıqdakı məzarlığı vurub. Məmmədov deyir ki, o, kürəyindən, ayağından və sol qolundan yaralanıb. Bu səbəbdən o tezliklə əməliyyat olunmalıdır.
Cənazə mərasimi üçün Goranboydan gələn 34 yaşlı molla Rafael Qəzənfərli telefonla verdiyi müsahibəsində hər iki ayağından və bir böyrəyindən 11 qəlpə yarası aldığını deyib.
Yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq oktyabrın 26-da səhər saat 08:00-da Ermənistan silahlı qüvvələri Tərtərin Qazyan kəndini atəşə tutublar. Nəticədə bir neçə evə ciddi ziyan dəyib və 2 ev tamamilə yararsız hala düşüb.