Bərdə 2020

BU TARİXİ GÜNDƏ

5 oktyabr saat 12:30 radələrində Bərdə şəhəri, Təbriz küçəsində yaşayış evinə Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya atəşi olunub. Düşmənin atdığı raketlərdən biri şəhərin mərkəzində yerləşən rayon sakini İlqar Fərzəliyevin evinə düşüb. Nəticədə evdə yanğın başlayıb və ev tamamilə yararsız hala düşüb.

Azərbaycan Respublikası Baş Prokurorluğu Bərdənin atəşə tutulması nəticəsində əmələ gələn itkilər barədə məlumat verib. Baş Prokurorluqdan bildirilib ki, “8 oktyabr səhər saat 10-dan etibarən Bərdə rayonunda intensiv atəş və artilleriya atəşi nəticəsində 7 nəfər yaralanıb”.

Agentliyin dediyinə görə, həmçinin Bərdə şəhərinin mərkəzində yerləşən “Qədim Bərdə” restoranına raketin düşməsi nəticəsində həmin vaxt orada olan iki nəfər şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib və eyni zamanda, Bərdə şəhər 5 nömrəli tam orta məktəbin yaxınlığına düşmüş raketlər beş nəfər şəxsin yaralanmasına səbəb olub.

Baş Prokurorluğun məlumatına görə, “o cümlədən, məktəbin binasına, çoxsaylı nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib”.

Oktyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə rayonuna “Smerç” yaylım atəşli reaktiv sistemdən atılan raket atəşləri nəticəsində 5 nəfər mülki şəxs, o cümlədən azyaşlı uşaq həyatını itirib və aralarında uşaqlar və qadınlar olmaqla 13 nəfər ciddi xəsarət alıb.

Ermənistan hərbi qüvvələri oktyabr ayının 28-də gündüz saat 01.30-da Bərdə şəhərini raketlə hədəfə alıb. Bərdə Müalicə və Diaqnostika Mərkəzinin direktoru və baş cərrahı 40 yaşlı həkim Vüsal Məmmədov deyir ki, o, mərkəzdə çalışarkən “[birdən] hər şey toz-torpağa büründü və bütün pəncərələr sındı.” İkinci partlayışdan yayılan qəlpələr tibb bacısı Rəmziyə Quliyevanı ayağından yaralayıb. Məmmədovun sözlərinə görə, o ayağını tərpədə bilməyib, dializ aparatları yararsız hala gəlib, şüşələr dağılaraq 22 xəstəyə və xəstəxananın heyətinə xəsarət yetirib.

Human Rights Watch xəstəxanaya, o cümlədən Dövlət Miqrasiya Xidməti ofisinə dəymiş ziyanı, habelə idman kompleksinin pəncərə və beton divarlarına dəyən zərəri əraziyə düşmüş partlayıcı silahlarla uyğun şəkildə araşdırıb. Xəstəxananın heyəti 9 noyabr tarixində Human Rights Watch araşdırmacılarına hücumdan sonra xəstəxananın ərazisindən topladıqlarını söylədikləri partlayışa və dağıntıya səbəb olan Smerç kaset bombalı raketlərin qalıqlarını göstərib. Görünüşə görə, hücum Human Rights Watch-un əvvəllər sənədləşdirdiyi 21 mülki şəxsin öldüyü və 70 nəfərin yaralandığı 28 oktyabr saat 01.30-da açılmış Smerç adlanan kaset başlıqlı raket sisteminin bir parçası olub.