Gəncə 2020

BU TARİXİ GÜNDƏ

Oktyabrın 4-də səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən, Ermənistan ərazisindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərində (cəbhə bölgəsindən 60 km aralı) əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrinə raket zərbələri endirilməsi nəticəsində bir mülki şəxs həlak olub.

5 oktyabr tarixində ağır artilleriya ilə vurulan Gəncənin Böyük Bazar ticarət mərkəzində yaralanmış 3 nəfər xəstəxanaya yerləşdirilib. Human Rights Watch-un hesabatına görə qeyri-dəqiqliklə geniş əraziləri hədəf alan bu partlayıcı silahlar əhalinin məskunlaşdığı ərazilərdə hərbi qüvvələrlə mülki əhali arasında fərq qoymadan istifadə edilib.

Oktyabrın 8-də Ermənistan silahlı qüvvələri Gəncə şəhərində məskunlaşmanın sıx olduğu ərazilərə başlatdığı artilleriya hücumları nəticəsində Məscid və qəbiristanlıq vurulmuşdur. İnsan tələfatı yoxdur.

Oktyabrın 11-də təxminən səhər 01:50-də Ermənistan hərbi qüvvələri Gəncə şəhərinin Ələkbər bəy Rəfibəyli və Heydər Əliyev prospektinin paralel küçələri arasında yerləşən yaşayış məhəlləsinə partlayan Scud-B ballistik raketi ilə hücum edib. Sakinlər və rəsmi mənbələrə görə, hadisə nəticəsində 10 mülki şəxs həyatını itirib, 34 nəfər yaralanıb. Human Rights Watch ərazidə yaranmış böyük ölçülü krateri, həmçinin Əliyev prospekti ilə üzbəüz olan çoxmərtəbəli ticarət binalarından bir qədər arxada yerləşən 20-dən çox dağıdılmış və zərər görmüş yaşayış binasını müşahidə edib.

Hadisə şahidlərindən 63 yaşlı Akifə Bayramova və 68 yaşlı Şərqiyə Daşdəmirovanın sözlərinə görə, partlayış nəticəsində onlar dağıntılar altından qalıblar və sonra çıxarılıblar. Bayramovanın fikrincə, dağıdılmış və zərər görmüş binalarda ən az 60 ailə yaşayıb. Daşdəmirova Human Rights Watch-a deyib ki, onun “bütün bədəni əzilib” və hücumdan 10 gün keçməsinə baxmayaraq yeriməkdə hələ də çətinlik çəkir. Onun evi tamamilə dağıdılıb.

Qırx üç yaşlı Səadət Ələsgərova hücum nəticəsində qaynını, onun həyat yoldaşını və onların oğlunu itirib. Hücum zamanı qurbanların ikimərtəbəli evləri dağılıb və daha yeddi nəfər həyatını itirib, Ələsgərova bildirib.

ANAMA qeyd edib ki, qurum ərazidəki Scud-B ballistik raketin qalıqlarını əldə edib. Azərbaycan rəsmisinin Twitter-də paylaşdığı fotoları əsas götürərək müstəqil silah mütəxəssisi də qalıqların Scud-B sursatına məxsus olduğunu təsdiqləyib.

https://www.hrw.org/az/news/2021/01/28/377321

Sakinlərin və rəsmi mənbələrin verdiyi məlumata görə, 17 oktyabr tarixində səhər saat 01.00 radələrində Gəncədə iki yaşayış məhəlləsinə ballistik raket atılıb. Nəticədə 6 noyabr tarixində aldığı yaralardan həyatını itirən beş nəfər də daxil olmaqla 21 mülki şəxs həlak olub.

ANAMA-nın Scud-B kimi təyin etdiyi raket yaşayış yeri olan Muxtar Hacıyev küçəsinə düşüb. Human Rights Watch hücum zamanı evdə olan 13 sakinlə görüşüb və ərazidə 10 evin dağıdıldığını və 20-dən çox evin zədələndiyini müşahidə edib. Evi raketin düşməsiylə yaranmış kraterin yanında yerləşən 47 yaşlı Şairə Quliyeva deyib: Biz qonşumuzun ayağını mətbəximiz olan ərazidə tapdıq. Telefon xəttinin üzərində [kiminsə] bağırsaqları vardı. Qonşu evdə iki uşaq öldürülmüşdü – onların yataq otağı tamamilə dağıdılmışdı, ona görə ailə cəsədləri toplaya bilmədi.

Quliyevanın sözlərinə görə, onun 13 yaşlı qardaşı oğlu Artur Quliyev hücumdan sonra dağıntıların altından çıxarılıb və bir həftə sonra həyatını itirib. Bacısı Gülnarə ağır yaralanıb və 6 noyabrdan etibarən xəstəxanaya yerləşdirilib. O həmçinin bildirib ki, ətrafda uçuşan qırıntılar ona və anasına xəsarət yetirib.

Evi dağılan 20 yaşlı Fəxriyyə Əliyeva deyib ki, partlayış zamanı qonşuları Züleyxa Şahnəzərova və Röyal Şahnəzərov və onların 16 aylıq qızı Mədinə Şahnəzərli öldüyündən ailənin 3 yaşlı qızı babasının və nənəsinin himayəsində qalıb. Əliyevanın sözlərinə görə, Mədinənin “cəsədi evlərinin dağıntıları altından və anasının [qopmuş] başı isə həyətdən tapılıb.”

Timur Sərkərov deyib ki, partlayışda atasının evi dağıdılıb; atası, bacısı, qardaşı və qardaşının iki qızı öldürülüb. Sərkərovun eşitmə qabiliyyətini itirən qardaşı da daxil olmaqla hadisədən sağ çıxanlar ağır fiziki və mənəvi xəsarət alıb.

Partlayış nəticəsində qızını, gəlnini, 6 və 11 yaşlarında iki nəvəsini itirən və iki mərtəbəli evi dağılan Ramiz Qəhramanov hücum zamanı evdə olub. O, hücumdan sonra ailəsini onların saçları və bədən hissələrindən tanımalı olduğunu deyib.

Əlli beş yaşlı Mahir Bağırov və 53 yaşlı Bahar Bağırova hücumda dağıdılmış evlərində qızları İlahə Həmzəyeva və onun 9, 7 və 2 yaşlı üç uşağı ilə birlikdə yaşayıblar. İyirmi doqquz yaşlı Həmzəyevanın sözlərinə görə, hücumdan sonra hər gecə o “titrəməkdən dura bilmir” və onun körpəsi “demək olar ki, heç nə yemir … [və]“ durmadan, ana, bomba” deyir.

Muxtar Hacıyev küçəsinə edilmiş hücumla demək olar ki, eyni vaxtda Süleyman Rüstəm şosesi üzərində yerləşən Avtozavod məhəlləsinə ikinci Scud-B raketi atılıb. Hücum nəticəsində 15 ailənin evi dağıdılıb və ya yaşayış üçün yararsız hala salınıb. Sakinlərin sözlərinə görə 40-50 yaşayıq məntəqəsinə ziyan dəyib. Human Rights Watch noyabrın 7-də partlayış yerində yaranmış böyük krateri və onlarla zədələnmiş və ya dağıdılmış yaşayış binalarını və ətrafdakı silah qalıqlarını, noyabrın 4-də isə ANAMA-nın Bakıdakı mənzil qərargahında digər raket qalıqlarını müşahidə edib.

Human Rights Watch Avtozavod məhəlləsinin 9 sakini ilə görüşüb. Dağılmış evinin qapı və pəncərələrini, damını göstərən 64 yaşlı Fərhad Heydərov barmağıyla yaxınlıqdakı binaya işarət edərək orada hücum zamanı Maral adlı bir qadının və nəvəsinin öldürüldüyünü deyib. Altmış iki yaşlı Bəsti Cəfərova Maralın öldüyü xəstəxana otağında müalicə aldığını bildirib.

Evinin damını dağıdan partlayışdan sonra Cəfərovanın 10 ailə üzvünün bədəni kəsik-kəsik olub. Məmmədovlar ailəsinin iki üzvü partlayış zamanı onlarla birlikdə doqquz ailə üzvünün yaşadığı üç evin dağıdıldığını və iki qohumunun – 52 yaşlı Elman Məmmədovun və 40 yaşındakı baldızı Aybəniz Məmmədovanın öldürüldüyünü deyib. Otuz yaşlı Azad Cəfərov deyib ki, partlayışda onun evi dağıdılıb və bədəninə plastik pəncərə çərçivəsinin qırıntıları girib, “dəhşətli ağrıya” səbəb olub.

https://www.hrw.org/az/news/2021/01/28/377321