ŞƏHİDLƏR

27 sentyabr 2020-ci il tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəvrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Sonrakı günlərdə Şəmkir, Beyləqan, Ağdam, Füzuli, Cəbrayıl, Goranboy, Tərtər, Bərdə, Ağcabədi və Gəncə şəhərlərində mülki əhalinin sıx məskunlaşan yaşayış məntəqələri orta mənzilli raketlər də daxil olmaqla ağır bombardmana məruz qaldı.

Ermənistanın Azərbaycana qarşı yeni təcavüzü beynəlxalq hüququn əsas norma və prinsiplərinin, Beynəlxalq Hümanitar Hüququn, 1949-cu il Cenevrə Konvensiyaları və onlara daxil edilmiş Əlavə Protokolların, və eləcə də 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinin açıq şəkildə pozulmasıdır.

Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. 44 gün davam edən və ‘Vətən Müharibəsi’ olaraq adlandırılan müharibə Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatmışdır. Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri Şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli atəşkəs müqaviləsi nəticəsində 1 dekabr tarixi etibari ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bu 44 günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu.

44 gün davam edən müharibədə ağır artilleriya atəşləri nəticəsində uşaqlar, qadınlar və qocalar daxil olmaqla ümumilikdə 94 mülki şəxs öldürülmüş, 400-dən çox mülki şəxs yaralanmış, eyni zamanda 2908 Azərbaycan əsgəri şəhid olmuş, mindən çox əsgər yaralanmış, 6 nəfər itkin düşmüşdür.