Mülki əhaliyə hücum

27 sentyabr 2020-ci il tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəvrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Sonrakı günlərdə Şəmkir, Beyləqan, Ağdam, Füzuli, Cəbrayıl, Goranboy, Tərtər, Bərdə, Ağcabədi və Gəncə şəhərlərində mülki əhalinin sıx məskunlaşan yaşayış məntəqələri orta mənzilli raketlər də daxil olmaqla ağır bombardmana məruz qaldı.

Nəticədə Azərbaycanda mülki əhali və hərbçilər arasında itkilər olmuş, bir çox evə və digər mülki infrastruktura böyük ziyan dəymişdir.

Ermənistanın Azərbaycana qarşı yeni təcavüzü beynəlxalq hüququn əsas norma və prinsiplərinin, Beynəlxalq Hümanitar Hüququn, 1949-cu il Cenevrə Konvensiyaları və onlara daxil edilmiş Əlavə Protokolların, və eləcə də 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinin açıq şəkildə pozulmasıdır.

İlkin hesablamalara görə, 30 oktyabr tarixinə qədər ağır artilleriya atəşləri nəticəsində uşaqlar, qadınlar və qocalar da daxil olmaqla ümumilikdə 94 mülki şəxs öldürülmüş, 400-dən çox mülki şəxs yaralanmışdır. Oktyabrın 29-na olan məlumata görə, silahlı hücum nəticəsində 2406 fərdi ev, 92 çoxmənzilli bina və 423 mülki obyekt zərər görmüş və yararsız hala düşmüşdür.