25 Oktyabr 2020

BU TARİXİ GÜNDƏ

Mən Cənubi Qafqaz regionunun dərindən inteqrasiya olunmasını, digər Cənubi Qafqaz ölkəsi olan Gürcüstanla strateji münasibətlərimizin gələcəkdə müəyyən vaxtda Azərbaycan və Ermənistan arasında münasibətlər üçün müəyyən mənada örnək ola bildiyini görmək istəyirəm! İlham Əliyev

Cəbhədə oktyabrın 25-nə olan vəziyyət

Oktyabrın 24-ü gün ərzində və 25-nə keçən gecə cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut, Qubadlı və Laçın istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən qoşunlarımızı atıcı silahlar, tanklar, minaatanlar və toplardan atəşə tutub.

Azərbaycan Ordusunun bölmələri əməliyyat planına uyğun əsas istiqamətlərdə döyüş fəaliyyətlərini davam etdirərək nəzarətə götürülən əraziləri bir qədər də genişləndirib.

Qoşunlarımız cəbhənin Xocavənd, Qubadlı və Laçın rayonları ərazisində düşmənə atəşlə ciddi zərbə vuraraq onun müqavimətini zəiflədib və müxtəlif istiqamətlərdə yeni mövqelərə irəliləyib.

Azərbaycan Ordusunun bölmələrinin Ermənistan silahlı qüvvələrinin Ağdərə və Xocavənd istiqamətlərində yerləşən bölmələrinin atəşə tutması nəticəsində düşmənin canlı qüvvə baxımından çoxlu sayda ölən və yaralananı var. Onun döyüş sursatının tükəndiyi, artilleriya qurğularının isə sıradan çıxarıldığı məlum olub.

Qubadlı istiqamətinə gətirilən Ermənistan silahlı qüvvələri 543-cü alayının 1-ci taborunun bölmələri canlı qüvvə və hərbi texnikada itkilər verərək geri çəkilib.

Ermənistanın Kotayk vilayətinin Tsaxkadzor yaşayış məntəqəsindən Dağlıq Qarabağa göndərilən ehtiyatdan çağırılmış hərbi vəzifəlilərin böyük hissəsi bölmələrimizin atəş zərbəsi nəticəsində məhv edilib.

Azərbaycan Ordusunun keçirdiyi fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 2 tank, 2 PDM, 4 D-30 haubitsa topu, 1 2A36 “Qiasint-B” topu, 7 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Hazırda cəbhə boyu döyüşlər davam edir. Qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

https://mod.gov.az/az/news/cebhede-oktyabrin-25-ne-olan-veziyyet-33293.html

İlham Əliyevin ABŞ-ın “Fox News” televiziya kanalına müsahibəsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının “Fox News” televiziya kanalına müsahibə verib.

– Sabahınız xeyir.

– Sizin də sabahınız xeyir.

– Mən 30 il Avropada işləmişəm. Mən heç vaxt Sizin ölkənizdə olmamışam. Buna görə təəssüflənirəm. Bu səhvi gələcək aylarda səfər etməklə düzəltməli olacağam.

– Ümid edirəm ki, gələcəkdə bizi də ziyarət etmək üçün vaxtınız olacaq.

– Mən də ümid edirəm. Ölkəniz gözəldir. Mən Formula 1-i sevirəm, Zaha Hadidin memarlıq üslubunu sevirəm, kinoları sevirəm. Siz paytaxtınızı müasirləşdirməklə gözəl iş görmüsünüz.

– Təşəkkür edirəm.

-Mən Sizin bir çox müsahibələrinizi dinləmişəm. Siz müsahibələrdə regionun üzləşdiyi mürəkkəb məsələləri təfərrüatı ilə və səlis izah edirsiniz. Mən kifayət qədər açıq, qısa və mahiyyət üzrə suallar verməliyəm ki, onlara mümkün qədər çox cavab ala bilək. Mən tamamilə anlayıram ki, bunlar 100 illər bundan öncəyə təsadüf edən mürəkkəb məsələlərdir.

– Mən Amerika auditoriyasına nəyin baş verdiyini, nəyə görə baş verdiyini və bizim gələcəkdə nələri görmək istəyimizi izah etməyə çalışacağam.

– Çox gözəl. Biz bunda çox maraqlıyıq. Bir çox məlumatlara görə, sentyabrın 27-də – müharibənin bu ən son mərhələsində Dağlıq Qarabağ regionunda nisbi sülh var idi, müəyyən növ diplomatik çərçivə var idi, insanlarda bu münaqişənin həll edilməsi ilə bağlı ideya var idi, lakin Sizin qüvvələr döyüşlərə başladı. Nəyə görə Siz indi hərəkətə keçməyə qərar verdiniz?

– Sentyabrın 27-də döyüşlərə başlayan Azərbaycan olmamışdır. Bu vaxta kimi heç bir ölkənin rəsmi nümayəndəsi bu məsələni bizim qarşımızda qaldırmayıb. Sentyabrın 27-də hücuma keçən Ermənistan olmuşdur və məqsəd danışıqlar prosesini tamamilə pozmaq idi. Onlar az və ya çox eyni hərəkəti iyul ayında da etmişdilər. O zaman onlar Ermənistan-Azərbaycan dövlət sərhədində bizim qüvvələrimizə hücum etdilər. Onlar acı məğlubiyyətlə üzləşdilər. Sonra onlar avqustda hərbi mövqelərimizə nüfuz etmək, mülki şəxslərimizə və hərbi qulluqçularımıza hücum etmək üçün diversiya qrupu göndərdilər. Sentyabrın 27-də onlar ağır silahlarından artilleriya bombardmanına başladılar və hücumun ilk saatlarında bizdə mülki şəxslər və hərbi qulluqçular arasında qurbanlar olmuşdur. Bu vaxta kimi mülki şəxslər arasında 63 nəfər öldürülmüşdür və demək olar ki, 300 nəfər mülki şəxs yaralanmışdır. Beləliklə, bu hücuma başlayan Ermənistan idi, biz özümüzü müdafiə etməli və cavab verməli idik. Bizim cavabımız çox adekvat olmuşdur və nəticədə biz işğal olunmuş ərazilərin mühüm hissəsini azad edə bildik.

– Lakin kimin atəşi birinci açmasından asılı olmayaraq, hər iki tərəf bu dövrdə dərhal döyüşə başladı. Sonra Siz dediniz ki, bu ərazidən erməni qüvvələrini çıxarmaq istəyirsiniz və bu, münaqişəni həll etmək üçün yeganə cavab ola bilər. Sentyabrın 27-sinə qədər olan aylarda Azərbaycanda gedən müharibə haqqında çoxlu söhbətlər gəzirdi. Siz etiraf etməlisiniz ki, müharibəni başlamaq imkanını axtarırdınız.

– Mənim dediyim BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun idi. 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrdə Ermənistandan açıq şəkildə tələb olunurdu ki, qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən tam, qeyd-şərtsiz və dərhal çıxarsın. Əfsuslar olsun ki, 27 il ərzində bu qətnamələr icra edilməmişdir. Odur ki, biz erməni qoşunlarının Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərdən çıxarılmasını istədiyimizi deyəndə mən hüquqi nöqteyi-nəzərdən haqlıyam və mənim dediklərim Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinə uyğundur.

– Cənab Prezident, hüquqi müstəvi və reallıqlar var. Dağlıq Qarabağda və regionda reallıq ondan ibarətdir ki, 1980-ci və 1990-cı illərin bütün keşməkeşli yollarından keçdikdən sonra indi ora prinsip etibarilə erməni əhalisindən ibarətdir. Əgər siz oraya daxil olsanız, yenə də erməniləri çıxarıb, azərbaycanlıları geri gətirməlisiniz və yenə məcburi köçkünlər olacaq. Masada diplomatik plan var, Dağlıq Qarabağın müstəqilliyinin saxlanılması, Ermənistanın Dağlıq Qarabağ ətrafında yeddi rayonun geri qaytarması. Siz diplomatiya yolunu nəzərdən keçirirsinizmi?

– Diplomatik həll yolu ilə bağlı sizin dedikləriniz doğru deyil. Çünki vasitəçilər tərəfindən – Amerika Birləşmiş Ştatları, Rusiya və Fransadan Dağlıq Qarabağa müstəqillik verilməsi ilə bağlı bizə heç bir plan təqdim olunmayıb. Bu qədər. Sülh planında təklif var idi ki…

– Muxtariyyət.

– Xeyr, xeyr. Əsla. Sülh planında təklif, bənd var ki, Dağlıq Qarabağın ətrafında yerləşən işğal olunmuş bütün ərazilərin, – bu o ərazilərdir ki, orada azərbaycanlılar yaşamışdır və 700 mindən çox azərbaycanlı bu ərazilərdən etnik təmizləməyə məruz qalmışdır, – Azərbaycana qaytarılması deyilir. Sizin haqqında danışdığınız reallıqlar, Ermənistanın təcavüzkar separatizmi və azərbaycanlıların etnik təmizlənməsi nəticəsində yaranmış reallıqlardır. Bütün azərbaycanlılar Dağlıq Qarabağdan qovulmuşdur, müharibədən əvvəl orada 40 min azərbaycanlı var idi, Dağlıq Qarabağ ətrafında olan yeddi rayondan bütün azərbaycanlılar – 700 min nəfər qovulmuşdur. Mənim dediyim….

– Cənab Prezident, 1994-cü ildə Siz müharibədə məğlub oldunuz. İndi 2020-ci ildə isə Siz müharibədə qalib gəlmək üçün müharibəyə yenidən başlamaq istəyirsiniz.

– Biz müharibədə məğlub olmamışdıq. Biz döyüşü uduzmuşduq. Bu da obyektiv səbəblər üzündən olmuşdur. Birincisi, Azərbaycanda daxili qeyri-sabitlik var idi, Ermənistan da bundan sui-istifadə etdi.

– Lakin mənim sualım odur ki, niyə 2020-ci ildə Siz müharibəyə yenidən başlamaq istəyirsiniz? 20 il idi ki, sakitlik idi.

– İkincisi bu, Ermənistana açıq xarici dəstək üzündən baş vermişdir. Biz müharibəyə başlamamışıq. Biz, sadəcə, cavab verdik və biz bunu Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi əsasında edirik. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi hər bir ölkənin özünümüdafiə hüququnu təmin edir. Bizim etdiyimiz odur ki, biz özümüzü müdafiə edirik və biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərini erməni işğalından azad edirik. Bundan artıq heç bir şey etmirik. Erməni xalqına gəldikdə, mən dəfələrlə demişəm ki, Dağlıq Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır, biz onların qeydinə qalacağıq. Onlar oraya qayıdacaq azərbaycanlılarla yanaşı, ləyaqət, sülh içində yaşayacaqlar.

– Cənab Prezident, nəyə görə Siz qeyd etdiyiniz kimi, BMT-nin, Rusiyanın, İranın, Amerika Birləşmiş Ştatlarının, Avropa İttifaqının, NATO-nun çağırışlarına müqavimət göstərirsiniz? Atəşkəs üçün çağırışlara nəyə görə müqavimət göstərirsiniz və faktiki olaraq elan olunmuş atəşkəsi pozursunuz? Mən bilirəm ki, bu gün Dövlət Katibi Pompeo da cəsədlərin, yaralıların mübadiləsi üçün atəşkəs tələb edəcəkdir. İndi atəşkəs üçün yaxşı vaxt deyilmi?

– Biz atəşkəsə hazır idik. Oktyabrın 10-da Moskvada bizim Xarici İşlər nazirimiz, Ermənistanın Xarici İşlər naziri və Rusiyanın Xarici İşlər naziri atəşkəs barədə birgə bəyanat verdilər. Lakin növbəti gün ermənilər Ermənistan ərazisindən Azərbaycanın ikinci ən böyük şəhərinə, toqquşmaların baş verdiyi ərazidən çox uzaqda yerləşən Gəncəyə ballistik raketlə hücum edərək 10 mülki şəxsi qətlə yetirmiş və 30-dan çoxunu yaralamışlar. Sonra Gəncəyə ikinci ballistik raket hücumu oldu və 15 insan qətlə yetirildi. Beləliklə, Ermənistan…

– Lakin Siz də atəşkəsi pozmusunuz.

– Xeyr, xeyr. Biz, sadəcə, cavab verdik. Çünki biz atəşkəs barədə iki dəfə razılaşmışdıq. Birinci dəfə ermənilər gecə vaxtı, gecə saat 1-də yatan şəhərə ballistik raket atdılar. İkinci dəfə atəşkəs yalnız iki dəqiqə davam etdi və Ermənistan onu pozdu. Azərbaycanın atəşkəsi pozması barədə sübut yoxdur.

– İcazənizlə belə bir sual verim. Bu gün Dövlət Katibi Sizin Xarici İşlər nazirinizə sual versə ki, siz həqiqətən də atəşkəsi istəyirsiniz, daha bir cəhd istəyirsiniz? Siz daha bir dəfə cəhd edərsiniz?

– Bəli, biz hazırıq. Mən bunu dəfələrlə açıq demişəm. Biz bu gün atəşkəsi razılaşdırmağa hazırıq. Lakin, eyni zamanda, Ermənistan, onun baş naziri deməlidir ki, onlar Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa tərəfindən işlənib hazırlanmış əsas prinsiplərə sadiqdir. İki gün bundan əvvəl Ermənistanın baş naziri dedi ki, Dağlıq Qarabağ münaqişəsinin diplomatik həlli yoxdur.

– Bununla bağlı müəyyən şərtlər olmalıdır. Siz heç bir əlavə şərtsiz atəşkəsə sadiq olarsınızmı?

– Biz atəşkəs istəyirik, biz torpaqlarımızın qaytarılmağını istəyirik. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, ABŞ, Fransa və Rusiyanın təqdim etdiyi sülh planına uyğun olaraq torpaqları boşaldacağına dair öhdəlik götürməlidir. Lakin o, bunu demir.

– Cənab Prezident, Sizin ordunuzun hədsiz dərəcədə mülki əraziləri, evləri, yaşayış məntəqələrini, mağazaları hədəfə alması ilə bağlı ittihamlara necə cavab verərdiniz? Hətta Sizin yüksək texnologiyalı silahlarınızla çox mühüm bir kilsə də vurulub, son həftələrdə minlərlə adam ölüb və ya yaralanıb.

– Biz mülki şəxslərə hücum etmirik. Ermənistanın Gəncə şəhərinə qarşı onlarca adamın həlak olduğu ballistik raketlərlə törətdiyi amansız hücumdan, terror aktından sonra biz açıq şəkildə dedik ki, qisas alacağıq, lakin döyüş meydanında. Biz mülki şəxslərə hücum etmirik. Biz dini məkanlara hücum etmirik. Şuşada kilsədə baş verənlər ya səhv olub, – mən artıq buna açıq şəkildə münasibət bildirmişəm, – ya da bu, bizi günahlandırmaq üçün ermənilərin özləri tərəfindən törədilib.

– Lakin, cənab Prezident, biz Dağlıq Qarabağın paytaxtının görüntüləri olan videoları, səhnələri görmüşük, orada bütün əhali zirzəmilərdə yaşamaq məcburiyyətindədir, hər 20 dəqiqədən bir artilleriya səsləri eşidilir, mülki şəxslərin yaşadığı şəhər dağılıb. Siz bütün şəhəri hərbi hədəf adlandıra bilməzsiniz.

– Qondarma “Dağlıq Qarabağ respublikası”nın paytaxtı Xankəndidə hərbi hədəflər olub və bizim oraya hücumlarımız yalnız oktyabrın 9-dan əvvəl olub. Ondan sonra biz Dağlıq Qarabağda heç bir mülki şəxsə və ya şəhərə hücum etməmişik. Lakin onlar hücum ediblər. Siz onların Gəncədə etdiklərinin şəkillərini görmüsünüzmü?

– İcazə verin, aydınlıq gətirim, Siz sentyabrın 27-dən oktyabrın 9-dək mülki şəxsləri hədəfə alırdınız?

– Xeyr, biz qondarma “Dağlıq Qarabağ respublikası”nın paytaxtı Xankəndidə hərbi infrastrukturu hədəfə alırdıq, çünki hərbi bazalar, hərbi infrastruktur şəhərdə yerləşir.

– Sizin Türkiyə istehsalı olan dronlarınız, İsrail istehsalı olan hərbi avadanlığınız, Rusiya istehsalı olan yüksək texnologiyalı avadanlığınız var. Necə ola bilər ki, Siz bundan istifadə edirsiniz və eyni zamanda, mülki şəxsləri vurmursunuz?

– Xeyr, bizim dronlarımız, – bu şəkillərin çoxu internetdə var, baxa bilərsiniz, – Ermənistan tanklarını və başqa silahları necə məhv edir. İndiyədək bizim dronlarımız 230-dan çox tankı məhv edib. Biz onların 6 ədəd S-300 hava hücumundan müdafiə sistemini, yüzlərlə zirehli texnikasını məhv etmişik. Biz dronlardan mülki şəxslərə qarşı istifadə etmirik. Bu, yanlış məlumatdır.

– Gəlin, əsgərlər, döyüşdə olan qoşunlar barədə danışaq. Fransadan, Rusiyadan olan çoxsaylı mənbələr, həmçinin “New York Times”ın müstəqil jurnalistləri qətiyyətlə iddia edirlər ki, Türkiyə tərəfindən toplanmış və gətirilmiş yüzlərlə suriyalı silahlı Sizin müharibədə döyüşür. Niyə Sizin müharibədə – Azərbaycanda Türkiyənin dəstəklədiyi suriyalı silahlılar döyüşür?

– Bu, daha bir feyk xəbərdir. Mən təəssüf edirəm ki, Rusiya və Fransa, yeri gəlmişkən, açıq şəkildə buna münasibət bildirən yeganə ölkələr belə məsuliyyətsiz bəyanatlar verdilər. Mən sübutlar, dəlillər tələb etdim və hələ də tələb edirəm. Müharibə 20 gündən çoxdur ki, yenidən başlayıb, indiyədək nə Rusiya, nə də Fransa tərəfindən bizə heç bir dəlil və ya sübut təqdim olunmayıb.

– Dəlil “New York Times”dadır. Sizi beş gün əvvəlki məqaləyə yönləndirə bilərəm. Orada deyilir ki, Azərbaycanda qətlə yetirilmiş 57 suriyalı döyüşçü Türkiyə sərhədinin o biri tərəfində geri qaytarılaraq Suriyada dəfn olunub. Ailələrinin hamısı təsdiqləyiblər ki, onlar Sizin ordunuzla birlikdə döyüşmək üçün Azərbaycana getmişdilər.

-Siz Prezident Trampın “New York Times”ı necə adlandırdığını bilirsiniz, xatırlayırsınız? Feyk xəbərlər. Bu, feyk xəbərdir. Heç bir dəlil, heç bir sübut yoxdur. Bizə dəlil verin, sadəcə….

– Maraqlıdır, Sizin yüz min əsgəriniz var. Suriyadan bir neçə qeyri-mütəşəkkil silahlı nəyinizə lazımdır?

– Bəli, tamamilə doğrudur.

– Sual olunur niyə?

– Bizim onlara ehtiyacımız yoxdur. Mən elə bu barədə danışıram. Nizami orduda 100 min əsgər, üstəgəl bir neçə gün ərzində biz bəlkə də bundan 3 dəfə çox əsgər cəlb edə bilərik, üstəgəl müasir avadanlıq. Bizim heç bir muzdluya əsla ehtiyacımız yoxdur. Bu, sadəcə, ölkəmizin nüfuzuna xələl gətirmək və döyüş meydanında əsgərlərimizin mərdliyinin əhəmiyyətini azaltmaq məqsədi daşıyan feyk xəbərdir.

– Cənab Prezident, gəlin bunun zamanı məsələsinə qayıdaq. Niyə biz hərbi əməliyyatları indi görürük? Niyə toqquşmalar görürük? Sizin hökumətinizi, Prezident olaraq Sizi tənqid edənlər deyirlər ki, Siz bu müharibədən ölkənizin daxilindəki problemlərdən, sosial məsələlərdən, iqtisadi tənəzzül, korrupsiya, COVID-19-dan diqqəti yayındırmaq üçün pərdə kimi istifadə edirsiniz. Siz, sadəcə, ola bilsin ki, bundan bir çox müxtəlif məsələlərdən narazı olan kütlənin diqqətini vətənpərvər döyüşə çəkmək üçün istifadə edirsiniz.

– Xeyr, xeyr. Bu, tamamilə yanlışdır. Birincisi, bizim iqtisadi göstəricilərimiz dünyada ən yaxşılardan biridir. On ay ərzində Azərbaycanda iqtisadi geriləmə 4 faizdən azdır. Siz bunu öz ölkəniz və ya Avropa ölkələri ilə müqayisə edə bilərsiniz. Azərbaycanda işsizlik səviyyəsi 7 faizdir. Bunu öz ölkənizlə müqayisə edin. Azərbaycanda yoxsulluq səviyyəsi 5 faizdir. Yenidən bunu müqayisə edin. Bizim ciddi sosial problemimiz yoxdur. COVID-19-la bağlı Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən nümunə kimi göstərilir. Biz 30-dan çox ölkəyə dəstək – maliyyə dəstəyi, humanitar dəstək göstərmişik. İqtisadiyyatımız sabitdir. İqtisadiyyatımız davamlıdır. Sizin dediyiniz kimi, bəzi daxili problemləri ört-basdır etmək üçün müharibəyə başlamağa ehtiyac yoxdur. Bu, qarşı tərəfdə belədir. Hazırda tamamilə iqtisadi və sosial problemlərin içində olan Ermənistanın diqqəti yayındırmağa ehtiyacı var. Aparıcı müxalifət partiyasının liderini həbs edən Ermənistanın baş naziridir. O, iki sabiq prezidenti təqib edir.

– Lakin, cənab Prezident, biz bilirik ki, Sizin hökumətiniz daxilində insan haqlarının pozulması, söz azadlığının sıxışdırılması ilə bağlı bəzi ittihamlar var, xüsusilə, korrupsiya və həm hökumətdə, həm də bir çox korporativ strukturlarda ailə idarəçiliyi ilə bağlı. Bu, ictimaiyyətinizin, ya da ictimaiyyətinizin bəzi üzvlərinin, bəzi insanların yol verdiyi qanun pozuntuları hesab olunan hallardan diqqətini yayındırmaq üçün deyil?

– Xeyr, korrupsiya var və biz buna qarşı mübarizə aparırıq. Biz geniş iqtisadi islahatlar proqramı təqdim etmişik. Son vaxtlarda bir çox insanlar, bir çox hökumət rəsmiləri və yüksək rütbəli rəsmilər korrupsiya ittihamı ilə həbs olunublar. Korrupsiya hər yerdə var və biz bununla mübarizə aparırıq. Ailə idarəçiliyinə gəlincə, mən bir daha sizin öz ölkənizə diqqət çəkmək istəyirəm, orada mühüm vəzifələri ata və oğul tutmuşdu. Buş ailəsi, Klinton ailəsi, ər və arvad, Kennedi ailəsi və bir çox başqa ölkələrdə. Beləliklə, bu, ABŞ-da baş verənlərdən fərqlənmir.

– Lakin onların hamısı demokratik və şəffaf şəkildə seçilmişdilər.

– Bəli, xüsusilə ABŞ Ali Məhkəməsinin qərarı ilə seçilmiş Buş.

– Siz Amerika siyasətini bilirsiniz, cənab Prezident.

– Bilirəm. Mən hazırlıqlı adamam.

– Gəlin indi ABŞ-a keçək. Siz bu gün və gələcəkdə Dövlət Katibi Pompeonun nə etməyini görmək istəyərdiniz? Dövlət Katibi Pompeo və ABŞ-la bağlı bəzi tənqidlər səsləndirilib ki, onlar kifayət qədər bu məsələ ilə məşğul olmayıblar. Bilirəm ki, Rusiya kifayət şəkildə cəlb olunub. Türkiyə müxtəlif yollarla cəlb olunub, hətta İran yardım təklif edir. ABŞ kifayət qədər iş görübmü? Siz ABŞ-ın daha çox iş görməsini görmək istəyərdinizmi? Siz rəsmi Vaşinqtonun nə etməyini istəyərdiniz?

– Düşünürəm ki, ABŞ Minsk qrupunun üç həmsədrindən biri olaraq tərəflərə razılığa gəlməyə yardım etmək üçün ATƏT-in mandatına sahibdir. Razılaşma beynəlxalq hüquqa əsaslanmalıdır. Bu, mənim nə istədiyimə, ya da Ermənistanın baş nazirinin nə istədiyinə əsaslanmamalıdır. O, beynəlxalq hüquqa əsaslanmalıdır. Dağlıq Qarabağ ABŞ və bütün başqa ölkələr tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Mən Dövlət Katibi Pompeodan nə gözləyə bilərəm – birincisi, baş nazir Paşinyanın nümayəndəsinə desin ki, “diplomatik həll yoxdur” kimi bəyanatlar yanlış və təhlükəlidir. İkincisi, Ermənistanın baş nazirinin “Qarabağ Ermənistandır” kimi bəyanatları təhlükəli və yanlışdır. Onlar məntiqli olmalıdırlar. Onlar işğal olunmuş ərazilərdən çıxmaqla bağlı bizə vaxt cədvəli verməlidirlər. Onlar ermənilərlə azərbaycanlılar arasında Dağlıq Qarabağ ərazisində sülh şəraitində birgəyaşayışa razılıq verməlidirlər və münaqişəni beynəlmiləlləşdirmək cəhdlərinə son qoymalıdırlar. Onlar Rusiyadan birbaşa hərbi iştirakı xahiş etməyə son qoymalıdırlar. Bu, səmərəsizdir. Bütün bu vaxt ərzində Ermənistan baş nazirinin bütün cəhdləri Rusiyadan Azərbaycana qarşı döyüşmək üçün qoşun göndərməyi xahiş etmək olub. Bu, çox təhlükəlidir.

– Bu məsələ ilə bağlı Dövlət Katibi Pompeonun tənqidi fikirləri var. O, açıq şəkildə deyir ki, əlbəttə, ABŞ-ın və Türkiyənin bir çox sahələrdə ortaq maraqları var. O deyir ki, Türkiyənin Sizin səylərinizi dəstəkləməyi problemə səbəb olur, məsələni daha da alovlandırır. Sizin buna münasibətiniz necədir?

– Türkiyə Azərbaycana siyasi dəstək verir. O, bizim ən yaxın müttəfiqimiz və dostumuzdur. Biz qürurlu və xoşbəxtik ki, belə böyük ölkə bizim tərəfdaşımızdır. Hər bir ölkənin dostu və müttəfiqlərinin olmasına haqqı var. Ermənistanın öz müttəfiqləri var.

– Ancaq Türkiyə müharibəyə çağırış edir. Türkiyə deyir ki, hərbi yol lazımdır.

– Xeyr, qətiyyən! Buna dair heç bir dəlil belə yoxdur. Türkiyə yalnız siyasi dəstək verir və bu, kifayətdir. Çünki Türkiyə deyəndə ki, onlar Azərbaycanın yanındadırlar və Azərbaycan tək deyil, ola bilsin, bu, münaqişəyə müdaxilə etmək və öz maraqlarını təmin etmək istəyən hər kəsə bir mesajdır.

– Bir müddət əvvəl Sizinlə söhbət edərkən mühüm bir fikir irəli sürmüşdünüz, Dövlət Katibi Pompeo ilə müzakirələrinizdə demişdiniz ki, diplomatik həll var. Siz bu böhranın diplomatik həllinin olduğuna inanırsınızmı?

– Bəli, inanıram. Əks halda mən 17 il ərzində danışıqlarda iştirak etməzdim. Siz deməyə çalışırsınız ki, müharibəni mən başlamışam. Əgər müharibəyə mən başlamışamsa, niyə 17 il gözləyirdim. Azərbaycan Ordusu artıq azı 10 ildir ki, yaxşı hazırlaşıb. Ona görə də, diplomatik həll masa üzərindədir. Ermənistan Dağlıq Qarabağ ətrafındakı əraziləri boşaltmalıdır. Azərbaycanlılar həmin ərazilərə qayıtmalıdırlar, sonra ermənilərlə sülh və ləyaqət şəraitində yaşamalıdırlar. Bizim mövqeyimiz bundan ibarətdir.

– Beləliklə, Siz deyirsiniz ki, diplomatik həll üzərində hərbi həll elementi var?

– Mən dedim, arzu edirəm ki, hərbi həll bu gün dayansın və biz danışıqlar masasına keçək. Əfsuslar olsun ki, bu hərbi amil çoxlu ziyan və qurbanlara səbəb olur. Ona görə də, substantiv danışıqlara, – bütün bu illər ərzində Ermənistanın etmək istədiyi kimi imitasiyaya yox, – substantiv danışıqlara nə qədər tez başlasaq, həll yolu bir o qədər tez tapılar. Həll yolu Azərbaycanın ərazi bütövlüyünə əsaslanır.

– Ölkənizin, regionun hüdudlarından kənarda olan bəzilərinin narahatlıqları var. Bəlkə də bu, Sizi də narahat etməlidir ki, mövcud hüdudda olan münaqişə regional problemə çevrilə bilər. Türkiyənin real maraqları var, Rusiyanın real maraqları var, İranın real maraqları var. Siz həm iqtisadi, həm də siyasi cəhətdən nüfuzu olan bir ölkə kimi başlamasına rəvac verdiyiniz bu regional burulğanda mövqeyinizin itirilməsini riskə atmırsınızmı?

– Münaqişə ərzində bizim bütün səylərimiz aktiv fazaya mümkün qədər tez son qoymaq məqsədi daşıyıb. Biz münaqişə genişlənsin deyə münaqişənin hər hansı formada beynəlmiləlləşdirilməsinin tamamilə əleyhinəyik. Ermənistanın etmək istədiyi məhz budur. Qeyd etdiyim kimi, onlar Rusiyadan münaqişə bölgəsinə hərbçilər göndərməyi xahiş etdilər. Bu, tamamilə səmərəsiz və beynəlxalq hüquqa ziddir. Biz başqa ölkələrin müdaxilə etməsini istəmirik.

– Lakin Ermənistanda artıq Rusiyanın hərbi bazası var, bu, qeyri-qanuni deyil.

– Bəli, o, Ermənistandadır, Dağlıq Qarabağda yox. Onlar ruslardan Dağlıq Qarabağa qoşun göndərmələrini xahiş edirdilər. Biz bu barədə bilirik. Ona görə də bizim mövqeyimiz ondan ibarətdir ki, bütün region ölkələri və bütün ölkələr münaqişədə birbaşa iştirakdan kənarda qalmalıdırlar. Kömək etmək istəyənlər və mandatı olanlar, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanı inandırmalıdırlar ki, – ümidvaram ki, bu gün Vaşinqtonda bu, baş verəcək, – təcavüzə son qoysun, atəşkəsə sadiq olsun və torpaqları boşaldacaqlarına dair öhdəlik götürsün. Onlar bunu etmirlər.

– Körfəz müharibəsi zamanı belə fikir var idi ki, bütün bunlar neftə görədir. Döyüş bölgəsinin təqribən 50-60 mil yaxınlığında Sizin neft kəmərləriniz, enerji kəmərləriniz var. Siz çox mühüm enerji kəmərləri və qovşaqlarının bu və ya digər dərəcədə zərər çəkə biləcəyindən narahatsınızmı? Faktiki olaraq bu, bəlkə də, Sizin ordunuzu bu müharibəni aparmağa vadar edir?

– Əslində, biz narahatıq. Çünki biz Ermənistanın yüksək rütbəli rəsmilərinin bəyanatlarını eşitmişik ki, onlar bizim strateji neft infrastrukturumuza, o cümlədən kəmərlərə və Bakının Səngəçal qəsəbəsində ən böyük neft-qaz terminalına hücum edəcəklər. Belə bir hadisə Ermənistanın bizə hücum etdiyi vaxt, iyul toqquşmaları zamanı Avropanın enerji təhlükəsizliyini təmin etməli olan qaz kəmərinin 15 kilometrliyində baş vermişdi. Beləliklə, Azərbaycandan Avropaya və dünyaya neft-qaz təchizatını pozmaq Ermənistanın planları idi.

– Beləliklə, hazırda Sizin etdikləriniz bu cür təhdidlərə son qoymaq, iqtisadi maraqlarınızı müdafiə etmək üçündür?

– Xeyr, biz özümüzü müdafiə edirik. Bilirsiniz ki, bizim Bakıdan Aralıq dənizinə neft kəmərimiz 2006-cı ildə istismara verilib və heç bir fasilə olmadan işləyir. Bizim Azərbaycandan Türkiyəyə qaz kəmərimiz 2007-ci ildə istismara verilib. Azərbaycanı avropalı istehlakçılarla birləşdirən böyük kəmərin yəqin ki, bir neçə aya, hətta daha tez açılması planlaşdırılır. Ona görə də, kəmər artıq qorunduğu halda, niyə biz kəməri qorumaq üçün müharibəyə başlamalıyıq. Kəməri dayandırmaq və Azərbaycana iqtisadi ziyan vurmaq istəyən Ermənistandır.

– Siz Prezident Trampın və onun administrasiyasının münaqişə ilə bağlı söylədiklərindən məmnunsunuzmu? O, Türkiyəni tənqid edib. Açığı, o, hər iki tərəfi tənqid edib. O, ABŞ-dakı çox böyük erməni diasporunu öz tərəfinə çəkmək istəyir. Burada siyasi elementlər də var. Sizcə, ABŞ öz rolunun öhdəsindən yaxşı gəlir?

– Düşünürəm ki, Prezident Trampın münaqişənin həlli ilə bağlı gördüyü işlər beynəlxalq münasibətlərə tam uyğundur. Biz bununla bağlı onun mövqeyini, şəxsi fikirlərini tam dəstəkləyirik. Biz görürük ki, ABŞ-ın mövqeyi balanslaşdırılmışdır və bu, belə də olmalıdır. Çünki ABŞ vasitəçidir. Prezident Trampın Türkiyə ilə bağlı tənqidi fikirlərinə gəlincə, yeri gəlmişkən, mən bunu mətbuatda görməmişəm. Lakin onun fikirləri konstruktiv olub. ABŞ tərəf tutmur. Eləcə də digər həmsədrlər tərəf tutmamalıdırlar. Biz çox böyük erməni icmasının təkcə Amerikada deyil, həmçinin Fransa və Rusiyada daxili siyasətə təsirinin olduğunu, çoxlu lobbiçilik fəaliyyəti ilə məşğul olduğunu, indi Azərbaycan əleyhinə var gücü ilə fəaliyyət göstərdiyini və onların göstərə biləcəyi təzyiqin səviyyəsini başa düşürük. Lakin, eyni zamanda, Prezident Trampın açıq siyasəti burada – Azərbaycanda təkcə mənim tərəfimdən deyil, xalqımız tərəfindən də dəstəklənir.

– Cənab Prezident, Siz siyasəti bilirsiniz və hesab edirəm ki, Amerika siyasətini də bilirsiniz. On gündən sonra mühüm prezident seçkisi keçiriləcək. Vaşinqtondakı diplomatiyaya qarşı olan ovqatı müəyyən edərkən, Sizcə “bəlkə diplomatik uğur ola bilər” ideyası Vaşinqtondakı siyasətçilərin ağlındadır və bunu nəzərə alaraq, prosesi irəli aparmaq üçün hər hansı motivasiyanı normal qəbul edirsiniz?

– Düşmənçiliyə son qoymaq üçün istənilən motivasiya bizim tərəfimizdən dəstəklənir. Düşünürəm ki, bu gün Vaşinqtondakı görüşün çox yaxşı nəticəsi onda ola bilər ki, Ermənistan sülh yolu ilə həllə sadiq olsun, bizə hücum etməyi dayandırsın və qoşunları geri çəkəcəyinə dair öhdəlik götürsün.

– Sizcə bu diplomatik cəhd ABŞ-da prezident seçkilərinə dair siyasət ilə əlaqəlidir?

– Mən bilmirəm. Hesab edirəm ki, Amerika seçiciləri səslərini Amerika üçün ən yaxşı nədir yanaşmaları və ehtimalları əsasında verəcəklər. Düşünmürəm ki, Qarabağ münaqişəsi amerikalıların narahat olduğu bir məsələdir. Ola bilsin onların əksəriyyəti, hətta bu haqda bilmirlər. Lakin, əlbəttə ki, Amerika super gücdür, o, bu münaqişənin həllində çox mühüm söz sahibidir. Bizim mövqeyimiz ondan ibarətdir ki, Amerika vasitəçi olaraq bitərəf olmağa davam etməlidir, yenə də və daha da çox hər iki tərəfi ortaq qərara yaxınlaşdırmağa çalışmalıdır.

– Növbəti iki dəqiqədə müsahibəni yekunlaşdıracağımıza görə icazə verin, bununla bağlı bir söz deyim. Nəyə görə bu, Amerika Birləşmiş Ştatlarını maraqlandırmalıdır? Hesab edirəm Siz, çox güman ki, haqlısınız. Amerikalıların əksəriyyəti Dağlıq Qarabağı xəritədə tapa bilməzlər. Lakin Sizin üzləşdiyiniz strateji məsələlər, siyasi, mədəni, demoqrafik məsələlər var. Əgər indi ABŞ insanları ilə danışsaydınız və desəydiniz ki, bağışlayın, bilirəm ki, Sizi qarşıda prezident seçkiləri gözləyir, beysbol üzrə final yarışları gözləyir, lakin Siz bu məsələyə də diqqət yetirməlisiniz. Siz onlara nə deyərdiniz və biz nəyə görə bu məsələ ilə maraqlanıb, onu nəzərdən keçirməliyik?

– Mən deyərdim ki, Azərbaycan həmişə Amerika Birləşmiş Ştatlarının həqiqi tərəfdaşı olub. Biz beynəlxalq terrorçuluqla mübarizədə bir yerdəyik, biz Əfqanıstanda bir yerdəyik, biz hərbi qulluqçularımızı Əfqanıstanda saxlayırıq və bununla sülhməramlı əməliyyatlara öz töhfəmizi veririk. Bizim gündəliyimizdə enerji təhlükəsizliyi kimi mühüm məsələ var. Amerika Birləşmiş Ştatları Azərbaycanın enerji təchizatı marşrutlarını şaxələndirmək səylərini həmişə dəstəkləmişdir. Amerika Birləşmiş Ştatlarının güclü dəstəyi ilə biz önəmli layihələri tamamlaya bilmişik. Azərbaycan və Amerika Birləşmiş Ştatlarının çox güclü tərəfdaşlıq münasibətləri var. Amerika Birləşmiş Ştatları Azərbaycanı dost hesab edir və biz həqiqətən də dostuq. Ona görə burada sülhün olması Amerika Birləşmiş Ştatlarının marağındadır. Azərbaycan müstəqilliyini gücləndirərək müstəqillik yolunda irəliləməyə davam edir. Biz Avropa ilə Asiya arasında nəqliyyat, enerji qovşağında yerləşirik. Bizim siyasi önəmimiz artır. Buna görə Azərbaycan Birləşmiş Ştatlar üçün, Birləşmiş Ştatlar isə Azərbaycan üçün mühüm tərəfdaşdır.

– Beləliklə, Sizin ölkənizdə, regionunuzda sabitlik, siyasi, iqtisadi və sair nöqteyi-nəzərdən 3-5 min mil məsafədə bizim üçün də yaxşı ola bilər.

– Bəli, Amerika super gücdür. Məsafənin heç bir fərqi yoxdur. Hesab edirəm ki, müasir, dünyəvi, dost müsəlman ölkəsi bizim dostlarımız üçün də böyük bir aktivdir. Müstəqilliyin lap ilk illərindən bəri Amerika Birləşmiş Ştatları həmişə Azərbaycanı dəstəkləmişdir. Sizə deyə bilərəm ki, bu gün bizim ikitərəfli əməkdaşlığımız bəlkə də, ən yüksək səviyyədədir. Ümid edirik ki, bu gün Vaşinqtondakı görüş Ermənistanı təcavüzü dayandırmağa, işğalı dayandırmağa inandırmaq üçün önəmli olacaqdır və sonra da torpağımıza sülh gələcəkdir.

– Bu müsahibənin əvvəlində dediyiniz kimi, Amerika Birləşmiş Ştatlarında Ermənistanı çox dəstəkləyirlər.

– Bəli.

– Orada xristian dininə, kilsələrə dəstək var. Diaspora görə uzun illər bundan öncə Türkiyənin onlara verdiyi cəzaya görə dəstək var. Siz bilirsiniz ki, Amerika Birləşmiş Ştatlarında ermənilərə qarşı yaxşı emosional münasibət var.

– Bəli, mən bunu bilirəm. Mən əvvəl də demişəm ki, biz bilirik, ölkələrin daxili siyasəti var və erməni lobbi təşkilatları fəaliyyət göstərir. Lakin beynəlxalq münasibətlərə aid məsələlərə baxdıqda prinsiplər olmalıdır. Bu emosiyalar, hisslər, xoş məramın digər ifadəsi, – bunlar fərqlidir, – ailədə nahar yeməyində ola bilər. Lakin beynəlxalq münasibətlərdə Azərbaycanın beynəlxalq səviyyədə tanınan və Ermənistan tərəfindən işğal olunmuş əraziləri var. İşğala son qoyulmalıdır. Amerikada, Fransada, Rusiyada yaşayan erməniləri, varlı insanları Dağlıq Qarabağdakı ermənilər, onların yoxsulluq içində necə yaşaması maraqlandırmır.

– Yəqin ki, bu məsələdə onlar Sizinlə razılaşmazlar, lakin bu normaldır. İki yekun sual. Gəlin prezident siyasətinə qayıdaq. Sabiq vitse-prezident Co Bayden 10 gün müddətində yeni seçilmiş prezident ola bilər. O, vitse-prezident olanda onunla hər hansı bir təmaslarınız olubmu? Sizin fikrinizcə, Bayden administrasiyası regionunuzdakı münaqişəyə necə münasibət göstərəcək?

– Bəli, mən vitse-prezident Baydenlə dörd il bundan əvvəl Vaşinqtonda Prezident Obama tərəfindən təşkil olunan Nüvə Sammitində görüşmüşəm. Mənim cənab Baydenlə ikitərəfli görüşüm olub. Mən onun regional məsələlərə dərindən cəlb olunduğunu gördüm. Biz ikitərəfli münasibətlərimizin bir çox məsələlərini, əlbəttə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını da müzakirə etdik. Sizə deyə bilərəm ki, Obama administrasiyası Dağlıq Qarabağ məsələsində çox fəal idi. Buna görə mən əminəm ki, cənab Bayden və onu dəstəkləyən insanlar bu haqda yaxşı məlumatlıdırlar. Beləliklə, mənim onunla görüşümdən çox yaxşı xatirələrim var.

– Sizcə o, Sizin mövqeyinizi dəstəkləyəcək? Yoxsa o, Ermənistanı dəstəkləyəcək? Çox güman ki, o, müharibəyə qarşı çıxacaq. Yəqin ki, o, atəşkəs üçün, diplomatiya üçün çağırış edəcək. Sizcə, bu, normal yanaşma olacaq?

– Hesab edirəm, bizim müzakirə etdiklərimizi Amerikada, Fransada və Rusiyada erməni lobbi təşkilatlarını nəzərə alaraq Azərbaycan üçün ən yaxşı vəziyyət ondan ibarət olardı ki, bu üç ölkənin rəhbərləri münaqişə ilə bağlı bitərəf qalsınlar və tərəf tutmasınlar. Əslində, onların mandatı da onlardan bunu tələb edir. Onlar tərəf tutsalar, vasitəçi ola bilməzlər. Biz ABŞ-ın xarici siyasət komandasından gələcəkdə də bitərəf və obyektiv olmağı gözləyirik.

-Yekun olaraq, cənab Prezident, Sizin gələcək üçün proqnozunuz nədir? Mən regionunuzu, ölkənizi, Ermənistanı nəzərdə tuturam. Ötən əsrin 80-ci illərinin sonunda, 90-cı illərinin əvvəlində dəhşətli hadisələr baş vermişdi, 10 minlərlə insan qətlə yetirilmişdi. Bəs, indi necə? Əlavə on minlərlə insan öldürüləcək? Daha çox dağıntılar olacaq? Siz hadisələrin gələcək inkişafını necə görürsünüz?

– İndi nəyin baş verəcəyini proqnozlaşdırmaq çətindir. Bu, təkcə bizdən asılı deyil. Çünki müharibəni bir ölkə aparmır. Bu, birtərəfli proses deyil. Lakin mən sizə regionu necə görmək istədiyimi deyə bilərəm. Mən Cənubi Qafqaz regionunun dərindən inteqrasiya olunmasını, digər Cənubi Qafqaz ölkəsi olan Gürcüstanla strateji münasibətlərimizin gələcəkdə müəyyən vaxtda Azərbaycan və Ermənistan arasında münasibətlər üçün müəyyən mənada örnək ola bildiyini görmək istəyirəm. Çünki bütün müharibələr dayanır və sülh gəlir. Biz bilirik necə…

-Siz bu münaqişənin sülh yolu ilə nizamlanmasını mümkün hesab edirsiniz?

– Bəli, əlbəttə ki.

– Siz diplomatik cavabın tapılmasının mümkün olduğunu hesab edirsiniz?

– Mən tamamilə əminəm. Lakin bu Ermənistan tərəfinin iradəsindən asılı olacaqdır. İkinci Dünya müharibəsindən sonra nə baş verdi. Almaniya və Amerika Birləşmiş Ştatları biri-birilərini öldürürdülər. Sovet İttifaqı və Almaniya bir-birilərini öldürürdülər. On milyonlarla insan öldürülmüşdür. Lakin indi baxın, bu, artıq yaddaşda deyil. Bu, düşmənçiliyə təhrik etmir. Nəyə görə ermənilər və azərbaycanlılar Gürcüstanda, Rusiyada, Ukraynada, bir çox digər ölkələrdə birlikdə yaşadığı kimi, Dağlıq Qarabağ regionunda birlikdə yaşaya bilməzlər?

-Beləliklə, hər iki tərəfin hüquqlarını tanıyan sülh ola bilər?

– Bəli. Elədir ki, var. Bu, məntiqli baza əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və Azərbaycanın erməni əhalisinin hüquq və maraqlarının tam müdafiəsi ilə olmalıdır. Hesab edirəm ki, bunu etmək mümkündür.

-Cənab Prezident, bu uzun müsahibəyə görə çox sağ olun. Əminəm ki, bu, nəinki təkcə məni, Amerika ictimaiyyətini də məlumatlandıracaq.

https://president.az/articles/44279

Azərbaycan Ordusu düşmənə qarşı yüksək dəqiqlikli silah növünü tətbiq edir – VİDEO

https://mod.gov.az/az/news/azerbaycan-ordusu-dusmene-qarsi-yuksek-deqiqlikli-silah-novunu-tetbiq-edir-video-33296.html

Düşmən yaşayış məntəqələrimizi atəşə tutur

– TƏCİLİ –

Ermənistan silahlı qüvvələri Ağdam, Tərtər və Ağcabədi rayonlarının ərazilərini atəşə tutur.

https://mod.gov.az/az/news/dusmen-yasayis-menteqelerimizi-atese-tutur-33299.html

Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin videogörüntüsü – VİDEO

https://mod.gov.az/az/news/qubadli-rayonunun-isgaldan-azad-olunan-kendlerinin-videogoruntusu-video-33302.html

Düşmənin atəş nöqtələri məhv edilib – VİDEO

Cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri öz üstünlüyünü qoruyub.

Oktyabrın 25-də aparılan uğurlu döyüş əməliyyatları zamanı düşmənin 2 artilleriya qurğusu, 2 BM-21 “Qrad”, 1 komanda qərargah maşını, 1 komanda idarəetmə məntəqəsi, 2 yük maşını, 1 tank və bir neçə atəş nöqtəsi məhv edilib.

https://mod.gov.az/az/news/dusmenin-ates-noqteleri-mehv-edilib-video-33306.html

Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin videogörüntüsü – VİDEO

https://mod.gov.az/az/news/cebrayil-ve-zengilan-rayonlarinin-isgaldan-azad-olunan-kendlerinin-videogoruntusu-video-33309.html

Düşmən itki verərək geri çəkilməyə məcbur edilib – VİDEO

Qubadlı istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələri hücum etməyə cəhd göstəriblər. Bölmələrimiz tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən 50 nəfərədək canlı qüvvə itirərək geri çəkilməyə məcbur edilib. Nəticədə düşmənin silah-sursatla dolu dörd avtomobil və bir zirehli texnikası ələ keçirilib.

Ələ keçirilən hərbi qənimətlərin görüntülərini təqdim edirik.

https://mod.gov.az/az/news/dusmen-itki-vererek-geri-cekilmeye-mecbur-edilib-video-33312.html

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirilib

Oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirə keçirilib.

Müdafiə naziri Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.

Dövlətimizin başçısı operativ müşavirədə çıxış edib.

Prezident İlham Əliyevin çıxışı

-Bir aya yaxındır ki, müharibə gedir. Bu müddət ərzində ölkəmiz döyüş meydanında böyük uğurlar əldə edib. Hər gün cəbhədən yaxşı xəbərlər gəlir. Gün ərzində müntəzəm olaraq mənə döyüş bölgələrində aparılan əməliyyatlar haqqında məlumat verilir və mənim tərəfimdən müvafiq göstərişlər verilir. Demək olar ki, hər saat müxtəlif bölgələrdə baş verən hadisələrlə bağlı məlumat daxil olur, həm Müdafiə Nazirliyi və digər qurumlar məni məlumatlandırırlar. Hər gün operativ müşavirələr keçirilir. Bir sözlə, vəziyyət tam nəzarət altındadır. İşğal olunmuş torpaqlarımızın bir hissəsi bu müddət ərzində işğalçılardan azad edilibdir, 100-dən çox yaşayış məntəqəsi – şəhərlər, kəndlər işğalçılardan azad edilibdir. Azad edilmiş şəhər və kəndlərimizdə artıq Azərbaycan bayrağı ucaldılıbdır. Bu şəhər və kəndlərimizin videogörüntüləri Azərbaycan ictimaiyyətinə təqdim edilir və hər kəs görə bilər ki, vəhşi düşmən bizim şəhər və kəndlərimizi nə günə qoyub. Bir dənə də salamat bina qalmayıb, bütün binalar, evlər, inzibati binalar, sosial obyektlər, tarixi-dini abidələrimiz mənfur düşmən tərəfindən dağıdılıb. İşğal edilmiş torpaqlar və dağıntılar erməni vandalizminin canlı şahidləridir. Ermənistan dövləti bu cinayətlərə görə məsuliyyət daşıyır və cavab verəcəkdir.

Mən tapşırıq vermişəm ki, işğaldan azad edilmiş bütün bölgələrdə təftiş işləri aparılsın, bütün dağıntılar qeydə alınsın, aktlar tərtib edilsin, bizim vətəndaşlarımızın dağıdılmış əmlakı uçota alınsın və əlbəttə ki, Ermənistan dövləti bu hərbi cinayətlərə görə cavab verəcəkdir. Bir daha bütün dünya gördü ki, biz hansı vəhşilərlə üz-üzəyik. Bu gün Azərbaycan əsgəri və zabiti döyüş meydanında düşmənə dərs verir, düşməni yerinə oturdur, düşməni torpaqlarımızdan qovur. Biz qan tökürük, şəhidlər veririk, hərbçilər, eyni zamanda, mülki şəxslər şəhid olur. Ermənistan döyüş meydanında bizim qarşımızda duruş gətirə bilmir və yenə də hər zaman olduğu kimi, öz çirkin əməllərini yaşayış məntəqələrimizi, mülki əhalinin yaşadıqları yerləri atəşə tutur. Bu namərd atəş nəticəsində 60-dan çox mülki şəxs həlak olub, 300-ə yaxın mülki şəxs yaralanıb. İki gün bundan əvvəl Milli Qəhrəman Şükür Həmidov qəhrəmancasına həlak olub. Şükür Həmidov 2016-cı ilin Aprel döyüşlərində qəhrəmanlıq göstərmişdir. Mənim tərəfimdən ona Milli Qəhrəman fəxri adı verilmişdir və Milli Qəhrəman ulduzunu şəxsən ona təqdim etmişdim.

Təklif edirəm ki, döyüşlərdə həlak olmuş bütün şəhidlərimizin xatirəsi bir dəqiqə sükutla yad edilsin. Allah rəhmət eləsin. Yaralı hərbçilərimizə və mülki şəxslərə Allahdan şəfa diləyirəm.

Bu günlər ərzində biz bir daha gördük ki, Ermənistan bu torpaqlardan öz xoşu ilə çıxmaq fikrində deyil. Bir daha gördük ki, Ermənistan bu 30 il ərzində, sadəcə olaraq, vaxt udmaq, danışıqlarda imitasiya aparmaq və status-kvonu əbədi etmək fikrində idi. Əfsuslar olsun ki, beynəlxalq vasitəçilər işğalçı dövlətə lazımi təzyiq göstərə bilməmişlər, yaxud da ki, bunu etmək istəməmişlər. Əks təqdirdə, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi kağız üzərində qalmazdı. Onu da bildirməliyəm ki, bir neçə gün bundan əvvəl həmsədr ölkələr tərəfindən BMT Təhlükəsizlik Şurasının iclası keçirilmişdir. İclasda bizi qane etməyən və 1993-cü ildə qəbul edilmiş qətnamələr üzərindən faktiki olaraq xətt çəkmək mənası daşıyan sənəd irəli sürülmüşdür. Biz buna qəti şəkildə etiraz etdik. Bu, ədalətsizliyin növbəti təzahürüdür, ikili standartların növbəti təzahürüdür. 1993-cü ildə qəbul edilmiş qətnamələr Azərbaycanın ərazi bütövlüyü haqqında açıq-aydın mövqe bildirir. 1993-cü ildə qəbul edilmiş qətnamələr tələb edir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan tam, dərhal və qeyd-şərtsiz çıxarılsın. Bu günlərdə təqdim edilən layihədə bu müddəalar yoxdur. Bir sözlə, bu addım Azərbaycana qarşı növbəti təxribat kimi qiymətləndirilir. Biz öz səsimizi ucaltmışıq və şadam ki, Təhlükəsizlik Şurasına üzv ölkələrin bir neçəsi buna etiraz etmişdir. Baxmayaraq ki, onlara böyük dövlətlər tərəfindən təzyiqlər göstərilmişdir. Ancaq bu ölkələr Azərbaycanın hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatına üzv ölkələrdir. Azərbaycana onlar tərəfindən göstərilən dəstək əlbəttə ki, çox yüksək qiymətləndirilir və onu göstərir ki, Qoşulmama Hərəkatı çərçivəsində yüksək səviyyəli həmrəylik var. Bir sözlə, bu siyasi addım iflasa uğradı, heç bir sənəd qəbul edilmədi və hesab edirəm ki, bu, bizim növbəti siyasi qələbəmizdir. Necə ki, döyüş meydanında biz qələbə qazanırıq, siyasi müstəvidə də qələbə qazanırıq. Düşməni necə ki, döyüş meydanından qovuruq, düşmənin havadarlarının təxribat xarakterli addımlarına da lazımi cavab veririk. Azərbaycan tək deyil, beynəlxalq birlik tərəfindən ərazi bütövlüyümüz tanınır, biz beynəlxalq hüquq normaları çərçivəsində fəaliyyət göstəririk. Baxmayaraq ki, Ermənistan dəfələrlə bu müddət ərzində bizi təxribata çəkib, Ermənistan ərazisindən bizim hərbi mövqelərimizi atəşə tutub, yaşayış yerlərimizi atəşə tutub, Gəncə şəhərinə Ermənistan ərazisindən iki dəfə ballistik raketlərlə zərbə vurub, atəş açıb, bunun nəticəsində günahsız insanlar həlak olublar. Hər gün Tərtər, Ağdam və digər cəbhəboyu şəhərlərimizə və kəndlərimizə yüzlərlə, minlərlə mərmi atılır, amma beynəlxalq birlik buna səssiz qalır, vasitəçilər buna səssiz qalırlar. Bunların indi dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır. Bunun bir yolu var – Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmalıdır, rədd olmalıdır. Bunu beynəlxalq hüquq tələb edir. Ancaq onlara təsir göstərilmir, təzyiq göstərilmir, əksinə, bizə təsir və təzyiq cəhdləri müşahidə olunur. Əlbəttə ki, heç kim bizə təsir edə bilməz, bizim iradəmizə heç kim təsir edə bilməz. Sadəcə olaraq, bizim hərbçilərimiz və vətəndaşlarımız bilsinlər ki, həm cəbhədə, həm siyasi arenada çox ciddi mübarizə gedir, çox ciddi mübarizə gedir. Biz döyüş meydanında qan tökürük, bu qəhrəmanlarımızın canı-qanı bahasına torpaqlarımızı işğalçılardan azad edirik, eyni zamanda, siyasi səhnədə də müqavimət göstəririk, mərdlik göstəririk, öz mövqeyimizi müdafiə edirik.

İki dəfə Ermənistanın xahişi ilə, böyük dövlətlərin təklifi ilə atəşkəs elan olunmuşdur. İki dəfə də Ermənistan bu atəşkəsi pozub. Birinci dəfə elə bir gün keçməmiş Gəncəni bombalamışdır. İkinci dəfə atəşkəsdən iki dəqiqə sonra atəşkəsi pozmuşdur. Belə olan halda, Azərbaycan əlbəttə ki, onlara layiqli cavabını verib və verəcək. Bundan sonra da düşməni torpaqlarımızdan qovacaq, sona qədər qovacaq.

Bizim bir şərtimiz var, əgər Ermənistanın təəssübkeşliyini çəkən, onlara havadarlıq edən və faktiki olaraq 30 ilə yaxın bizim torpaqlarımızın işğal altında qalması üçün ermənilərə, Ermənistana şərait yaradan ölkələr atəşkəs istəyirlərsə Ermənistana təzyiq göstərilməlidir. Ermənistanın baş naziri bəyanat verməlidir ki, Ermənistan işğal edilmiş torpaqlardan çıxacaq. Belə bir bəyanatı biz eşitməmişik. Əksinə, xalqların öz müqəddəratı haqqında danışır və faktiki olaraq danışıqlar prosesini məhv edibdir.

Atəşkəs qeyd-şərtsiz ola bilməz. Yenə 27 il, yenə 30 il bizim başımızı aldadacaqlar, yenə 30 il buraya nümayəndə heyətləri gələcək, danışıqlar aparılacaq. Biz boğaza yığılmışıq, Azərbaycan xalqının səbri tükənib. İyirmi səkkiz il bundan əvvəl Minsk qrupu yaradılıb. İyirmi səkkiz il bizi aldadırlar. İyirmi səkkiz il bizə söz veriblər, vəd veriblər ki, gözləyin, dayanın, Ermənistana təzyiq edəcəyik, belə edəcəyik, elə edəcəyik. Hamısı yalan idi. Hər kəs də bunu görür. Mən də xalqıma hər zaman həqiqətləri demişəm. Nə var onu da demişəm. Bu gün də nə var onu deyirəm. Bildirməliyəm ki, bu gün Ermənistan silahlanır. Hər gün Ermənistana ən müasir silahlar göndərilir. Bu silahların siyahısı bizdə var. Reyslərin bütün məlumatları bizdədir, nə vaxt, haradan, hansı şəhərdən uçub və Yerevana nə vaxt gəlib və içində nə var. İndiki döyüşlər zamanı 300-ə yaxın Ermənistan tankı ya məhv edilib, ya da hərbi qənimət kimi götürülüb. Haradandır bunlarda bu qədər pul? Kasıb bir ölkədir, nə pulu, nə imkanı var. Müftə alıbdır. Altı S-300 hava hücumuna qarşı zenit-raket kompleksi məhv edilibdir. Onların qiyməti bəllidir. Haradandır bu? “Tor”, “OSA” zenit-raket kompleksləri, pilotsuz uçuş aparatları, təyyarələr, hansılar ki, artıq Azərbaycan tərəfindən məhv edilib. “Toçka-U”, “SCUD”, haradandır? Pulsuz verilib və verilir. Biz də buna səssiz qala bilmərik. Hər kəs bunu bilsin. Biz təkbaşına vuruşuruq, təkbaşına!

Mən bunları deyirəm ki, ilk növbədə, Azərbaycan xalqı real vəziyyəti bilsin. Bilsin ki, biz torpaqlarımızı nəyin bahasına işğalçılardan azad edirik. Bilsin ki, əgər Ermənistana bu 27-28 il ərzində maliyyə, hərbi, siyasi yardım göstərilməsəydi, çoxdan torpaqlarımız işğalçılardan azad olunardı, özü də sülh yolu ilə. İndi baxın, erməni əsgərləri döyüş meydanından necə qaçır. Bütün bu görüntülər var. İndi bu görüntülərin bir hissəsi, sadəcə olaraq, mətbuatda öz əksini tapır. Amma bu, çox geniş bir videoməlumatdır. Əgər bu silahlar olmasaydı, bu siyasi dəstək olmasaydı, Ermənistan bizim torpaqlarımızı işğal altında saxlaya bilərdimi! Əlbəttə ki, yox. Mən demişəm, biz onları qovuruq və qovacağıq. Azərbaycanın qarşısında heç kim dura bilməz. Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz ərazi bütövlüyümüzü bərpa edirik, Ermənistan ərazisinə keçməmişik, belə fikrimiz yoxdur. Belə fikir olsaydı çoxdan bunu edərdik. Bunu etmək üçün o qədər böyük səy göstərmək də lazım deyil.

Biz döyüş meydanında uğurlar qazanmışıq. Ancaq, eyni zamanda, bu döyüşlər onu göstərdi ki, hələ qüsurlar da var, çatışmazlıqlar da var və biz onları operativ qaydada aradan qaldırırıq. Eyni zamanda, bu döyüşlərdən sonra, ikinci Qarabağ müharibəsi başa çatandan sonra döyüş zamanı əldə edilmiş bütün uğurlar və çatışmazlıqlar ciddi təhlil edilməlidir. Baxmayaraq ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır, biz bundan sonra ordu quruculuğu işində daha müasir metodlardan istifadə etməliyik.

Bu döyüşlər bizim üçün böyük təcrübədir. Biz gördük ki, hərbi arsenalımızda olan bəzi silahlar bəzi hallarda müasir döyüşlərdə o qədər də lazım olmur. Əksinə, biz bu gün yüksək texnoloji mərhələyə qədəm qoymuşuq və əlbəttə ki, texnologiyalar, peşəkarlıq böyük dərəcədə hər bir ordunun uğurunu təmin edir. Ancaq mən bunu demişəm və bir daha demək istəyirəm ki, torpaqları işğalçılardan azad edən əsgərlər və zabitlərdir. Bayrağı da onlar qaldırırlar, torpağı da onlar işğalçılardan təmizləyirlər. Ona görə növbəti günlərdə, – bu gün biz bu barədə danışacağıq, – bizim hərbi əməliyyatlarımız elə aparılmalıdır ki, onların səmərəsi daha da təsirli olsun, vaxt itirməyək. Bəzi hallarda yubanmalar var. Bəzi hallarda yubanmalara heç bir əsas gətirə bilmirlər. Biz bütün bunları təhlil edirik, təhlil edəcəyik. Yenə də deyirəm, Azərbaycan Ordusu böyük rəşadət göstərir, peşəkarlıq göstərir. Biz 1990-cı illərin əvvəllərində bir neçə il ərzində torpaqlarımızı itirmişik. Bu gün hələ bir ay keçməyib artıq Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Qubadlı rayonlarının bir hissəsi işğalçılardan azad edilib. Yenə də deyirəm, hər gün cəbhədən yaxşı xəbərlər gəlir. Düzdür, bəzi istiqamətlərdə ciddi düzəlişlərə ehtiyac var, amma biz bütövlükdə qarşımızda duran hədəfə çatırıq. Hər gün növbəti gün üçün döyüş tapşırığı verilir. Mən bu döyüş tapşırığını təsdiqləyirəm və demək olar ki, bu tapşırığın böyük hissəsi icra edilir.

Mən əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Biz öz torpağımızda vuruşuruq. Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, tarixi ədalət bizim tərəfimizdədir. Biz ərazi bütövlüyümüzü bərpa etməliyik, işğalçıları öz torpaqlarımızdan qovmalıyıq, ölkəmizin suverenliyini təmin etməliyik. Əminəm ki, biz buna nail olacağıq. Amma buna nail olmaq üçün əlbəttə ki, hər bir vəzifəli şəxsdən böyük məsuliyyət tələb olunur, cəsarət tələb olunur və nizam-intizam tələb olunur.

Mən bu günlər ərzində müntəzəm olaraq Azərbaycan xalqına müraciət edirəm, öz fikirlərimi bildirirəm, uğurlar haqqında məlumat verirəm. Bu gün də Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da biz haqq yolumuzdan dönməyəcəyik! Heç bir qüvvə bizim iradəmizə təsir edə bilməz. Düşməni sona qədər qovacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik!

https://president.az/articles/44370

Düşmənin döyüş texnikası və sursatları məhv edilib – VİDEO

Oktyabrın 25-də günün ikinci yarısında cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri düşmənə dəqiq zərbələr endirib.

Zərbələr nəticəsində düşmənin 6 D-30 və 1 D-1 haubitsa topu, 2 PDM-2 zirehli texnikası, 1 avtomobil texnikası və xeyli sayda döyüş sursatı məhv edilib.

https://mod.gov.az/az/news/dusmenin-doyus-texnikasi-ve-sursatlari-mehv-edilib-video-33318.html

Bu gün Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!