26 Oktyabr 2020

BU TARİXİ GÜNDƏ

Çünki ədalət var. Nə qədər bu ədaləti pozsalar da, nə qədər bu haqqı yerə vursalar da, yenə də ədalət var. Ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir. Mən bir daha demək istəyirəm ki, bizi heç bir qüvvə yolumuzdan döndərə bilməz. Döyüş meydanında əldə edilmiş uğurlar danışıqlar masasında da yeni reallıq yaradıbdır! İlham Əliyev

Azərbaycan Ordusu atəşkəs rejiminə tam riayət edir

Azərbaycan Ordusunun bölmələri 26 oktyabr saat 08.00-dan qüvvəyə minmiş humanitar atəşkəs rejiminə bütün cəbhə boyu tam riayət edir.

https://mod.gov.az/az/news/azerbaycan-ordusu-ateskes-rejimine-tam-riayet-edir-33324.html

Ermənistan yeni atəşkəs rejimini kobud surətdə pozdu

Oktyabrın 26-da saat 08.00-dan yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri növbəti dəfə əldə olunmuş razılaşmanı kobud surətdə pozub.

https://mod.gov.az/az/news/ermenistan-yeni-ateskes-rejimini-kobud-suretde-pozdu-33327.html

Ermənistan silahlı qüvvələri bölmələrimizi artilleriya atəşinə tutub

Oktyabrın 26-da saat 08.05-də Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini pozaraq Laçın şəhəri istiqamətindən Laçının Səfiyan kəndində yerləşən Azərbaycan Ordusunun bölmələrini artilleriya atəşinə tutub.

https://mod.gov.az/az/news/ermenistan-silahli-quvveleri-bolmelerimizi-artilleriya-atesine-tutub-33330.html

Düşmən Tərtər rayonunu atəşə tutub

Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq oktyabrın 26-da Tərtər şəhərini və rayonun kəndlərini artilleriya atəşinə tutub.

https://mod.gov.az/az/news/dusmen-terter-rayonunu-atese-tutub-33333.html

Düşmən bölmələrimizi atəşə tutur

Yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri bütün cəbhə boyu, eləcə də Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən yaşayış məntəqələrimizi və bölmələrimizin mövqelərini müxtəlif növ atıcı silahlar, minaatanlar və toplardan atəşə tutur.

Səhər saatlarından başlayaraq Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları ərazisindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarının əraziləri düşmən tərəfindən atəşə tutulub.

Eyni zamanda Tərtər, Ağdam, Füzuli, Laçın və Qubadlı istiqamətlərində yerləşən bölmələrimizin mövqeləri də düşmən tərəfindən atəşə məruz qalır.

https://mod.gov.az/az/news/dusmen-bolmelerimizi-atese-tutur-33336.html

Düşmən Ağdam rayonunu atəşə tutur

Ağdam rayonunun kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə tutulur.

https://mod.gov.az/az/news/dusmen-agdam-rayonunu-atese-tutur-33339.html

Ermənistan atəşkəs rejimini pozmaqda davam edir

Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini pozmaqda davam edir.

Hazırda Ermənistanın Berd və Vardenis rayonları ərazisindən Azərbaycanın Tovuz və Daşkəsən rayonları əraziləri düşmən tərəfindən atəşə tutulur.

Eyni zamanda Füzuli və Ağdam istiqamətlərindəki yaşayış məntəqələrimiz, habelə Azərbaycan Ordusu bölmələrinin mövqeləri də düşmən tərəfindən atəşə məruz qalır.

https://mod.gov.az/az/news/ermenistan-ateskes-rejimini-pozmaqda-davam-edir-33344.html

Ağcabədi rayonu atəşə tutulub

– TƏCİLİ –

Oktyabrın 26-sı saat 11.20-də yeni humanitar atəşkəs rejimini pozan Ermənistan silahlı qüvvələri Ağcabədi rayonunun ərazisini artilleriya qurğularından atəşə tutub.

https://mod.gov.az/az/news/agcabedi-rayonu-atese-tutulub-33347.html

İlham Əliyev xalqa müraciət edib

Oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib.

Prezident İlham Əliyevin müraciəti

-Əziz həmvətənlilər.

Bir aya yaxındır ki, ikinci Qarabağ müharibəsi davam edir. Bu müharibə xalqımız üçün Vətən müharibəsidir. Biz Vətən torpaqlarını işğalçılardan azad edirik. Bu müddət ərzində Şanlı Azərbaycan Ordusu bir çox yaşayış məntəqələrini düşməndən azad edibdir. Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik. Çünki Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb, qurub. Biz Qarabağ tarixini yaxşı bilirik və bu tarixi dünya ictimaiyyətinə çatdırmaq üçün son illər ərzində böyük işlər görülübdür. Çünki 1990-cı illərin əvvəllərində Azərbaycan haqqında, ümumiyyətlə, dünyada o qədər də böyük təsəvvür yox idi. Ancaq bir çox ölkələrdə fəaliyyət göstərən erməni lobbi təşkilatları həm bölgənin tarixi ilə bağlı, həm münaqişənin tarixi ilə bağlı yanlış məlumat ötürərək dünyada, dünyanın ictimai fikrində təhrif edilmiş təsəvvür yarada bilmişlər. Məhz buna görə, torpaqlarımız işğal altına düşə-düşə bizə qarşı sanksiyalar tətbiq edilmişdir və bu sanksiyalar bu günə qədər qüvvədədir. Müstəqilliyimizin ilk mərhələsində Amerika Konqresi Azərbaycana qarşı sanksiya tətbiq edib ki, guya Azərbaycan Ermənistana qarşı təcavüz edir və bu sanksiyalar bu günə qədər qüvvədədir, təsəvvür edin. O vaxt Azərbaycan diplomatiyası erməni yalanının qarşısına heç bir arqument gətirə bilməmişdir. Son illər ərzində ardıcıl fəaliyyət nəticəsində biz dünya ictimaiyyətini Qarabağın tarixi ilə bağlı, münaqişənin tarixi ilə bağlı kifayət qədər məlumatlandırmışıq. Görülən bütün bu işlər, bax, bu gün bizə kömək göstərir, çünki artıq dünyada bu məsələ ilə bağlı daha obyektiv fikir var, daha obyektiv təsəvvür var. Məhz bizim yorulmaz səylərimiz nəticəsində buna nail ola bilmişik. Mən deyəndə ki, biz tarixi ədaləti bərpa edirik, tam haqlıyam. Mən Münhen təhlükəsizlik konfransında bütün dünyaya və bu, canlı formatda aparılmış diskussiya əsnasında sübut edə bilmişəm ki, bu, bizim tarixi torpağımızdır. XIX əsrin əvvəllərində Kürəkçay sülh anlaşması haqqında məlumat vermişdim. Dünyada bu anlaşma haqqında, ümumiyyətlə, geniş ictimai fikirdə heç bir məlumat yox idi. Əfsuslar olsun ki, hətta Azərbaycanda bu müqavilə haqqında geniş məlumat yox idi. Kürəkçay sülh müqaviləsini Qarabağ və Şuşa xanı İbrahimxəlil xan imzalamışdır, digər tərəfdən Çar Rusiyasının generalı imzalamışdır. O müqavilə internetdə var, hər kəs baxa bilər. Əminəm ki, mənim bu sözlərimdən sonra indiki döyüş meydanında vəziyyəti maraqla izləyən geniş beynəlxalq auditoriya gedib bu saytlara girəcək, baxacaq görəcək ki, o müqavilədə erməni xalqı haqqında bir kəlmə də yoxdur. Çünki erməni xalqı o vaxt orada yox idi. Erməni xalqı Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələrindən sonra bizim dədə-baba torpaqlarımıza gətirildi. Məqsədyönlü şəkildə gətirildi və ölkəmizin ən dilbər guşələrindən biri olan Qarabağda yerləşdirildi, onlara şərait yaradıldı. Məqsəd aydın idi – imperiyanın yeni torpaqlarında dini tərkibi dəyişdirmək, müsəlmanları öz dədə-baba torpaqlarından qovmaq, didərgin salmaq və yeni reallıq yaratmaq idi. Bu idi məqsəd və əfsuslar olsun ki, bu məqsədə çatdılar. Ondan sonra erməni əhalisi qonşu ölkələrdən kütləvi qaydada gətirildi, Dağlıq Qarabağ bölgəsində, azərbaycanlıların dədə-baba torpaqlarına yerləşdirildi və ermənilər onlara xas olan xasiyyəti nümayiş etdirərək yavaş-yavaş bizim bütün torpaqlarımıza sahib çıxmağa başladılar. XX əsrin əvvəllərində bolşevik inqilabından sonra böyük təhlükə var idi ki, bolşevik hakimiyyəti Dağlıq Qarabağı Ermənistana verəcək. Qafqaz bürosunun protokolları var, 1921-ci ilin iyul ayında. Qafqaz bürosunun protokollarına baxmaq kifayətdir və belə təhlükə var idi. Ancaq hesab edirəm ki, Nəriman Nərimanovun və reallığı düzgün qiymətləndirən digər şəxslərin səyləri nəticəsində buna nail ola bilmədilər. Qafqaz bürosunun protokollarında göstərilir ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın. Bütün bu illər ərzində saxta erməni alimləri, ermənilərə havadarlıq edən dairələr sübut etməyə çalışırdılar ki, Stalin Dağlıq Qarabağı Ermənistandan ayırıb Azərbaycana veribdir. Yalandır! Açın, baxın Qafqaz bürosunun protokoluna, orada deyilir ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın! Bu, bir daha onu təsdiqləyir ki, bu, bizim torpağımızdır. Əfsuslar olsun ki, ondan sonra Dağlıq Qarabağ muxtar vilayəti yaradıldı, o bölgəyə xüsusi status verildi. Amma onu da bildirməliyəm ki, bu, respublika deyildi, vilayət idi. Yəni, orada daha aşağı səviyyəli bir özünüidarəetmə mexanizmi mövcud idi. İndi tarixə baxmaq kifayətdir, hər kəs görsün ki, orada yaşayan ermənilər böyük hüquqlara, imkanlara malik idi.

Sovet vaxtında, münaqişəyə bir neçə il qalmış separatizm meyilləri geniş vüsət almışdı. Halbuki bunun üçün heç bir əsas yox idi. Dağlıq Qarabağ muxtar vilayətinin rəhbər orqanı olan büroda 9 üzv var idi. Onlardan 8-i erməni idi, 1-i azərbaycanlı, o da Şuşa rayon Kommunist Partiyasının birinci katibi. Dağlıq Qarabağın 1-ci katibi, hökumət başçısı, parlament başçısı ermənilər idi. Nə istəyirdilər? Nə qədər Azərbaycan investisiya qoyub o bölgəyə, dəmir yolu çəkilib 1970-ci illərdə, Sərsəng su anbarı tikilib 1970-ci illərdə, Madagiz, – indi adını mən bərpa etmişəm, – Suqovuşan su anbarı tikilib. Bütün bunlar Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına edilən investisiyalardır. Amma onlar nankorluq göstərdilər, vəziyyətdən istifadə etdilər, Moskvada anti-Azərbaycan rəhbərliyinin mövcudluğundan istifadə etdilər və separatizm meyilləri baş qaldırdı. Ondan əvvəl nə etdilər? Onlar ondan əvvəl hazırlıq işləri görürdü və əsas hazırlıq işlərinin hədəfində Heydər Əliyev dayanmışdı. Çünki yaxşı başa düşürdülər ki, Heydər Əliyevin varlığı, sovet rəhbərliyində onun böyük nüfuza malik olması onların planlarını alt-üst edirdi. Ona görə Ermənistandan, digər yerlərdən, əfsuslar olsun ki, milli satqınlar Azərbaycandan Moskvaya kütləvi surətdə anonim məktublar göndərirdilər. Qəsdən şər-böhtan kampaniyası aparılırdı ki, Heydər Əliyev amili aradan qaldırılsın. Heydər Əliyev bütün vəzifələrdən gedəndən sonra 2 həftə keçməmiş baş qaldıran erməni separatçılar məsələ qaldırmışdılar ki, Dağlıq Qarabağ Azərbaycandan ayrılsın, Ermənistana verilsin və bizim xalqımızın bəlaları o gündən başladı. Ondan sonra Dağlıq Qarabağda qanunsuz xüsusi idarəetmə komitəsi yaradıldı, qatı ermənipərəst bir insan ora rəhbər təyin edildi və faktiki olaraq Dağlıq Qarabağın Azərbaycandan qoparılması üçün zəmin yaradıldı. O vaxtkı Azərbaycan rəhbərliyi əfsuslar ki, sadəcə olaraq bütün bu təhlükəli hadisələrə tamaşa edirdi. Səs qaldıra bilmədi, cəsarət göstərmədi, sadəcə olaraq başını salıb aşağı Moskvadan nə deyirdilər onu da edirdi. Çünki o vaxt Azərbaycana rəhbərlik edən adamlarda bir qram Azərbaycan qanı yox idi. Azərbaycanlı sayılsalar da, bir qram milli ruh yox idi, kosmopolit insanlar idi, heç Azərbaycan dilində düz-əməlli danışa bilmirdilər. Dağlıq Qarabağın tarixi budur və ondan sonra Azərbaycana qarşı genişmiqyaslı hərbi əməliyyatlar başlamışdır, torpaqlarımız işğal altına düşmüşdür. 1992-ci ilin may ayında Şuşa və Laçının itirilməsi, 1993-cü ilin aprelində Kəlbəcərin işğal altına düşməsi Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaratdı. Halbuki bu bağlantı yox idi. Dağlıq Qarabağ muxtar vilayətinin Ermənistan Respublikası ilə sərhədi yox idi.

Bax, bu faciəvi hadisələr sanki yeni reallıq yaradırdı. Ondan sonra bu məsələni beynəlxalq vasitəçilər öz üzərilərinə götürdülər, 1992-ci ildə Minsk qrupu yaradıldı. Minsk qrupunun fəaliyyəti göz qabağındadır. Minsk qrupuna həmsədrlik edən ölkələr müəyyən müddətdən sonra faktiki olaraq bütün səlahiyyətləri öz əllərində cəmləşdirdilər, faktiki olaraq bu məsələni inhisara götürdülər, faktiki olaraq Minsk qrupu bir qrup kimi iflic vəziyyətə düşdü və üç ölkə bu məsələ ilə məşğul olmağa başlamışdır. Amma bunun nəticəsi oldumu? Olmadı. Bizim üçün olmadı, Ermənistan üçün oldu. Ermənistan elə bu nəticəni istəyirdi ki, daim danışıqlar getsin, daim bizim başımızı aldatsınlar, dondurulsun bu məsələ, əbədi qalsın əsarət altında bizim torpağımız, əbədi qalsın işğal altında bizim torpağımız. Bəs, nədir Minsk qrupunun fəaliyyəti? İşğalçıya təzyiq edə bilibmi? Yox! Təzyiq etmək istəyibmi? Yox! Dəfələrlə mən onların qarşısında məsələ qaldırmışdım: əgər məsələnin həllini görmək istəyirsinizsə sanksiyalar tətbiq edin Ermənistana. Sizin əlinizdədir. Siz BMT Təhlükəsizlik Şurasının daimi üzvlərisiniz, istənilən məsələni həll edə bilərsiniz. Xüsusilə bu ölkələrin rəsmi nümayəndələri deyirlər ki, bu məsələdə onların fikri üst-üstə düşür. O da maraqlı bir məsələdir. Necə olur, bütün başqa məsələlərdə – nüvə silahları ilə bağlı, Yaxın Şərqdə olan vəziyyətlə bağlı, Asiyada olan vəziyyətlə bağlı, Avropada olan vəziyyətlə bağlı bunların maraqları daban-dabana ziddir. Hansı başqa məsələdə bunların maraqları üst-üstə düşür? Heç bir məsələdə. Ancaq Dağlıq Qarabağ məsələsində. Nə üçün? Hər kəs başa düşür. Çünki bu dondurulmuş vəziyyət təbii ki, bu ölkələr arasında bizdən başqa hər kəsi qane edirdi, ilk növbədə, Ermənistanı qane edirdi.

Ermənistan bu torpaqlarda qanunsuz məskunlaşma aparır. Bir söz deyən var? Yoxdur! Bu, cinayətdir, beynəlxalq cinayətdir, Cenevrə konvensiyalarına ziddir. Bir söz deyən var onlara ki, sən niyə qanunsuz məskunlaşma aparırsan? Özü də bunu nümayiş etdirirsən. Ərəb ölkələrindən erməniləri gətirirsən, yerləşdirirsən, o cümlədən Şuşada. Bir söz deyən yoxdur. Bu, nə deməkdir? O deməkdir ki, davam elə, gətir, nə qədər istəyirsən gətir, bu torpaqları erməniləşdir, Azərbaycan mədəni irsini sil. Bu idi mesaj. Yoxsa, bu üç ölkə məgər imkanlara sahib deyil ki, təcavüzkara öz yerini göstərsin? İstəmirdilər. Bu reallıq onları qane edirdi.

Ona görə, Minsk qrupunun fəaliyyətinə başqa qiymət vermək olmaz. Elə bil, bizi bu vəziyyətlə barışmağa sürükləyirdilər ki, yeni reallıqlar yaranıbdır, siz də reallıqlarla hesablaşmalısınız. Biz yeni bir reallıq yaratmışıq. İndi hər kəs yeni reallıqla hesablaşmalıdır. Amma biz nəyi görürük? Biz öz torpaqlarımızı işğalçılardan azad etməyə başlayanda, görün, nələr baş verir. Nə qədər böyük təzyiq göstərirlər Azərbaycana, hər tərəfdən. Əl-ayağa düşdülər. Bəs, nə oldu? İyirmi səkkiz il bu məsələni belə süründürə-süründürə elə bil ki, həll edirdiniz. Gəlib-getmək, orada görüş, burada danışıqlar. Biz bu danışıqlardan boğaza yığılmışıq. Bu düşmənlə nə qədər danışıqlar aparmaq olar? Özü də düşmən harınlaşır, azğınlaşır, qudurur və bizə deyirlər ki, yox, ancaq sülh yolu ilə, bunun hərbi variantı yoxdur. Kim deyir ki, yoxdur? Bəs, indi məsələnin hərbi variantı deyilmi? Biz nə edirik? Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına yerinə yetiririk. Halbuki bu, BMT Təhlükəsizlik Şurasının vəzifəsidir. Biz təkbaşına icra edirik. Biz yeni reallıq yaratmışıq. Hesablaşın! Ancaq nə görürük? Orada görüş, burada görüş, atəşkəs belə oldu, atəşkəsi kim pozdu.

Deməli, bunların bütün fəaliyyəti indi Ermənistanı xilas etməkdir. Təcavüzkarı, Xocalı soyqırımını törədəni, Gəncəni Ermənistan ərazisindən ballistik raketlərlə bombalayanı. Budur, bu fəaliyyət.

Atəşkəs rejiminə gəldikdə, ayın 10-da birinci dəfə atəşkəs qüvvəyə mindi. Mənim mövqeyim elə idi ki, bu, humanitar xarakter daşımalıdır və həlak olanların cəsədlərinin, girovların, əsirlərin dəyişdirilməsi üçün biz buna razılıq vermişik. Ancaq Ermənistan bir gün keçməmiş bu atəşkəsi kobudcasına pozdu, özü də namərd şəkildə, gecə vaxtı Gəncəni bombaladı. Ondan sonra oktyabrın 17–də yeni atəşkəs elan olundu. Yenə də iki dəqiqədən sonra Ermənistan bunu pozdu. İndi bu gün səhər saat 8-dən yeni bir təklif verildi. Ancaq səhər 9-da artıq mən maraqlandım, bir neçə dəqiqə keçmiş atəşkəs Ermənistan tərəfindən pozuldu, Tərtər rayonuna yenə də atəş açıldı. Ancaq mən yenə də göstəriş vermişəm, hələ ki, Azərbaycan Ordusu özünü təmkinlə aparsın, təxribata uymasın. Mənim mövqeyim xalqıma bəllidir. Bu məsələ öz həllini tapmalıdır, ya hərb yolu ilə, ya sülh yolu ilə. Mən təklif etmişəm ki, əgər istəyirsinizsə sülh yolu ilə həll olunsun, yaxşı, biz dayandıraq. Ancaq dərhal bizə deyilməlidir ki, Ermənistan bizim torpaqlarımızdan çıxır. Cədvəl verilməlidir – neçə gündən sonra bu rayondan, neçə gündən sonra bu rayondan, neçə gündən sonra bu rayondan çıxmalıdırlar. Cədvəl verilməlidir. Ermənistan bu cədvəli verib? Verməyib. Belə olan halda əgər atəşkəs davam edəcəksə və yenə də məsələ dondurulmuş vəziyyətdə qalacaqsa bu, bizi qane edə bilməz. Bu, birincisi.

İkincisi, bizdə dəqiq məlumat var ki, Ermənistan döyüş meydanında artıq bizim qabağımızda diz çöküb və sadəcə olaraq, atəşkəsdən istifadə edib öz qüvvələrini yenə də səfərbər etmək istəyir, yenə də silahlanmaq istəyir və bizə qarşı yeni işğalçılıq siyasəti aparmaq istəyir. Belə məlumatlar var və əfsuslar olsun ki, son bir ay ərzində Ermənistana kütləvi surətdə silahlar göndərilir, müxtəlif növ silahlar. Bütün siyahılar bizdə var. Onların bəziləri bizim mətbuatda da dərc edilib. Bütün siyahı var, nə vaxt, hansı təyyarə gəlib, haraya gəlib, nəyi gətirib, necə boşaldıb, haraya göndərilib? Yaxşı, atəşkəsi istəyən niyə silah göndərir Ermənistana? Axı, Ermənistan diz çöküb, artıq onun başından elə vurmuşuq ki, ayıla bilmir. Ermənistanın baş naziri – Cıdır düzündə sərxoş vəziyyətdə rəqs edən, özünü böyük sərkərdə kimi aparan indi yıxılıbdır onun-bunun ayağının altına kömək istəyir, imdad diləyir, özünü alçaldır, xalqını alçaldır. Yaxşı, silah verməyin qurtaraq da. Verməyin. Bizə kim verir? Heç kim vermir. Verməyin. İstəyirsinizsə qurtarsın, silah verməyin. İki gündən sonra gələcək yalvara-yalvara. Bir tərəfdən atəşkəs deyilir, digər tərəfdən onlara silah göndərilir. Bu, nə məsələdir? Biz buna səssizmi qalacağıq?

Azərbaycan xalqı hər şeyi bilməlidir. Mən Prezident kimi 17 il ərzində hər zaman Azərbaycan xalqına həqiqətləri demişəm, hər zaman. Müntəzəm olaraq xalqa hesabat vermişəm, bütün məsələlərlə bağlı. Bu gün də məlumat verirəm, bəlkə də tam məlumat deyil. Çünki müəyyən diplomatik qaydalar var. Amma nəyi demək mümkündürsə, onu deyirəm, həm Azərbaycan xalqına, həm də bütün dünyaya. Ermənistanı xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın torpağımızdan, dərhal rədd olsun! Şuşada, Cıdır düzündə sərxoş vəziyyətdə oynayan o təlxək bəyan etsin ki, çıxıram. Yoxsa, gündə beş-altı dəfə dünya liderlərinə zəng etməklə məsələ düzəlməz. Bizim mövqeyimiz dəyişməz olaraq qalır və biz haqqı, ədaləti müdafiə edirik.

Mən bir məsələni də bildirmək istəyirəm. Münaqişənin həlli üçün hüquqi baza kifayət qədər genişdir. Biz bu bazanı genişləndirmişdik. Bu gün təkcə BMT Təhlükəsizlik Şurasının qətnamələri yox, digər sənədlər mövcuddur. BMT Baş Assambleyası qətnamə qəbul edib, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, digər təşkilatlar. Avropa İttifaqı ilə paraflanmış sənəddə ölkəmizin suverenliyi, sərhədlərimizin toxunulmazlığı və ərazi bütövlüyü haqqında xüsusi müddəa var. Yəni, bu, hüquqi bazadır və bu baza imkan verir ki, bu gün biz döyüş meydanında düşmənə dərs verək, qovaq onları, rədd edək bizim torpaqlarımızdan. Amma baxın, bu yaxınlarda nələr baş verir? Minsk qrupunun həmsədr ölkələri BMT Təhlükəsizlik Şurasının iclasını çağırırlar. Bir dəfə artıq bunu etmişdilər. Orada qəbul edilmiş sənəd görünür ki, onları qane etmədi. Bu dəfə də bir neçə gün bundan əvvəl biz yeni sənədin ortaya çıxmasını gördük, xəbər tutduq. Dərhal biz hərəkətə keçdik və bu sənədin qəbul edilməsinə imkan vermədik. Baxmayaraq ki, üç həmsədr ölkə BMT Təhlükəsizlik Şurasına üzv olan digər ölkələrə böyük təzyiqlər edirdi.

Nə idi bunun məqsədi? Məqsədi çox aydındır, 1993-cü ildə erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılması barədə qəbul edilmiş qətnamələr kölgədə qalsın, onlar arxada qalsın, onlar ya qüvvədən düşsün, ya da ki, öz əhəmiyyətini itirsin. Bu idi məqsəd. Bu, nə dərəcədə ədalətlidir? Biz yenə də işğalçıya dəstək göstərilməsi cəhdini gördük. Amma nə oldu nəticədə? Keçmədi. Necə keçmədi? Qoşulmama Hərəkatına üzv ölkələr kişi kimi buna imkan vermədilər, bizə dəstək göstərdilər, sağ olsunlar. Baxmayaraq ki, onlara təzyiq göstərildi, bəlkə də hədələr oldu. Amma durdular kişi kimi bizim arxamızda, necə ki, biz onların arxasında dururuq. Bu, onu göstərir ki, keçməyəcək. Mənim əziz qardaşım, Türkiyə Cümhuriyyətinin Prezidenti dəfələrlə deyib ki, dünya 5-dən böyükdür. Tam haqlıdır. Bax, bu səsvermə onu göstərdi. Birləşdilər, yenə də Ermənistanın maraqlarına cavab verən sənədi ortalığa atdılar, amma keçmədi. Çünki ədalət var. Nə qədər bu ədaləti pozsalar da, nə qədər bu haqqı yerə vursalar da, yenə də ədalət var. Ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir. Ona görə biz yolumuzu davam edəcəyik. Atəşkəs istəyirlərsə, işğalçı dövlətə desinlər rədd olsun, çıxsın torpaqlarımızdan. Yoxsa axıra qədər gedəcəyik, axıra qədər, sona qədər gedəcəyik. Düşməni bundan sonra da qovacağıq, necə ki, qovuruq, necə ki, qaçır bizim qabağımızdan və qaçacaq. Çünki biz haqlıyıq və biz güclüyük.

Mən son bir neçə il ərzində demişdim ki, dünya artıq əvvəlki dünya deyil. Güc amili ön plana çıxır və bunu biz etməmişik. Baxın, görün indi böyük dövlətlər beynəlxalq hüquqa məhəl qoyurlarmı? Xeyr. BMT Təhlükəsizlik Şurasına məhəl qoyurlarmı? Xeyr. İstədiklərini edirlər, hərə öz yerində, öz tərəfində, biri ora girib, biri bura girib, biri hansısa ərazini bölür. Beynəlxalq hüquqdan əsər-əlamət yoxdur. Biz onda bunu niyə müdafiə etməliyik? Halbuki, biz müdafiə edirik, beynəlxalq hüququn kənarında heç bir addım atmırıq. Ermənistan torpağına girmirik, beynəlxalq birlik tərəfindən tanınmış torpaqlarımızı bərpa edirik. Əgər BMT Təhlükəsizlik Şurasının daimi üzvlər, Minsk qrupunun həmsədrləri bunu edə bilməyiblərsə, çəkilsinlər kənara, mane olmasınlar. Ermənistandan fərqli olaraq biz heç kimdən kömək istəmirik. Mane olmasınlar və Azərbaycan xalqının səbri ilə oynamasınlar. Sabah bu müharibə qurtaracaq, biz istədiyimizə nail olacağıq. Bəs, necə olacaq bizim münasibətlərimiz? Azərbaycan xalqı bu haqsızlığı unudacaqmı? Unutmayacaq. Bunu bir fikirləşsinlər. Azərbaycan indi o dövlət deyil ki, onun maraqlarını kimsə kənara qoya bilər. Xeyr. Gün gələcək, gələcəklər xahişlərlə, təkliflərlə, əməkdaşlıq təklifləri ilə. Bəs, hansı üzlə bizə baxacaqlar? Bu gün bütün imkanları səfərbər ediblər bizə qarşı. Mən bir ay buna dözürdüm, bir ay. Demirdim bunları, yığılmışıq boğaza. Bu, birincisi.

İkincisi, vasitəçi neytral olmalıdır. Neytral deyilsə, getsin öz namizədliyini geri götürsün. Vasitəçi neytral deyilsə, o, vasitəçi ola bilməz. İndi vasitəçi ölkələr gərək yeni bir funksiya fikirləşsinlər, nə ilə məşğul olacaqlar? İndi artıq beş rayonun azad edilməsindən danışa bilməzlər, hanı 5 rayon, bizdədir onların artıq 4-ü. O məsələ artıq getdi, qurtardı getdi. Özümüz götürmüşük – Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı. Bu rayonların böyük hissəsi bizdədir. Keçmiş Hadrut – indiki Xocavənd rayonunun bir hissəsi bizdədir. Ona görə fikirləşsinlər.

Biz danışıqların əleyhinə deyilik. Dünən Amerikada baş verən danışıqlar nəticəsində qərara gəlindi ki, bir neçə gündən sonra Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Cenevrədə görüşəcəklər. Mən etiraz etmirəm, görüşsünlər. Bu, 28 il ərzində o qədər mənasız görüş olub ki, biri artıq, biri əskik fərq etməz. Mən demək istəmirəm ki, bu görüşə mənasız görüş kimi baxıram. Yox. Biz istəyirik ki, bunun mənası olsun. Amma bu məna gərək münaqişənin həllini tezləşdirsin. Ermənistanın havadarları, sizə deyirəm: bu saxta dövləti xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın. Bir sözünüzlə çıxa bilər, bir sözünüzlə. Əgər Ermənistana maliyyə, iqtisadi, hərbi, siyasi dəstək verilməsə, onlar ayaq üstə dura bilərmi? Yox. Mən indi Azərbaycan xalqına bəzi məlumatları verəcəyəm, biz onların nə qədər texnikasını məhv etmişik. Hər kəs hesablaya bilər, internetə girə bilər, baxsın o texnikanın qiymətinə və sual versin. Haradandır bu pul kasıb, yoxsul ölkədə? Problemlər içərisində çabalayan bir ölkədə haradandır bu pul? Nə qədər məhv etmişik, yenə də gətirirlər. Eybi yoxdur, gətirsinlər, özləri bilər.

İndiki mərhələdə bizim mövqeyimiz bundan ibarətdir və biz hazırıq ki, bu məsələ hərbi-siyasi yollarla həll olunsun. Amma həll olunsun. Atəşkəs deyiblər, eybi yoxdur, qoy olsun. Ermənistan bunu pozub, hər bir pozuntunu biz qeydə alırıq, hər bir. Tapşırıq vermişəm, qeydə alınır, dərhal ATƏT-in nümayəndəsinə və atəşkəsdə maraqlı olan digər ölkələrə göndərilir ki, baxsınlar, ermənilər atəşkəsi nə qədər pozublar. Bizdə bütün məlumatlar var. Hərbi-siyasi həll yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsini reallaşdırmalıdır.

O ki qaldı, bizim dədə-baba torpaqlarımıza 200 il bundan əvvəl köçürülmüş ermənilərin gələcəyinə, mən demişəm ki, onlar da bizim vətəndaşlarımızdır. Onların da canı bu xuntadan qurtarılmalıdır. Əgər özləri canlarını qurtara bilmirlərsə, biz onlara kömək göstərəcəyik. İndi Ermənistanın yeni hökuməti Paşinyanın simasında demirdi ki, Ermənistanı idarə edən adamlar cinayətkardır? Mən də onu deyirdim. Bəs, necə oldu, Paşinyana qədər 20 il ölkəni idarə edənlər cinayətkardırsa, bu ölkə nədir? Cinayətkar ölkədir. Onlar – iki keçmiş prezident həm Qarabağda xunta başçısı olublar, sonra isə Ermənistana rəhbərlik ediblər. Hər ikisi haqqında cinayət işi açılıb. Cinayətkardırlar, Qarabağda yaşayan ermənilərin qanını içirdilər. Haradandır bunlarda bu qədər mal, dövlət, varidat? Haradan? Erməni xalqının qanını soraraq əldə ediblər. Bir daha deyirəm, Dağlıq Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Azərbaycan xalqı da tolerant xalqdır. O insanların günahı yoxdur. Kimin günahı var, o cavab verir və mən demişəm ki, Azərbaycan xalqının qanı yerdə qalmayacaq və qalmır. Xocalı soyqırımını törədən cinayətkarlar son bir ay ərzindəki bu döyüşlərdə artıq məhv edildi. Ədalət zəfər çaldı. Ona görə bir daha mövqeyimi bildirmək istəyirəm, biz mütləq bu torpaqlara hərbi-siyasi yollarla qayıdacağıq. Hərbi mərhələ bu gün başa çata bilər. Biz məsələni siyasi yollarla həll edəcəyik. Azərbaycanlılar qayıdır Şuşaya, azərbaycanlılar qayıdır Xankəndiyə. Əvvəllər yaşadığımız bütün başqa yerlərə qayıdır. Erməni əhali üçün şərait yaradılır, yavaş-yavaş bir yerdə yaşamağı öyrənməliyik, həm onlar, həm də biz. Mən məsələni belə görürəm və mənim bu yanaşmam həm əxlaqa, həm beynəlxalq hüququn normalarına əsaslanır. Ermənistan isə istəyir ki, bizi oradan qovsun, ondan sonra etnik təmizləmə aparsın, bizim abidələrimizi erməniləşdirsin, xaricdən erməniləri gətirsin oraya. Bəs, Cəbrayıla yol çəkirdin, Paşinyan? Nə oldu? Hanı bu yol? Bəs, Şuşada parlament binası tikirdin? Nə oldu o? Cəhənnəmə getdi.

Mən bir daha demək istəyirəm ki, bizi heç bir qüvvə yolumuzdan döndərə bilməz. Döyüş meydanında əldə edilmiş uğurlar danışıqlar masasında da yeni reallıq yaradıbdır.

İndi isə əziz xalqıma bəzi məlumatlar vermək istəyirəm. Sentyabrın 27-dən başlayaraq bu günə qədər Ermənistanın məhv edilmiş və hərbi qənimət götürülmüş texnikasının bir hissəsinin siyahısını təqdim edirəm. Deməli, tank – 252 tank məhv edilib, 53 tank qənimət kimi götürülüb. Toplam 305 tankdan Ermənistan məhrum edilib. Amma hələ tankları var. Görün nə qədər tank olub onlarda. Piyadaların döyüş maşını – 50-si məhv edilib, 29-u qənimət kimi götürülüb – cəmi 79 ədəd. Müxtəlif çaplı toplar – 251-i məhv edilib, 24-ü qənimət kimi götürülüb, cəmi 275. Minaatan – 61-i məhv edilib, 45-i qənimət kimi götürülüb, toplam 106. Tank əleyhinə vasitə – 53-ü məhv edilib. 82 “Qrad” qurğusu məhv edilib. 2 “Uraqan” Yaylım Atəşli Raket Sistemi, 1 “TOS” məhv edilib. Zenit-raket kompleksləri – 4 “TOR”, 40-a yaxın “OSA”, 4 “KUB”, 1 ”KRUQ”, 2 “S-125” qurğusu məhv edilib. “S-300” ən bahalı qurğulardan biridir, 6 “S-300” atıcı qurğusu məhv edilib. Bir aşkaretmə stansiyası, bir lokator. Qiyməti bəllidir. Hər kəs hesablaya bilər. Əməliyyat taktiki raket kompleksləri – Elbrus, ikisi məhv edilib, “Toçka-U” biri məhv edilib. Yük avtomobilləri – 231 yük avtomobili məhv edilib, onlardan 20-si sursatı ilə. 173 yük avtomobili hərbi qənimət kimi götürülüb. Biz düşməni toplam 404 yük avtomobilindən məhrum etmişik.

İndi bir daha sual verirəm. Hər dəfə bu sualı verirəm və verəcəyəm. Cavab gələnə qədər verəcəyəm. Haradandır bu pul, haradan? Müşahidəçilər, vasitəçilər, politoloqlar, ermənipərəstlər desinlər ki, haradan gəlir? Bizim pulumuz var, hər şey şəffaf. Nə qədər pulumuz var Azərbaycan xalqı bilir, dünya bilir, hər kəs bilir. Öz pulumuzla alırıq. Heç kimdən də asılı deyilik. Bu, borc içində olan, müflisləşən ölkə haradan alıbdır? Ermənistanın xarici dövlət borcu təxminən 8 milyard dollardır. Valyuta ehtiyatları isə 1,5 milyard dollardır. Özü də bu, sərbəst vəsait deyil, bu, bank rezervləridir. Onlardan istifadə edə bilməz. Əgər istifadə etsə, onların dırnaqarası valyutası da kəllə-mayallaq gedəcəkdir. Kim verib sənə bu qədər silahı? Niyə soruşan yoxdur? Bu bir ay ərzində, demək olar ki, mən hər gün müsahibə verirəm. Mənə sual verilir ki, Türkiyənin F-16-ları nə gəzir sizdə? Mən cavab verməkdən yorulmuşam. Gedin açın, peykiniz var, görmürsünüz nə gəzir? Gedin baxın F-16 neyləyir, havadadır, yerdədir? Hər kəs bilir ki, yerdədir. Özü də təlimlər üçün gəlib və müharibə başlayanda qalıbdır. Türkiyəli qardaşlarımız onları bizə mənəvi dəstək vermək üçün saxlayıblar. Bir də ki, əgər bizə qarşı kənardan təcavüz olarsa, o F-16-ları görəcəklər onlar. Yaxşı, orada, aeroportda cəmi 5-6 təyyarə qalıbdır. Bu barədə hər dəfə sual verirlər. Yaxşı, mən bu suallara cavab verirəm. Amma Ermənistana da, silahları onlara verənlərə də sual verin. Verin bu sualları, nə üçün silah verirsən? Pulunu vermisənmi? O silahları istehsal edən ölkələrin vətəndaşları bilirlərmi ki, bir ay ərzində onların nə qədər malı batıb? Biz onların nə qədər silahlarını məhv etmişik? Bir nəfər jurnalist bu sualı vermir mənə. Maraqlı deyilmi? Maraqlıdır. Eybi yoxdur. Biz buna artıq öyrəşmişik ki, bütün bu illər ərzində Azərbaycan haqqında iftiralar, yalanlar, uydurmalar baş alıb gedirdi. İndi Xarici mətbuat da, Azərbaycan xalqı da görür ki, mən bütün bu suallara cavab verirəm və necə lazımdır. Onların səviyyəsinə də düşmürəm. Heç vaxt. Necə lazımdır cavab verirəm də, susurlar da. Çünki cavab verə bilmirlər. Deyirəm get güzgüyə bax, sən burada bizi ittiham etməyə gəlmisən? Sual vermir. Elə bil ki prokurordur, ittiham edir bizi. Sən kimsən ki? Jurnalistlərə mənim hörmətim böyükdür. Buna görə ondan istifadə edirlər. Mən onlarla belə mülayim tərzdə danışıram. Amma bilirlər ki, istənilən formada danışa bilərəm onlarla. Bax, budur reallıq. Bizə qarşıdır bu reallıq. Amma biz reallığı dəyişdirdik. Bu yeni siyahılar bir daha göstərir ki, biz reallığı dəyişdirdik.

İndi Azərbaycan xalqının səbirsizliklə gözlədiyi siyahıları böyük məmnuniyyət və qürur hissi ilə xalqımın diqqətinə çatdıracağam.

Beləliklə, dünən azad edilmiş yaşayış məntəqələrinin siyahısını doğma xalqıma çatdırıram. Zəngilan rayonunda azad edilmiş kəndlər: Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd. Cəbrayıl rayonunun azad edilmiş kəndləri: Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər. Qubadlı rayonunun dünən azad edilmiş yaşayış məntəqələri: Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan və Qubadlı şəhəri!

Dünən mən artıq bu barədə Azərbaycan xalqına bu sevincli xəbəri verdim. Bir daha bu şad xəbəri bütün Azərbaycan xalqına çatdırmaq istəyirəm. Zəngilan, Cəbrayıl, Qubadlı rayonunun sakinlərinə, bu kəndlərdə yaşamış sakinlərə xoş xəbər çatdırmaq mənim üçün böyük şərəfdir. Düzdür, o kəndlərdən bir şey qalmayıb. Eybi yoxdur, bərpa edəcəyik. Azərbaycan xalqının da, dövlətinin də buna gücü çatacaq. Təki torpağımız azad olsun. Təki bayrağımız işğaldan azad edilmiş bütün torpaqlarda qaldırılsın. Biz əsgərlərimizin, zabitlərimizin canı-qanı bahasına bu torpaqları azad edirik. Həm döyüş meydanında, həm siyasi müstəvidə özümüzü təsdiqləmişik, dünyaya təsdiqləmişik. Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi təsdiqləmişik. Heç bir təzyiq bizə təsir edə bilməz. Heç bir hədə-qorxu bizi yolumuzdan döndərə bilməz. Çünki haqq yolundayıq, yumruq kimi birik. Bu birlik əbədidir və əbədi olacaq!

Əziz həmvətənlər, mən hələ müharibənin ilk günlərində sizə söz vermişdim ki, biz düşməni torpaqlarımızdan qovacağıq, sona qədər qovacağıq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

https://president.az/articles/44435

Müzəffər Azərbaycan Ordusu Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər,

Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndlərini və Qubadlı şəhərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

Ağcabədi rayonu yenidən atəşə tutulub

Yeni humanitar atəşkəs rejimini pozmaqda davam edən Ermənistan silahlı qüvvələri Ağcabədi rayonunun ərazisini yenidən artilleriya atəşinə tutub.

https://mod.gov.az/az/news/agcabedi-rayonu-yeniden-atese-tutulub-33353.html

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Ali Baş Komandan, Prezident İlham Əliyev Qubadlı şəhəri və Qubadlı rayonunun bir neçə kəndinin işğalçılardan azad olunmasında fərqlənmiş hərbi birlik komandirləri Yaşar Həsənovu və Zaur Quliyevi təbrik edib. Dövlətimizin başçısı onlara Vətən uğrunda gedən döyüşlərdə yeni uğurlar arzulayıb. Tapşırıb ki, onun təbriklərini və təşəkkürlərini bütün şəxsi heyətə çatdırsınlar.

https://president.az/articles/44474

Tərtər şəhəri atəşə tutulub

– TƏCİLİ –

Oktyabrın 26-sı saat 15:30-da Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini pozaraq Tərtər şəhərini toplardan atəşə tutub.

https://mod.gov.az/az/news/terter-seheri-atese-tutulub-33356.html

İlham Əliyev İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib.

– Hər vaxtınız xeyir, cənab Prezident. Xahiş edirəm deyin, yeni sülh barışığı, bu yeni atəşkəs qüvvədə olacaqmı? Səhv etmirəmsə, bu, artıq üçüncü atəşkəsdir.

– Hər şey Ermənistanın özünü necə aparacağından asılı olacaq. Ona görə ki, ilk iki atəşkəs məhz Ermənistan tərəfindən pozulub. Humanitar mülahizələrə əsaslanan birinci atəşkəsdən sonra 24 saat ərzində Ermənistan atəşkəsi pozdu. Özü də vəhşicəsinə, gecə vaxtı Gəncə şəhərinə ballistik raket atmaqla. Birinci atəşlər nəticəsində 10 nəfər həlak oldu, xeyli insan yaralandı. Sonra onlar daha bir dəfə, yenə gecə vaxtı Gəncəyə zərbə endirdilər. Bu dəfə qurbanların sayı daha çox oldu. Ona görə də biz cavab verməyə məcbur idik.

İkinci atəşkəsə gəldikdə isə bizdə atəşkəsin Ermənistan tərəfindən pozulmasının xronologiyası var. Onlar təyin edilmiş atəşkəs saatından düz 2 dəqiqə sonra atəşkəsi pozdular. Bu gün saat 08.00-dan yeni atəşkəs qüvvəyə minib. İndi Bakıda səhər saat 10.00-dır. Saat 8-dən təxminən 3-4 dəqiqə sonra Tərtər şəhərinə yenidən bir neçə mərmi atılıb. Biz buna cavab vermirik. Ümid edirik ki, bu, təsadüfən olub. Lakin əgər bu, davam etsə, təbii ki, biz adekvat cavab verməyə məcbur olacağıq.

-Cənab Prezident, sentyabrın axırlarında Sizin hərbi əməliyyatlara başlamağınıza, əslində, nə səbəb olmuşdu? Nə üçün belə oldu?

-Bu, siyasi və hərbi xarakterli hadisələrin gedişi ilə bağlıdır. Əsas səbəb ondan ibarətdir ki, Ermənistan danışıqlar prosesini hər vasitə ilə pozmaq istəyirdi. Ermənistanın yeni hökuməti dəfələrlə bəyan etmişdi ki, baza prinsipləri ondan ötrü qəbuledilməzdir, o, işğal edilmiş ərazilərin bircə qarışını belə qaytarmağa hazırlaşmır. Bu isə baza prinsiplərinə ziddir. Baş nazir bəyan edirdi ki, Azərbaycan danışıqları Ermənistan ilə deyil, qondarma “Dağlıq Qarabağın” rəhbərləri ilə aparmalıdır. Bu, həm bizim üçün, həm də ATƏT-in Minsk qrupu üçün qəbuledilməz idi. Baş nazir, həmçinin bəyan edirdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Bununla da o, danışıqlar prosesini tamamilə pozmuş oldu. Son bir ildə praktiki olaraq, danışıqlar aparılmayıb və Ermənistan bunun təqsirini bizim üzərimizə yıxmaq üçün üç dəfə təxribat cəhdi göstərdi – iyul ayında sərhəddə, avqust ayında təxribat qrupu göndərildi və sentyabr ayında bizim dinc şəhərlər atəşə tutuldu. Onlar yəqin düşünürdülər ki, biz bu dəfə də təmkin göstərəcəyik, lakin belə olmadı. Biz onlara elə cavab verdik ki, indi onlar təəssüflənirlər.

– Elə isə Siz öz hərbi əməliyyatlarınızı hansı şərtlər daxilində dayandırmağa razı olacaqsınız? Siz dəfələrlə demisiniz ki, Ermənistan tərəfindən konstruktiv yanaşma zəruridir. Konstruktiv yanaşma necə olmalıdır?

– Konstruktiv yanaşma ondan ibarət olmalıdır ki, onlar baş nazirin şəxsində açıq bəyan etməlidirlər ki, baza prinsiplərini qəbul edirlər. Baza prinsipləri isə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ətrafında yerləşən yeddi rayonun Azərbaycana qaytarılmasını və azərbaycanlı məcburi köçkünlərin Dağlıq Qarabağ ərazisinə, o cümlədən Azərbaycanın qədim Şuşa şəhərinə qayıtmalarını nəzərdə tutur. Prinsip etibarilə bu yanaşmalar BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əsaslanır, həmin qətnamələr də praktiki olaraq, bunu tələb edir. Lakin Ermənistanın baş naziri deyəndə ki, onlar bircə qarış belə torpağı bizə verməyəcəklər, Ermənistanın müdafiə naziri bəyan edəndə ki, Ermənistan yeni ərazilər uğrunda yeni müharibəyə başlayacaq və bizə qarşı təcavüz həyata keçiriləndə, bu, əlbəttə, konstruktiv yanaşma deyil. O deməlidir ki, bəli, işğal edilmiş ərazilər Azərbaycana qaytarılacaq, bəli, azərbaycanlılar Dağlıq Qarabağa, o cümlədən Şuşaya qayıdacaqlar, bax, onda biz çox tezliklə razılığa gələrik.

– Cənab Prezident, bir məsələ çox mübahisəlidir. Bəzi ölkələr, təkcə Ermənistan deyil, o cümlədən Fransa da Sizi və Türkiyəni Suriyadan minlərlə muzdlunun Türkiyədən keçməklə Qarabağa göndərilməsində ittiham edirlər. Siz bu cür ittihamlara necə cavab verərsiniz, Azərbaycan ərazisində türkiyəli döyüşçülərin və Türkiyəyə məxsus hərbi təyyarələrin olması barədə ittihamlara Siz necə cavab verərsiniz?

– Mən bu suala bir neçə dəfə cavab vermişəm, bir də cavab verərəm. Əvvələn, bizə bu cür əsassız ittihamları cəmi iki ölkə təqdim edib – Fransa və Rusiya. Fransa Prezidentin şəxsində, Rusiya isə Xarici Kəşfiyyat İdarəsinin rəhbərinin şəxsində. Hərbi əməliyyatlar başlanandan dərhal sonra bizə bu cür ittihamlar təqdim edilib. Lakin artıq bir aya yaxın vaxt keçib, bizə heç bir dəlil, heç bir sübut təqdim edilməyib. Üstəlik, ilk dəfədir deyirəm, mən Fransa tərəfə müraciət etmişəm ki, müvafiq xidmətlərin müvafiq rəhbərləri görüşsünlər, söhbət etsinlər və bizə sübutlar təqdim etsinlər. Bizə heç nə təqdim edilməyib. Ona görə bütün bunlar insunasiyadır. Bütün bunlar Azərbaycana qara yaxmaq cəhdidir. Mən təəssüflənirəm ki, bu cür əsassız ittihamlar həmsədr ölkələrdən daxil olur. Onlar obyektiv olmalıdırlar. Axı, biz Rusiyadan Ermənistana nə qədər silah göndərilməsi barədə hər gün danışmırıq. Axı, biz demirik ki, bu gün kənardan kömək olmasa Ermənistan işğal edilmiş ərazilərdə bircə gün də dayana bilməzdi. Həm siyasi dəstək, həm hərbi, həm də mənəvi dəstək, özü də bunlar bitərəfliyə riayət etməli olan ölkələr tərəfindən gəlir. Buna görə biz bu insunasiyaları qətiyyətlə rədd edirik, buna ehtiyac yoxdur. Bizim nizami ordunun 100 min döyüşçüsü var. Zərurət yaranarsa, biz ümumi səfərbərlik elan edərik. Yeri gəlmişkən, Ermənistandan fərqli olaraq, biz bunu elan etməmişik. Ona görə bütün bunlar yalan və böhtandır. Əməliyyatlarda Türkiyə qoşunlarının iştirakına gəldikdə isə bu da yalandır. Heç bir sübut yoxdur. Türkiyənin F-16 təyyarəsinin Azərbaycan ərazisində olması onun nəticəsi olub ki, münaqişə ərəfəsində bizdə birgə hərbi təlimlər keçirilib. Axı, biz demirik ki, Ermənistan ərazisində Rusiyanın neçə MiQ-29, Su-30 təyyarəsi var. Axı, biz demirik ki, Ermənistanda, Gümrüdəki bazada Rusiyanın 5 minlik qoşunu var və bizdə olan məlumata görə oradan vaxtaşırı olaraq Ermənistan silahlı qüvvələrinə təchizat göndərilir və bizim barəmizdə deyilənlərdən fərqli olaraq, bunlar faktdır. Ona görə də bizi ittiham etmək istəyənlərə təklif edirəm ki, yalan informasiyaya əsaslanan bu cür tez-tələsik nəticələr çıxarmazdan əvvəl özlərinə baxsınlar.

– Cənab Prezident, sonuncu sual bu və ya digər dərəcədə bizim ölkəyə – İtaliyaya da aiddir. Siz yəqin bilirsiniz ki, Avropada ərazi mübahisələrinin və ya regional separatizmin dinc yolla nizamlanmasına dair çoxlu uğurlu nümunələr var. Belə nümunələrdən biri bizdə – İtaliyadadır. Bu, Alto-Adice (Zyudtirol) regionudur. Sizə elə gəlmirmi ki, İtaliya Qarabağın statusunun həll edilməsi üçün öz təcrübəsi ilə konkret kömək edə bilərdi. Xüsusən ona görə ki, İtaliya həm Sizinlə, həm də Ermənistanla çox səmimi, sıx, güclü siyasi, mədəni əlaqələrə malikdir.

– Bəli, mən hesab edirəm ki, İtaliya münaqişənin nizamlanması işində çox mühüm rol oynaya bilər. Qeyd etməliyəm ki, Minsk qrupu yaradılan vaxt, çoxdan, təqribən 30 il bundan əvvəl bu Minsk qrupunun rəhbəri məhz İtaliya nümayəndəsi, italiyalı diplomat idi. Bu, həmsədrlər təsisatı yaradılandan əvvəl idi. Həmsədrlər təsisatı yaradılandan sonra Minsk qrupu, əslində, ölkələr qrupu kimi heç bir fəaliyyət göstərməyib, çünki həmsədrlər bu fəaliyyəti özlərinin inhisarına götürüblər. Bunun nəyə gətirib çıxardığını görürük. 28 il ərzində heç bir irəliləyiş olmayıb, heç bir nəticə yoxdur, yalnız vədlər, yalnız bürokratik prosedurlar var və bu gün bizə belə gəlir ki, əslində, həmsədrlərin fəaliyyəti münaqişənin həllinə deyil, onun dondurulmasına yönəlmişdi. İtaliyada mövcud olan modelə gəldikdə isə biz onu öyrənmişik. Biz Aland adaları modelini, muxtar qurumların digər uğurlu təcrübələrini də öyrənmişik. Ermənistandan fərqli olaraq, Azərbaycan çoxmillətli dövlətdir. Yəqin siz bilirsiniz, Ermənistanda əhalinin 99 faizi ermənilərdir. Buna görə çox müsbət olan bu özünüidarə təcrübəsi bizim halda da tətbiq edilə bilərdi. Yeri gəlmişkən, mənim bildiyimə görə 1990-cı illərin ortalarında bu cür təkliflər olub. Hətta qeyri-hökumət təşkilatlarının nümayəndələrindən, politoloqlardan ibarət qruplar sizin ölkəyə də, haqqında danışdığınız regiona da, Aland adalarına da səfər edirdilər. Lakin Ermənistan bunu həmişə qəti surətdə rədd edirdi. Onlar hesab edirdilər ki, dünyanın aparıcı ölkələrinin hərbi, siyasi, iqtisadi dəstəyinə güvənərək bizim əraziləri əbədi işğal edə biləcəklər, lakin onlar kobud səhv edirdilər. Bu gün biz özümüzün haqlı olmağımızı döyüş meydanında sübut edirik. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini həyata keçiririk və beynəlxalq hüququ bərpa edirik.

– Cənab Prezident, ən sonuncu sual: bir ildən sonra biz bu münaqişədə hansı səviyyədə olacağıq? Münaqişənin həlli olacaqmı? Yoxsa bu, münaqişənin həlli olacaq?

– Bilirsiniz, bu bir ay ərzində mən, demək olar ki, hər gün xarici kütləvi informasiya vasitələrinin nümayəndələri ilə ünsiyyətdə oluram və Azərbaycan xalqına öz müraciətlərimdə bizim mövqeyimizi həmişə dəqiq şərh edirəm. Biz Qarabağ regionunun, – təkcə Dağlıq Qarabağın deyil, həm də Aran Qarabağın, çünki Qarabağ Azərbaycanın böyük bir hissəsidir, – gələcəyini həm oraya qayıtmalı olan azərbaycanlıların, həm də hazırda orada yaşayan ermənilərin dinc yanaşı yaşayacaqları firavanlaşan, dinc bir ərazi kimi görürük. Bizim mövqeyimiz bundan ibarətdir. Hesab edirəm ki, tərəflərin qarşılıqlı xoş məramı olsa buna nail olmaq mümkündür. Ona görə ki, axı, bu gün Bakıda və Azərbaycanın digər şəhərlərində minlərlə erməni yaşayır. Həm Rusiyada, həm də Gürcüstanda azərbaycanlılar və ermənilər biznesə malikdirlər, qarışıq ailələr var. Buna görə də düşünürəm ki, barışıq mümkündür, sadəcə, Ermənistan rəhbərliyi işğalçı siyasətdən imtina etməlidir. Əgər belə olsa biz öz investisiyalarımızla və ölkənin yenidən qurulması üzrə təcrübəmizlə bu regionu dünyanın ən firavan regionlarından birinə çevirə bilərik. Lakin bundan ötrü müharibənin nəticələri aradan qaldırılmalıdır. İşğal aradan qaldırılmalıdır, azərbaycanlılar əsrlərboyu yaşadıqları torpaqlara qayıtmalı və erməni əhali ilə qonşuluqda, razılıq şəraitində yaşamalıdırlar. Bu, asan olmayacaq, buna vaxt lazım gələcək. Lakin Avropa ölkələrinin vuruşduğu İkinci Dünya müharibəsindən sonra ölkələrin necə barışdığını bilirik – bugünkü qonşular o vaxt çox insanı qətlə yetiriblər. Lakin bu, daim yaddaşda yer tutmamalı, nifrət doğurmamalıdır. Erməni ideoloqları bu gün bununla məşğuldurlar. Xoş məram göstərilməlidir. Əgər belə olsa, mənim dediyim olacaq. Əgər olmasa, biz hər bir halda bu torpaqları qaytaracağıq. Döyüş meydanında bugünkü vəziyyət də bunu göstərdi. Biz onları nəyin bahasına olsa, qaytaracağıq. Ya dinc yolla, ya da müharibə yolu ilə, lakin qaytaracağıq. Buna görə düşünürəm ki, Ermənistan rəhbərliyi bu barədə ciddi düşünməli və düzgün addım atmalıdır.

– Cənab Prezident, çox sağ olun və italyanlar demişkən, bono fortuno.

– Siz də sağ olun. Təşəkkür edirəm.

– Xudahafiz.

– Xudahafiz.

https://president.az/articles/44514

Düşmən kvadrokopteri məhv edilib

Azərbaycan Ordusuna məxsus zərbə PUA-nın cəbhə xəttində guya məhv edilməsi barədə Ermənistanın yaydığı məlumatın heç bir əsası yoxdur və yalandır.

Tam əksinə, bu gün günorta saatlarında Ermənistan-Azərbaycan dövlət sərhədinin Daşkəsən rayonu sahəsində bölmələrimizin mövqeləri üzərində uçuş keçirməyə cəhd göstərən düşmən kvadrokopteri atıcı silahlardan açılan atəşlə məhv edilib.

https://mod.gov.az/az/news/dusmen-kvadrokopteri-mehv-edilib-33363.html

Tərtər şəhəri və rayonun kəndləri atəşə tutulur

– TƏCİLİ –

Tərtər şəhəri və rayonun kəndləri yeni humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri tərəfindən yenidən atəşə tutulur.

https://mod.gov.az/az/news/terter-seheri-ve-rayonun-kendleri-atese-tutulur-33366.html

Düşmən Tərtəri “Smerç” ilə atəşə tutub

Oktyabrın 26-da saat 18:15-də düşmən “Smerç” yaylım atəşli reaktiv sistemindən Tərtər şəhərini atəşə tutub.

https://mod.gov.az/az/news/dusmen-terteri-smerc-ile-atese-tutub-33369.html