BU TARİXİ GÜNDƏ
Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! İlham Əliyev
Ermənistan silahlı qüvvələri bütün cəbhə boyu genişmiqyaslı təxribat törədib
Mülki əhali və yaşayış məntəqələrimiz düşmən atəşinə məruz qalıb
Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.
Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.
Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir.
Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.
Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulur və döyüş fəaliyyətinin qarşısı alınır
Cəbhənin ən gərgin Tərtər-Ağdam və Füzuli-Cəbrayıl istiqamətlərində yerləşən ön xətt hərbi hissələri, raket və artilleriya bölmələri, cəbhə aviasiyası, zirehli texnika və digər qoşun növlərinin qarşılıqlı fəaliyyəti ilə Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulur və döyüş fəaliyyətinin qarşısı alınır.
Hazırda Azərbaycan Ordusu tərəfindən cavab tədbirləri görülür və qoşunlarımız əməliyyat şəraitinə tam nəzarət edir.
Cəbhəboyu zonada baş verən hadisələrlə bağlı mətbuata və ictimaiyyətə əlavə məlumat veriləcək.
Əhali arasında çaşqınlıq salmamaq, həmçinin hərbi qulluqçularımızın təhlükəsizliyini təmin etmək məqsədilə sosial şəbəkə istifadəçilərini, elektron media və digər kütləvi informasiya vasitələri nümayəndələrini rəsmi olmayan, dəqiqləşdirilməmiş və qeyri-obyektiv məlumatlardan istifadə etməməyə çağırırıq.
Bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başlayıb
Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.
Şəxsi heyət və tank bölmələrimiz raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikasını aşkar edərək məhv edirlər.
Əldə olunan məlumata görə müxtəlif istiqamətlərdə Ermənistan hava hücumundan müdafiə bölmələrinin 12 ədəd “OSA” zenit-raket kompleksi məhv edilib. Azərbaycan Hərbi Hava Qüvvələrinin cəbhənin Tərtər istiqamətində bir döyüş helikopteri vurulub, ekipaj üzvləri sağdır.
Qoşunlarımızın sürətli əks-hücum əməliyyatı davam edir.
https://mod.gov.az/az/news/butun-cebhe-boyu-qosunlarimiz-eks-hucum-emeliyyatina-baslayib-32316.html
Müdafiə Nazirliyi təkzib edir
Ermənistan tərəfinin guya Azərbaycan Ordusuna məxsus 3 tank, 2 helikopter və 3 pilotsuz uçuş aparatının (PUA) vurulması barədə yaydığı məlumat yalandır və dezinformasiyadır.
Bildiririk ki, cəbhədə bölmələrimiz düşmən üzərində tam üstünlüyə malikdir.
https://mod.gov.az/az/news/mudafie-nazirliyi-tekzib-edir-32319.html
Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur
Məlumat verildiyi kimi, Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.
Rəsmi surətdə bəyan edirik ki, Azərbaycan Ordusu mülki əhalini, mülki obyektləri və mülki xarakterli infrastrukturları hədəfə almır. Azərbaycan işğalçı Ermənistandan fərqli olaraq hərbi əməliyyatlar zamanı Cenevrə konvensiyaları da daxil olmaqla beynəlxalq humanitar hüququn müddəalarının tələblərinə riayət edir.
Ermənistan ordusu özünün atəş nöqtələrini qəsdən mülki əhalinin yaşayış yerlərinin içərisində və yaxınlığında yerləşdirir.
Azərbaycan Ordusu işğal altında olan ərazilərdəki mülki əhalini hərbi obyektlərdən kənar durmağa çağırır.
https://mod.gov.az/az/news/azerbaycan-ordusu-mulki-ehalini-atese-tutmur-32322.html
İlham Əliyev xalqa müraciət edib
Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib.
Dövlətimizin başçısının müraciətini təqdim edir.
Prezident İlham Əliyevin xalqa müraciəti
-Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artileriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşdur.
Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmayacaqdır. Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nətcəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıb. Bu, erməni faşizminin növbəti təzahürüdür.
Son vaxtlar Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları müntəzəm xarakter almışdır. İyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində yenə də artileriya atəşi nəticəsində hərbçilərimiz və bir mülki şəxs həlak olmuşdur. Heç kəsə sirr deyil ki, ilk atəşi, o cümlədən artileriya atəşini Ermənistan açıbdır və ilk həlak olanlar da məhz Azərbaycan həbçiləri olmuşdur. Azərbaycan düşmənə layiqli cavabını verdi və düşmən bir santimetr irəliyə gedə bilmədi. Düşmən dayandırıldı, ölkəmizin ərazi bütövlüyü qorundu. Sarsıdıcı zərbələr nəticəsində Ermənistan tərəfi məcbur olub acı məğulibiyyətlə razılaşdı. Mən bu barədə demişəm, bir daha demək istəyirəm, əgər bizim istəyimiz olsaydı hərbi döyüşləri Ermənistan ərazisinə keçirə bilərdik. Ancaq bizim Ermənistan ərazisində hərbi hədəflərimiz yoxdur və belə olan halda bir neçə gündən sonra atəş dayandırılmışdır.
Ermənistan bu təxribatı törətməklə hansı məqsədi güdürdü? İlk növbədə Azərbaycan torpaqlarının işğalı onların planındadır və onlar bunu gizlətmirlər. Onların hərbi-siyasi rəhbərliyi Azərbaycanı yeni işğalla hədələməyə çalışırdı, yeni ərazilər uğrunda yeni işğal siyasəti. Budur, bu gün Ermənistan hərbi-siyasi rəhbərliyinin siyasəti. Digər səbəb Ermənistanda mövcud olan çox ciddi sosial, iqtisadi və siyasi məsələlərdən ölkə əhalisinin fikrini yayındırmaq və Azərbaycandan düşmən obrazı yaratmaqdır. Daha bir səbəb isə ondan ibarətdir ki, Ermənistan hər vəchlə çalışır ki, danışıqlar prosesi pozulsun və deyə bilərəm ki, buna nail olub. Məhz Ermənistanın riyakar, qeyri-konstruktiv və yalançı siyasəti nəticəsində hazırda danışıqlar faktiki olaraq dayanıbdır. Növbəti təxribatın törədilməsi məhz bu məqsədləri güdür və bu məqsədlər onlar üçün əsas məqsədlərdir.
İyul ayında Azərbaycan düşmənə layiqli cavabını verdi, öz ərazi bütövlüyünü qorudu və bir daha göstərdi ki, Azərbaycanla hədə-qorxu dili ilə danışan bundan peşman olacaqdır. Əfsuslar ki, bu, onlar üçün dərs olmadı. Halbuki mən iyul təxribatından sonra demişdim ki, Ermənistanın bu acı məğlubiyyəti onlar üçün dərs olmalıdır.
Avqust ayında Ermənistan növbəti hərbi təxribata əl atdı. Bu dəfə Azəbaycana diversiya qrupu göndərilmişdir. Diversiya qrupunun başçısı Azərbaycan hərbçiləri tərəfindən saxlanılmışdır və hazırda ifadələr verir. Bu ifadələrdə açıq-aydın göstərilir ki, bu planlaşdırılmış təxribatçı diversiya qrupu Azərbaycana terror aktları törətmək üçün gəlmişdir. Mülki əhaliyə və hərbçilərimizə qarşı növbəti hərbi təxribat bu gün Ermənistan tərəfindən törədildi və qeyd etdiyim kimi, bu dəfə də onlar öz cəzasını alıblar və alacaqlar.
Ermənistanın təxribatları, eyni zamanda, Ermənistan rəhbərliyi tərəfindən verilən bəyanatlarda da öz əksini tapır. Ermənistanın baş naziri bir il bundan əvvəl işğal edilmiş torpaqlarda – Xankəndidə demişdir ki, “Qarabağ Ermənistandır və nöqtə”. Birincisi bu, yalandır, Qarabağ Azərbaycandır və mən bu məsələ ilə bağlı öz fikirlərimi dəfələrlə bildirmişəm. Qarabağ Azərbaycandır və nida işarəsi. İkincisi, bu təxribat xarakterli bəyanat faktiki olaraq danışıqlar prosesinə vurulan böyk zərbə idi. Əgər Ermənistanın baş naziri deyirsə ki, “Qarabağ Ermənistandır”, onda hansı danışıqlardan söhbət gedə bilər?! Bununla paralel olaraq, Ermənistanın rəhbərliyi artıq iki il ərzində dəfələrlə bəyan edir ki, Azərbaycan Ermənistanla yox, qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıdır. Bu da danışıqlar prosesinə vurulan böyük zərbədir. İlk növbədə, Azərbaycan heç vaxt oyuncaq xunta rejimi ilə hər hansı bir danışıqlar aparmayacaq. İkincisi, danışıqlar formatını dəyişdirmək cəhdləri bir daha onu göstərir ki, Ermənistanın əsas məqsədi danışqıları pozmaq və status-kvonu saxlamaqdır. Halbuki ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları dəfələrlə bəyan etmişlər ki, status-kvo qəbul edilməzdir və bu, o deməkdir ki, işğala son qoyulmalıdır.
Ermənistanın bizə qarşı təxribatları bu faktlarla bitmir. Bu yaxınlarda bizim qədim Azərbaycanın qədim şəhəri olan Şuşada qondarma kriminal xunta rejiminin başçısının “andiçmə” mərasimi keçirilmişdir. Bu, təxribat deyilmi? Bu, bizə qarşı təhqirdir. Onlar hesab edirdilər ki, biz bu təhqirlə barışacağıq, razılaşacağıq. Onlar bizi şüurlu şəkildə təxribatlara çəkirlər və bunun acı nəticələrini görəcəklər.
Bu yaxınlarda qondarma “Dağlıq Qarabağ respublikası” parlamentinin qədim Azərbaycan şəhəri – Şuşaya köçürülməsi haqqında qərar qəbul edildi. Bu, növbəti təxribatdır. Bu yaxınlarda Ermənistanın baş naziri bəyan etmişdir ki, on minlərlə insanı birləşdirən “könüllü” hərbi birləşmələr yaradılacaqdır. Bu, nə üçün lazımdır? Bunlar kimə qarşı vuruşacaqlar? Bu, Azərbaycana qarşı bu gün törədilən təxribatın hazırlıq mərhələsi idi. Mən artıq bir neçə dəfə demişdim, o cümlədən bu yaxınlarda BMT kürsüsündən demişdim ki, Ermənistan yeni müharibəyə hazırlaşır, Ermənistan dayandırılmalıdır və dayandırılacaqdır.
Ermənistan işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma siyasəti aparır. Bu yaxınlarda Livan ermənilərindən ibarət bir neçə ailə Dağlıq Qarabağa, o cümlədən Azərbaycanın qədim şəhəri olan Şuşaya yerləşdirildi. Bu, hərbi cinayətdir. Bu, Cenevrə Konvensiyasına tamamilə ziddir. Bu cinayətə görə Ermənistan cavab verəcəkdir. Bu, bizə qarşı növbəti təxribatdır. İşğal edilmiş torpaqlarda məskunlaşma aparmaq cinayət hesab olunur və bu siyasət Ermənistan tərəfindən uzun illər ərzində aparılır. İş burasındadır ki, Ermənistanda mövcud olan ağır iqtisadi, siyasi və sosial vəziyyətə görə ölkə əhalisi azalır. Ermənistanda demoqrafik böhran yaşanır və onlarda insan resursları yoxdur ki, işğal edilmiş torpaqlarda öz adamlarını yerləşdirsinlər. Ona görə xaricdə yaşayan ermənilərə ümid edirlər. Hazırda bu siyasət davam etdirilir. Bununla paralel olaraq, bizdə olan dəqiq məlumata görə, bizim işğal edilmiş bəzi ərazilərimizdə Ermənistan qanunsuz məskunlaşma aparıbdır. Bizim rayonlarımızın, kəndlərimizin adları dəyişdirilir. Azərbaycanlıların tarixi irsi silinir. Bizim tarixi abidələrimiz dağıdılır. Azərbaycan məscidləri dağıdılır, təhqir edilir. Bizim məscidlərimizdə Ermənistan inək, donuz saxlayır. Bu, bütün müsəlman aləminə ən böyük təhqirdir. Bizim əcdadlarımızın qəbirləri traktorla dağıdılır. Bunu edən faşistlərdir, vandallardır, vəhşilərdir.
Eyni zamanda, işğal edilmiş torpaqlarda bu yaxınlarda keçirilmiş hərbi təlimlər bizim üçün Ermənistanın növbəti təxribatı sayılmalıdır. Çünki bu təlimlərin bir məqsədi var: Azərbaycana hücum etmək, mülki əhalini atəşə tutmaq və yeni torpaqları işğal etmək! Sadaladığım bütün faktlar bir daha onu göstərir ki, bu gün regionda təhlükə mənbəyi Ermənistandır və onun çirkin siyasətidir.
Azərbaycan heç bir təxribata əl atmamışdır. Azərbaycan sadəcə olaraq öz maraqlarını müdafiə edir, öz mövqeyini dəstəkləyir və öz siyasətini alnıaçıq aparır. Biz dəfələrlə bəyan etmişik ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır və bu, həqiqətdir. Ermənistanın baş naziri deyəndə “Qarabağ Ermənistandır”, bu, yalandır. Mən deyəndə ki, “Qarabağ Azərbaycandır”, bu, həqiqətdir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Tarixi ədalət bizim tərəfimizdədir. Çünki bu, bizim doğma, dədə-baba torpağımızdır. Beynəlxalq hüquq bizim tərəfimizdədir. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Beynəlxalq təşkilatlar çərçivəsində qəbul edilmiş qərar və qətnamələr Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu açıq-aydın təsbit edir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində deyilir ki, erməni silahlı qüvvələri dərhal, tam və qeyd-şərtsiz işğal edilmiş torpaqlardan çıxarılmalıdır. Otuz ilə yaxındır ki, bu qətnamələr kağız üzərində qalır. Otuz ilə yaxındır ki, Minsk qrupu çərçivəsində danışıqlar aparılır və bunun sonunda Ermənistan müntəzəm olaraq hərbi təxribatlar törətməklə danışıqlar prosesini iflic vəziyyətə salıbdır. BMT-dən başqa bütün digər aparıcı beynəlxalq təşkilatlar bizim haqlı mövqeyimizi müdafiə edir. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır ki, bu gün Azərbaycan bu təsisata sədrlik edir. Onlar münaqişə ilə bağlı ədalətli qətnamə qəbul etmişlər. İslam Əməkdaşlıq Təşkilatı ədalətli qətnamələr qəbul etmişdir. ATƏT-in qərarları, Avropa Parlamentinin qətnamələri bizim mövqeyimizi dəstəkləyir. Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır.
Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
https://president.az/articles/40968
Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatı uğurla davam edir
Azərbaycan Ordusunun bölmələri cəbhənin Tərtər-Ağdam, Füzuli-Cəbrayıl və Murovdağı istiqamətlərində Ermənistan qoşunlarının işğalı altında olan vacib yüksəkliklər uğrunda döyüşlər aparırlar.
Raket-artilleriya qoşunları və aviasiya vasitələri düşmənin komanda məntəqələrinə zərbələr endirir, manevr edən çoxlu sayda canlı qüvvəsini, döyüş texnikasını və hərbi obyektlərini məhv edirlər.
Bütün cəbhə boyu şiddətli döyüşlər gedir.
İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib
Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.
Dövlətimizin başçısı iclasda çıxış edib.
Prezident İlham Əliyevin çıxışı
– Bildiyiniz kimi, bu gün səhər tezdən Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti hərbi təxribat törətmişdir. Bu təxribat nəticəsində itkilərimiz var, həm mülki əhali, həm də hərbçilər arasında. Bu, bir daha onu göstərir ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti davam edir və bu siyasət Ermənistanın faşist mahiyyətini bütün dünyaya göstərir.
Səhər tezdən məlumatı alan kimi, mən Müdafiə naziri, digər aidiyyəti qurumların rəhbərləri ilə əlaqə saxladım, müvafiq göstərişlər verdim və bu göstərişlər əsasında hazırda Azərbaycan Ordusu genişmiqyaslı əks-hücum əməliyyatına başlamışdır.
Bildirməliyəm ki, Ermənistanın hərbi təxribatı planlaşdırılmış təxribatdır. Onlar bu təxribata uzun müddətdir ki, hazırlaşırdılar. Bizdə olan operativ məlumat onu göstərirdi ki, Ermənistan bizə qarşı yeni müharibəyə başlamaq fikrindədir. Mən bu məsələ ilə bağlı artıq son bir həftə ərzində bir neçə dəfə həm televiziya kanallarında müsahibəmdə, eyni zamanda, BMT kürsüsündən çıxış edərkən öz fikirlərimi bildirmişdim və demişdim ki, təcavüzkar dövlət dayandırılmalıdır. Onlar yeni müharibəyə hazırlaşırlar.
Bu gün mən Azərbaycan xalqına müraciət etdim. Müraciətdə bu təxribatın səbəbləri və son müddət ərzində Ermənistanın çirkin addımları haqqında geniş məlumat verdim, fikirlərimi bölüşdüm, onları təkrarlamaq istəmirəm. Sadəcə olaraq, bir daha bildirirəm ki, bu gün səhər tezdən bizə qarşı edilən hərbi hücum planlaşdırılmış hərbi təxribat idi. Çünki bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan bizim mövqelərimiz atəşə tutuldu və eyni zamanda, yaşayış məntəqələrimiz, kəndlərimiz atəşə tutuldu. Qeyd etdiyim kimi, mülki əhali arasında itkilərimiz var. Bu, bir daha Ermənistanın, Ermənistan faşizminin eybəcər sifətini göstərir. Çünki dinc əhaliyə qarşı belə qəddarlıq ancaq faşist dövlətlərə aid ola bilər və birinci dəfə deyil, Tovuz hadisələrində, ondan sonra digər hadisələrdə, Xocalı soyqırımı erməni vəhşiləri tərəfindən əliyalın dinc əhaliyə qarşı törədilmişdir və bu dəfə də Ermənistanın əsas hədəfi bizim yaşayış məntəqələrimizdir. Onlar bu atəşi açmaqla istəyirlər ki, Azərbaycan ictimaiyyəti, Azərbaycan vətəndaşları arasında, cəbhəboyu yerləşən kəndlərdə, şəhərlərdə yaşayan insanlar arasında təşviş yaransın. Amma tam qətiyyətlə deyə bilərəm ki, – bu gün səhər mən bütün bölgələrdən, cəhbəyanı bölgələrdən məlumat almışam, – Azərbaycan vətəndaşları cəsarət göstərirlər, hər kəs öz yerindədir, ordumuza, dövlətimizə hər an dəstək verməyə hazırdırlar və bunu edirlər.
Azərbaycan Ordusu bu hərbi təxribata cavab olaraq, hazırda əks-hücum əməliyyatı keçirir. Deyə bilərəm ki, əməliyyat uğurla keçirilir. Prezident Administrasiyasına, eyni zamanda, Müdafiə Nazirliyinə göstəriş verildi ki, əhali müntəzəm olaraq hadisələrin gedişatı ilə bağlı məlumatlandırılsın. Onu deyə bilərəm ki, uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmənin canlı qüvvəsinə və hərbi texnikasına böyük ziyan vurulmuşdur. Əks-hücum nəticəsində Azərbaycanın işğal altında olan bir neçə yaşayış məntəqəsi işğalçılardan azad edilib. Bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edirəm!
Mən əminəm ki, bizim uğurlu əks-hücum əməliyyatımız işğala son qoyacaqdır! Ədalətsizliyə son qoyacaqdır! Otuz ilə yaxın davam edən işğala son qoyacaqdır! Çünki Azərbaycan xalqı öz torpağında yaşamaq istəyir. Azərbaycan vətəndaşı Vətən həsrəti ilə yaşayır. Ermənilər tərəfindən, Ermənistan rəhbərliyi tərəfindən öz dədə-baba torpaqlarından zorla didərgin salınmış insanlar öz doğma ocaqlarına qayıtmaq istəyirlər. Baxmayaraq ki, artıq onların ocaqları vəhşilər tərəfindən dağıdılıb. Baxın Ağdam şəhərinin qalıqlarına. Baxın Füzuli şəhərinin qalıqlarına. Baxın işğal edilmiş ərazilərdə bizim məscidlərimizin, qəbiristanlıqlarımızın dağılmış vəziyyətinə. Bütün bunları erməni cəlladları törədib və biz tam haqlıyıq. Bizim mübarizəmiz haqq mübarizəsidir və bu gün Azərbaycan vətəndaşları dövlətə tam dəstək göstərirlər, bu dəstəyi biz daim hiss edirik. Azərbaycan vətəndaşı Azərbaycan Ordusunun yanındadır. Otuz ilə yaxın öz doğma torpaqlarına qayıda bilməyən soydaşlarımıza da üz tutub deyirəm, biz əlimizdən gələni edəcəyik ki, sizi öz doğma torpaqlarınıza qaytaraq.
Mən Ermənistana xəbərdarlıq etmişdim. Tovuz hadisələrindən sonra bir neçə dəfə xəbərdarlıq etmişdim ki, əgər onlar öz çirkin əməllərindən əl çəkməsələr peşman olacaqlar. Biz onlara 2016-cı ildə, 2018-ci ildə, bu ilin iyul ayında dərs verdik. Amma görünür ki, bu, onlar üçün dərs olmadı. Bu dəfə də dərs veririk və verəcəyik. Bu gün şanlı Azərbaycan Ordusu böyük uğurla əks-hücum əməliyyatı keçirir və bu əməliyyat davam edir.
Onu da bildirməliyəm ki, bizim bütün hərbi hissələrimizdə, hərbi birləşmələrimizdə ruh yüksəkliyi var. Eyni zamanda, ordumuza könüllü yazılanların sayı on minlərlə insanı əhatə edir. Bu, xalqımızın öz dövlətinə sadiqliyini göstərir.
Dağlıq Qarabağ məsələsi bizim milli məsələmizdir. Dağlıq Qarabağ məsələsinin həlli bizim tarixi vəzifəmizdir. Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm, biz bu məsələni elə həll etməliyik ki, Azərbaycan xalqı bundan razı olsun. Biz bunu elə həll etməliyik ki, tarixi ədalət bərpa edilsin. Biz bunu elə etməliyik ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun.
Mən müxtəlif dövrlərdə dəfələrlə demişəm ki, bizə bu məsələnin, bu münaqişənin yarımçıq həlli lazım deyil. Biz öz torpağımızdayıq, bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Amma öz torpağımızı heç kimə verən deyilik. Mən dəfələrlə demişəm, biz heç vaxt imkan verə bilmərik ki, Azərbaycan torpaqlarında ikinci qondarma erməni dövləti yaradılsın. Heç vaxt imkan verə bilmərik və bugünkü hadisələr onu bir daha göstərir.
Dağlıq Qarabağ bizim əzəli tarixi torpağımızdır. Mən Dağlıq Qarabağın tarixi ilə, keçmişi ilə bağlı beynəlxalq tədbirlərdə müxtəlif kürsülərdən dəfələrlə öz sözlərimi demişəm. Tarixi həqiqətləri dünya ictimaiyyətinə çatdırmışam. Bizim məqsədyönlü və yorulmaz səylərimiz nəticəsində bu gün Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dünyada tam geniş təsəvvür var. Ancaq münaqişənin ilk illərində bu, belə deyildi. Münaqişənin ilk illərində dünya erməniliyi Azərbaycanı işğalçı kimi, təcavüzkar kimi təqdim edirdi. Əfsuslar ki, o vaxt Azərbaycan rəhbərliyində olmuş şəxslər bu təbliğata qarşı öz sözünü deyə bilmədilər. Azərbaycan elə bir ağır vəziyyətdə idi ki, torpaqlarımız əldən gedirdi, amma dünyada elə bilirdilər ki, Azərbaycan təcavüzkardır. Qarabağ torpaqlarının itirilməsinin səbəbkarı Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyasıdır. Məhz onların dövründə torpaqlarımız işğal altına düşüb. Onların xəyanətkar, yarıtmaz fəaliyyəti nəticəsində biz bu torpaqları itirmişik. Mən həmişə deyirdim ki, biz müvəqqəti itirmişik, biz bu torpaqlara qayıtmalıyıq. Şuşanın satılması sırf o vaxt hakimiyyət uğrunda gedən mübarizənin nəticəsində baş vermişdir. Kəlbəcərin, Laçının işğal altına düşməsi Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin birbaşa məsuliyyətidir. Məhz bu işğaldan sonra demək olar ki, növbəti işğal da qaçılmaz oldu. Çünki Laçının, Kəlbəcərin, Şuşanın işğal altına düşməsi Dağlıq Qarabağ ilə Ermənistan arasında coğrafi bağlantı yaratmışdır. Belə olan halda əlbəttə ki, o bölgələrə, Dağlıq Qarabağa silah təchizatı, ondan sonra digər maddi resursların təchizatı asanlaşmışdır.
Bu gün biz Azərbaycan Xalq Cəbhəsi Partiyasının və Müsavat Partiyasının yarıtmaz əməllərini, bu ləkəni Azərbaycanın üstündən silirik. Bu gün biz öz torpaqlarımızı bərpa edirik. 2016-cı ildə Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi işğalçılardan azad edildi. Bu gün – 2020-ci ildə, artıq bir daha qeyd etmək istəyirəm ki, bir neçə yaşayış məntəqəmiz işğalçılardan azad edildi, bir neçə strateji yüksəkliklər Azərbaycanın nəzarətinə keçdi. Güclü Azərbaycan Ordusu güclü siyasi iradəyə əsaslanır.
Ordu quruculuğu mənim fəaliyyətimdə həmişə birinci yerdədir. Hərbçilər də, Azərbaycan xalqı da bunu bilir. Həmişə demişəm ki, ordumuz üçün nə lazımdırsa, biz onu da edəcəyik. Biz güclü, iradəli ordu yaratmışıq. Bizim bütün silahlı birləşmələrimiz müasir standartlara cavab verir və döyüş tapşırığını şərəflə, vicdanla, cəsarətlə yerinə yetirir. Bu gün əks-hücum əməliyyatında bizim müxtəlif silahlı birləşmələrimiz iştirak edir və vahid komandanın rəhbərliyi altında əks-hücum əməliyyatı uğurla gedir. Bütün silahlı birləşmələr arasında koordinasiya tam şəkildə təmin edilib. Əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaqdır.
Mən Azərbaycan xalqına bu məlumatı verməklə bir daha demək istəyirəm ki, biz haqq yolundayıq, biz özümüzü müdafiə edirik. Biz heç kimin torpağına göz dikməmişik, heç kimin torpağında, Ermənistan ərazisində Azərbaycan silahlı birləşmələrinin heç bir məqsədi, hədəfi yoxdur. Ancaq biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və işğal edilmiş torpaqlarımızı işğalçılardan azad edəcəyik.
İndi isə məlumat üçün söz verilir Müdafiə naziri Zakir Həsənova.
Müdafiə naziri Zakir Həsənov dedi:
– Möhtərəm Prezident, cənab Ali Baş Komandan. Məruzə edirəm ki, saat 6-ya bir neçə dəqiqə qalmış erməni silahlı qüvvələri Füzuli, Cəbrayıl, Tərtər və Ağdam rayonlarının kəndlərini artilleriyadan atəşə tutmuşdur. Dağıntılar, əhali arasında yaralananlar və itkilər olmuşdur. Hərbi hissələrin ön xətti də atəşə tutulmuşdur. Eyni vaxtda Ağdam, Füzuli, Cəbrayıl istiqamətindən düşmənin silahlı qüvvələrinin cəmləşməsi müşahidə olunmuşdur və onların hücuma hazırlaşdığı müşahidə edilmişdir. Əməliyyat şəraiti nəzərə alınaraq, ilk növbədə, Sizə məruzə olunmuşdur. Əməliyyat şəraitini nəzərə alaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatı həyata keçirib. Əks-hücum əməliyyatı nəticəsində düşmənin ön xətti yarılmışdır. Mənə indi əlavə məlumat da verdilər, yeddi kənd işğaldan azad olunmuşdur. Məsləhətdirsə adlarını burada qeyd edim?
Prezident İlham Əliyev: Qeyd et.
Nazir Zakir Həsənov: Qaraxanbəyli, Nüzgar, Yuxarı Əbdurrəhmanlı, Böyük Mərcanlı, Kənd Horadiz, Qərvənd kəndləri azad edilmişdir. Azərbaycan Ordusu digər istiqamətlərdə uğurlu əks-hücum əməliyyatı həyata keçirir və düşmən böyük itkilər verərək geri çəkilir. Xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycan Ordusunun zərbələri həm ön xətdə, həm də düşmənin tam dərinliyində həyata keçirilir. Siz qeyd etdiyiniz kimi, ən müasir silahlar tətbiq olunur və biz düşmənin müqavimətini o qədər də güclü görmürük. Düşmən tam şəkildə geri çəkilir.
Məruzə etdi Müdafiə naziri general-polkovnik Həsənov.
Prezident İlham Əliyev: Aydındır. Biz Təhlükəsizlik Şurasının qalan hissəsini qapalı rejimdə keçirəcəyik. Əminəm ki, Azərbaycan vətəndaşları bu qərara anlayışla yanaşacaqlar. Çünki müzakirə olunan məsələlərin bir çoxu hərbi sirr təşkil edir. Ancaq yenə də demək istəyirəm ki, Azərbaycan əhalisi müntəzəm olaraq həm Prezident Administrasiyası, həm Müdafiə Nazirliyi tərəfindən məlumatlandırılır. Azərbaycan vətəndaşlarına operativ məlumat çatdırılacaqdır.
Mən əldə edilmiş ilk uğurlar münasibətilə Azərbaycan xalqını, Azərbaycan Ordusunu təbrik edirəm. Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Azərbaycan!
x x x
Sonda Təhlükəsizlik Şurasının digər üzvləri müzakirədə iştirak etdilər.
https://president.az/articles/40969
Azərbaycan Ordusu işğal altında olan bir sıra kəndlərimizi və vacib yüksəklikləri azad edib
Azərbaycan Ordusunun qoşun növləri və bölmələrinin həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı nəticəsində işğal altında olan bir sıra kəndlərimiz, vacib yüksəkliklər və əlverişli ərazilər azad edilib.
Hazırkı məlumata görə, cəbhənin Füzuli-Cəbrayıl istiqamətində aparılan hərbi əməliyyat nəticəsində uzun illər ərzində düşmən işğalı altında olan Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilib.
Ağdərə rayonu istiqamətində və Murov dağı silsiləsindəki hündürlüklərdə yerləşən düşmən postları darmadağın edilərək bir sıra hakim yüksəkliklər nəzarətə götürülüb.
Döyüş əməliyyatları davam edir.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə telefonla zəng edib
Sentyabrın 27-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Türkiyə Prezidenti bu gün Ermənistanın hərbi təxribatı nəticəsində Azərbaycan mülki şəxslərinin və hərbi qulluqçularının həlak olması ilə əlaqədar dövlətimizin başçısına və Azərbaycan xalqına başsağlığı verib, onlara Allahdan rəhmət diləyib. Rəcəb Tayyib Ərdoğan həmişə olduğu kimi, bu gün də Türkiyənin Azərbaycanın yanında olduğunu vurğulayıb.
Başsağlığına görə minnətdarlığını bildirən dövlətimizin başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Türkiyə Prezidentinin daimi dəstəyini yüksək qiymətləndirib.
Prezident İlham Əliyev bu gün cəbhə xəttində Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı nəticəsində baş verən hadisələrin gedişi barədə məlumat verib.
Dövlət başçıları dost və qardaş Azərbaycanla Türkiyə arasında münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.
Düşmənin döyüş texnikaları məhv edilib – VİDEO
Azərbaycan Ordusunun bölmələri tərəfindən həyata keçirilən əks-həmlə əməliyyatı nəticəsində cəbhənin müxtəlif istiqamətlərdə Ermənistan qoşunlarının çoxlu sayda canlı qüvvəsi və döyüş texnikaları məhv edilib.
Videoda düşmənə məxsus döyüş texnikalarının məhv edilməsi anı təqdim edilir.
https://mod.gov.az/az/news/dusmenin-doyus-texnikalari-mehv-edilib-video-32363.html
Ermənistan hərbi birləşməsinin komandanlığına təslim olmaq barədə təklif edilib
Ermənistan silahlı qüvvələrinin Ağdərə yaşayış məntəqəsində yerləşən qarnizonunun tam məhv edilməməsi və döyüş itkilərinin sayının artmaması məqsədilə Azərbaycanın Hərbi Komandanlığı tərəfindən bu istiqamətdə yerləşən erməni komandanlığına müqavimət göstərməmək, silahı yerə qoyaraq təslim olmaq barədə təklif edilib.
Azərbaycan Ordusunun komandanlığı onu da bildirir ki, hərbi əsirlər və mülki şəxslərlə davranış Cenevrə Konvensiyasının tələbləri və beynəlxalq humanitar hüquqa əsasən həyata keçiriləcək.
Müqavimət göstəriləcəyi təqdirdə hər bir silahlı şəxs tərəfimizdən zərərsizləşdiriləcək.
Düşmən zirehli texnikasını döyüş meydanında ataraq qaçır – VİDEO
Əks-həmlə əməliyyatı həyata keçirən Azərbaycan Ordusu bölmələrinin zərbələri nəticəsində düşmən çoxlu sayda zirehli texnikanı döyüş meydanında qoyaraq qaçıb.
Ermənistan qoşunlarının məhv edilən, eləcə də ərazidə qalan hərbi texnikalarının video görüntülərini təqdim edirik.
https://mod.gov.az/az/news/dusmen-zirehli-texnikasini-doyus-meydaninda-ataraq-qacir-video-32335.html
Murov dağı silsiləsindəki əhəmiyyətli yüksəklik azad olunub
Cəbhənin Goranboy istiqamətində qoşunlarımızın keçirdiyi hərbi əməliyyat nəticəsində Murov dağı silsiləsindəki Murov zirvəsi azad olunub.
Əməliyyat nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən hərbi əhəmiyyətli Vardenis-Ağdərə avtomobil yolu vizual, eləcə də atıcı silahların və artilleriya vasitələrinin atəş nəzarətinə götürülüb. Əldə edilən hərbi üstünlük Ermənistandan əlavə hərbi yüklərin işğal altında olan Kəlbəcər və Ağdərə istiqamətindəki marşrutla daşınmasının qarşısını almağa imkan verir.
Döyüş əməliyyatları davam edir.
https://mod.gov.az/az/news/murov-dagi-silsilesindeki-ehemiyyetli-yukseklik-azad-olunub-32338.html
Ermənistan ordusuna məxsus silah-sursat anbarı məhv edilib – VİDEO
Qoşunlarımızın keçirdiyi əks-hücum əməliyyatı nəticəsində Ermənistan ordusuna məxsus silah-sursat anbarı məhv edilib.
Ordumuzun zərbələri nəticəsində anbarda baş verən partlayışlar videoda aydın müşahidə olunur.