BU TARİXİ GÜNDƏ
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar
Xəbər verdiyimiz kimi, noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar.
Prezident İlham Əliyev Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişi ilə bağlı göstəriş verib. Artıq bu yolun inşasına start verilib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva layihənin icrasının gedişi ilə tanış oldular.
Prezident İlham Əliyev dedi:
– Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür, tarixi bir gündür. Bu gün Füzuli-Şuşa avtomobil yolunun təməli qoyulur. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu yolun çox böyük əhəmiyyəti var. Çünki bu yol bizi Qarabağın tacı olan Şuşa şəhərinə aparır.
Son illər ərzində ölkəmizdə bir çox yollar inşa edilib. Deyə bilərəm ki, 2004-cü ildən bu günə qədər 16 min kilometrdən çox avtomobil yolu çəkilibdir və yollar keyfiyyətlidir. Bu göstəriciyə görə Azərbaycan dünyada qabaqcıl yerlərdədir. Ancaq bu yolun xüsusi əhəmiyyəti var. Dediyim kimi, bu yol bizi Şuşaya aparır. Eyni zamanda, bu layihə işğaldan azad edilmiş torpaqlarda icra edilən birinci layihədir.
Şuşa işğaldan azad olunandan sonra artıq düşmən dərk etdi ki, bundan sonra bizə qarşı müqavimət göstərmək heç bir əhəmiyyət kəsb etməyəcək. Şuşa işğaldan azad olunandan bir gün sonra qəhrəman Azərbaycan Ordusu daha 70-dən çox yaşayış məntəqəsini işğalçılardan azad edib və əslində, bu, düşmənə vurulan son zərbə idi. Təsadüfi deyil ki, noyabrın 10-da düşmən faktiki olaraq kapitulyasiya aktını imzalamışdır. Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi, Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaqdır. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı Qələbəmizdir.
Bu gün artıq biz quruculuq işlərinə başlamışıq. Qələbə günündən 8 gün və Ermənistanın kapitulyasiyasından 6 gün keçəndən sonra artıq bu yerdən – Alxanlı qəsəbəsindən Füzuli-Şuşa avtomobil yolu çəkilir. Bu yol çox rahat və geniş olacaq. Bu yol imkan verəcək ki, Şuşaya rahat gedib-gələ bilək.
İkinci Qarabağ müharibəsi bizim şanlı Qələbəmizdir, işğal edilmiş torpaqlar işğalçılardan azad edilib. Düşmən tərəfindən vurulmuş ziyan hazırda hesablanır və dəqiq hesablanacaq. Zərərçəkmiş bütün insanlar dövlət dəstəyi hesabına öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bu işləri biz planlı şəkildə aparacağıq – ilk növbədə, ziyanın hesablanması, dəqiq uçotun aparılması, ondan sonra bərpa-yenidənqurma işləri.
Bildiyiniz kimi, işğal edilmiş və işğaldan azad olunmuş torpaqlarda düşmən bütün infrastrukturu dağıdıbdır. Bizim şəhərlərimiz demək olar ki, yerlə-yeksan edilibdir və bu, düşmənin vəhşiliyini bir daha göstərir. İndi bütün dünya bunu görəcək. Bütün dünya görəcək ki, biz hansı vəhşi düşmənlə üz-üzə qalmışdıq.
Hazırda münaqişənin siyasi həlli mərhələsidir. Bu mərhələdə də Azərbaycan istədiyinə nail olur və olacaq. Münaqişənin hərbi mərhələsi başa çatıb. Şuşanın azad edilməsi və noyabrın 9-da daha 70-dən çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi münaqişənin hərbi mərhələsinə son qoyub. Mən münaqişənin və İkinci Qarabağ müharibəsinin əvvəlində demişdim, bu gün də bunu böyük qürur hissi ilə bir daha deyirəm ki, məsələnin hərbi-siyasi həll yolları var idi və Azərbaycan bunu döyüş meydanında sübut edib. Biz düşməni məcbur etdik ki, kapitulyasiya aktına imza atsın və beləliklə, bizim bu günə qədər işğal altında qalan Ağdam, Laçın və Kəlbəcər rayonları da yaxın günlərdə Azərbaycana qayıdır. Amma baxın, görün, mənfur düşmən hansı vəhşiliklər törədir – evləri yandırırlar, məktəbləri yandırırlar, ağacları qırırlar, elektrik xətlərini qırırlar. Bütün dünya bunu görür, bütün aparıcı beynəlxalq kanallar bunu göstərir. Nə vicdan var, nə utanmaq var, nə əxlaq var. Ona görə İkinci Qarabağ müharibəsində qazanılmış qələbə böyük tarixi əhəmiyyətə malikdir. Bu, təkcə Azərbaycanın öz doğma torpaqlarının işğalçılardan azad edilməsi məsələsi deyil. Bu, eyni zamanda, bütün dünyaya, bütün işğalçılara göstərir ki, onların sonu bax, belə ola bilər. İşğalçıların, qəsbkarların sonu belə olacaq.
Bu gün bu gözəl təməlqoyma mərasimi böyük rəmzi məna daşıyır. Biz işğaldan azad edilmiş Füzuli şəhərindən və ona qədər olan kəndlərdən Füzuli şəhərinə qədər və Füzuli şəhərindən Şuşa şəhərinə yeni yol çəkirik. Bu yol heç vaxt olmayıb. Azərbaycan vətəndaşları yəqin bilirlər ki, Şuşaya sovet vaxtında yol Ağdam ərazisindən gedirdi – Ağdam-Xankəndi-Şuşa yolu. İndi bu yoldan istifadə etmək hələ ki, mümkün deyil.
Bu gözəl hadisə münasibətilə bütün Azərbaycan xalqını bir daha ürəkdən təbrik edirəm. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yol işçiləri ilə xatirə şəkli çəkdirdilər.
x x x
Qeyd edək ki, Füzuli rayonuna gedən yolun ətrafında bir vaxtlar həyat qaynayıb, bu kəndlərdə insanlar firavan və sülh içində yaşayıblar. Ancaq ermənilər tərəfindən torpaqlarımızın işğala məruz qalmasından sonra azərbaycanlılar öz dədə-baba torpaqlarından qovulublar, erməni vandalları tərəfindən evlər yerlə-yeksan edilib. Onlar daşı daş üstündə qoymayıblar, azərbaycanlıların tikdiyi evləri vəhşicəsinə dağıdıblar. Bunlar ermənilərin əməllərinin nəticəsidir.
Dövlətimizin başçısı və birinci xanım işğaldan azad olunmuş Füzuli şəhərinə gəldilər.
Prezident İlham Əliyev Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırdı. Bu görüntülər Azərbaycanın müasir tarixinin ən şanlı səhifələrindəndir. Müzəffər Ali Baş Komandan qəhrəman Azərbaycan Ordusunun işğaldan azad etdiyi tarixi torpağımızda üçrəngli bayrağımızı qaldırdı.
Prezident İlham Əliyev dedi:
-Füzuli şəhəri işğalçılardan azad edilib. Füzuli şəhərində Azərbaycan bayrağı qaldırılıb. Biz Füzuliyə qayıtmışıq. Ancaq indi yol boyunca dağıdılmış kəndləri və Füzuli şəhərini dağılmış vəziyyətdə görəndə adamın ürəyi ağrıyır. Vəhşilər bizim şəhərimizi nə günə salıblar?! Dağıdıblar, evləri dağıdıblar, bütün infrastrukturu dağıdıblar, bir dənə də salamat bina yoxdur. Bütün dünya görməlidir erməni vəhşiliyi nə deməkdir və bütün dünyaya biz bunu göstərəcəyik. Təkcə Füzuli yox, Ağdam şəhəri nə gündədir, başqa şəhərlər. Sanki bu torpaqlardan bir vəhşi qəbilə keçib. Hər şeyi dağıdıb, talan edib, bizim mədəni, tarixi, dini irsimizi silmək istəyib, ancaq istədiyinə nail ola bilməyib. Çünki biz gəlməli idik, qayıtmalı idik. Gəlmişik və qayıtmışıq. Düşməni qovmuşuq torpaqlarımızdan, Azərbaycanın Dövlət Bayrağını ucaltmışıq. Bundan sonra bu torpaqda biz yaşayacağıq, necə ki, əsrlərboyu biz yaşamışıq, bizim xalqımız yaşayıb.
Mənfur düşmən Füzulinin adını da dəyişdirib, bir eybəcər ad qoyubdur. Füzuli bizim dahi, böyük şairimiz Məhəmməd Füzulinin adını daşıyır. Biz bu adı bərpa etmişik. Dağıdılmış Füzuli şəhəri erməni faşizminin canlı şahididir. Bütün dünya bunu görməlidir və səssiz qalmamalıdır, necə ki, 30 il səssiz qalıb, 30 il biganə qalıb. O biganəlik faktiki olaraq erməni işğalını möhkəmləndirirdi. Bizi sanki bu vəziyyətlə barışmağa sövq edirdilər, sülh yolu ilə məsələ həll olunsun, ildən-ilə, 30 il ərzində biz eyni sözləri eşidirdik – münaqişənin hərbi həlli yoxdur, bu məsələ sülh yolu ilə həll olunmalıdır. Amma biz sübut etdik ki, münaqişənin həlli var, o cümlədən hərbi həlli var. Bizim qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına biz bunu bütün dünyaya sübut etmişik, münaqişənin hərbi həlli var və biz buna nail olmuşuq. Əgər bu hərbi həll olmasaydı, düşmən kapitulyasiya aktını imzalamazdı. Müharibənin ilk günlərindən mən deyirdim, Ermənistan rəhbərliyi, Ermənistanın ali baş komandanı, – əgər o adama, ümumiyyətlə, bu adı aid etmək mümkündürsə, – bəyan etməlisiniz, cədvəl verməlisiniz, nə vaxt hansı rayondan çıxırsınız. Ondan sonra biz müharibəni dayandırarıq. Əks-təqdirdə sona qədər gedəcəyik və getdik də. Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa və Şuşadan bir gün sonra 70-dən çox kənd azad edildi, bütövlükdə 300-dən çox yaşayış məntəqəsi azad edildi, düşmənin beli qırıldı, düşmən diz çökdü və məcbur oldu noyabrın 10-da o kapitulyasiya aktına imza atdı, məhz bizim gücümüz hesabına. Biz düşməni məcbur etmişik, biz düşmənə yerini göstərmişik, biz Azərbaycan xalqının böyüklüyünü göstərmişik.
Otuz il ərzində həm Ermənistan rəhbərliyi, həm onların havadarları, ermənipərəst, azərbaycanafob qüvvələr tərəfindən ortalığa müxtəlif uydurmalar atılırdı ki, bəli, Ermənistanın güclü ordusu var, erməni xalqı döyüşkən xalqdır, Azərbaycan xalqı döyüşə bilmir. Məhv etmişik bu uydurmanı, göstərmişik ki, kim döyüşkən xalqdır, göstərmişik ki, kim müzəffər xalqdır. Sadəcə olaraq, 1990-cı illərin əvvəllərində Azərbaycanın başında duranlar ordu quruculuğuna fikir verməmişdilər, ölkəmizi xaosa, anarxiyaya sürükləmişdilər. O illərdə bizim torpaqlarımız işğal altına düşəndə ovaxtkı hakimiyyət vətəndaş müharibəsi başlamışdı, AXC-Müsavat cütlüyü öz əsgərlərini əsir götürmüşdü, Gəncəni bombalamışdı. Ona görə torpaqlar əldən getdi. İndi bax, Ermənistan əhalisi Azərbaycan əhalisinin yaşadığı illəri – 1992-ci illəri yaşayır.
Azərbaycan xalqı o mənfur hakimiyyəti bir ildən sonra yox etdi, süpürüb atdı. Heydər Əliyev hakimiyyətə gələndən sonra bütün müsbət meyillər inkişaf etməyə başlamışdır. Bu gün bizim ordumuz dünya miqyasında güclü ordular sırasındadır. Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur. Erməni mifini məhv etdik, erməni uydurmalarını məhv etdik, onları yerinə oturtduq, onlar bizim qabağımızda diz çöküblər və onlar bundan sonra bu damğa ilə yaşayacaqlar, rəzalət damğası ilə yaşayacaqlar. Biz isə bundan sonra qürur hissi ilə yaşayacağıq – müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi.
Bu 44 gün ərzində demək olar ki, müntəzəm surətdə müxtəlif mənbələrdən, müxtəlif ünvanlardan müxtəlif təzyiqlər, təhdidlər olurdu, sifarişlər, mesajlar, siqnallar göndərilirdi. Mən demişdim ki, heç kim bizim qabağımızda dura bilməz, sona qədər gedəcəyik. Mənfur düşmən şərtlərimizi qəbul etməlidir, dəqiq tarix göstərməlidir və məcbur olub göstərdi də. Ona görə bu günlərdə Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları möhtəşəm Qələbəmizi böyük qürur hissi ilə qeyd edir. Bu Qələbə bizim xalqımıza yaraşır, igid oğullarımıza yaraşır, dövlətimizə yaraşır və bu Qələbə gücümüzü göstərdi. Onu göstərdi ki, heç vaxt Azərbaycan bu vəziyyətlə barışmayacaq. Mən 17 il ərzində ölkə Prezidenti və Ali Baş Komandan kimi dəfələrlə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz sözlərimi demişdim. Demişdim, biz heç vaxt imkan verə bilmərik ki, tarixi Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın. Demişdim ki, heç vaxt Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu olmayıb və olmayacaq. Demişdim ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Demişdim ki, sülh yolu ilə mümkün olmasa, hərbi yolla bunu bərpa edəcəyik. Mənim çıxışlarım hər yerdə var, dərc edilib. Bu sözləri demişəm və buna əməl etmişəm. Ərazi bütövlüyümüzü bərpa etmişik, işğalçıları işğal edilmiş torpaqlardan qovmuşuq, ikinci erməni dövlətinin yaradılmasına imkan verməmişik, heç bir status haqqında söhbət gedə bilməz. Vahid Azərbaycan dövləti var. Çoxmillətli, çoxkonfessiyalı, mütərəqqi Azərbaycan dövləti var. Bütün Azərbaycan vətəndaşları, bütün xalqların, dinlərin nümayəndələri normal yaşayırlar, mehribanlıq, sülh şəraitində yaşayırlar. Erməni xalqı da belə yaşayacaq. Bizim erməni xalqı ilə işimiz yoxdur. Mən bu 44 gün ərzində çoxsaylı müsahibələrimdə demişəm, onlar bizim vətəndaşlarımızdır və onlar görəcəklər ki, Azərbaycan rəhbərliyi altında onlar yaxşı yaşayacaqlar, onlar kriminal, qorxaq xunta rejimindən öz yaxasını qurtarmalıdırlar. Dağlıq Qarabağın separatçı rəhbərləri qorxaqdırlar. Onların qorxaqlığını orada yaşayan ermənilər görüblər, Ermənistanda yaşayan ermənilər görüblər. Nə qədər adam fərarilik edib. Onların o xunta başçısı bunkerdə gizlənmişdi, burnunu belə bayıra çıxara bilmirdi. Bəs hanı sənin hünərin, cəsarətin?!
Biz Ermənistan ordusunu çökdürdük və eyni zamanda, Ermənistana uzun illər rəhbərlik etmiş cinayətkarlara da dərs verdik. Paşinyan son iki il ərzində öz ölkəsini məhv edib və indi, sadəcə olaraq, fikirləşir ki, öz canını erməni xalqının qəzəbindən necə qurtarsın?! Biz Koçaryan-Sarkisyan ordusunu məhv etdik. Onlar bizim torpaqlarımızı dağıdıblar. Onlar bu dəfə qorxaqcasına heç burunlarını soxa bilmədilər Dağlıq Qarabağ ərazisinə. Bəs hanı sizin qəhrəmanlığınız? Döşünüzə taxmısınız saxta “qəhrəman” ordenlərini, çıxardın atın eşiyə o dəmir-dümürləri, sizi biz məğlub etmişik. Paşinyan heç kimdir. Koçaryan və Sarkisyan, Azərbaycan xalqının cəlladları, Xocalı cəlladları, sizi biz məğlub etmişik, sizin ordunuzu məhv etmişik. Əgər kapitulyasiya aktı Ermənistan tərəfindən imzalanmasaydı, özləri bilirlər nə ilə qurtaracaqdı bu müharibə. Bax, budur bizim gücümüz, budur bizim birliyimiz. Dəmir yumruq sizin başınızı əzdi və bundan sonra artıq heç kim bizimlə ultimatum dili ilə danışmayacaq. O cümlədən rəzil vəziyyətdə olan Paşinyan, bizə yeddi şərt irəli sürdü, başına vurduq bütün o şərtləri. Nə oldu o şərtlər? Mənim bir şərtim var idi, rədd ol, çıx get və o şərtə əməl edildi. Güc hesabına, birlik hesabına, igidlərimiz hesabına, şəhidlərimiz hesabına. Burada, işğaldan azad edilmiş Füzuli şəhərində bir daha bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, onların yaxınlarına səbir diləyirəm, onların valideynlərinə təşəkkürümü bildirirəm ki, dövlətimiz üçün, xalqımız üçün belə igidlər yetişdiriblər. Onların xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Bütün yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm, əminəm ki, onlar tezliklə normal həyata qayıdacaqlar, onlar daim diqqət mərkəzində olacaqlar.
Bizim bütün hərbçilərimiz, Füzuli və işğaldan azad edilmiş başqa torpaqlarda yaşamış sakinlər bilməlidirlər ki, biz bütün bu yerləri bərpa edəcəyik. Mən demişdim, Füzulidə bir dənə də bina tapılmadı ki, orada Azərbaycan bayrağı ucaldılsın. Amma biz bərpa edəcəyik. İndi müvafiq göstərişlər verildi, planlı şəkildə bunu edəcəyik, beynəlxalq ekspertləri dəvət etmişik, onlar da gələcəklər. Bütün dəymiş ziyanı birlikdə hesablayacağıq. Ondan sonra şəhərsalma üzrə mütəxəssisləri – həm Azərbaycan mütəxəssislərini, həm xarici mütəxəssisləri dəvət edəcəyik. Onlar da gələcəklər, yeni bir şəhərsalma planı qurulacaqdır. Kəndlərin, şəhərlərin, infrastrukturun, ekologiyanın bərpası – bütün bu planlar var. Hamısını icra edəcəyik, İnşallah, hamısını! Allahın köməyi ilə hamısını icra edəcəyik. Necə ki, torpaqlarımızı qaytardıq, düşməni məhv etdik, bu üçrəngli bayrağımızı ucaltdıq, bütün qalan məsələləri də həll edəcəyik. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
x x x
Dövlətimizin başçısı sükan arxasında yolda gedərkən yol kənarına toplaşan insanları gördü və avtomobili saxlayaraq onlarla görüşdü.
x x x
Cəbrayıla gedərkən avtomobili özü idarə edən Prezident İlham Əliyev dedi:
-Cəbrayıl rayonu. Gedirik Xudafərin körpüsünün yanına. Xudafərin körpüsü qabaqdadır.
Bu da Azərbaycan vətəndaşlarının vəhşi düşmən tərəfindən dağıdılmış evləridir.
Araz çayı, Azərbaycan-İran sərhədi. Dostluq sərhədidir.
Yol boyunca düşmənin dağıtdığı kəndləri görərkən bir daha şahidi oluruq ki, biz hansı vəhşi düşmənlə üz-üzəyik. Bunları gördükcə bir daha adam əmin olur ki, biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, biz yırtıcı düşməni məhv etmişik. Dünyada bir çox müharibələr olub, bu gün də gedir. Bu gün də bəzi yerlərdə işğal davam edir. Amma inanmıram ki, kimsə bu qədər qəddar, bu qədər qeyri-insani bir düşmənlə üz-üzə qalsın.
Bizim tarixi qələbəmiz erməni faşizmi üzərində əldə edilmiş qələbədir. Bizim zəfərimiz haqqın, ədalətin bərpasıdır. Bu gün, noyabrın 16-sı mənim həyatımda xüsusi tarix olaraq qalacaq. Çünki bir neçə dəqiqədən sonra biz qədim memarlıq abidəmiz olan Xudafərin körpüsünə yaxınlaşacağıq.
Bu dağlar artıq bizimdir, həmişə bizim olub. Ancaq 30 ilə yaxın düşmən bu dağlarda, bu torpaqlarda, bizim dədə-baba torpaqlarımızda oturub, bizə meydan oxuyub.
Vəhşi düşmən tərəfindən dağıdılmış evlərin hamısını bərpa edəcəyik.
Bu da Xudafərin su anbarıdır.
Bizdən aşağıda Araz çayıdır. İndi tunelə giririk. O tərəf qonşu dövlət İran İslam Respublikasıdır.
x x x
Dövlətimizin başçısı və birinci xanım Xudafərin körpüsünə gəldilər. Bu anlar da tariximizin səhifələrinə qızıl hərflərlə yazılacaq.
Prezident İlham Əliyev Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırdı. Dövlətimizin başçısının bayrağımızı tarixi Xudafərin körpüsündə qaldırması Azərbaycan xalqı üçün qürur və fəxarətdir. Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin həm də milli qürur məsələsi idi.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Araz çayının sahilini gəzdilər, Xudafərin körpüsünün önündə xatirə şəkilləri çəkdirdilər.
Daha sonra dövlətimizin başçısı və birinci xanım Cəbrayıl şəhərinə yola düşdülər.
Cəbrayıl şəhərinə gedən yolun ətrafı da eyni vəziyyətdədir. Budur, erməni işğalçılarının çirkin üzü. Bu, erməni vandallarının əsl mahiyyətini ortaya qoyur, onların kimliyini göstərir.
Prezident İlham Əliyev: Cəbrayıl şəhərinə giririk. Düşmən burada özü üçün hərbi hissələr yaradıb. Şəhərdə hərbi hissələrdən başqa bir şey yoxdur.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də işğaldan azad edilmiş Cəbrayıl şəhərinə gəldilər.
Xalqımızın uzun illər həsrətində olduğu anları yaşadıq. Dövlətimizin başçısı, Ali Baş Komandan Cəbrayıl şəhərində də üçrəngli bayrağımızı qaldırdı.
Prezident İlham Əliyev: Cəbrayıl şəhəri işğaldan azad edilib, Azərbaycanın Dövlət Bayrağı ucaldılıb. Bütün Azərbaycan xalqını təbrik edirəm. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Gedək baxaq bəzi binalara.
Bura düşmənin polis idarəsi olub. İndi Azərbaycan polisi keşik çəkir.
Baxın, mənfur düşmən Cəbrayıl şəhərini nə günə salıb. Bütün dünya bunu görsün. Görsün və bilsin ki, biz hansı yaramaz düşmənlə üz-üzəyik. Bütün binaları dağıdıblar, talan ediblər. Onların məqsədi var idi ki, bundan sonra burada heç vaxt azərbaycanlı insanlar yaşamasınlar. Yaşayacağıq, əbədi yaşayacağıq. Hamısını bərpa edəcəyik, hamısını. Baxın nə günə qoyublar. Otuz il ərzində bu barədə hansısa bir beynəlxalq qurum bir məsələ qaldırıbmı? Burada monitorinq aparılıbmı? İndi bütün dünya görəcək Cəbrayıl şəhərini nə günə salıblar.
Bura Cəbrayıl şəhərinin mərkəzidir. Bir dənə də salamat bina yoxdur. Bir dənə də salamat bina qoymayıblar. Yalnız orada özləri üçün hərbi hissə tikiblər. Bütün qalan infrastruktur, evlər, binalar, məktəblər, ictimai binalar – hamısı düşmən tərəfindən sökülüb.
Cavab verəcəklər. Beynəlxalq məhkəmələrdə cavab verəcəklər. Mən demişəm, bir daha demək istəyirəm ki, beynəlxalq qurumlar gələcək, ekspertlər gələcək, bütün ziyan hesablanacaq. Otuz il ərzində bizə vurulmuş ziyan hesablanacaq. Bu günlərdə Kəlbəcəri dağıdan, meşələri qıran, binaları, məktəbləri yandıran düşmən onun da cavabını verəcək.
Onlar hesab edirdilər ki, bu dağıntılardan sonra Azərbaycan əhalisi heç vaxt buraya qayıtmayacaq. O məqsədlə buranı dağıdıblar. Amma səhv ediblər. Biz qayıtmışıq. Bax, durmuşuq burada, öz doğma torpağımızda, Cəbrayıl şəhərində. Bütün buraları bərpa edəcəyik.
Yeni böyük baş plan tərtib ediləcək. Müvafiq göstərişlər verilib. Hər bir şəhər üçün xüsusi baş plan tərtib ediləcək. Burada bütün inzibati binalar, ictimai binalar, məktəblər, tibb ocaqları yaradılacaq. Bütün infrastruktur yaradılacaq. Küçələr salınacaq, parklar, xiyabanlar salınacaq. Bütün şəhərlərdə qələbə abidələri ucaldılacaq və həyat qayıdacaq.
Yenə də Azərbaycan vətəndaşları burada yaşayacaqlar, quracaqlar, yaradacaqlar. Amma bugünkü tarix heç vaxt silinməyəcək. Erməni vəhşiliyinin canlı şahidləridir, bax, bu dağılmış evlər. Bu evlərdə Azərbaycan vətəndaşları yaşayıb, mülki vətəndaşlar yaşayıb. Mənfur düşmən gəlib onları öz torpaqlarından didərgin salıb, onların binalarını dağıdıb, onların əmlakını mənimsəyib, talayıb. Düşmən oğru, əxlaqsız, vicdansız bir düşməndir. Mən bir daha demək istəyirəm ki, bizim parlaq Qələbəmiz təkcə ölkəmizin ərazi bütövlüyünün bərpası deyil. Bu, şərlə xeyir qüvvələrinin mübarizəsidir. Şər qüvvələri məğlub olub, amma biz qalib gəlmişik. Çünki biz qurub yaradanıq. Ermənilər isə bax, bunları ediblər, dağıdıblar.
Bərpa edəcəyik bunları, hamısını bərpa edəcəyik. Azərbaycan xalqı bir daha öz böyüklüyünü göstərəcək. Bir daha bütün dünyaya sübut edəcəyik ki, biz böyük xalqıq. Biz qayıtmışıq, vuruşa-vuruşa qayıtmışıq. Heç kim bizə bu torpaqları bağışlamayıb. Heç bir beynəlxalq təşkilat təcavüzkara təzyiq göstərməyib. Heç kim onlardan tələb etməyib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etsin. Sadəcə olaraq, nə hərb, nə sülh, hər şeyi dondurulmuş vəziyyətdə saxlamaq, işğalı əbədiləşdirmək, bizim tarixi torpaqlarımızın tarixi irsini silmək, torpaqlarımızı erməniləşdirmək, şəhərlərimizə, kəndlərimizə eybəcər erməni adları vermək və bu məsələni Azərbaycan xalqının yaddaşından silmək idi onların məqsədi. Amma səhv etdilər. Dəfələrlə demişəm ki, biz bu işğalla heç vaxt barışmayacağıq. Hər bir cəbrayıllı bir arzu ilə yaşayırdı ki, öz dədə-baba torpağına qayıtsın.
Haqq-ədalət zəfər çaldı. Müzəffər Azərbaycan Ordusu zəfər çaldı. Düşmənin beli qırıldı. Düşmən torpaqlarımızdan qovuldu. Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarda qaldırıldı və əbədi dalğalanacaq.
Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar
Xəbər verdiyimiz kimi, noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar.
Dövlətimizin başçısı Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırdı. İyirmi yeddi ildən sonra işğaldan azad olunan Ağdamda indi dövlət bayrağımız qürurla dalğalanır. Bu görüntüləri hər bir azərbaycanlı fəxrlə və böyük sevinclə izləyir.
Bir vaxtlar qaynar həyatın olduğu, əməksevər insanların qurub-yaratdıqları abad şəhərdən əsər-əlamət qalmayıb. Erməni işğalçılar xislətlərinə uyğun olaraq, Ağdamın ağ damlarını xarabalığa çeviriblər, şəhəri darmadağın ediblər.
Sonra dövlətimizin başçısı və birinci xanım Ağdam məscidini ziyarət etdilər. Xocalı soyqırımında sağ qalan xocalıların ümid, pənah yerinə çevrilən qoşa minarəli məscid də yırtıcı düşmən tərəfindən vəhşicəsinə dağıdılıb.
Prezident İlham Əliyev Məkkədən gətirdiyi “Qurani-Kərim”i Ağdam məscidinə bağışladı.
Dövlətimizin başçısı Ağdam məscidinin qarşısında çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı
-Əziz həmvətənlər.
Bildiyiniz kimi, noyabrın 20-də Ağdam şəhəri və Ağdam rayonunun işğal altında olan hissəsi işğaldan azad edilib. Bu münasibətlə mən Azərbaycan xalqını təbrik etmişdim, ağdamlıları təbrik etmişdim. Bu gün mən buradayam, Ağdam şəhərindəyəm. Ağdam məscidini ziyarət etmişəm, Azərbaycan Dövlət Bayrağını qaldırmışam. Biz Ağdama qayıtmışıq. Bütün ağdamlıları bu tarixi hadisə münasibətilə bir daha təbrik etmək istəyirəm. Bilirəm ki, ağdamlılar bu günü uzun illər ərzində səbirsizliklə gözləyiblər. Həm işğal dövründə – 30 ilə yaxın müddət ərzində, eyni zamanda, İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi dövründə gözləyirdilər ki, Ağdam işğaldan nə vaxt azad ediləcək. Biz öz tarixi missiyamızı şərəflə yerinə yetirdik, işğal olunmuş torpaqları düşməndən azad etdik. Döyüş meydanında əldə edilən qələbə imkan verdi ki, Ağdam rayonu, eyni zamanda, Kəlbəcər və Laçın rayonları bir güllə atmadan, bir şəhid vermədən işğaldan azad edilsin.
Biz bu torpaqlara Azərbaycan xalqının, şəhidlərimizin canı, qanı bahasına, qəhrəmanlarımızın şücaəti hesabına qayıtmışıq. Biz güc toplamalı idik və toplayırdıq. Mən son 17 il ərzində xalqa müraciət edərkən dəfələrlə deyirdim ki, biz daha güclü olmalıyıq, daha qüdrətli ordu qurmalıyıq. Bu gün dünyada güc amili həlledici rol oynayır. Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, güc də bizim tərəfimizdə olmalıdır. Məhz gücümüzün yetərli dərəcədə olmaması nəticəsində Azərbaycan 1990-cı illərin əvvəllərində işğala məruz qalmışdır. Biz güc toplayırdıq, güclənirdik. Mən deyirdim ki, hər gün hər bir Azərbaycan vətəndaşı bu müqəddəs günü, bu zəfər gününü öz əməyi, zəhməti, Vətənə olan sədaqəti ilə yaxınlaşdırmalıdır.
Biz beynəlxalq müstəvidə böyük işlər apardıq və mən öz çıxışlarımda xalqa bu barədə kifayət qədər məlumat vermişdim. Bu gün, müharibə başa çatandan sonra və hətta müharibə dövründə bütün dünya, bütün Azərbaycan xalqı gördü ki, bunun nə qədər böyük əhəmiyyəti var idi. Əgər biz münaqişənin həlli üçün lazımi hüquqi baza yaratmasaydıq, bu gün problemlərlə üzləşə bilərdik. Biz bütün beynəlxalq təşkilatlarda ədaləti, beynəlxalq hüququ tanıyan, əks etdirən qərar və qətnamələr qəbul etdirdik. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi 1993-cü ildə qəbul edilmişdir. Amma ondan sonra biz BMT Baş Assambleyasının qətnamələrini, İslam Əməkdaşlıq Təşkilatının qətnamələrini, Qoşulmama Hərəkatının, Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının qərar, qətnamələrini qəbul etdirərək münaqişənin həlli üçün çox möhkəm hüquqi baza yaratdıq. 2003-cü ildən bu günə qədər bütün bu lazımi addımlar atıldı və biz siyasi müstəvidə qələbə qazandıq. Eyni zamanda, iki il bundan əvvəl Avropa İttifaqı ilə Azərbaycan arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədində də Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərimizin toxunulmazlığı haqqında açıq ifadələr var. Bu, bizim böyük uğurumuzdur. Çünki uzun illər ərzində biz buna nail ola bilməmişdik. Bəzi beynəlxalq təşkilatlar işğalçını öz adı ilə çağırmaq istəmirdilər. Bəzi beynəlxalq təşkilatlar işğalla bağlı qəbul edilmiş sənədlərdə işğalçının kim olduğunu göstərmək istəmirdilər. Hətta BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Ermənistan işğalçı dövlət kimi göstərilmədi. Orada “erməni qüvvələri” yazılmışdı.
Biz son 17 il ərzində münaqişənin həlli üçün hüquqi baza yaratdıq. Mən bütün beynəlxalq təmaslarımda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini, tarixi həqiqətləri və mövcud vəziyyəti bütün həmkarlarıma çatdırmışdım. Mənim demək olar ki, bütün ikitərəfli beynəlxalq təmaslarımda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi xüsusi yer alır. Mənim bütün çıxışlarıma baxmaq kifayətdir. Son 17 il ərzində demək olar ki, bütün çıxışlarımda bu məsələ ilə bağlı öz fikrimi bildirmişdim, dünya ictimaiyyətini məlumatlandırmışdım. Çünki əfsuslar olsun ki, 1990-cı illərin əvvəllərində münaqişə ilə bağlı dünyada dolğun təsəvvür yox idi, təhrif edilmiş məlumat var idi. Erməni lobbisi tərəfindən ortalığa atılmış məlumat var idi. Əks təqdirdə, bizim torpaqlarımız işğal altına düşə-düşə Amerika Konqresi məşhur 907-ci düzəlişi qəbul etməzdi. Azərbaycan torpaqları işğal altına düşürdü, ancaq Amerika Konqresi Azərbaycanı təcavüzkar kimi tanımışdır və bizi humanitar yardımdan məhrum etmişdir. O vaxt erməni lobbisi buna nail oldu. Azərbaycan diplomatiyası, sadəcə olaraq, onların qarşısında adekvat addım ata bilməmişdir.
Biz informasiya müharibəsində qələbə qazandıq. Biz Xocalı soyqırımı haqqında dünyaya dolğun məlumat verdik. Xocalı soyqırımı haqqında dünyada məlumat yox idi. “Xocalıya ədalət!” kampaniyası, 10-dan çox ölkə tərəfindən Xocalı soyqırımının soyqırımı kimi tanınması demək olar ki, münaqişə ilə bağlı həqiqəti əks etdirən mənzərəni yaratdı və dünya ictimaiyyətinə çatdırdı.
Biz – Qoşulmama Hərəkatına sədrlik edən ölkə BMT-dən sonra ikinci böyük təsisat olan Qoşulmama Hərəkatına sədrlik etdiyimiz dövrdə də bu məsələni diqqət mərkəzində saxlamışıq. Bu gün 120 ölkəni birləşdirən təşkilata Azərbaycan sədrlik edir. Keçən il Zirvə görüşü keçirilmişdir. Bu gün Azərbaycan xalqı bir daha görür ki, bunun nə qədər böyük önəmi var idi. Çünki İkinci Qarabağ müharibəsi dövründə BMT-də, BMT Təhlükəsizlik Şurası tərəfindən yeni qətnamənin qəbul edilməsi cəhdləri də baş vermişdir. O qətnamə qəbul edilsəydi, əlbəttə ki, bizi dayandıra bilməzdi, ancaq lazım olmayan bir mənzərə yarada bilərdi. Məhz Qoşulmama Hərəkatına üzv ölkələr o qətnamənin qəbul olunmasına imkan vermədilər, bizi dəstəklədilər. Mən də onlara təşəkkürümü bildirdim və demişdim ki, onlar bizim arxamızda kişi kimi durdular. Baxmayaraq ki, böyük dövlətlər onlara böyük təzyiqlər göstərirdi. Qoşulmama Hərəkatının bir çox üzvləri Azərbaycanı həm müstəqil, həm güclü, həm də onları müdafiə etməyə hazır olan ölkə kimi tanıyır. Biz pandemiya dövründə 30-dan çox ölkəyə humanitar maliyyə yardımı göstərmişik, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə Qoşulmama Hərəkatına xüsusi bir yardım göstərmişik. Görülmüş bütün bu işlər səmərəsini verdi. Biz bizim üçün əsas məsələ olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsində lazımi beynəlxalq dəstəyi ala bildik.
Biz bu gün təkcə Qoşulmama Hərəkatına yox, eyni zamanda, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına da sədrlik edirik. Bizim beynəlxalq nüfuzumuz kifayət qədər yüksəkdir və bu, münaqişənin həlli üçün xüsusi rol oynamışdır.
Mən bu 17 il ərzində daim deyirdim ki, biz iqtisadi sahəyə güclü təkan verməliyik, iqtisadi müstəqilliyimizi təmin etməliyik və təmin etdik. Bu gün biz iqtisadi cəhətdən heç kimdən asılı deyilik. Asılı olsaydıq, bizə təzyiqlər edilə bilərdi. Onsuz da edilmişdi, ancaq onların heç bir səmərəsi olmadı. Çünki bizə qarşı iqtisadi amildən istifadə etmək mənasızdır. Biz heç kimdən asılı deyilik, hansısa ölkədən, hansısa beynəlxalq maliyyə qurumundan asılı deyilik. Əksinə, biz özümüz indi donor ölkəyik, biz özümüz indi kreditlər veririk. Bizim kifayət qədər güclü iqtisadi potensialımız və maliyyə resurslarımız imkan verdi ki, iqtisadi müstəqilliyi tam təmin edək. Bu da qələbənin əldə edilməsində xüsusi rol oynayırdı. Çünki əgər biz iqtisadi cəhətdən müstəqil olmasaydıq, biz siyasi müstəqillik əldə edə bilməzdik. Siyasi müstəqillik olmadan torpaqlarımızı düşməndən azad edə bilməzdik. O düşməndən ki, onların arxasında böyük dövlətlər, o dövlətlərin çox nüfuzlu dairələri, erməni lobbi təşkilatları dayanır.
Bu amillər gücümüzü artırdı, qələbəmizi şərtləndirdi. O amillərin arasında birinci nömrəli məsələ hərbi gücümüzdür. Mən dəfələrlə demişdim ki, bizim üçün hərbi gücümüzün möhkəmləndirilməsi birinci məsələdir. Təsadüfi deyil ki, mənim prezidentlik dövrümdə bizim hərbi xərclərimiz hər il büdcə xərcləri arasında birinci yerdə idi. Mən deyirdim və ya vətəndaşlara izah edirdim ki, bəli, bizim çoxlu başqa məsələlərimiz var, həllini gözləyən problemlər var. Ancaq bizim əsas problemimiz torpaqlarımızın işğal altında olmasıdır. Ona görə bizim xərclərimiz arasında birinci yerdə hərbi xərclər dayanır. Biz lazım olan texnikanı aldıq. Bu texnikanı, müasir silahları Azadlıq meydanında dəfələrlə keçirilmiş paradlarda nümayiş etdirirdik. Biz ordumuzu inkişaf etdirərkən ən qabaqcıl meyilləri nəzərdən keçirmişdik. Biz o silahları alırdıq ki, bu silahlar bizim üstünlüyümüzü təmin etsin və İkinci Qarabağ müharibəsi bunu göstərdi.
Bu gün bir çox ölkələrdə, inkişaf etmiş ölkələrdə bizim təcrübəmiz öyrənilir. Bu gün bu məsələ ilə məşğul olan bir çox ekspertlər qeyd edirlər ki, Azərbaycan XXI əsrin müharibəsini aparıb. XXI əsrdə ilk dəfə olaraq, bu miqyasda və bu səmərə ilə qısa müddət ərzində tarixi nailiyyətlər əldə edilib. İndi buraya gələrkən mən ən azı üç müdafiə xəttini gördüm. Amma mənə hərbçilər tərəfindən verilən məlumata görə, beş müdafiə xətti var. Füzulidə də, həmçinin. Biz bu əsgər və zabitlərimizin qəhrəmanlığı, peşəkarlığı sayəsində müdafiə xəttini yarmışıq. Biz texniki cəhətdən ən müasir silahlarla təchiz edilmişik və İkinci Qarabağ müharibəsi bunu göstərdi, o videogörüntülər var. İndi onlar bir çox ölkələrdə öyrənilir və öyrəniləcək, hərbi kitablara salınacaq.
Eyni zamanda, biz ordumuzun döyüş potensialını gücləndirirdik. Çünki tam aydın idi ki, təkcə silahlarla qələbə qazanmaq mümkün deyil. Bayrağı qaldıran, bayrağı düşmənin mövqeyinə sancan, azad edilmiş torpaqlara sancan əsgərdir, zabitdir. Bizim əsgər və zabitlərimiz aslan kimi vuruşdular. Şəhidlər verdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların valideynlərinə Allah səbir versin! Yaralı hərbçilərimiz var, onlar da sağalırlar. Onların bir çoxu artıq sağalıb. Allah onlara şəfa versin! Biz qəhrəman əsgər və zabitlərimiz hesabına qələbə qazanmışıq. Təkcə Şuşanın işğaldan azad edilməsi əməliyyatı, əminəm ki, tarixdə əbədi qalacaq. Demək olar ki, yüngül silahlarla dərədən, meşələrdən, dağlardan keçərək əlbəyaxa döyüşdə düşməni məhv etdik, Qarabağın tacı olan Şuşanı azad etdik.
Bax, bütün bu amillər bizim qələbəmizi şərtləndirdi. Mən bir daha qeyd etmək istəyirəm ki, ağdamlılar bu günü uzun illər ərzində – 30 ilə yaxın idi gözləyirdilər. Eyni zamanda, İkinci Qarabağ müharibəsi zamanı da gözləyirdilər. Mən bilirəm və hiss edirəm ki, bizim şəhərlərimiz, rayonlarımız, kəndlərimiz işğaldan azad olunduqca ağdamlılar da fikirləşirdilər ki, nə vaxt onların kəndləri, Ağdam şəhəri azad olunacaq. Cəbrayıl azad olundu, Füzuli azad olundu, Hadrut azad olundu, Zəngilan, Qubadlı, Suqovuşan, Şuşa azad olundu və yəqin ki, ağdamlılar fikirləşirdilər ki, nə üçün Ağdam azad olunmur? İndi mən bunu deyə bilərəm. Amma mən istəyirdim, bunu hansısa formada ağdamlılara çatdırım, amma onlar da başa düşürlər ki, müharibə dövründə bunu edə bilməzdim. Burada beş müdafiə xətti var. Düşmən bizi buradan gözləyirdi. Biz imkan verə bilməzdik ki, düşmənin gözlədiyi yerdən hücuma keçək. Biz bu istiqamətdə kifayət qədər böyük hərbi birləşmə saxlamışdıq ki, düşmənin hərbi qüvvələri də burada qalsın, başqa yerə getməsin. Füzulini, Hadrutu, Xocavənd rayonunun böyük hissəsini və Şuşanı azad edəndən sonra təbii ki, biz artıq Ağdam şəhərinə istiqamət götürmüşdük və əmr verilmişdi ki, növbəti istiqamət Ağdamdır. Düşmən də bilir və artıq etiraf edir ki, əgər onlar torpaqlarımızın azad edilməsi ilə bağlı mənim şərtlərimi qəbul etməsəydilər, burada məhv olacaqdılar. Çünki biz Ağdama gəlirdik.
Müharibənin bütün sirlərini açmaq hələ ki, tezdir. Vaxt gələcək çox maraqlı məsələlər üzə çıxacaq. Ancaq bu gün tam rahat deyə bilərəm ki, Ağdam əməliyyatı planlaşdırılırdı. Biz Ağdamı onsuz da alacaqdıq. Amma itkilər olacaqdı, özü də böyük sayda. Ona görə Şuşanı və noyabrın 9-da 70-dən çox kəndimizi azad edəndən sonra düşmənin beli qırıldı, təslim oldu, ağ bayraq qaldırdı, mənim şərtlərimə əməl etdi və öz məğlubiyyətini etiraf etdi.
Mən, demək olar ki, müharibənin ilk günlərindən çoxsaylı müsahibələrimdə və xalqa müraciətlərimdə demişdim ki, – bütün bunları qaldırmaq olar, hər şey sənədləşdirilib, – bizə tarix versin. Dedim, Paşinyan, sən özün, sənin xarici işlər nazirin, yaxud müdafiə nazirin yox, hansılar ki, bu məğlubiyyətə görə işdən qovuldular, sən özün, Paşinyan, bizə tarix verməlisən, özün deməlisən və buna nail oldum.
Əgər mənim sözümə qulaq assaydı, indi belə rəzil durumda olmazdı. Tam qətiyyətlə deyə bilərəm, biz işğal olunmuş torpaqlarımızı onsuz da azad edəcəkdik. Ancaq düşmən hesab edirdi ki, ona kimsə kömək edəcək. Hesab edirdi ki, onun bütün havadarları gəlib onun yerinə bizimlə vuruşacaq. Səhv etdi, böyük səhv etdi. Füzuli, Cəbrayıl, Hadrut, Zəngilan, Qubadlı, Şuşa, Suqovuşan, Xocavənd rayonunun böyük hissəsi döyüş meydanında işğaldan azad olunandan sonra düşmən diz çökdü və bu gün diz üstədir. Biz düşmənin belini qırdıq, biz şanlı Qələbə qazandıq. Biz bütün dünyaya sübut etdik ki, onların əfsanələri, onların mifləri hamısı boş şeydir. On mindən çox fərari var Ermənistan ordusunda və daha da çox olacaqdı. Əgər biz Ağdama planlaşdırdığımız əməliyyatı həyata keçirsəydik, bax, burada minlərlə erməni hərbçisi ya fərari olacaqdı, ya da məhv olacaqdı. Biz göstərdik ki, döyüşkən xalq Azərbaycan xalqıdır. Biz göstərdik ki, heç vaxt bu işğalla barışmayacağıq. Açsınlar baxsınlar mənim çıxışlarıma, mən son 17 il ərzində bəlkə də min dəfə demişəm, biz bu işğalla barışmayacağıq. Hesab edirdilər ki, bizim torpaqlarımızı işğal altında əbədi saxlayacaqlar. Çünki bu qədər xərc qoyan, burada, Füzulidə, Cəbrayılda bu qədər istehkam quranlar onu da istəyirdilər. Cəbrayıl rayonunun Soltanlı kəndi uğrunda bir neçə gün şiddətli döyüşlər gedirdi. Orada elə istehkamlar qurmuşdular ki, bəlkə də heç dünyada belə istehkamlar olmayıb. Nə üçün? Çıxmaq istəmirdilər. Hesab edirdilər ki, orada əbədi oturacaqlar. Erməniləşdirmək istəyirdilər. Bax, bütün Ağdam şəhəri dağıdılıb. Oranı onlar 1990-cı illərdə dağıdıblar ki, əgər sülh müqaviləsi imzalansa, Azərbaycan xalqı gəlib burada yaşaya bilməsin. Hər tərəf minalanıb. Ən çox minalar məhz buradadır. Amma səhv etdilər. Biz bütün bu illər ərzində bir amalla, bir arzu ilə yaşamışıq ki, bu torpaqlara qayıdaq və qayıtmışıq. Ermənistan ordusunu məhv etmişik. Ermənistan ordusu demək olar ki, yoxdur. Hərbi cinayətkarları məhv etmişik, onların tör-töküntülərini məhv etmişik. Mən Füzuli şəhərində demişəm, bir daha demək istəyirəm, biz Koçaryan, Sarkisyan ordusunu məhv etmişik. Biz Koçaryana, Sarkisyana qarşı qüdrətimizi göstərmişik. Biz onları məğlub etmişik. Paşinyan kimdir, mən indi onun haqqında danışmaq istəmirəm, nə lazımsa demişəm. Koçaryan, Sarkisyan, siz diz çökdünüz bizim qabağımızda, siz buranı, işğal edilmiş bütün torpaqları bax, bu günə saldınız. Siz bu məscidi dağıtdınız. İkinci Qarabağ müharibəsi dövründə qaçıb gizləndilər. Döyüş bölgəsinə burunlarını da belə soxa bilmədilər. Bəs, haradadır sizin qəhrəmanlığınız? Dedim ki, çıxarın dəmir-dümürləri, onun qiyməti yoxdur. Qəhrəman ordenləri taxmısınız döşünüzə. Yalançı qəhrəmandırlar bunlar. Bax, mən burada durmuşam, dağıtdığınız məscidin önündə, dağıtdığınız Ağdam şəhərində, öz ordumla buraya gəlmişəm. Qalib kimi gəlmişəm. Siz isə öz miskin həyatınızın sonuna qədər məğlub edilmiş, qorxaq damğası ilə yaşayacaqsınız. Nə gizlənirsiniz orada siçan kimi?! Koçaryan, Sarkisyan, mən sizə deyirəm. Paşinyan heç kimdir. İndi onun dərdi, azarı hakimiyyətdə qalmaqdır. Buna görə də bütün müxalifəti tutdurur. Qərb də susur buna, susur, ağzına su alıb. Görmür ki, nələr baş verir orada?! Hərbi cinayətkarlar, Xocalı qatilləri, sizi məhv etmişik. Azərbaycan əsgəri, Azərbaycan zabiti sizi məhv edib. Əcəb də eləyib!
Bu gün Ağdam şəhərini dağılmış vəziyyətdə görmək çox ağrılıdır. Amma mən bir neçə il bundan əvvəl bu bölgədə olarkən, bizim səngərlərdə olarkən, o binanı binoklla görmüşəm. Bu hissləri sözlə ifadə etmək çətindir, mümkün deyil. Öz torpağımızda öz şəhərimizi, bax, o binanı binoklla uzaqdan görmək, buraya gələ bilməmək nə qədər ağrılı idi. Dəfələrlə təmas xəttində olarkən, səngərlərdə olarkən, fikirləşirdim ki, gün gələcək biz qayıdacağıq, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik.
Bu gün mən Ağdam məscidinə Məkkədən gətirdiyim “Qurani-Kərim”i bağışladım. Mən xoşbəxt adamam ki, dörd dəfə Məkkə ziyarətində olmuşam. Bir dəfə rəhmətlik atamla, üç dəfə isə Prezident kimi. Xoşbəxtəm ki, mən ailə üzvlərimlə bərabər müqəddəs Kəbənin içində dualar etmişəm. Hər bir insanın ürəyində nə varsa, mənim ürəyimdə də eyni duyğulardır. Etdiyim duaların arasında birinci duam torpaqlarımızın işğaldan azad edilməsi idi. Allahdan xahiş edirdim, mənə güc versin ki, biz torpaqları işğalçılardan azad edək, o xoşbəxtliyi bizə nəsib etsin, biz yenə də dədə-baba torpağımıza qayıdaq.
Bu gün burada, vandallar tərəfindən dağılmış məscidin önündə deyirəm ki, xoşbəxt adamam. Bir daha Allaha şükür edirəm ki, mənim dualarımı eşidib, bu gücü mənə verib. Biz gücümüzü səfərbər edərək bax, bu tarixi günləri yaşayırıq. Bu, həqiqətən də tarixi günlərdir. Bəlkə də çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb. Biz bunu birliyimiz sayəsində qazanmışıq, gücümüz sayəsində qazanmışıq. Heç kim bizə kömək etməyib. Əksinə, ancaq maneçilik törədib. Gün gələcək bu barədə də ətraflı danışacağam.
Bu 44 gün ərzində bizə mənəvi və siyasi dəstək verən Türkiyə Cümhuriyyəti olub, mənim qardaşım Prezident Rəcəb Tayyib Ərdoğan olub və bir neçə digər müsəlman və qeyri-müsəlman ölkələrin rəhbərləri olub. Biz bu Qələbəni birlik, əzm, iradə və güc hesabına əldə etdik. Bu gün, müharibə başa çatandan sonra artıq Qərb dairələrindən bəzi Qərb liderləri məsələ qaldırırlar ki, bəs, Azərbaycanın nəzarətinə keçən azad edilmiş torpaqlarda xristian məbədləri necə olacaq? Həm mənimlə söhbət zamanı, həm rəsmi bəyanatlarda narahatlıq ifadə edirlər. Heç kim narahat olmasın, xüsusilə Qərb dövlətlərinin liderləri, hansılar ki, islamofob hissləri alovlandırırlar. Hansılar ki, İslam müqəddəslərinin təhqirlərinə göz yumurlar və hətta onları təhqir edənlərə bəraət qazandırırlar. Onların haqqı yoxdur bu barədə danışmağa, bu, birincisi. İkincisi, bizim ərazimizdə olan bütün məbədlər tarixi sərvətimizdir. Azərbaycanda hər il Bakı Humanitar Forumu, ya da ki, Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Azərbaycanda dünya dinlərinin liderlərinin Zirvə görüşləri keçirilib. Baxın, görün, nələr deyilib bizim haqqımızda. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanda İslam dininə olan münasibəti örnək kimi göstərir. Rusiya Pravoslav Kilsəsinin patriarxı Kiril Bakıda olarkən Azərbaycanda bu sahədə görülmüş işlərə yüksək qiymət verib, Pravoslav kilsələrində olub. Roma Papası Fransisk Bakıda olarkən rəsmi çıxışında Azərbaycanda tolerantlıq, dini dözümlülük, multikulturalizm haqqında danışıb. Kim bizə irad tuta bilər? Məscidləri bağlayan? Yaxud da ki, müsəlman məscidlərinə öldürülmüş donuzların başlarını atan bizə dərs deyəcək, narahatlıq ifadə edəcək? Bizə heç bir narahatlıq ifadə etmək lazım deyil. Bizim bütün tarixi abidələrimiz dövlət tərəfindən qorunur. Mənim göstərişimlə və dövlət vəsaiti hesabına hazırda iki pravoslav kilsəsi təmir edilir, üçüncü kilsə isə təmir olunub. İnzibati bina tikilir. Müharibə dövründə udi qardaşlarımızın kilsəsi Heydər Əliyev Fondu tərəfindən təmir olunaraq istifadəyə verilib. Bizim Qafqaz Albaniyası kilsələri milli sərvətimizdir. Gürcü kilsələrimiz, erməni kilsəsi. Vəhşi düşmən bax bu məsciddə inək saxlayıb, donuz saxlayıb. Bu şəkillər var internetdə. Azad edilmiş Zəngilan məscidində, Cəbrayıl məscidində donuz saxlayıb.
Biz UNESCO ilə çox sıx əməkdaşlıq edirik. Amma gəlib xristian məbədlərinə baş çəkmək istəsə, buraya gəlsin. Gəlsin və desin vəhşi erməni neyləyib burada. Bir də ki, bir neçə il bundan əvvəl Minsk qrupunun həmsədr ölkələrinin səfirləri bu məsciddə, burada olublar. Onlar iki dəfə faktaraşdırıcı missiyalar keçiriblər və mənə deyiblər ki, Ağdam məscidində olublar. Niyə məsələ qaldırmayıblar? Niyə bu, bəzi Qərb liderlərində narahatlıq yaratmayıb? Deməli, müsəlman məscidlərini təhqir etmək olar, inək, donuz saxlamaq olar, dağıtmaq olar. Belədirsə, belə də desinlər və getsinlər öz ölkələrində problemlərlə məşğul olsunlar, bizim işimizə burunlarını soxmasınlar. Heç kim bizim işimizə qarışmasın. Biz özümüz gəlmişik buraya. Bütün o ölkələrin səylərinə rəğmən gəlmişik, bütün təxribatlara rəğmən gəlmişik, qan tökə-tökə gəlmişik və durmuşuq bizim torpağımızda. Hərə getsin öz işi ilə məşğul olsun. Bizim işimizə qarışmaq istəyənin cavabını vermişik və verəcəyik.
Bu gün tarixi bir gündür. Biz şanlı Qələbəmizi qeyd edirik. Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır. Əlbəttə ki, böyük zəhmət tələb edəcək. Amma necə ki, biz 44 gün ərzində birlik göstərmişik, əminəm ki, azad edilmiş torpaqlarımızın bərpası işində də birlik, əzmkarlıq göstərəcəyik. Bütün şəhərlərimizi bərpa edəcəyik, daha da gözəl şəhərlər olacaqdır. Şəhərlərimizdə qalan tarixi abidələri bərpa edəcəyik və bir daha gücümüzü göstərəcəyik.
Biz Qələbəmizi dəmir yumruq hesabına, düşməni qova-qova qazanmışıq və indi durmuşuq öz torpağımızda.
Eşq olsun Azərbaycan xalqına! Eşq olsun Azərbaycan əsgərinə, Azərbaycan zabitinə! Ağdam bizimdir! Qarabağ Azərbaycandır!
https://president.az/articles/47685
İlham Əliyev Qubadlı və Zəngilan rayonlarında olub
Xəbər verdiyimiz kimi, dekabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarında olublar.
Qubadlıya gedən yolda avtomobili özü idarə edən Prezident İlham Əliyev dedi:
-Cəbrayıl rayonunun ərazisindəyik. Azad edilmiş torpaqlardayıq. Sağ tərəfdə ermənilər tərəfindən dağıdılmış kəndlərimizdir. Gedirik Qubadlı rayonuna.
Dağıdılmış üzüm bağları. Bütün kəndlər dağıdılıb. Yolun sol və sağ tərəflərində olan dirəklər torpaqlar işğaldan azad olunandan sonra qısa müddət ərzində qoyulmuşdur.
Bütün kəndlər dağıdılıb. Düşmən bu cinayətlərə görə cavab verəcək. Bütün kəndlərimiz, tarixi abidələrimiz, dini abidələrimiz düşmən tərəfindən dağıdılıb. Bütün dünya bunu görməlidir.
Sovet vaxtından qalan abidə. İkinci Dünya müharibəsinə həsr edilmiş abidədir. Onu da dağıdıblar.
Növbəti dağıdılmış kənd.
Birinci xanım Mehriban Əliyeva: Kəndin adı nədir?
Prezident İlham Əliyev: Göyərçin Veysəlli kəndi. Erməni faşistlər tərəfindən dağıdılıb. Heç İkinci Dünya müharibəsi zamanı faşistlər belə vəhşilik törətməyib. Görün, biz hansı vəhşi düşmənlə üz-üzə idik, biz hansı şər qüvvələri məğlub etdik?! Bölgəmizi, Qafqazı faşistlərdən azad etdik. Bütün bu kəndləri bərpa edəcəyik. Ancaq, ilk növbədə, bütün kəndlər, o dağıntılar sənədləşdiriləcək, uçota alınacaq.
Zəngilan rayonunun ərazisindən keçirik.
Babaylı kəndi. Bu da dağıdılıb.
Bir dənə də salamat bina yoxdur. Baxın, bütün binalar dağıdılıb. Köhnə qəbiristanlıq.
Zəngilan rayonunun gözəl mənzərəsi, səfalı məkan. Hamısını bərpa edəcəyik. Bu da Üçüncü Ağalı kəndi. Görünür burada ermənilər yaşayıblar. Amma görün nə gündə yaşayıblar. Mən deyəndə ki, işğal edilmiş torpaqlarda ermənilər səfalət içində yaşayırlar, bax, budur bunun sübutu. Bizim kəndimizə gəliblər, kəndimizin böyük hissəsini dağıdıblar.
Ermənilərin zəbt etdikləri evlərimiz. İndi Üçüncü Ağalı kəndinin sakinləri yəqin ki, tanıyar bu ev kimindir. Gələsən, başqasının torpağını zəbt edəsən, insanları evsiz-eşiksiz qoyasan, onların evində yaşayasan, xarabalığa çevirəsən, sonra da deyəsən ki, bu, qədim erməni torpağıdır. Saxtakarlar, oğrular, yalançılar, vəhşilər bizim torpaqlarımızı 30 ilə yaxın müddət ərzində işğal altında saxlayıblar. Bütün bu videosənədlər hüquqi müstəvidə bizim təzminat davamız üçün əşyayi-dəlil olacaq.
Birinci Ağalı kəndi. Bura da dağıdılıb. Amma bəzi evlər qalıb. Ermənilər bizim evlərimizdə yaşayıblar. Bundan sonra özümüz yaşayacağıq öz evlərimizdə. Onlar da getsinlər öz vətənlərində yaşasınlar.
Seləli kəndi. Bu kənd də dağıdılıb. Görün nə günə qoyublar. Mən hələ müharibədən əvvəl deyirdim ki, bizim bütün kəndlərimiz, şəhərlərimiz talan edilib. Ermənilər dam örtüklərini, pəncərə çərçivələrini, hər şeyi aparıblar. Açıq-aşkar oğurluq ediblər, bizim torpaqlarımızı istismar ediblər.
Evin yarısını söküb, o biri tərəfdə yaşayıb. Baxın, nə günə qoyublar. Talançılar!
Vəhşi düşmən keçib bu torpaqlardan, dağıdıb ki, heç vaxt Azərbaycan əhalisi buraya qayıtmasın. İnşallah, hamımız qayıdacağıq. Hər şey dağıdılıb.
Birinci xanım Mehriban Əliyeva: Yəqin ora hərbi hissədir.
Prezident İlham Əliyev: Orada artıq Azərbaycan bayrağı ucaldılıb. Hərbi hissələr tikiblər ki, torpaqlarımızı əbədi işğal altında saxlasınlar, amma rədd etdik onları, qovduq torpaqlarımızdan. Torpaqların sahibləri qayıdır.
Baxın, ağacları necə qırıblar. Baxın, vəhşi düşmən neyləyib, bütün ağacları kəsib. Zəngilanın çox zəngin təbiəti var, nadir meşələri var. Çinar ağacları. Baxın, neyləyib düşmən. Baxsın bütün dünya, ermənipərəst qüvvələr bu günə qədər kimi müdafiə edirlər? Bizə qarşı qətnamələr qəbul edən ölkələr baxsınlar, gözlərini açsınlar. Riyakar siyasətçilər açın gözlərinizi, baxın. Sizin parlamentləriniz qətnamələr qəbul edib. Bizim üçün o qətnamələrin heç bir əhəmiyyəti yoxdur, bir kağız parçasıdır. Amma iş ondadır ki, bizə qarşı yenə əsassız ittihamlar irəli sürülür. Fransa parlamentinin deputatları, Belçika, Hollandiya parlamentlərinin deputatları, baxın, sizin sevimli ermənilər nələr ediblər bu torpaqlarda? Açın xəritəyə baxın, ensiklopediyaya baxın, görün Zəngilan rayonu, Qubadlı rayonu hansı ölkənin tərkib hissəsidir. Qətnamələr qəbul edirsiniz. Başınıza dəysin bu qətnamələr. Azərbaycanı ittiham edirlər.
Qubadlının Xanlıq kəndi. Xanlıq kəndi uğrunda şiddətli döyüşlər gedirdi. Ermənilər bizim bu tarixi, qədim kəndimizə eybəcər ad veriblər. Xanlıq kəndi Qubadlı rayonunun ərazisində yerləşir. Biz indi Qubadlı rayonunun ərazisindəyik. Ermənilər Xanlıq kəndində özləri üçün hərbi istehkam, hərbi baza qurmuşdular. Xanlıq kəndində qanunsuz məskunlaşma aparılmışdı. Xaricdən gətirilən ermənilər burada qanunsuz yollarla yerləşdirilmişdilər. Bu da hərbi cinayət sayılır. Cenevrə konvensiyalarına görə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur. Baxın, xaricdən gələn ermənilər üçün xaricdə yaşayan ermənilərin pulu ilə Xanlıqda qəsəbə salınıb.
Kənd təsərrüfatı texnikası. XX əsrin 50-ci illərində istehsal olunub. Xaricdə yaşayan ermənilər cinayət törədiblər. Xaricdən erməniləri gətirib bizim torpaqlarımızda məskunlaşdırıblar. Xanlıq qəsəbəsində azərbaycanlıların evlərini söküb sonra ermənilər üçün evlər tikiblər. Bu da ermənilərin maşını. Bax, bu maşınları sürürdülər onlar. Bu da bizim qəhrəman əsgərlərimizin adları. Öz adlarını yazıblar bu evlərin üzərində. Biləsuvar, Şabran, Sabirabad, Şuşa, Oğuz. Bax, qanunsuz məskunlaşma budur. Bu da ermənilərin növbəti maşınları, baxın.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın qanunsuz məskunlaşma apardığı Qubadlının Xanlıq kəndinə gəldilər, burada hərbçilərlə görüşdülər.
Prezident İlham Əliyev: Salam uşaqlar.
Əsgərlər: Sağ olun!
Prezident İlham Əliyev: Nə var, nə yox, necəsiniz?
Əsgərlər: Çox sağ olun!
Prezident İlham Əliyev: Xidmət necə keçir?
Əsgərlər: Əla. Hər şey yaxşıdır.
Prezident İlham Əliyev: Çox yaxşı. Bu, ermənilərin bizim qədim kəndimizdə saldığı bir qəsəbədir. Bizim evlərimizi söküb, ondan sonra da xaricdən gələn ermənilərin pulu ilə bu qəsəbə salınıb. İndi biz burada yaşayırıq. Siz burada məskunlaşmısınız, xidmət göstərirsiniz. Biz öz doğma torpaqlarımıza qayıtmışıq. Bu torpaqları döyüş meydanında azad etmişik. Düşməni öz torpaqlarımızdan qovmuşuq, bax, sizin kimi əsgərlərin sayəsində. Bütün dünya gördü ki, Azərbaycan əsgəri, Azərbaycan zabiti nəyə qadirdir.
Gəlin uşaqlar, gəlin.
Əsgərlər: Xoş gəlmisiniz, cənab Prezident.
Prezident İlham Əliyev: Xoş gördük. Bu, bizim qədim torpağımızdır. Əsrlərboyu xalqımız bu torpaqlarda yaşayıb.
Əsgər: Ay maşallah, igiddir, əsl igid.
Prezident İlham Əliyev: Salam, salam. Sonra şəkil çəkdirək.
Döyüş meydanında gücümüzü göstərdik. Erməniləri torpaqlarımızdan qovduq. Azərbaycan Bayrağını torpaqlarımızda ucaltdıq. Azərbaycan xalqının ən böyük arzusunu yerinə yetirdik, döyüş meydanında, danışıqlar yolu ilə yox. Bizim başımızı aldadırdılar. Bu 27 il ərzində ermənilər burada özləri üçün qəsəbə salıblar, xaricdən erməniləri gətiriblər. Xanlıq qəsəbəsinə bir eybəcər erməni adı veriblər.
Əsgərlər: “Onları iti qovan kimi qovduq” sözləriniz şüarımızdır.
Prezident İlham Əliyev: Gördülər bizim gücümüzü. Hesab edirdilər ki, bizim torpaqlarımızda əbədi oturacaqlar, bizə meydan oxuyacaqlar. Səbrimiz tükəndi, dedim irəli.
Əsgərlər: Var olun, var olun, var olsun Azərbaycan! Allah Sizi bizim başımızın üstündən əskik etməsin!
Prezident İlham Əliyev: Qəhrəman Azərbaycan əsgəri öz gücünü bütün dünyaya göstərdi. Mənə məlumat verilir ki, indi dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində bizim döyüş taktikamız öyrənilir. Bu, bir yenilikdir, XXI əsrin müharibəsidir. Həm peşəkarlıq, həm iradə, milli ruh, qəhrəmanlıq hesabına torpaqlarımızı işğalçılardan azad etmişik.
Əsgərlər: Sizin başçılığınız və iradəniz sayəsində.
Prezident İlham Əliyev: Sağ olun.
Əsgərlər: Biz sizinlə fəxr edirik. Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan əsgəri! Qarabağ Azərbaycandır!
Prezident İlham Əliyev: Gəlin, şəkil çəkdirək.
Əsgər: Ad gününüz mübarək, yüz yaşayın, Allah ömrünüzü uzun eləsin!
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı şəhərinə yola düşdülər.
Prezident İlham Əliyev: Qubadlı rayonunun ərazisindən iki böyük çay keçir: Həkəri çayı və Bazarçay. Onlardan biri də budur, baxın. Çox güman ki, bu, Həkəri çayıdır. Bura isə Aşağı Mollu kəndidir. Şəhidimiz Əsgərov Rüfətin şəkli. Allah rəhmət eləsin! Bütün şəhidlərimizə Allah rəhmət eləsin!
Birinci xanım Mehriban Əliyeva: Allah rəhmət eləsin!
Prezident İlham Əliyev: Qubadlı rayonunun gözəl mənzərəsi. Yenə də dağıdılmış kənd. Hər şeyi yenidən quracağıq, yolları da, bütün infrastrukturu da. Gözəl mənzərədir.
Bu da yəqin ki, Bazarçaydır. Çünki Qubadlının bir tərəfindən Həkəri çayı axır, digər tərəfindən Bazarçay, bax, buradan görünür. Ona Bərgüşad çayı da deyirlər. Qəzyan kəndi. Bax, ermənicə nəsə yazıblar orada.
Diləlimüskənli kəndi. Bu kənd də dağıdılıb. Bütün evlər dağıdılıb. Bir-iki ev qalıb, orada da düşmən yaşayıb. Bu da Saray kəndidir. Saray kəndi Qubadlı şəhərinin yaxınlığında yerləşir. Bu kənd də dağıdılıb.
Baxın, Qubadlı şəhərini düşmən nə günə qoyub. Bütün binalar dağıdılıb. Ancaq özləri üçün hərbi hissə tikiblər. Bu da Qubadlı şəhəri. Bu, yəqin ki, onların anbarları olub. Bu ev də sökülüb. Qubadlı şəhərinin girəcəyində ermənilər hərbi baza tikiblər. Gün də çıxdı. Təbiət də bizi alqışlayır, salamlayır. Sahibləri gəlib bu torpağa. Gör nə gündədir Qubadlı şəhəri? Nə günə qoyub düşmən bizim şəhərimizi?
Prezident İlham Əliyev Qubadlıda Azərbaycan bayrağını ucaltdı.
Dövlətimizin başçısı burada çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı
– Bu gün səhərdən yağış yağırdı, biz Qubadlıya çatanda gün çıxdı. Təbiət də bizi salamlayır, bizi alqışlayır. Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı. Qubadlı uğrunda şiddətli döyüşlər gedirdi, şəhidlər vermişik. Onların arasında Qubadlı rayonundan olan Milli Qəhrəman Şükür Həmidov öz doğma diyarı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Şükür Həmidova mən Milli Qəhrəman adını Aprel döyüşlərindən sonra verdim, göstərdiyi qəhrəmanlığa görə. Allah ona rəhmət eləsin! Allah bütün şəhidlərimizə rəhmət eləsin! Azərbaycan hərbçiləri, o cümlədən Şükür Həmidov dövlət tərəfindən yüksək döyüş ordenləri ilə təltif edilmişdir.
Qubadlı rayonunun azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Zəngilan şəhəri oktyabrın 20-də azad olunandan sonra təbii ki, bizim növbəti istiqamətimiz Qubadlı rayonu idi və şəhərdə ermənilər güclü istehkam qurmuşdular. İndi şəhərdən əsər-əlamət qalmayıb, bütün binalar dağıdılıb, sökülüb və yol boyunca Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının bütün kəndləri, qəsəbələri dağıdılıb. Ancaq burada, şəhərin girəcəyində düşmən hərbi baza yaratmışdı. Bu yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Ona görə Qubadlı şəhərini azad etmək o qədər də asan məsələ deyildi. Gərək, ilk növbədə, ermənilərin istehkamları məhv ediləydi, onlardan biri Xanlıq qəsəbəsində yerləşirdi. Orada güclü istehkam qurmuşdular və Xanlıq qəsəbəsini onlar özləri üçün bir baza kimi yaratmışdılar. Xaricdə yaşayan ermənilər orada qəsəbə salmışdılar. İndi bu qəsəbədə Azərbaycan əsgərləri yerləşib. Xaricdə yaşayan ermənilərin pulu ilə xaricdən ermənilər gətirilib və qanunsuz şəkildə Qubadlıda yerləşdirilib. Bu, özlüyündə hərbi cinayətdir. Bu cinayətə və bütün digər cinayətlərə görə Ermənistan dövləti cavab verəcəkdir.
Qubadlını azad etmək üçün, ilk növbədə, biz bu yüksəklikləri götürməli idik. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Eyni zamanda, Ermənistan ərazisindən bizə atəş açılırdı. Nəzərə alsaq ki, Azərbaycan Ermənistan ərazisinə keçmək fikrində deyildi və mən bunu müharibə zamanı dəfələrlə bildirmişdim. Onlar hesab edirdilər ki, bu imkanlardan istifadə edib, bizim hücumumuzun qarşısını ala bilərlər. Buradan, Qubadlı şəhərindən Ermənistan sərhədinə, bax, o istiqamətdən 5 kilometr məsafədir. Həm oradan ağır artilleriya ilə, həm də bu yüksəkliklərdən müxtəlif növ silahlardan istifadə edərək bizim əsgərlərimizi, hərbçilərimizi atəşə tutmuşlar. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu da bu peşəkarlığı, fədakarlığı göstərib. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra Azərbaycan Silahlı Qüvvələri şəhərə girib, buranı da düşməndən təmizləyiblər.
Qubadlı rayonunun və Qubadlı şəhərinin azad edilməsi bizə böyük strateji üstünlük təmin edirdi. Çünki Qubadlıdan sonra növbəti istiqamət Laçın rayonu idi. Hər gün döyüş əməliyyatı planları mənim tərəfimdən təsdiq edilirdi və hər gün görülmüş işlərə yekun vurularaq məsələ təhlil edilirdi – gün ərzində görülmüş işlər bizim planlarımıza hansı dərəcədə uyğundur və biz hansı nailiyyətlərə çata bilmişik. Qubadlıdan Laçın rayonunun cənub hissəsinə gedən yol daim atəş altında idi. Çünki Laçın rayonuna gedən yol düz Ermənistanın dövlət sərhədinin yanı ilə keçir, orada məsafə bəlkə də 10-20 metrdir və Ermənistan daim o tərəfdən atəş açırdı. Ona görə bizim hərbi birləşmələrimiz digər müxtəlif yollarla, cığırlarla dağları aşaraq Laçın rayonunun strateji yüksəkliklərində yerləşmişdir. Beləliklə, Laçın rayonunun cənub hissəsində yerləşən Güləbird kəndi, Səfiyan kəndi, Türklər kəndi azad edilib və eyni zamanda, strateji yüksəkliklər ələ keçiriləndən sonra bu, bizə imkan verdi ki, Laçın dəhlizi artıq atəş altına düşsün.
Düşmən bizi bu tərəfdən gözləyirdi. Çünki təbii ki, düşmən bilirdi Şuşa azad edilməmiş müharibə dayana bilməz. Düşmən hesab edirdi ki, biz Laçın rayonunun cənub hissəsini götürəndən sonra bu tərəfdən Şuşaya gedəcəyik. Biz də bilirdik ki, düşmən bizi orada gözləyir. Biz Şuşaya başqa yolla getdik, onların gözləmədiyi yoldan keçdik. Bu günə qədər də onlar inana bilmirlər ki, bizim qəhrəman əsgər və zabitlərimiz o dağlardan, dərələrdən, meşələrdən necə keçərək Şuşaya yaxınlaşıb və Şuşanı işğaldan azad ediblər. Onlar bizi buradan gözləyirdilər, eyni zamanda, Xocavənd rayonunun Qırmızıbazar qəsəbəsi istiqamətində gözləyirdilər. Biz isə Şuşaya başqa yolla getdik. Şuşaya yaxınlaşaraq bir neçə kəndi azad etdik, o cümlədən Sığnaq, Çanaxçı və Daşaltı kəndini azad etdik. Qubadlı əməliyyatının çox böyük əhəmiyyəti var idi. Çünki Qubadlıdan sonra biz Şuşa şəhərini işğaldan azad etdik. Oktyabrın 25-də Qubadlı azad olundu və noyabrın 8-də Şuşa şəhəri azad edildi. Beləliklə, düşmən təslim olmağa məcbur oldu.
Müharibə zamanı gördüyümüz işlər bu gün aparıcı ölkələrin ali hərbi məktəblərində öyrənilir. Bu haqda məndə dəqiq məlumat var. Bizim xarici tərəfdaşlarımız bu məlumatı bizə çatdırıblar ki, ən inkişaf etmiş ölkələrin ali hərbi məktəblərində Azərbaycanın döyüş taktikası, bizim əməliyyatlar öyrənilir və bu, müasir döyüş taktikasıdır. Bizə qədər dünyada heç kim bu taktikadan istifadə etməyib. Burada bütün vacib amillər bir məqsədi güdürdü ki, az itkilərlə düşmənə sarsıdıcı zərbələr vuraraq, düşmənin ordusunu faktiki olaraq məhv edərək hədəfə çataq və belə də oldu. Biz sentyabrın 27-də əks-hücum əməliyyatına başlayaraq, sonra hücum əməliyyatına keçdik. Çünki biz torpaqlarımızı azad etməli idik. Ermənistanın təxribatlarına son qoyulmalı idi. Günahsız insanların həlak olmasına son qoyulmalı idi və əks-hücumdan sonra hücum edən tərəf, adətən, daha çox itki verir. Ancaq bizim itkilərimiz müharibənin miqyasına görə həddindən çox aşağıdır. Hər bir şəhidimiz əvəzolunmazdır, hər bir insanın həlak olması böyük faciədir, onun özü üçün, yaxınları üçün, qohumları üçün, xalq üçün. Ancaq onu da bildirməliyik ki, biz istədiyimizə az itkilərlə nail olduq. Məhz buna görə ola bilər bəziləri hesab edir ki, bu məsələ daha da tez həll oluna bilərdi. Halbuki 44 gün ərzində bu ərazini işğaldan azad etmək və düşməni məhv etmək, düşmən ordusunu məhv etmək, düşməni təslim olmağa məcbur etmək böyük qəhrəmanlıqdır.
Biz çalışırdıq, öz taktikamızı elə quraq ki, itkilər az olsun. Eyni zamanda, bizim taktikamızda gözlənilməz addımlar da kifayət qədər çox idi. İstifadə etdiyimiz taktiki üsullar dünya hərb elmi üçün yenilikdir. Vaxt keçdikcə bu məsələ ilə bağlı daha geniş məlumat veriləcək. Ancaq bu gün də artıq xarici mətbuata sızılan məlumatlar da onu göstərir ki, bu müharibə hərbi ekspertlər tərəfindən çox ciddi təhlil edilirdi və edilir. Peşəkarlıq, qəhrəmanlıq, planlaşdırma, güclü iradə, milli ruh, texniki təchizat – bütün bu amillər birlikdə və xalq-iqtidar birliyi bizim Qələbəmizi şərtləndirdi.
Hər gün biz irəliyə gedirdik, 44 gün ərzində bir gün də olmayıb ki, biz geri çəkilək. Bir gün də olmayıb ki, hansısa məsələni biz həll etməyək. Hər gün səhər mənim tərəfimdən hər günün döyüş-əməliyyat planı təsdiq edilirdi, günün sonunda da təhlil olunurdu. Biz bunun nəticəsində qısa müddət ərzində böyük Qələbə qazana bilmişik, öz doğma torpaqlarımızı düşməndən azad edə bilmişik. Düşmənə elə sarsıdıcı zərbələr endirmişik ki, bu günə qədər özünə gələ bilmir.
Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat faktiki olaraq Ermənistan dövlətinin kapitulyasiyası idi. Ermənistan təslim oldu, ağ bayraq qaldırdı, diz çökdü. Ondan sonra Ağdam, Laçın, Kəlbəcər rayonları bir güllə atmadan bizə qaytarıldı. Bu gün Azərbaycan əsgəri bu rayonlarda xidmət göstərir. Bu da böyük nailiyyətdir. Biz mütləq o bölgələri də, o rayonları da döyüşərək alacaqdıq. Amma çox itkilər verə bilərdik, xüsusilə Ağdam istiqamətində, hər tərəf minalanmışdı və bir neçə müdafiə xətti var idi. Eyni zamanda, xüsusilə hava şəraitini nəzərə alsaq, Kəlbəcər, Laçın rayonlarının döyüşlə azad edilməsi də böyük itkilərə gətirib çıxaracaqdı. Artıq qış başlamışdı, yolları buz bağlamışdı. Kəlbəcərə Göygöl rayonundan keçmək üçün saatlarla vaxt lazımdır.
Ona görə noyabrın 10-da imzalanmış Bəyanatın çox böyük əhəmiyyəti var. Təbii ki, əgər biz o günə qədər böyük ərazini işğalçılardan azad etməsəydik, düşmənin belini qırmasaydıq, düşmən ordusunun məhv edilməsində istədiyimizə nail olmasaydıq, əlbəttə, düşmən onun üçün bu alçaldıcı sənədə qol qoymazdı. Biz onu məcbur etdik, torpaqlarımızdan qovduq və mən verdiyim sözə həmişə olduğu kimi sadiq qaldım. Müharibənin ilk günlərindən demişdim, Ermənistan rəhbərliyi açıq-aşkar bəyan etməlidir ki, nə vaxt, hansı tarixdə bizim torpaqlarımızdan çıxır. Tarix verməlidir bizə. Əgər bu olarsa, biz müharibəni dayandırarıq. Amma bizə tarix verilmədi. Çalışırdılar ki, müxtəlif yollarla xarici ölkələri bu işlərə qoşaraq öz çirkin əməllərini davam etdirsinlər, işğalı davam etdirsinlər. Əgər Ermənistan rəhbərliyi o vaxt mənim sözümə baxıb düzgün addım atsaydı, belə alçaldıcı vəziyyətə düşməzdi. Mən demişdim ki, axıra qədər gedəcəyik və axıra qədər də getdik, lazım olan anda dayandıq, üç rayonu bir güllə atmadan, bir itki vermədən qaytardıq, ərazi bütövlüyümüzü bərpa etdik.
Bu gün vaxtilə işğal edilmiş torpaqlarda Azərbaycan Bayrağı dalğalanır. Bu gün Ali Baş Komandan kimi, mən azad edilmiş bu torpaqlarda əsgərlərlə görüşürəm. Artıq bu bölgənin, Qarabağ bölgəsinin bərpası ilə bağlı konkret addımlar atılır, ilkin kontraktlar imzalanmışdır. Mənfur düşmən hər şeyi dağıdıb. Yol boyunca Cəbrayıl rayonundan, azad edilmiş torpaqlardan başlayaraq, bax, Qubadlıya qədər hər tərəf dağıdılıb. Bir dənə də salamat bina yoxdur. Təkcə Qubadlıda bir neçə bina qalıb ki, burada hərbçilər və onların ailə üzvləri yaşayıblar. Bütün binalar, bütün evlər, tarixi abidələrimiz, məscidlərimiz, qəbirlərimiz mənfur düşmən tərəfindən dağıdılıb. Bu cinayətlərin hamısı sənədləşdirilir.
Mən azad edilmiş bu bölgələrdə olarkən, ermənilər tərəfindən törədilmiş vəhşiliyi görərkən bir daha əmin oluram ki, biz nəinki özümüz üçün, bölgəmiz üçün böyük iş görmüşük. Biz erməni faşizminin başını əzdik. Bizim torpaqlarımızı erməni faşizmi bu günə saldı. Biz Ermənistan faşist dövlətinin, terror dövlətinin belini qırdıq və bu gün məcbur olub, bizim qabağımızda diz çöküb və düzgün nəticə çıxarmalıdır. Ermənistan cəmiyyəti düzgün nəticə çıxarmalıdır. Revanş hissi ilə yaşayacaqlarsa, onların axırı pis olacaq. Əgər o tərəfdən buraya bir güllə atılsa, – 5 kilometrdir buradan Ermənistan sərhədinə, – onları elə günə salarıq ki, ümumiyyətlə, öz adlarını unudarlar.
Biz öz istəyimizə nail olduq. Dekabrın 10-da Zəfər paradı keçirildi. Zəfər paradında biz düşmənin məhv edilmiş və qənimət götürülmüş texnikasını nümayiş etdirdik və öz hərbi potensialımızı nümayiş etdirdik. Biz bundan sonra da ordumuzu gücləndirəcəyik. İndi gələn ilin büdcəsi müzakirə olunur. Mənim təşəbbüsümlə hərbi xərclər artırılır. İlk növbədə, ona görə ki, müharibə zamanı biz bir çox silah-sursatdan istifadə etdik, onları bərpa etmək lazımdır. Eyni zamanda, müasir texnikanın bundan sonra da alınması nəzərdə tutulur. Bundan sonra da ordumuzun müasirləşdirilməsi, ordumuzun döyüş potensialı, ordumuzun peşəkarlığı daim diqqət mərkəzində olacaqdır.
Biz Qələbə qazanmışıq, düşməni torpaqlarımızdan qovmuşuq. Amma heç kim təminat verə bilməz ki, bir neçə ildən sonra erməni faşizmi yenə baş qaldırmasın. Ona görə Azərbaycan dövləti həmişə güclü olmalıdır. Azərbaycan dövlətinin həmişə güclü ordusu olmalıdır. Biz gücümüzü bilirik. Dünya da bizim gücümüzü bilir. Biz nəinki öz ərazimizdə, istəsəydik Ermənistan ərazisində istənilən hərbi əməliyyatı tamamilə yerinə yetirə bilərdik. Bu gün də yerinə yetirə bilərik. Ermənistan tərəfi də bunu bilir. Sadəcə olaraq, biz həmişə beynəlxalq hüquqa hörmətlə yanaşmışıq və həmişə demişəm ki, bizim başqa ölkələrin torpaqları ilə işimiz yoxdur. Biz öz torpağımızda yaşamalıyıq, yaşayacağıq, düşməni öz torpağımızdan qovmuşuq, bütün bu bölgəni bərpa edəcəyik.
Qubadlı rayonu ölkəmizin ən gözəl rayonlarından biridir və qısa müddət ərzində lazım olan bütün bərpa işləri də nəzərdə tutulur. Xarici ekspertlər cəlb olunub, dəvət edilib, onlar bütün qiymətləndirmə işlərini aparacaqlar. Videosənədlər, fotosənədlər toplanır, bütün dəymiş ziyan hesablanacaq. Bizim torpaqlarımız istismar edilirdi, təbii ehtiyatlarımız istismar edilirdi. Zəngilan rayonunda qızıl yatağı istismar edilirdi. Azad edilmiş digər ərazilərdə də, həmçinin. Bütün bunların hesabını Ermənistan dövləti verəcək. Bununla paralel olaraq bütün bərpa işləri təmin ediləcək və biz bütün şəhər və qəsəbələrimizi, kəndlərimizi bərpa edəcəyik, insanlar buraya qayıdacaq və biz öz torpağımızda bundan sonra əbədi yaşayacağıq. Bundan sonra heç kim bizi öz torpağımızdan çıxara bilməz.
Mən müharibədən əvvəl dəfələrlə Azərbaycan xalqına müraciət edərək deyirdim ki, bu gün Azərbaycan güclü ölkədir və tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Mən o vaxt təkcə iqtisadi yox, o cümlədən hərbi potensialımızı da nəzərdə tuturdum. Tarix və müharibənin nəticələri onu göstərdi ki, mən haqlı idim. Azərbaycan tarixdə heç vaxt belə parlaq Zəfər əldə etməmişdir, tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Bizim gücümüz birliyimizdədir. Biz birlik nümayiş etdirmişik, əzmkarlıq nümayiş etdirmişik, qəhrəmanlıq nümayiş etdirmişik və bunun nəticəsində dəmir yumruqla düşmənin başını əzib öz doğma torpaqlarımızı azad etmişik. Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan əsgəri! Yaşasın Azərbaycan!
x x x
Sonra dövlətimizin başçısı və birinci xanım işğaldan azad olunmuş Zəngilan rayonuna yola düşdülər.
Prezident İlham Əliyev: Zəngilan. Zəngilan şəhərinə az qalıb.
Düşmən Zəngilanda da hər şeyi dağıdıb. Baxın, dağılmış evlər. Baxın, bu evi nə günə qoyublar.
Prezident İlham Əliyev Zəngilanda Azərbaycan bayrağını ucaltdı.
Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanda mənfur düşmən tərəfindən dağıdılan məscidə gəldilər.
Məscidin qarşısında çıxış edən Prezident İlham Əliyev dedi:
– Görün mənfur düşmən məscidi nə günə salıb. Bizim bütün dini abidələrimiz düşmən tərəfindən dağıdılıb. Dünya 30 il ərzində buna səssiz qalıb. Biz bu məsələni dəfələrlə qaldırmışdıq, beynəlxalq kürsülərdən qaldırmışdıq, tarixi-dini abidələrimiz dağıdılıb, təhqir edilib. Biz o videoları dəfələrlə göstərirdik. Ağdam məscidini, Şuşa məscidlərini, o vaxt işğal altında olan digər məscidlərin vəziyyətini göstərərək deyirdik ki, mənfur düşmən bizim dini abidələrimizi dağıdıb, təhqir edib.
Zəngilan işğaldan azad olunandan sonra rayonda yerləşən məscidlərin birində donuzların saxlanması ilə bağlı videokadrlar nümayiş etdirilmişdir. Düşmən bizim dinimizi təhqir edib, bütün müsəlmanları təhqir edib. Bax, burada məscid olub, indi yoxdur, dağıdıblar. İndi bəziləri azad edilmiş torpaqlarda erməni xalqının dini irsi haqqında məsələ qaldırırlar. Bəs, bizim milli-dini irsimiz haqqında niyə heç kim məsələ qaldırmayıb? Bu yaxınlarda UNESCO-nun bir məmuru əsassız bir ifadə işlədib ki, guya bizə müraciət olunub, Azərbaycan isə səssiz qalıb. Biz 30 il ərzində dəfələrlə UNESCO-ya müraciət etmişik, dəfələrlə bildirmişik ki, bizim məscidlərimiz dağıdılıb, tarixi abidələrimiz dağıdılıb, bizim tarixi abidələrimiz erməniləşdirilir, bir dəfə missiya göndərildimi? Bir dəfə bizim müraciətimizə cavab verildimi? Elə müharibə qurtaran kimi başlayıblar ki, erməni xalqının abidələri gərək qorunsun. Biz bütün abidələri qoruyuruq, bütün xalqların abidələrini qoruyuruq və dünya bunu bilir. Amma baxın, görün, məscid olub bura, UNESCO, buraya gəl, gəl gör. Avropa Şurası səssiz qalma, gəl gör buranı! Bütün məscidlər dağıdılıb. Yaxşı, məscidi dağıtmaq olar? Məscidi dağıtmaq, deməli, cinayət deyil? Bu ədalətsizlik nə qədər davam edəcək? Bu riyakarlıq nə qədər davam edəcək? Bu ikili standartlar nə qədər davam edəcək? Bu islamofobiya nə qədər davam edəcək? Bunu dağıdan erməni olub. Özündən mədəni millət obrazı yaratmağa çalışan və bəzi xarici himayədarları tərəfindən belə qəbul edilən mədəni adam bunu edər? Mədəni adam məsciddə donuz saxlayar? Bütün dünya bunu görsün! O cümlədən dünya müsəlmanları görsünlər və müsəlman ölkələrinin xalqları görsünlər. Bunu törədən ölkə ilə hansı dostluqdan söhbət gedə bilər? Əfsuslar olsun, biz bunu bu günə qədər eşidirik ki, bəzi müsəlman ölkələri Ermənistana dost ölkə deyirlər. Bu “dost ölkəyə” 20 il rəhbərlik etmiş cəlladlar bunu dağıdıblar. Onlar gəlib dağıdıblar bizim məscidimizi, təhqir ediblər. Bütün dünya bunu görməlidir. Əgər bizə qarşı hər hansı bir irad irəli sürüləcəksə, cavabını verəcəyik. İstənilən beynəlxalq təşkilat gəlsin, bunu görsün, öz hesabatında bunu əks etdirsin, qınasın işğalçı dövləti və görsün ki, biz hansı bəlaya qarşı mübarizə aparmışıq, biz kimi qovmuşuq torpaqlarımızdan, rədd etmişik onları buradan. Görün şəhərlərimizi nə günə salıblar. Bir dənə də salamat bina yoxdur. Cəbrayıldan başlayaraq ta Qubadlıya qədər, Zəngilana qədər azad edilmiş torpaqlardan gəlmişəm. Bir dənə də salamat bina yoxdur. Bütün binalar sökülüb, dağıdılıb, kəndlərimizin adları dəyişdirilib, eybəcər adlar verilib, məscidimiz bax, bu günə düşüb. Cavabını verəcək Ermənistan, cavabını verəcək! Veribdir, qovmuşuq torpaqlarımızdan, məhv etmişik onları, onların ordusunu. Əminəm ki, bu görüntülərdən sonra bizə irad tutmağa çalışan “beynəlxalq məmurlar” öz dillərini qarınlarına qoyacaqlar. Biz isə bu məscidi bərpa edəcəyik və bizim vətəndaşlar gəlib burada ibadət edəcəklər, buradan azan səsi gələcək, bu torpaqlara həyat qayıdacaq.
x x x
Prezident İlham Əliyev: İndi isə Zəngilandan Bakıya qayıdırıq. Yolboyu Zəngilanın gözəl təbiətini seyr edirik. Görün, necə gözəl yerlərdir. Qubadlı, Zəngilan rayonlarında olarkən bir daha gördük ki, vəhşi düşmən bizim şəhər və kəndlərimizi nə günə qoyub. Otuz il ərzində işğal altında olan torpaqlar öz sahiblərinə qayıdıb. Biz qayıtmışıq. Düşməni məhv edərək, zəfər çalaraq qayıtmışıq. Bir müddət sonra bu bölgəyə həyat tam qayıdacaq, İnşallah.
İndi istiqamət Bakı şəhəridir. Çəkilişi aparan Mehriban xanıma da təşəkkürümü bildirirəm. Xahiş edirəm özünü də çəksin.
Birinci xanım Mehriban Əliyeva: Dərin hörmət və məhəbbətlə sizin Mehriban.
Prezident İlham Əliyev: Sağ olun, əziz bacı və qardaşlar. Qarabağ Azərbaycandır!
https://president.az/articles/49394
İlham Əliyev Füzuli rayonunda Füzuli-Şuşa yolunun və hava limanının təməlini qoyub, Şuşa şəhərində səfərdə olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoyub.
Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olublar.
Şuşaya gedərkən avtomobili özü idarə edən Prezident İlham Əliyev dedi:
-Səhər tezdən yola çıxmışıq. İstiqamət Şuşa şəhəridir.
Azad edilmiş torpaqlara keçirik. Şanlı Azərbaycan Ordusu bu istiqamətdən hücum edərək düşməni qova-qova torpaqlarımızdan çıxardı.
Füzuli rayonunun ermənilər tərəfindən dağıdılmış Qaraxanbəyli kəndi.
Füzuli-Şuşa yolunun yeni işlənmiş layihəsinə körpü və tunellərin inşası daxildir. Yəni, çətin relyefə malik olan ərazilərdə dolama yolların yerinə körpü və tunellərin tikintisi nəzərdə tutulur. Yeni yol Füzuli hava limanı ilə əlaqələndiriləcək və bu yoldan İsa bulağına yeni yol çəkiləcək.
Dövlətimizin başçısı və birinci xanım yolun təməlini qoydular.
Prezident İlham Əliyev: Füzuli-Şuşa yolunun təməlini qoyduq. İndi isə Füzuli hava limanının təməlini qoyacağıq və bu il hava limanının hər halda uçuş-enmə zolağı istifadəyə verilməlidir.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonunda beynəlxalq hava limanının təməlini qoydular.
Uçuş-enmə zolağının uzunluğu 2800 metr olacaq hava limanı beynəlxalq standartlara uyğun infrastrukturla təchiz ediləcək. Burada təyyarələrin qəbulu və yola salınması, sərnişinlərin rahatlığı üçün hər cür şərait yaradılacaq.
Prezident İlham Əliyev dedi:
– Bu gün yanvarın 14-də Füzuli Beynəlxalq Hava Limanının təməli qoyuldu. Mən hava limanının tikintisi ilə bağlı Azərbaycan xalqına məlumat vermişdim. Bu, azad edilmiş bölgələrimizin inkişafı üçün çox önəmli bir layihədir. Füzuli Beynəlxalq Hava Limanı bu il istifadəyə verilməlidir. Hər halda uçuş-enmə zolağı bu il istifadəyə verilməlidir. Hava limanının binası isə ola bilər bu il, ola bilər gələn il istifadəyə veriləcək. Bu hava limanının əsas məqsədi xarici qonaqların Şuşaya gəlişini təmin etməkdir. Çünki buradan Şuşaya olan məsafə o qədər də böyük deyil. Nəzərə alsaq ki, bu gün Füzuli-Şuşa dördzolaqlı və bəzi yerlərdə altızolaqlı yeni avtomobil yolunun təməli qoyulub, xarici qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gələrək, çox rahat və qısa müddət ərzində Şuşa şəhərinə gedə biləcəklər.
Şuşa şəhəri mənim tərəfimdən Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Şuşa şəhərinin bərpası və tarixi simasının özünə qaytarılması istiqamətində işlərə start verildi. Bütövlükdə müharibədən cəmi iki ay vaxt keçib, ancaq böyük quruculuq işlərinə start verildi. Azad edilmiş torpaqlarımızda ikinci beynəlxalq hava limanı Kəlbəcər və ya Laçın rayonlarının ərazisində inşa ediləcək. İndi yer seçilir və beləliklə, iki beynəlxalq hava limanının tikintisi yaxın zamanlarda təmin edilməlidir.
Böyük qayıdış başlayır, bütün işlərə start verildi. Əminəm, necə ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq, – cəmi 44 gün ərzində, – bizim tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik.
Qarabağ Azərbaycandır!
XXX
Daha sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşa şəhərinə yola düşdülər.
Prezident İlham Əliyev: Füzuli Beynəlxalq Hava Limanının təməlini qoyduq. Bu il Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilməlidir. Hər halda uçuş-enmə zolağı istifadəyə verilməlidir ki, bu ildən başlayaraq artıq vətəndaşlar, xarici vətəndaşlar və xaricdə yaşayan azərbaycanlılar Şuşaya təyyarə ilə rahat gələ bilsinlər. Bununla paralel olaraq, göstəriş verildi ki, Füzuli Beynəlxalq Hava Limanından beynəlxalq uçuşların təşkil edilməsi istiqamətində də işlərə başlanılsın. Eyni zamanda, Azərbaycanın digər şəhərlərindən – Lənkərandan, Naxçıvandan, Gəncədən buraya gəlib, Şuşaya rahat gedə bilərlər. İndi isə istiqamət Şuşa şəhəridir və yol boyunca əlavə məlumat veriləcəkdir.
Füzulidən Xocavənd rayonuna gedirik. Ondan sonra da Şuşa şəhərinə gedəcəyik. Qarşımızda gözəl mənzərə açılır, gözəl, vüqarlı dağlar, dağların başında qar, gözəl Azərbaycan diyarımızdayıq. Bu isə Şəkərcik kəndidir. Şəkərcik kəndi Füzuli şəhərinə bitişik olan kənddir. Füzuli şəhəri azad olunanda Şəkərcik uğrunda da şiddətli döyüşlər gedib. Baxın, düşmən işğal dövründə bütün bu əraziləri yerlə-yeksan edib. Biz artıq Füzuli şəhərində olmuşuq. O dəhşətli mənzərəni Azərbaycan xalqı görüb, bütün dünya görüb və görməlidir. Ona görə göstəriş verildi ki, xarici qonaqları Azərbaycana dəvət edib və bu bölgələrə gətirib, onlara erməni vəhşiliyi, əməlləri göstərilsin. Artıq bütün dünya görür ki, biz hansı vəhşi düşmənlə müharibə aparmışıq və hansı vəhşi düşməni məhv etmişik. Bu dağlar bizimdir.
Bura Xocavənd rayonunun Böyük Tağlar kəndinin ərazisidir. Baxın, bizim ölkəmiz necə də gözəldir. Bütün bu ərazini işğalçılardan qəhrəman Azərbaycan Ordusu azad edib.
Dövlətimizin başçısı, birinci xanım və qızları Leyla burada xatirə şəkli çəkdirdilər.
XXX
Prezident İlham Əliyev: Yolumuza davam edirik. Baxın, Günəş də çıxdı. Günəş də bizi salamlayır, yolumuzu işıqlandırır. Biz gedirik Şuşaya, azad edilmiş Şuşaya. Bu yolun tikintisi aparılır. Əminəm ki, ölkəmizin ən gözəl yollarından biri olacaq. Təbii ki, ən yüksək keyfiyyətlə tikiləcək. Eyni zamanda, mənzərəli yoldur, tarixi yoldur, Qələbəyə aparan yoldur.
Bu yol heç vaxt olmayıb. Qəhrəman hərbçilərimiz bu ərazilərdən keçib. Biz isə cəmi iki ay ərzində bu yolu açmışıq. Sonra, əlbəttə ki, yol genişləndiriləcək və asfalt döşənəcək. Azərbaycan vətəndaşları Şuşaya rahat gedəcəklər.
Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşa şəhərinə gəldilər.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı.
Dövlətimizin başçısı hərbçilərlə görüşdü və çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı
-Əziz hərbçilər, noyabrın 8-i xalqımızın tarixində əbədi qalacaq. Noyabrın 8-də qədim Şuşa şəhərimizi düşməndən azad edərək Azərbaycan parlaq qələbə qazandı. Şuşanın işğaldan azad edilməsi böyük qəhrəmanlıq, peşəkarlıq, milli ruh tələb edirdi. Azərbaycan hərbçiləri bütün bu ülvi xüsusiyyətləri nümayiş etdirmişdir.
Mən Şuşaya Qələbə yolu ilə gəlmişəm. O yol indi açılıbdır, yol yox idi. Dağlardan, meşələrdən, dərələrdən keçərək, onlarla kilometr məsafəni qət edərək qəhrəman Azərbaycan hərbçiləri yol boyunca kəndləri, qəsəbələri düşməndən azad edib, Şuşa şəhərinə yaxınlaşıb, Daşaltı kəndini azad edib və ondan sonra Şuşanı işğalçılardan azad edib.
Əminəm ki, Şuşa əməliyyatı aparıcı beynəlxalq hərbi məktəblərin dərsliklərinə salınacaqdır. Artıq məndə məlumat var ki, inkişaf etmiş bir çox ölkələrin mütəxəssisləri 44 günlük Vətən müharibəsinin hər bir gününü təhlil edirlər. Çünki 44 günlük müharibənin hər bir günü qələbə, zəfər günüdür. Şuşanın işğaldan azad edilməsi düşmənə vurulan ən böyük zərbə idi. Çünki düşmən hesab edirdi ki, Şuşanı azad etmək mümkün deyil və yəqin ki, müəyyən dərəcədə haqlı idi. Çünki Pənahəli xan bu şəhəri elə salmışdır ki, hər tərəfdən sıldırım qayalar və təbii landşaft Şuşanı mühafizə edir. 1992-ci ilin mayında o vaxtkı Azərbaycan rəhbərliyinin və hakimiyyət uğrunda mübarizə aparan AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa işğal altına düşdü. O vaxt ermənilər öz dırnaqarası əməliyyatına bir ad vermişdilər – dağlarda toy. Halbuki heç əməliyyat da keçirilməmişdi. Şuşa şəhəri boşaldılmışdı. O vaxtkı müdafiə naziri demişdi ki, Şuşa əldən getsə, başıma güllə çaxacağam, qorxaqcasına Şuşadan qaçmışdı. Ondan sonra isə ermənilər guya bu əməliyyat haqqında əfsanələr uydurmuşdular – dağlarda toy. İndi biz onlara elə toy tutmuşuq ki, onlar bu dərsi əbədi yadda saxlayacaqlar. Qəhrəman Azərbaycan övladları mükəmməl hərbi əməliyyat keçirərək cəsarət, rəşadət, qəhrəmanlıq, güc, milli ruh nümayiş etdirərək Şuşanı işğalçılardan azad etmişlər və uzun fasilədən sonra noyabrın 8-də Şuşada Azərbaycan bayrağı qaldırılmışdır.
Bakıda möhtəşəm Dövlət Bayrağı Meydanı açılanda mən çıxış edərkən demişdim ki, gün gələcək və Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada qaldırılacaqdır. Bax, bu gün gəldi. Xatırlayıram, erməni separatçı rejiminin bəzi dırnaqarası nümayəndələri o vaxt demişdilər ki, ancaq bir halda Azərbaycan bayrağı Şuşada qaldırıla bilər, o da əgər Azərbaycan “Dağlıq Qarabağ respublikası”nı tanısa və Azərbaycan Dağlıq Qarabağda öz səfirliyini açsa. Görün, nə qədər iyrənc, nə qədər təkəbbürlü ifadələr işlədilib. İndi siçan kimi oturublar, dillərini qoyublar qarınlarına. Bir kəlmə də söz deyə bilmirlər. Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Döyüşə-döyüşə gəlmişik. Heç kim bu torpaqları bizə elə-belə verməyib. Heç bir danışıqlar heç bir əhəmiyyətə malik deyildi. Biz gördük ki, ancaq öz gücümüzlə öz torpaqlarımızı azad etməliyik və bunu etdik. Bütün dünyaya gücümüzü sübut etdik, göstərdik, düşmənin başını əzdik. Düşməni məcbur etdik ki, qabağımızda diz çöksün, kapitulyasiya aktına imza atsın. Belə də oldu və alçaldıcı kapitulyasiya aktı tarixdə əbədi qalacaq. Bütün dünya bizim Qələbəmizdən danışır. Bütün dünyanın aparıcı media orqanları Azərbaycanın parlaq qələbəsi haqqında yazırlar, reportajlar hazırlayırlar. İndi analitik məqalələr dərc edilir, kitablar da yazılacaq.
Bizim şanlı Ordumuzun 44 günlük müharibəsi XXI əsrin müharibəsidir. Biz bu müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik. Mən dəfələrlə demişdim ki, o cümlədən hərbçilərlə görüşlərimdə, çoxsaylı görüşlərimdə, əgər düşmən torpaqlarımızdan öz xoşu ilə çıxmasa, məcbur edəcəyik onları, qovacağıq torpaqlarımızdan, güc amili öz rolunu oynayacaqdır və belə də oldu, 44 günlük müharibənin hər bir günü zəfər günü idi. Hər gün biz qabağa gedirdik. Bir gün belə geri addım atmadıq. Bu, müharibələrdə çox nadir hallarda müşahidə edilən bir mənzərədir. Müharibələrdə hücumlar olur, geriyə çəkilmə olur, manevrlər olur, biz isə hər gün qabağa gedirdik. Hər həftə onlarla yaşayış məntəqəsini işğalçılardan azad edirdik. Nəticədə düşmənə sarsıdıcı zərbələr endirərək 300-dən çox yaşayış məntəqəsini və Şuşanı azad etdik. Onları məcbur etdik və cəmi 20 gün ərzində Ağdam, Laçın və Kəlbəcər rayonlarından qoşunlarını çıxardılar, rədd oldular bizim torpaqlarımızdan və biz qayıtmışıq. Müharibə başlayan gündən mən deyirdim ki, rədd olun bizim torpağımızdan, dərhal öhdəlik götürün. Özü də demişdim ki, bu öhdəliyi Ermənistan rəhbərliyi götürməlidir, deməlidir, tarix verməlidir ki, filan tarixdə mən torpaqlardan çıxıram, mən də müharibəni dayandırıram. Əks-təqdirdə, sona qədər gedəcəyik. Bütün təzyiqlərə, bütün telefon zənglərinə, bütün təhdidlərə baxmayaraq, dedim ki, sona qədər gedəcəyik, düşməni torpaqlarımızdan qovacağıq. Etdik də, getdik də, qovduq da və düşmən məcbur olub noyabrın 10-da kapitulyasiya aktını imzaladı və beləliklə müharibəyə son qoyuldu.
Bu müharibə bizim tariximizdə əbədi yaşayacaq. Bu müharibəni biz şəhidlərimizin canı, qanı bahasına, hərbçilərimizin şücaəti hesabına qazanmışıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Allah onların yaxınlarına səbir versin! Bütün şəhid ailələri dövlət tərəfindən qayğı ilə əhatə olunub. Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcəkdir. Artıq bu ildən başlayaraq göstəriş verildi. Şəhid ailələri üçün müavinət 300 manatdan 500 manata qaldırıldı və daim o ailələr diqqət mərkəzində olacaqlar. Birinci Qarabağ müharibəsində həlak olmuş 9 min şəhidin ailəsinə dövlət artıq mənzillər, evlər vermişdir. Yaralı hərbçilərimiz dövlət tərəfindən qayğı ilə əhatə olunub. Əlil olmuş hərbçilərin reabilitasiyası, onların müasir protezlərlə təmin edilməsi məsələsi öz həllini tapacaq. Müharibədə qəhrəmanlıq göstərmiş minlərlə hərbçi mənim tərəfimdən yüksək orden və medallarla təltif edilib. “Vətən Müharibəsi Ordeni” Azərbaycanın ən ali hərbi ordenidir. “Zəfər” ordeni, “Qarabağ” ordeni. Bütün bu ordenlərin adlarını mən özüm təklif etmişəm. Qəsəbələrimizin, şəhərlərimizin azad edilməsi işində fərqlənmiş hərbçilərə o rayonların adlarını daşıyan medallar verilib. Ordumuz Şuşaya qədər qələbə yolu ilə, uğurla gedərək Cəbrayıl, Füzuli, Xocavənd rayonlarını, Suqovuşan, Hadrut qəsəbələrini, Murovdağ silsiləsini, Laçın rayonunun cənub hissəsini, Qubadlı, Zəngilan rayonlarını azad edib və noyabrın 8-də Şuşa şəhərini azad edib. Noyabrın 9-da düşmən təslim olub, ağ bayraq qaldırıb, diz çöküb və öz məğlubiyyətini etiraf edib.
Biz qalib xalqıq. Mən Şuşaya son dəfə 39 il bundan əvvəl gəlmişəm. 39 il bundan əvvəl iki dəfə gəlmişəm və birinci dəfə yanvarın 14-də gəlmişəm. Bax, bu gün, yanvarın 14-də yenə də buradayıq. Bu dəfə müzəffər Azərbaycan Ordusunun, qalib Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi gəlmişəm. Düşmənin belini qıran Ordunun Ali Baş Komandanı kimi gəlmişəm və burada müqəddəs bayrağın altında, qəhrəman hərbçilərin önündə deyirəm ki, biz bu torpaqlarda əbədi yaşayacağıq! Biz Şuşanı və dağıdılmış bütün başqa şəhər və kəndlərimizi bərpa edəcəyik. Dağıdılmış bütün tarixi abidələrimizi bərpa edəcəyik. Ermənistan saxtakarlıq edərək bütün dünyaya Şuşa haqqında uydurmalar çatdırırdı ki, guya Şuşa onların qədim şəhəridir. Pənahəli xanın saldığı şəhər necə erməni şəhəri ola bilər?! Axı, bu, yaxın tarixin işidir, hadisələridir. Əgər onlar bu şəhəri öz şəhəri hesab edirdilərsə, nə üçün belə bərbad vəziyyətə qoydular, nə üçün bütün binaları dağıtdılar? Görün, nə gündədir bu şəhər?! Daş üstə daş qalmayıb 30 il ərzində, ancaq özləri üçün villalar tikdiriblər, özləri üçün şərait yaradıblar.
Biz bu şəhəri bərpa edəcəyik. Mənim göstərişimlə böyük bir qrup ezam edildi, bütün təhlil aparıldı. Dünən mənə ilk dəfə olaraq məruzə edildi, artıq müvafiq göstərişlər verilibdir. Yaxın zamanlarda biz Şuşanın bərpasını planlı şəkildə təmin edəcəyik. Əlbəttə ki, bundan sonra biz Şuşanı göz bəbəyi kimi qorumalıyıq. Bizim hərbçilərimiz, bizim qəhrəman övladlarımız Şuşanı qoruyacaqlar ki, düşmən heç bu tərəfə baxmağa özündə cəsarət tapmasın. Mən demişəm ki, əgər kimsə Ermənistanda revanş haqqında düşünürsə, o, bizim dəmir yumruğumuzu bir daha görəcək. Bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi. Əgər bizə qarşı hər hansı bir təxribat törədilərsə, cavabımız çox sərt olacaq, çox peşman olacaqlar və yenə də acı məğlubiyyətlə üzləşəcəklər. Heç kim bizim qabağımızda dura bilməz. Bundan sonra həmişə belə olacaq. Azərbaycan Ordusu, xüsusi təyinatlılar, bizim qəhrəman övladlarımız, hərbi birləşmələrin döyüşçüləri Şuşanı və azad edilmiş bütün torpaqları göz bəbəyi kimi qorumalıdırlar ki, düşmən bir daha belə cəhd etməsin. Cəhd edərsə, axırı lap pis olacaq.
Noyabrın 8-də Şəhidlər xiyabanında Azərbaycan xalqına Şuşanın azad edilməsi müjdəsini verərkən çıxışımın sonunda demişdim: Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Bu gün eyni sözləri təkrarlayıram. Şuşa bizimdir! Qarabağ Azərbaycandır!
XXX
Hərbçilərlə xatirə şəkli çəkdirildi.
XXX
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşa şəhərindəki Saatlı məscidini ziyarət etdilər.
Dövlətimizin başçısı məscidə “Qurani-Şərif” hədiyyə etdi.
Prezident İlham Əliyev dedi:
-Saatlı məscidini ziyarət etdik, dualarımızı etdik, Məkkədən gətirilmiş “Qurani-Şərif”i Saatlı məscidinə hədiyyə etdim. Sonra Aşağı Gövhərağa, Yuxarı Gövhərağa məscidlərində olacağıq. Oraya da müqəddəs Məkkədən gətirdiyim “Qurani-Şərif”i bağışlayacağam. Düşmən bizim azad edilmiş torpaqlardakı dini abidələrimizi işğal dövründə məhv edib, 67 məscidi dağıdıb, yaxud da ki, belə yararsız vəziyyətə salıb. Şuşa işğaldan azad olunandan sonra bizim vətəndaşlar əl gəzdirib, məscidi təmizləyib və müəyyən təmir işlərini görüblər. Ancaq, əlbəttə ki, məscidin əsaslı təmiri bundan sonra aparılacaq, bütün müvafiq göstərişlər verilib, Heydər Əliyev Fondu bu missiyanı öz üzərinə götürüb. Mehriban xanım bu barədə açıqlama verib və biz bütün tarixi-dini abidələrimizi bərpa edəcəyik.
Bildirməliyəm ki, ziyarət etdiyim Ağdam Cümə məscidinin əsaslı təmiri və bərpası işlərinə start verildi. Artıq mütəxəssislər oraya ezam edildi və yaxın zamanlarda təmirlə bağlı təkliflər veriləcək. Eyni zamanda, Şuşa şəhərinin məscidləri də bərpa ediləcək. Minarənin dağıdılması düşmənin islamofob xislətini göstərir. Ermənistan daim çalışır ki, müsəlman ölkələri ilə münasibətlər qursun, bəzi ölkələrlə münasibətləri inkişaf etdirsin, özünü sanki müsəlman xalqlarına müsbət münasibət bəsləyən bir ölkə kimi qələmə versin. Hamısı yalandır. Əgər buna kimsə bu günə qədər inanıbsa, gəlsin Şuşaya, Ağdama, Füzuliyə, Cəbrayıla, bizim azad edilmiş digər torpaqlara, görsün ki, Ermənistan rəhbərliyi nə günə salıb müsəlman məscidlərini. Hər bir müsəlman üçün müqəddəs olan məbədlərimizi nə günə salıb. Dağıdıb, təhqir edib, donuz saxlayıb, inək saxlayıb, məscidlərimizin üzərində təhqiramiz ifadələr yazdırıb. Belə bir ölkə müsəlman ölkələri ilə dost ola bilərmi? Əlbəttə ki, yox. Mən bunu dəfələrlə bütün beynəlxalq kürsülərdən bəyan edirdim, müsəlman ölkələrinin liderlərinə müraciət edərək həm ikitərəfli formatda, həm çoxtərəfli görüşlər əsnasında, beynəlxalq tədbirlərdə deyirdim ki, Ermənistan müsəlman ölkələri üçün dost ola bilməz, məscidləri bu günə qoyan ölkə müsəlman ölkələri ilə dost ola bilməz. Bu, riyakarlıqdır və Ermənistanı dost ölkə kimi qəbul etmək də riyakarlıqdır, Allahsızlıqdır. Bunu dağıdanla müsəlman ölkələrinin liderləri necə dost ola bilərlər? Cavab versinlər buna. Mənə yox, öz xalqlarına cavab versinlər. Məscidləri dağıdan, oraya inək salan müsəlman ölkələri ilə dost ola bilər? Qoy, onların xalqları buna cavab versinlər.
Biz bütün dinlərin məbədlərini qoruyuruq və qoruyacağıq. Heç kimdə şübhə olmasın. Artıq bunu müstəqillik tarixi də göstərib, müstəqillikdən əvvəlki tarix də göstərib. Bütün dinlərin abidələri bizdə qorunur – kilsələr, sinaqoqlar, o cümlədən erməni kilsəsi Bakının mərkəzində dövlət tərəfindən qorunur, təmir edilib. Onlar nə ediblər? Mən Zəngilanda olarkən dağıdılmış, divarları qalmış məscidin önündəki çıxışımda Azərbaycan xalqına müraciət edərək dedim onlar nə ediblər, beynəlxalq təşkilatlara müraciət edərək dedim ki, gəlin baxın, hesabatı burada hazırlayın, öz kabinetlərinizdə yox. Ermənistan rəhbərliyinin və onun havadarlarının yalan məlumatlarına inanmayın, gəlin, öz gözlərinizlə baxın nə günə salıblar bizim məscidlərimizi. Sadəcə olaraq, onlar görüntü yaratmaq üçün Yuxarı Gövhərağa məscidini guya bir xarici şirkətlə birlikdə təmir etdiriblər. Bu təmir bizə lazım deyil. Bu təmir riyakarlıq rəmzidir, sadəcə olaraq, görüntü yaratmaqdır ki, guya Ermənistan rəhbərliyi məscidləri təmir etdirir. Əfsuslar olsun ki, bir ölkənin şirkəti bu çirkin əməllərdə onlarla şərik olub. Əlbəttə ki, Yuxarı Gövhərağa məscidinin təmiri qəbuledilməzdir. Çünki bizim icazəmiz olmadan, qanunsuz olaraq torpaqlarımıza gəlib, orada aylarla oturub, Ermənistanın kriminal xunta rejimi ilə əlbir olub bu məscidi guya təmir ediblər. Bizə belə təmir lazım deyil və heç kimi aldatmasın, heç kim bu yalana uymasın. Biz bütün məscidlərimizi yenidən təmir etdirəcəyik, yenidən bərpa edəcəyik və bütün dünya görməlidir ki, mənfur düşmən bizim müqəddəs məbədlərimizi nə günə salıb.
Şuşa işğaldan azad olunandan sonra şəhərin, bütün tarixi binaların bərpa edilməsi prosesinə start verilib. Şuşanı erməniləşdirmə cəhdlərinə son qoyulub. Otuz il onlar çalışırdılar ki, Şuşanı erməniləşdirsinlər, nail ola bilmədilər. Bu, onlar üçün yad şəhərdir, öz şəhəri saysaydılar, bu günə qoymazdılar. Şuşanın əsl sahibləri qayıdıb, biz qayıtmışıq. Şuşa bizimdir! Qarabağ Azərbaycandır!
XXX
Ermənistanın Azərbaycan torpaqlarını, o cümlədən Şuşanı işğal etməsi nəticəsində tarixi, mədəni abidələrimiz dağıdılıb, ev muzeyləri qarət edilib. Onların arasında Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şuşadakı büstləri də var. Güllələnmiş bu büstlər erməni vandalizminin şahidləridir. Prezident İlham Əliyev çıxışlarının birində demişdi ki, ərazi bütövlüyümüz bərpa ediləndən sonra Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin büstləri yenə də Şuşada qoyulacaq. Dövlətimizin başçısının bu sözləri artıq reallığa çevrilib. Həmin dahi şəxsiyyətlərin büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyulub.
Bununla bağlı keçirilən tədbirdə çıxış edən Prezident İlham Əliyev dedi:
-Bu gün Şuşaya gələrkən 30 ilə yaxın Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılan dahi şəxsiyyətlərimizin – Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini gətirmişəm. Bu yerdə Mədəniyyət Evi yerləşirdi və Üzeyir bəyin, Bülbülün büstləri məhz bu yerdə qoyulmuşdu. Mənfur düşmən Şuşa Mədəniyyət Evini dağıdıb və dahi şəxsiyyətlərimizin büstlərini gülləbaran edib.
Xurşidbanu Natəvanın büstünü Heydər Əliyev özü şəxsən açmışdır, 1982-ci ilin yay aylarında. Mən də o vaxt atamla birlikdə burada idim. Bax, buradan bir qədər aralı bir yerdə Xurşidbanu Natəvanın büstü qoyulmuşdu. Ermənilər dahi şəxsiyyətlərimizin büstlərini təhqir edəndən sonra onları əridib satmaq, pul əldə etmək üçün Ermənistana aparmışdılar. Görün nə qədər alçaq keyfiyyətli insan olmalısan ki, tarixi şəxsiyyətlərin xatirə büstlərini güllə ilə vurasan, təhqir edəsən, sonra aparıb bunu əritmək istəyəsən. O vaxt Polad Bülbüloğlu bundan xəbər tutmuş və ulu öndər Heydər Əliyevə müraciət etmişdi. Görülmüş tədbirlər nəticəsində bu büstlər ermənilərdən alındı. Onu da açıq deməliyəm, pulla alındı. Satdılar onlar. Necə ki, hər şeyi satıblar ömrü boyu. Büstləri də biz pulla almışıq. O vaxt gətizdirdik və onlar İncəsənət Muzeyinin həyətində yerləşdirildi.
Sonra müxtəlif vaxtlarda bəzi insanlar mənə müraciət etmişdilər ki, bəlkə bu büstləri Bakının hər hansı bir yerində qoyaq, orada olsun. Dedim ki, yox. Onları biz ancaq Şuşanı düşməndən azad edəndən sonra gətirib öz yerlərində qoyacağıq və öz yerlərində də qoyduq.
Dahi şəxsiyyətlərimizin büstləri bizim Qələbəmizin rəmzidir. Onların ruhu şaddır. Onlar doğma Vətənə qayıdıblar. Biz qaytarmışıq onları, düşməni qova-qova, düşməni məhv edərək, torpaqlarımızdan rədd edərək, Şuşanı geri alaraq, azad edərək qaytarmışıq. Burada duracaq, Şuşaya gələn hər bir insan yaxından görəcək erməni vəhşiliyini.
Tarixi ədalət bərpa olunur. Biz tarixi ədaləti bərpa edirik – güc hesabına, əzm, iradə hesabına, cəsarət, mətanət hesabına, milli ruh hesabına! Natəvan, Üzeyir bəy, Bülbül milli ruhumuzun təcəssümüdür. Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayıb və əbədi yaşayacaqdır. Qarabağ Azərbaycandır!
XXX
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva keçmiş Şuşa Rayon Partiya Komitəsinin binasında oldular.
Prezident İlham Əliyev: Mənfur düşmən burada özü üçün “meriya” adlı bir qurum yaratmışdı. Bu, Şuşa şəhərinin xunta başçısının qəbul otağı olub. Bu da keçmiş, batmış, gorbagor olmuş qondarma “Dağlıq Qarabağ respublikası”nın “Şuşi” şəhərinin “icra başçısı”nın otağı idi. “Şuşi” yox, Şuşa. Unutmasınlar, dəmir yumruq yerindədir. Bu otaqda isə quldurlar istirahət ediblər. Bu da onların kitablarıdır, baxın. Bunların yeri zibilxanadır. Hamısı muzey eksponatları olacaq. Kondisioneri söküb aparıblar. Şuşadan qaçanda o qaça-qaçda vaxt tapıb kondisioneri də aparıb oğrular. Buradan meydana mənzərə açılır. Sınmış şüşələr, eyni zamanda, büstlər də buradan görünür.
XXX
Ermənilər Şuşanı tərk edərkən inzibati binalarda da kütləvi oğurluq və talançılığa yol veriblər. Məsələn, bu binadakı bütün kondisionerlər və istilik sistemi avadanlıqlarını söküb aparıblar. Bu, şübhəsiz ki, acgözlüyün, amma həm də oğru xislətinin təzahürüdür. Bu, həm də 30 illik işğal dövründə Azərbaycan xalqının mədəniyyətini vandalizmə məruz qoyanların rəzil aqibətinin göstəricisidir.
XXX
Dövlətimizin başçısı, birinci xanım və qızları Leyla Natəvan bulağı ilə tanış oldular.
Prezident İlham Əliyev: 1982-ci ildə atamla birlikdə burada idik, Natəvan bulağının önündə. 39 ildən sonra müzəffər ordunun Ali Baş Komandanı kimi qayıtmışam. Şuşa yenə bizimdir! Şuşa yenə Azərbaycandır!
Dövlətimizin başçısı Şuşa şəhərinin su və elektrik enerjisi təchizatı ilə maraqlandı.
Bildirildi ki, indi şəhər su ilə də, işıqla da normal şəkildə təchiz olunur.
Prezident İlham Əliyev sovet dövründə uşaq sanatoriyası kimi fəaliyyət göstərən, işğaldan sonra ermənilər tərəfindən dağıdılan Natəvan sarayının xan qızının evi kimi bərpa ediləcəyini bildirdi.
Dövlətimizin başçısı və ailə üzləri Natəvan sarayının önündə xatirə şəkli çəkdirdilər.
XXX
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Bülbülün dağıdılmış ev-muzeyinə də baxdılar.
Bülbülün dağıdılmış büstünü göstərən Prezident İlham Əliyev dedi:
-Ermənilərin növbəti vandallığı, növbəti düşmənçiliyi. Görün, dahi Bülbülün büstünü, evini nə günə qoyublar. Cavabını artıqlaması ilə alıblar. Biz onların cavabını döyüş meydanında verdik, bütün şəhidlərimizin qisasını aldıq, onların qanları yerdə qalmadı. Xocalı soyqırımını, mədəni soyqırımı törədən mənfur düşmən döyüş meydanında məğlub oldu, məhv oldu. Əminəm ki, Polad gəlib atasının evini bərpa edəcəkdir.
XXX
Dövlətimizin başçısı, birinci xanım və qızları Leyla Aşağı Gövhərağa və Yuxarı Gövhərağa məscidlərini də ziyarət etdilər.
Prezident İlham Əliyev bu məscidlərə də “Qurani-Şərif” bağışladı.
XXX
Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşadakı Qazançı kilsəsində oldular.
XXX
Şuşa şəhərində erməni vandalizminə məruz qalan abidələrdən biri də XVIII əsrdə yaşamış Azərbaycan şairi və ictimai-siyasi xadim, Qarabağ xanının vəziri olmuş Molla Pənah Vaqifin muzey-məqbərə kompleksidir. Ümummilli lider Heydər Əliyevin iştirakı ilə 1982-ci ildə Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin açılışı olub.
Şuşa şəhərinin məşhur yerində – Cıdır düzünə yaxın bir ərazidə böyük şairin məzarı üstündə inşa edilən məqbərə dördkünc quruluşa malikdir və mərmərlə bəzədilmişdi. Burada Vaqifin Şuşa həyatını əks etdirən dövrə aid səksənə yaxın eksponat da sərgilənirdi. 1992-ci ilin may ayında Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa şəhərinin işğal edilməsi nəticəsində kompleksin binası və burada sərgilənən eksponatlar məhv edilib.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva vaxtilə Molla Pənah Vaqifin büstünün olduğu yerə gəldilər.
Prezident İlham Əliyev: Bu da tarixi şəkildir. Heydər Əliyev Vaqifin büstünün önündə. Şəkildə məscidin minarələri də görünür. Vaqifin büstü ermənilər tərəfindən dağıdılıb. Onun yerində belə bir eybəcər dükan tikiblər. Bu, erməni vandalizminin növbəti təzahürüdür, növbəti cinayətdir.
Dövlətimizin başçısı və ailə üzvləri Vaqifin dağıdılmış məqbərəsinə baxdılar.
Məqbərənin qarşısında çıxış edən Prezident İlham Əliyev dedi:
– Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmiş Molla Pənah Vaqifin məqbərəsinin düz 39 il bundan əvvəl – 1982-ci il yanvarın 14-də açılışı olmuşdur. Bu tarixi gün mənim yadımdadır. Çünki o vaxt atamla bərabər, bax, bu yerdə mən də durmuşdum. Bu, tarixi videokadrlar da var. Çox şaxtalı, qarlı bir hava idi. Möhkəm qar yağırdı. Amma buna baxmayaraq, bu tədbirə yığışmış insanlar, Azərbaycan ziyalıları heç o soyuğu hiss etmirdilər. Çünki Qarabağ xanının vəziri olan Molla Pənah Vaqifin möhtəşəm məqbərəsi açılırdı. Bu təşəbbüsü ulu öndər Heydər Əliyev irəli sürmüşdü, onun rəhbərliyi ilə inşaat işləri aparılmışdı və gözəl, əzəmətli məqbərə ucaldılmışdı.
Xanın vəziri olan insanın şərəfinə o vaxt – sovet dövründə məqbərə ucaltmaq qeyri-adi bir hadisə idi. İndi buna hər kəs təbii hadisə kimi baxa bilər, amma o vaxt – sosializm dövründə xanın vəzirinin şərəfinə məqbərə ucaltmaq doğrudan da fövqəladə bir hadisə idi. Məhz Heydər Əliyevin təkidi və cəsarəti nəticəsində o vaxt Azərbaycan buna nail ola bildi və bu yer də təsadüfən seçilmədi. Molla Pənah Vaqifin qəbri buradadır. Bu məqbərənin yaradılması və açılışı bir tərəfdən Azərbaycan Respublikasının öz tarixinə, Azərbaycan xalqının öz dahi şəxsiyyətlərinə olan hörmətin əlaməti idi. Digər tərəfdən bu məqbərənin Şuşada açılması bir daha təsdiq edirdi ki, Şuşa Azərbaycan şəhəridir.
Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılanda Şuşanı bu vilayətin tərkibinə salmaqla güdülən məqsəd də aydın idi ki, yavaş-yavaş, tədricən burada Azərbaycan izi silinsin, bu ərazi erməniləşdirilsin və azərbaycanlılar öz respublikasının bu ərazisində azlıq təşkil etsinlər. Məqsəd bu idi. Ulu öndər Heydər Əliyevin dövründə – 1969-1982-ci illərdə onun səyləri nəticəsində, siyasəti nəticəsində, o cümlədən Yevlaxdan, Ağdamdan Xankəndiyə dəmir yolunun çəkilişi, Dağlıq Qarabağda müəssisələrin yaradılması və bu müəssisələrə Azərbaycanın müxtəlif yerlərindən mütəxəssislərin gəlməsi burada milli tərkibin Azərbaycan xalqının xeyrinə xeyli dəyişmişdi və 1982-ci ildə azərbaycanlılar Dağlıq Qarabağ Muxtar Vilayətində əhalinin 25 faizini təşkil edirdi. Əgər o vaxt Heydər Əliyev Azərbaycanda qalsaydı, növbəti 10 il ərzində Dağlıq Qarabağ Muxtar Vilayətində azərbaycanlılar əksəriyyət təşkil edəcəkdilər və beləliklə, heç vaxt burada hər hansı bir münaqişə, yaxud da ki, separatizm meydana çıxa bilməzdi, separatizm baş qaldıra bilməzdi.
Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı, doğma ədəbiyyatına, mədəniyyətinə olan sevgisi, bax, bu məqbərənin tikintisində özünü göstərib. Bir daha demək istəyirəm ki, sovet rəsmi ideologiyasında xanlıqlar antimilli qurum kimi qələmə verilirdi, xanlar ictimaiyyətə düşmən kimi təqdim edilirdi. Sovet dövlətinin rəsmi ideologiyası elə idi ki, sanki Azərbaycan ərazisində mövcud olan xanlıqlar insanları yalnız istismar edirdi. Azərbaycan xalqı sanki gözləyirdi ki, bu xanlıqlar ləğv edilsin və sovet hakimiyyəti yaradılsın. Təbii ki, bu, cəfəngiyatdır, Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşamışdır. Əfsuslar olsun ki, tariximizin böyük əksəriyyəti müstəmləkəçilik formatında keçib. Biz başqa dövlətlərin tərkibində yaşamışıq. Bizi buna məcbur ediblər, zorla, öz xoşumuzla yox.
Ulu Öndər sovet dövründə də milli ruhun yüksək səviyyədə olması üçün çox böyük işlər görürdü. Bu məqbərənin açılışı tarixi hadisə idi. Mən o günü çox yaxşı xatırlayıram. Mən təxminən orada, kənarda durmuşdum, burada atam və görkəmli mədəniyyət xadimləri. Yadımdadır, Azərbaycan və erməni şairləri şeirlər deyirdilər. Hətta erməni şairləri Azərbaycan dilində şeirlər deyirdilər. Bu, bir dostluq bayramı, dostluq tədbiri idi və heç kimin ağlına gələ bilməzdi ki, bir neçə ildən sonra burada separatizm baş qaldıracaq, Ermənistan Azərbaycana qarşı təcavüz edəcək, bizim tarixi şəhərimizi əlimizdən alacaqlar, tarixi abidələrimizi, məscidlərimizi, bu məqbərəni bu günə salacaqlar, Azərbaycan xalqının çoxəsrlik irsini Qarabağ diyarından silməyə çalışacaqlar. Heç kimin ağlına gələ bilməzdi. Mən dəfələrlə demişəm və bir daha deyirəm, əgər Heydər Əliyev 1982-ci ildə Bakıdan Moskvaya getməsəydi, əgər onu Moskvaya təyin etməsəydilər, heç vaxt imkan verməzdi ki, burada separatizm baş qaldırsın, heç vaxt. Ancaq Heydər Əliyev hakimiyyətə gələndə artıq Şuşa işğal altında idi, Kəlbəcər işğal altında idi, Laçın işğal altında idi, Daşaltı işğal altında idi, bütün ətraf bölgələr işğal altında idi və Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaradılmışdı.
Xalq Cəbhəsi-Müsavat hakimiyyəti bunun günahkarıdır. Onlar bu xəyanəti törətdilər, ondan sonra da qorxaqcasına qaçıb gizləndilər, fərarilik etdilər, Şuşanı satdılar. Şuşa kimi alınmaz qalanı düşmənə təslim etdilər ki, Azərbaycandakı o vaxtkı hakimiyyəti yıxsınlar və hakimiyyətə gəlsinlər. Belə də oldu. Şuşanın əldən getməsi o vaxtkı hakimiyyətin süqutuna gətirib çıxardı. Xalq Cəbhəsi bundan istifadə edib Şuşa əldən gedəndən sonra və Laçın düşmənə təhvil veriləndən sonra hakimiyyətə gəldi. Hər kəs bu tarixi görə bilər, bu, yaxın tarixdir. Xalq Cəbhəsi-Müsavat ancaq hakimiyyətə gəlmək üçün xəyanət, satqınlıq, cinayət törədib. Sonra nə edib? Sonra da Azərbaycanda talançılığı dövlət siyasətinə çevirib, rüşvətxorluğu öz ideoloji prinsipi elan edib, satqınlığı, fərariliyi Azərbaycan xalqının tarixinə bir ləkə kimi yapışdırıb. Xalq Cəbhəsi-Müsavat satqınları xalqımızı dünyanın gözü qarşısında rəzil etmişlər, biabır etmişlər. Ermənistan kim idi ki, biz onlara məğlub olaq? Kim idi? Xalq Cəbhəsi-Müsavat, antimilli ünsürlər Şuşanı düşmənə verdilər, özləri də qaçıb gizləndilər.
Ondan sonra erməni vandalları bizim bütün şəhərlərimizi yerlə-yeksan etdilər. İndi azad edilmiş torpaqlarda olarkən bunu öz gözümlə görürəm və bütün dünya görməlidir. Məscidlərimizi, qəbirlərimizi, tarixi abidələrimizi, bütün binalarımızı yerlə bir ediblər. Bu məqbərəni də yadelli düşmənlər dağıdıblar. Məqbərənin bu hissəsində naxışlar var idi, indi tarixi şəkillər var, hamısı sökülüb talan edilib, məqbərə dağıdılıb.
Onların ürəyində nə qədər düşmənçilik hissi olmalı idi ki, bax, bu vəhşiliyi törətsinlər. Bunu törədən Sarkisyan-Koçaryan cütlüyüdür. Bizim şəhərlərimizi bu günə salan Sarkisyan-Koçaryan cütlüyüdür. Quldurları, Xocalı cəlladlarını, özündən yalançı qəhrəman düzəldənləri biz məhv etmişik. Onların ordusunu biz məhv etmişik. Şuşanı onların ordusunun əlindən biz geri almışıq, qəhrəmanlıq göstərərək, sıldırım qayalardan qalxaraq. Yüngül silahlarla, bıçaqlarla toplara, tanklara qarşı vuruşaraq məhv etdik onların ordusunu. Harada idilər onlar? Qaçıb gizlənmişdilər İrəvanda. Biri burnunu soxmuşdu buraya. Amma beş gündən sonra dovşan kimi buradan qaçdı. O birisi, ümumiyyətlə, heç səsini çıxarmırdı. Üçüncüsü də var, müharibə cinayətkarı – Ohanyan, özü də burada doğulub, bizim torpağımızda. Müharibə dövründə guya Şuşanı müdafiə etməyə gəlmişdi. İti qovan kimi qovduq onu. İndi yenə sülənir Ermənistanda. Ağzını açıb çirkin sözlər deyir. Bizə sataşanın aqibəti nə oldu, onu hər kəs gördü. Heç kim unutmasın bu dəmir yumruğu. Düşmənin belini qırdıq. Lazım olarsa, bir daha qırarıq. Koçaryan-Sarkisyan, Azərbaycan xalqının düşmənləri, siz buranı bu günə saldınız. Mən müzəffər Ordunun Baş Komandanı kimi gəlmişəm və burada durmuşam, öz torpağımda durmuşam. Sizin iziniz də, tozunuz da rədd olub buradan və bir daha olmayacaq, heç vaxt olmayacaq.
Bu gün Dağlıq Qarabağda özünü siyasətçi adlandıran bəzi ünsürlər yenə də baş qaldırmağa çalışırlar. Unutmasınlar, bizim səbrimizlə oynamasınlar, 44 günlük müharibə onların yadından çıxmasın. Yoxsa ordu qurub torpaqları geri alacaq? Gəlin, alın. Gəlin bura, siz buradasınız, yaxındasınız. Gəlin alın, görüm necə alırsınız? İti qovan kimi qovmuşuq sizi, rədd etmişik, cəhənnəmə göndərmişik.
Vaqif Poeziya Günləri bərpa ediləcək. Mən artıq göstəriş vermişəm, bu il keçiriləcək. “Xarı bülbül” festivalı bu il keçiriləcək. Biz artıq Şuşanın bərpasını başlayırıq. İndi baş plan hazırlanır. Bütün binaların təftişi aparılıbdır. Şuşa Azərbaycan dövlətinin mədəniyyət paytaxtı kimi dünyanın ən gözəl şəhərlərinin birinə çevriləcəkdir. Əslində, həmişə belə olub. Sadəcə olaraq, mənfur düşmən bütün tarixi abidələrimizi dağıdıb. Amma biz bərpa edəcəyik. Onların əsl simasını qaytaracağıq. Azərbaycan xalqı Şuşada bundan sonra əbədi yaşayacaq. Şuşa bizimdir! Qarabağ Azərbaycandır!
XXX
Şuşaya səfər çərçivəsində Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Cıdır düzündə də olublar.
Cıdır düzü tarixən cıdır yarışlarının keçirildiyi və Qarabağ xanlığı dövründən yerli əhalinin Novruz bayramını keçirdiyi ərazidir. Bu ərazidə bir çox milli xalq oyunları keçirilirdi. Bu oyunların qalibinə bəzən qızıl pullar, bəzən isə taxıl, buğda, məişət əşyaları verilirdi. Bu düzdə güləş, qaçış, oxatma və sair oyunlar keçirilirdi. Sonralar həmin ərazidə at yarışları, çövkən oyunları keçirildiyinə görə bu ərazini Cıdır düzü adlandırıblar.
Prezident İlham Əliyev:
-Bura Cıdır düzüdür. Hər birimiz üçün əziz, doğma Cıdır düzü. Şuşanı Cıdır düzüsüz təsəvvür etmək mümkün deyil, Azərbaycanı isə Şuşasız təsəvvür etmək mümkün deyil. Biz Şuşaya qayıtmışıq, Cıdır düzünə qayıtmışıq və tarixi yerdə bundan sonra muğam səsi eşidiləcək, Azərbaycan mahnıları ifa olunacaq, böyük tədbirlər keçiriləcək, toy-bayram olacaq.
Bir müddət bundan əvvəl işğalçı qüvvələr bizim üçün müqəddəs olan bu yerdə heysiyyətimizə toxunmaq, Azərbaycan xalqını təhqir etmək üçün eybəcər hərəkətlər etmişlər, – bütün dünya artıq bundan xəbərdardır, – “Yallı” getmişlər. İzi-tozu da qalmayıb burada, rədd etmişik. İndi Cıdır düzü də, Şuşa da, Qarabağ da azaddır. Bu torpağın sahibləri qayıdıblar, əllərində silah, əllərində bayraq, ürəklərində Vətən sevgisi. Vətən sevgisi bizi Qələbəyə gətirdi. Vətən sevgisi, vətənpərvərlik Qələbəmizin əsas amilinə çevrildi.
Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib. On yeddi ildir ki, mən Azərbaycanın rəhbəriyəm. Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi. Gənc nəsil, yaşlı nəsil, təcrübəli insanlar, bütün xalqımız, bütün etnik qrupların nümayəndələri, bütün dinlərin nümayəndələri bir yumruqtək birləşib. Qələbəmizin rəmzi təsadüfən yumruq seçilməyib. Mən demişəm, burada – Cıdır düzündə bir daha demək istəyirəm ki, bu yumruq, həm gücdür, həm birlikdir. Onsuz da bizdə birlik kifayət qədər yüksək səviyyədə idi, bundan sonra daha da güclü olacaq. Birliyi olan ölkələr qələbə qazanırlar. İradəli olan liderlər qələbə qazanırlar. Heç nəyə baxmayan, heç kimdən çəkinməyən, milli maraqları müdafiə edən liderlər qələbə qazanırlar. Azərbaycanın timsalında bunu hər kəs gördü.
Biz Qələbə qazanmışıq, Ermənistan məğlub olub. Biz, eyni zamanda, haqlıyıq. Bizim davamız haqq davasıdır. Ermənistanın davası işğalçılıq davasıdır. Haqq-ədalət zəfər çaldı, güc hesabına, iradə hesabına, siyasət hesabına, birlik hesabına! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!
XXX
İşğal dövründə ermənilər qondarma “Dağlıq Qarabağ respublikası”nın “parlamentini” Şuşa şəhərinə köçürmək üçün burada bina tikməyə başlamışdılar. Ancaq şanlı Azərbaycan Ordusu düşmənin bu niyyətini puç etdi. Şuşa 2020-ci il noyabrın 8-də işğaldan azad olundu. Qondarma rejimin “parlamenti” binasının inşası yarımçıq qaldı.
Prezident İlham Əliyev dedi:
-Qondarma rejim bəyan etmişdi ki, “Dağlıq Qarabağ respublikası”nın “parlamentini” Şuşa şəhərinə köçürəcək. Beləliklə, Şuşa şəhərini erməniləşdirmək üçün növbəti cəhd edilməli idi. Bax, bu binanı onlar “Dağlıq Qarabağ respublikası”nın “parlament” binası kimi inşa etməyə başlamışdılar. Ancaq çatdıra bilmədilər. Biz gəldik, bu torpağın sahibləri gəldi, onları buradan qovdu və beləliklə, onların bu çirkin əməlləri həyata keçmədi. “Parlament” də gorbagor oldu, status da gorbagor oldu, cəhənnəmə getdi. Qarabağ Azərbaycandır!
XXX
Daha sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva erməni vandalizminin qurbanı olmuş Şuşa Realnı Məktəbinin dağıdılmış binası ilə tanış oldular.
Prezident İlham Əliyev: Dünyada onlar kimi saxtakar millət yoxdur. Bu bina da bərpa olunacaq.
Qeyd edək ki, Şuşa Realnı Məktəbi dövrünün nümunəvi maarif ocağı sayılırdı. Məşhur Azərbaycan yazıçıları Əbdürrəhim bəy Haqverdiyev və Yusif Vəzir Çəmənzəminli bu məktəbin məzunu olmuşlar.
1992-ci ilin may ayında Şuşa şəhəri işğal edildikdən sonra erməni vandalları Realnı Məktəbini yandıraraq xarabazara çeviriblər.
XXX
Yanvarın 15-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva yenidən Cıdır düzünə gəldilər.
Prezident İlham Əliyev dedi:
-Bu gün yanvarın 15-də səhər tezdən yenə Cıdır düzünə gəldik. Artıq Şuşadan Bakıya yola düşürük. Getməmişdən əvvəl də istədik gələk bu müqəddəs, tarixi yerə, bir daha bu gözəlliyi seyr edək, Şuşaya “Çox sağ ol”, “Gələn görüşlərədək” deyək. Biz qayıtmışıq öz doğma torpağımıza, Şuşanı azad etmişik. Bundan sonra Azərbaycan xalqı Şuşada əbədi yaşayacaq.
Dünən Şuşada bütün tarixi abidələri ziyarət etdik, müqəddəs məscidlərimizi ziyarət etdik. Ürək ağrısı ilə deyə bilərəm ki, burada olan dağıntılar hər bir Azərbaycan vətəndaşının qəlbini incidir. Ancaq Şuşanı dağılmış, amma, eyni zamanda, əyilməmiş, əzəmətli görmək bizi hədsiz dərəcədə qürurlandırır. Şuşa ayaqdadır, Şuşa sınmayıb, Şuşa əyilməyib! Mənfur düşmən nə qədər çalışsa da, Şuşanın simasını dəyişdirə bilməyib. Biz Şuşanın bütün yaralarını sağaldacağıq. Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək.
Biz dünən gecə Şuşada qalmağa qərar verdik, halbuki Bakıya qayıtmalı idik. Ancaq mən hesab etdim ki, mütləq gecə Şuşada qalmalıyıq. Çünki Azərbaycan Prezidenti ilk dəfədir ki, Şuşaya gəlib. Bizim müstəqilliyimizin təxminən otuz yaşı var. Ancaq bu otuz il ərzində birinci dəfə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Şuşaya gəlib, Şuşada qalıb və sözün düzü, Şuşadan getmək istəmir.
Şəhərin nadir memarlığı, relyefi, təbiəti, havası, aurası təkrarolunmazdır. Mən dünən qeyd etdiyim kimi, Şuşada iki dəfə 1982-ci ildə olmuşam. O vaxt burada bir neçə kütləvi tədbir keçirilmişdir. Yəni, Şuşanı dünənki kimi, bugünkü kimi, bu formada görmək mənə nəsib olmamışdı. Bir daha gördüm ki, bu şəhərin nadir aurası, təbiəti, memarlığı bizim böyük sərvətimizdir.
Bu gecə cəmi beş saat yatmışam. Saat 5-də oyanmışam, bilmirəm nəyə görə. Bəlkə dünənki gün çox həyəcanlı idi. Çünki Şuşanı görmək, Şuşaya qayıtmaq təkrarolunmaz bir hissdir. Ola bilər, Şuşanın səfalı təbiəti, havası kifayət edir ki, insan heç çox yatmaq da istəmir. Bakıya dönməzdən əvvəl yenidən gəlmişəm buraya, Cıdır düzünə, Şuşanın tarixi yerinə ki, bir daha Azərbaycan xalqına öz sözümü deyim. Deyim ki, biz xoşbəxt xalqıq, biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Xoşbəxt xalqıq ki, özümüzü müstəqil dövlət kimi təsdiq etmişik. Bir daha deyim ki, Şuşa bizimdir! Qarabağ Azərbaycandır!
X X X
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Cıdır düzündə çay süfrəsinə qonaq oldular.
Prezident İlham Əliyev: Cıdır düzündə armudu stəkanda çay, paxlava ilə. Dostlarımız sevinsin, düşmənlərin gözü kor olsun!
https://president.az/articles/50184
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olublar
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olublar.
Prezident İlham Əliyev Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoymaq üçün Füzuli rayonuna gəldi.
Məlumat verildi ki, ümumi uzunluğu 100 kilometr olan bu dəmir yolu xəttinin strateji əhəmiyyəti olduqca böyükdür. Çünki bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının azad olunmuş torpaqlara gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq və ən mühüm məsələ Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək.
Dövlətimizin başçısı Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoydu.
X X X
Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Zəngilan rayonunun Üçüncü Ağalı kəndində olublar.
Zəngilana gedərkən avtomobili özü idarə edən Prezident İlham Əliyev dedi:
-Zəngilan rayonuna gəlmişik. Yolumuz Laçın rayonunadır. Yol boyunca Zəngilan rayonunda da tədbirlər var. Yenə də azad edilmiş torpaqlardayıq. Torpaqların bərpası prosesi artıq başlamışdır.
Bura Zəngilan şəhəridir. Biz burada artıq olmuşuq, yenə də gəlmişik. Zəngilan şəhəri də digər şəhərlər kimi düşmən tərəfindən demək olar tamamilə dağıdılmışdır. Bir neçə ev qalmışdır. Burada onların hərbi hissəsi, polis bölməsi yerləşirdi. Bir də ki, xaricdən gələn ermənilər, burada qanunsuz yaşayan ermənilər. Zəngilanı bax bu günə qoyub mənfur düşmən.
Bütün şəhərlərimizin baş planları hazırlanır. Təqdim olunacaq, müzakirə ediləcək. Ondan sonra bərpa işlərinə start veriləcək. Keçən dəfə Zəngilan şəhərinə gələndə bu bayrağı burada mən ucaltdım.
Zəngilan rayonunda birinci “ağıllı kənd” layihəsi icra ediləcək. Bu gün layihəyə start verilir. Artıq ilkin araşdırmalar aparılıb. Bu, dağılmış Ağalı kəndidir. Bərpa ediləcək birinci kənd məhz bu kənddir.
Dövlətimizin başçısına Zəngilan rayonunun Üçüncü Ağalı kəndində icra olunacaq “ağıllı kənd” layihəsi barədə məlumat verildi.
Bildirildi ki, kənddə layihənin icrası əsasən 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələridir.
Qeyd edək ki, Prezident İlham Əliyev çıxışlarında azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevriləcəyini dəfələrlə bildirib. Erməni işğalından azad olunmuş ərazilərin dövlətimizin başçısının birbaşa təşəbbüsü və tapşırıqları ilə nəinki bərpa edilməsi və yenidən qurulması planlaşdırılır, hətta orada “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması nəzərdə tutulur. Hazırkı pandemiya şəraitində dünya iqtisadiyyatında böyük problemlərin yarandığı bir dövrdə Azərbaycan Prezidentinin bu təşəbbüsü bir daha dövlətimizin gücünü və qüdrətini nümayiş etdirir. İnşa ediləcək 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə olunacaq.
Dövlətimizin başçısı görüləcək işlərlə bağlı tapşırıq və göstərişlərini verdi.
X X X
Daha sonra dövlətimizin başçısı, birinci xanım və qızları Leyla Laçın rayonuna yola düşdülər.
Yol boyunca Qubadlı rayonunun işğaldan azad edilən kəndləri barədə danışan Prezident İlham Əliyev dedi:
-Bura Qubadlı rayonunun Xəndək kəndidir. Burada da şiddətli döyüşlər gedib. Ordumuz düşməni buradan qovaraq, məhv edərək bu əraziləri də azad etmişdir. Düşmən burada da qanunsuz olaraq məskunlaşmışdı. Çox ağır şəraitdə yaşayıblar. Baxın, görün, onların yaşadıqları evlər it damından artıq deyil. Mən deyəndə ki, o vaxt işğal edilmiş torpaqlarda ermənilər səfalət içində yaşayırlar, bax bunu nəzərdə tuturdum. Aclıq, səfalət, qanunsuzluq hökm sürürdü. Belə bərbad yollardan istifadə edirdilər. Bu işıq dirəklərini biz torpaqları azad edəndən sonra quraşdırdıq.
Qubadlı rayonunun Muradxanlı kəndi, ermənilər burada yaşayıblar, buranı da dağıdıblar. Artıq bərpa işləri gedir. Bu da Həkəri kəndidir. Baxın nə gündədir, ermənilər bu it damında yaşayıblar. Dağıdılmış bu evlər erməni faşizminin törətdiyi əməllərdir. Bütün dünya görsün bunları. Bu da onların traktorudur.
Bala Soltanlı kəndi. Burada evlərin böyük hissəsi dağıdılıb, amma bəzi evlərdə düşmən qanunsuz məskunlaşma aparmışdı. Bu da hərbi cinayət sayılır. Bütün bu cinayətlərə görə düşmən artıq öz payını alıb, cavabını verib, beynəlxalq müstəvidə də cavabını verəcəkdir. Bizim şanlı ordumuz bax bu yolla Laçın rayonuna keçmişdir və Laçın rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. O cümlədən Güləbird kəndi də ordumuz tərəfindən işğalçılardan azad edilmişdir. Bura Laçın rayonunun cənub hissəsidir. Ordumuz işğalçılardan azad etmişdir. Şimal hissəsi isə Ermənistanın kapitulyasiyasından sonra bizə qaytarıldı.
Bu da Padar kəndidir.
Qubadlı rayonunun Yusifbəyli kəndi. Bu kənd də düşmən tərəfindən tamamilə dağıdılıb. Biz indi Laçın rayonuna gedirik. Laçın rayonunun Güləbird kəndinə. Zəngilan rayonunun İkinci Ağalı kəndində olduq, kəndin inkişafı ilə bağlı təqdimat edildi. Bir neçə aydan sonra İkinci Ağalı kəndinin yenidən qurulması prosesinə start veriləcək. Bu, bərpa ediləcək birinci kənd olacaq. İkinci Ağalı kəndi “ağıllı kənd” konsepsiyası əsasında qurulacaq. Eyni zamanda, Birinci və Üçüncü Ağalı kəndlərinə qayıdacaq soydaşlarımız da eyni imkanlardan istifadə edəcəklər.
İndi isə Mərdanlı kəndinə daxil oluruq. Günəş də çıxır, yolumuzu işıqlandırır. Mən demişdim ki, azad edilmiş torpaqlarda bütün bərpa işləri ən yüksək səviyyədə təşkil olunacaq. Dağılmış bütün bu kəndləri biz bərpa edəcəyik. Baxın mənfur düşmən bizim bütün yaşayış məntəqələrimizi nə günə salıb. Vandallar, barbarlar işğal dövründə bütün binaları söküblər, talayıblar, daşları oğurlayıblar. Hamısını bərpa edəcəyik.
Bura artıq Laçın rayonunun ərazisidir. Bu, Həkəri çayıdır. Görün nə gözəl çaydır. Çayımızı da düşmən istismar etmişdir, təbiətimizi də istismar etmişdir. Biz buna son qoyduq, düşməni rədd etdik.
Artıq Güləbird kəndindəyik. Güləbird kəndini də düşmən dağıdıb, talan edib. Güləbird kəndinə gəlməyimizin səbəbi qısa müddət ərzində inşa edilmiş su elektrik stansiyasının açılışıdır və bu layihə azad edilmiş torpaqlarda birinci elektrik stansiyası olacaq, digər stansiyalar da tikiləcək. Azad edilmiş bütün torpaqlarda su, Günəş, külək enerjisindən istifadə edəcəyik.
Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş komandanı İlham Əliyev Güləbird kəndində Azərbaycan bayrağını qaldırdı və çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı
-Bu gün mən azad edilmiş torpaqlara yenidən gəlmişəm. Bu gün bu torpaqlarda bir neçə tədbir keçirilir. Bu tədbirlərin məqsədi azad olunmuş torpaqları tezliklə bərpa etməkdir ki, insanlar buraya qayıtsınlar və bu torpaqlara həyat gəlsin. Bərpa işləri arasında elektrik enerjisi təchizatı, əlbəttə ki, xüsusi yer tutur. Bu məqsədlə müharibədən dərhal sonra ilk günlərdən biz bu işlərlə məşğul olmağa başlamışıq. İlk növbədə, Şuşa şəhərini elektrik enerjisi ilə təchiz etmək üçün əməli addımlara start verilmişdir və birinci mərhələ başa çatıb. “Azərişıq” artıq Şuşa şəhərinə elektrik xətlərini çəkib. Şuşa şəhərini dayanıqlı elektrik enerjisi ilə təmin etmək və ondan sonra şəhərin inkişafını təmin etmək üçün “Azərenerji” Səhmdar Cəmiyyəti də Şuşa şəhərinə yüksəkgərginlikli xətləri çəkir və Şuşa şəhərində elektrik yarımstansiyası inşa edir.
Bu gün isə Laçın rayonunun cənub hissəsindəyik, Güləbird kəndinin ərazisində. Bu gün Güləbird kəndində Su Elektrik Stansiyasının açılışıdır. Laçın rayonu işğaldan azad olunandan heç iki ay keçməmiş – ay yarımdan sonra artıq burada Su Elektrik Stansiyası istismara verilir. Bu Su Elektrik Stansiyasının generasiya gücü 8 meqavatdır. Kiçik su elektrik stansiyaları arasında 8 meqavatlıq stansiya orta həcmli stansiya sayıla bilər. Əsas məsələ ondadır ki, bu stansiya işə düşəndən sonra artıq burada generasiya gücləri yaranır və beləliklə, biz təbiətimizdən – Həkəri çayından səmərəli şəkildə istifadə edəcəyik.
Kəlbəcər-Laçın zonasında su elektrik stansiyaları üçün təbii şərait çox əlverişlidir və vaxtilə burada bir çox stansiyalar olub. Mənfur düşmən də işğal dövründə bu stansiyalardan istifadə edib. Ancaq Ermənistan kapitulyasiyadan sonra 20 gün ərzində – dekabrın 1-nə qədər demək olar ki, bütün bu su elektrik stansiyalarını darmadağın edib, avadanlığı buradan çıxarıb, stansiyaların binalarını da dağıdıb. O cümlədən Güləbird Su Elektrik Stansiyası düşmən tərəfindən dağıdılmışdır. Əks-təqdirdə, bu stansiya elə dekabrın 1-dən bizə xidmət göstərəcəkdi. Ancaq verilən tapşırıqlarım qısa müddət ərzində yerinə yetirildi və bu gün biz 8 meqavat gücündə Güləbird Su Elektrik Stansiyasının açılışını qeyd edirik. Bu, azad edilmiş torpaqlarda istismara verilən birinci elektrik stansiyasıdır və bunun çox böyük əhəmiyyəti, böyük rəmzi mənası var. Biz qayıdırıq bu torpaqlara. Biz Kəlbəcər və Laçın rayonlarında ermənilər tərəfindən uzun illər ərzində qanunsuz istismar edilmiş, onlar tərəfindən dağıdılmış bütün su elektrik stansiyalarını bərpa edəcəyik. Düşmən təkcə Laçın rayonu ərazisində 5 su elektrik stansiyasını dağıdıb. Onların hamısı bərpa ediləcək. Kəlbəcər rayonunun ərazisində isə 12 su elektrik stansiyası yenidən qurulacaq. Beləliklə, yalnız Kəlbəcər və Laçın rayonlarında dağıdılmış və bərpa ediləcək stansiyaların generasiya gücü 120 meqavat olacaqdır. Bu, çox böyük generasiya gücüdür. Bu generasiya gücü ilə biz bu əraziləri bərpa edəcəyik, dayanıqlı enerji ilə təmin edəcəyik. Əgər biz nəzərdə tutduğumuz digər layihələrə də nəzər salsaq görərik ki, bərpaolunan enerji növlərinin bu bölgədə çox böyük potensialı var. Onların arasında ən böyük potensiala “Xudafərin” və “Qız qalası” su elektrik stansiyaları malik olacaqdır. Bu stansiyaların tikintisi ilə bağlı İran İslam Respublikası ilə razılığa gəlmişik. Yaxın gələcəkdə bu su elektrik stansiyaları tikiləcək və beləliklə, Azərbaycan tərəfinə bu stansiyaların fəaliyyətindən düşən generasiya gücü 120 meqavat olacaqdır. Yəni, biz bir neçə ildən sonra 120 meqavat “Xudafərin” və “Qız qalası” stansiyalarından, 120 meqavat isə Kəlbəcər və Laçın rayonlarındakı su elektrik stansiyalarından alacağıq. Bu, 240 meqavat generasiya gücü deməkdir və bunun üstünlüyü odur ki, bu, su elektrik stansiyalarıdır və enerjinin maya dəyəri çox aşağıdır. Bununla paralel olaraq, artıq göstəriş vermişəm ki, bizim azad edilmiş bütün digər torpaqlarda bərpaolunan enerji növlərinin və yerlərin müəyyənləşdirilməsi prosesinə start verilsin. Belə bir göstəriş verildi və bu gün Zəngilan rayonunda birinci pilot “ağıllı kənd” layihəsi də məhz bərpaolunan enerji ilə təchiz ediləcəkdir.
Mən bəyan etmişdim ki, azad edilmiş torpaqlar “yaşıl enerji” zonası olacaq. Mən artıq xarici və yerli investorları dəvət etmişəm. Onu da bildirməliyəm ki, bütün əsas işləri dövlət olaraq biz özümüz görürük və görəcəyik. Xarici və yerli investorlar investisiya qoymaqla həm öz biznes maraqlarını təmin edə bilərlər və həm də Azərbaycanı uzunmüddətli, dayanıqlı, ucuz və ekoloji cəhətdən təmiz enerji növləri ilə təmin etmək üçün öz sözlərini deyə bilərlər.
Bizim planlarımız bundan ibarətdir. Kəlbəcər və Laçın rayonlarında külək enerjisinin çox böyük potensialı var. Zəngilan, Cəbrayıl rayonlarında daha çox Günəş enerjisinin böyük potensialı var. Artıq ilkin tədqiqatlar aparılıb və beləliklə, biz enerji generasiya güclərimizi, ötürücü xətlərimizi yenidən quraraq Qarabağı “yaşıl enerji” zonasına çevirəcəyik.
Mən bu proqramı elan edəndə bunu nəzərdə tuturdum və bu gün birinci layihə – bax, orada gördüyünüz Güləbird Su Elektrik Stansiyası artıq istismara verilir.
Bizim böyük planlarımız var. Biz bərpa işlərinə start verdik. Çalışacağıq ki, minalardan təmizləmə işləri qısa müddət ərzində başa çatsın, dəymiş ziyanın qiymətləndirilməsi aparılsın və bununla paralel olaraq, artıq infrastruktur layihələrinə start verildi. Bu gün Horadizdə Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun təməl daşı qoyuldu. Bu dəmir yolunun çox böyük strateji əhəmiyyəti var. İlk növbədə ona görə ki, bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Digər tərəfdən, bu dəmir yolu Naxçıvana gedəcək. Noyabrın 10-da imzalanmış Birgə Bəyanatda Naxçıvan dəhlizinin yaradılması ilə bağlı xüsusi müddəa var. Artıq bu işlərə start verildi. Bizim təşəbbüsümüzlə həyata keçirilən bu layihə, əminəm ki, icra ediləcək. Uzun fasilədən sonra Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası dəmir yolu ilə bir-birinə bağlanacaq və beləliklə, bizim həm strateji, həm iqtisadi, həm də siyasi məqsədlərimiz həyata keçiriləcək.
Vətən müharibəsinin çoxşaxəli əhəmiyyəti bundan ibarətdir – biz həm doğma torpaqlarımızı işğalçılardan azad etdik, düşməni torpaqlarımızdan qovduq, həm də ölkəmizin ərazi bütövlüyünü bərpa etdik. Bütün dünyaya xalqımızın, dövlətimizin qüdrətini göstərdik, xalqımızın əyilməz ruhunu göstərdik. Eyni zamanda, ölkəmizin gələcəyi ilə bağlı strateji hədəflərə çatmaq üçün əməli addımlar ataraq önəmli sənədləri imzaladıq. Noyabrın 10-da imzalanmış Birgə Bəyanat, əlbəttə ki, Laçın, Kəlbəcər və Ağdam rayonunun qaytarılmasını təmin etdi, bir güllə atmadan biz bu torpaqlara qayıtdıq. Eyni zamanda, Azərbaycanın onun ayrılmaz hissəsi olan Naxçıvanla birləşməsi də məhz o Bəyanatda təsbit olunur. Həmçinin bu dəmir yolu infrastrukturu Türkiyəyə qədər uzanacaq və beləliklə Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaradılacaqdır. Biz üç il yarım bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunu istismara verdik. Bu da tarixi nailiyyət idi. Tarixdə ilk dəfə biz Azərbaycanı və Türkiyəni dəmir yolu ilə birləşdirdik. İndi isə ikinci dəmir yolu çəkiləcək və eyni zamanda, bu yoldan bütün bölgə ölkələri istifadə edə bilərlər. Bölgə ölkələri bu yolun tikintisinə də böyük maraqla yanaşırlar. Demək olar ki, bizim bölgəmizdə yerləşən ölkələr bu layihəyə öz müsbət qiymətini vermişlər.
Biz təklif etmişdik ki, bölgəmizin uzunmüddətli inkişafı, sabitliyin təmin edilməsi və müharibə risklərinin sıfra endirilməsi üçün bölgədə nəqliyyat layihələrinin xüsusi rolu vardır və burada iştirak edən bütün ölkələr ancaq xeyir götürəcək, fayda götürəcək. Azərbaycan Naxçıvanla, Türkiyə ilə birləşir. Eyni zamanda, Rusiyadan Ermənistana dəmir yolu xətti açıla bilər. Bu xətt yalnız Azərbaycan ərazisindən keçə bilər. Həmçinin Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı olacaq. İran ilə Ermənistan arasında dəmir yolu bağlantısı olacaq. Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq. Yəni, bütün bölgə ölkələri bundan ancaq xeyir görəcəklər.
Onu da bildirməliyəm ki, Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi nəticəsində artıq Rusiya ilə Türkiyə arasında bu dəmir yolundan istifadə edərək yüklər daşınmağa başlamışdır. Görün, biz nə qədər böyük uzaqgörənlik göstərmişdik, böyük iradə göstərmişdik. Eyni zamanda, maliyyə resurslarını səfərbər etmişdik və bu dəmir yolları bağlantılarını biz təmin edirik. Bu, ölkəmiz üçün lazımdır. Çünki bu, ölkəmizin geosiyasi əhəmiyyətini artırır, iqtisadi gücünü artırır. Çünki biz etibarlı tranzit ölkəsi kimi bundan böyük maliyyə gəliri əldə edəcəyik, eyni zamanda, bölgədə sabitliyin və sülhün təmin edilməsi üçün də bunun çox böyük əhəmiyyəti var.
Bu, eyni zamanda, ona görə önəmlidir ki, bu gün də Ermənistanda revanşist qüvvələr baş qaldırmağa çalışır. Azərbaycanı növbəti təxribatlarla, növbəti müharibə ilə hədələməyə çalışırlar. Onlar anlamalıdırlar ki, biz hər şeyə diqqət yetiririk, hər şeyə nəzarət edirik və heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın. Biz erməni faşizmini məhv etmişik. Düşməni öz doğma torpaqlarımızdan qovmuşuq. Onları torpaqlarımızdan rədd etmişik. Ermənistan ordusunu demək olar ki, məhv etmişik. Ermənistan ordusu yoxdur, dağılıb. Həm texnika dağılıb, həm canlı qüvvə dağılıb. Özləri etiraf edirlər ki, müharibə zamanı onların 10 min fərarisi olubdur. Azərbaycan Ordusunda bir dənə də fərari olmayıbdır. Bu, xalqımızın, Ordumuzun yüksək mənəvi ruhunun təzahürüdür. Aparılan siyasətin təzahürüdür. Biz döyüş meydanında Qələbə qazandıq. Biz bu torpaqları vuruşaraq işğalçılardan azad etmişik. Ermənistanı məğlub edib məcbur etdik ki, noyabrın 10-da kapitulyasiya aktına imza atsın və Laçın, Kəlbəcər, Ağdam rayonlarını məcbur olub bizə qaytarsın. Çünki danışıqlar zamanı heç vaxt Laçın və Kəlbəcər rayonlarını bizə qaytarmaq istəmirdi. Danışıqlarda razılığa gəlməməsinin əsas səbəbi də məhz bunda idi. Əfsuslar olsun ki, Ermənistanın və onun bəzi xarici havadarlarının mövqeyi ondan ibarət idi ki, beş rayon Azərbaycana qaytarılsın, Azərbaycan bununla kifayətlənsin və Dağlıq Qarabağa nə vaxtsa müstəqillik verilsin, Kəlbəcər və Laçın rayonları Ermənistanın əbədi nəzarəti altında qalsın. Mən bu təklifi rədd etdim.
Həyat göstərdi ki, biz güclü iradə, cəsarət göstərərək istədiyimizə nail ola bildik. Laçın rayonunu qaytarmaq fikirləri belə yox idi onların. Biz gəldiyim yolla gələrək, yol boyunca yerləşən bütün rayonları, kəndləri, şəhərləri azad edərək bax, buralara gəldik. Laçın rayonunun cənub hissəsini işğalçılardan azad etdik, Güləbird kəndini azad etdik. Burada Səfiyan və Türklər kəndləri yerləşir, onları da azad etdik və Laçın dəhlizinə nəzarət etmək üçün hərbi plasdarm yaratdıq və artıq Laçın dəhlizi atəşimiz altında idi. Faktiki olaraq bu istiqamətdən hərəkət edərək biz strateji əməliyyatlarımızı aparmışdıq. Eyni zamanda, əks tərəfdən – Xocavənd rayonundan Şuşa şəhərinə gedərək, dağlardan, dərələrdən keçərək uğurlu əməliyyat apara bilmişik. Laçın rayonunun bax, bu cənub hissəsi hərbi əməliyyat nəticəsində azad edilmişdir. Biz döyüş meydanında düşməni məğlub etdik və tarixi ədaləti bərpa etdik.
Laçın rayonu Şuşadan sonra işğala məruz qalmış ikinci rayondur. Laçın rayonunun işğal altına düşməsi faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır. Halbuki sovet vaxtında bu bağlantı yox idi. 1992-ci il mayın 8-də Şuşanın işğalından 10 gün keçəndən sonra Laçın rayonu işğal altına düşdü. Bu, böyük faciə idi. Hər bir rayonun itirilməsi böyük faciə idi. İnsanlar həlak olub, insanların əmlakı dağıdılıb, insanlar öz dədə-baba torpaqlarından didərgin salınıb. Eyni zamanda, Laçın rayonunun işğal altına düşməsi strateji nöqteyi-nəzərdən çox böyük məğlubiyyətimiz idi. Laçın rayonunu satanlar, Şuşanı satanlar eyni adamlardır. Mən bunu demişəm. Bir daha demək istəyirəm ki, Azərbaycan xalqı bunu bilsin və heç vaxt unutmasın. AXC-Müsavat mənfur cütlüyü hakimiyyətə gəlmək üçün bu torpaqları düşmənə satıb. O vaxt hakimiyyəti yıxmaq üçün Bakıda mitinqlər təşkil edirdilər, çaxnaşma təşkil edirdilər, hakimiyyətə gəlmək üçün istənilən satqınlığa hazır idilər və bu satqınlığı etdilər. Şuşanı boşaltdılar. Halbuki onların nəzarəti altında qüvvələr var idi. Şuşa ermənilər oraya girəndə, faktiki olaraq, boş idi. Şuşanı heç kim müdafiə etmirdi. Sonra Laçın rayonunu da satdılar və ondan sonra heç bir ay keçməmiş hakimiyyətə gəldilər. AXC-Müsavat cütlüyü bu satqınlığı, bu xəyanəti edib, bu cinayəti törədib. 1993-cü ilin aprelində Kəlbəcər də işğal altına düşəndən sonra qorxaqcasına qaçıb gizlənib, fərarilik edib. Azərbaycan xalqı bunu heç vaxt unutmamalıdır, bu satqınları, bu xainləri, bu düşmənləri unutmamalıdır! Onlar satıblar bizim torpaqlarımızı. Biz qaytarmışıq bu torpaqları, qayıtmışıq. Bax, durmuşam burada – Laçın rayonunda. Bu torpaqları düşməndən azad edən Müzəffər Ordunun Ali Baş Komandanı kimi Azərbaycan bayrağını qaldırmışam və bu bayrağın altında Azərbaycan xalqına doğma Laçın diyarından müraciət edirəm. Bizim Qələbəmiz tarixi Qələbədir. Biz tarixi ədaləti bərpa etdik. Biz öz haqlarımızı bərpa etdik, biz şəhidlərimizin qanını aldıq, biz düşməndən qisas aldıq və qayıtmışıq. İndi isə bərpa işləri gedir və gedəcək. Mən demişəm, biz bu bölgəni – Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
X X X
Sonra Prezident İlham Əliyev Həkəri çayı üzərində yerləşən 8 meqavat gücündə “Güləbird” Su Elektrik Stansiyasının açılışında iştirak etdi.
Erməni qəsbkarlar işğal dövründə xislətlərinə uyğun olaraq digər yerlərdəki kimi, bu stansiyanı da darmadağın ediblər. Dövlətimizin başçısının tapşırığı ilə qısa müddət ərzində istismara verilən bu stansiya işğaldan azad olunmuş ərazilərdə infrastrukturun yaradılması və nəzərdə tutulan digər işlərin həyata keçirilməsi baxımından böyük önəm daşıyır.
Prezident İlham Əliyev “Güləbird” Su Elektrik Stansiyasını işə saldı.
Qeyd edək ki, “Güləbird” Su Elektrik Stansiyasının istifadəyə verilməsi tarixi və əlamətdar hadisədir. Bu, işğaldan azad olunan rayonlarda Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən ilk infrastruktur layihəsidir. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək.
X X X
Sonra dövlətimizin başçısı, birinci xanım və qızları Leyla Zəngilan rayonundakı Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisinə gəldilər.
Erməni qəsbkarlar işğal altında saxladıqları dövrdə digər ərazilərdə olduğu kimi, Bəsitçay qoruğunda da ekoloji terror törədiblər. Mənfur düşmən qoruğun meşəlik ərazisinin demək olar ki, yarısını məhv edib, ağacların kökünü, oduncağını yandırıb. Burada illərlə formalaşmış təbii ekosistemin tarazlığına erməni vandalizmi nəticəsində ciddi zərbə vurulub.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Bəsitçay qoruğunda çinar ağacları əkdilər.
Sonra dövlətimizin başçısı, birinci xanım və qızları Bəsitçaya balıq buraxdılar.
Prezident İlham Əliyev: Bəsitçay Dövlət Təbiət Qoruğunda çinar ağacları əkdik. Bəsitçay qoruğu 1974-cü ildə ulu öndər Heydər Əliyevin tapşırığı ilə yaradılmışdır. Burada 100 hektardan çox sahədə nadir çinar ağacları dövlət tərəfindən qorunurdu. Bu, nadir çinar ağacları meşəsi idi. İşğaldan sonra mənfur düşmən çinarların böyük hissəsini kəsib, doğrayıb, talayıb və yandırıb. Bu, erməni vandalizminin növbəti əlamətidir. Bu gün Bəsitçay təbiət qoruğunun bərpasına start verildi.
Biz bu qoruğu bərpa edəcəyik. Əlbəttə ki, burada kəsilmiş ağacların yaşı təqribən 200-300 ilə bərabər idi. Ancaq hər halda öz borcumuzu yerinə yetirdik.
Eyni zamanda, Bəsitçaya balıqlar da buraxdıq. Bəsitçay da çox gözəl çaydır. Ümumiyyətlə, bu bölgə çaylarla zəngindir. Tərtərçay, Xaçınçay, Bəsitçay, Bazarçay, Həkəri çayı və digər çaylar bundan sonra Azərbaycan xalqına xidmət edəcək. Mənfur düşmən işğal dövründə Tərtərçayın da suyunun qabağını kəsmişdir və bir neçə rayonumuzda yüz min hektardan çox torpaq susuz qalmışdır. Bizə qarşı ekoloji terror törədilmişdir.
X X X
Sonra dövlətimizin başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Cəbrayıl rayonunun Soltanlı kəndinə yola düşdülər.
Prezident İlham Əliyev: Tapşırıq verilib tədbirlər görülsün ki, bu günə qədər suvarılmayan 100 min hektar torpaq sahələrinə su verilsin. Beləliklə, 6-7 rayonun kənd təsərrüfatı sahəsi daha sürətlə inkişaf edəcək, məhsuldarlıq artacaq, fermerlər, kəndlilər daha çox pul qazanacaqlar. Evləri də, təbiəti də bərpa edəcəyik. Eyni zamanda, göstəriş vermişdim ki, vaxt itirmədən payızlıq əkin də aparılsın. Biz qısa müddət ərzində bütün imkanlarımızı, texnikanı, işçi qüvvəsini səfərbər etmişik və 7 min hektarda əkin işləri aparılmışdır. O əkin sahələrinə də baxacağam. Builki mövsümdə təqribən 20-25 min hektarda əkin işləri aparılacaq. Yəni, biz vaxt itirmədən kənd təsərrüfatını dirçəldəcəyik. Əlbəttə ki, azad edilmiş torpaqların kənd təsərrüfatı potensialı çox böyükdür. İşğalçılar bizim torpağımızdan da istifadə edib qanunsuz gəlirlər əldə etmişdilər. İşğal dövründə ən azı 90 min hektarda taxıl əkilmişdi. Buna da son qoyuldu. Azad edilmiş torpaqlarda bitkiçilik, meyvəçilik, heyvandarlıq sürətlə inkişaf edəcək.
Cəbrayıl rayonunun Soltanlı kəndinin ərazisinə gələn Prezident İlham Əliyevə işğaldan azad olunmuş torpaqlarda əkinlərlə bağlı görülən işlər barədə məlumat verildi.
Bildirildi ki, hazırda əkin sahələrinin monitorinqi davam etdirilir. Əlavə əkin sahələri müəyyən olunduqca yenilənmiş təkliflər verilir.
https://president.az/articles/50632
İlham Əliyev Füzuli və Xocavənd rayonlarında olub
Xəbər verildiyi kimi, martın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli və Xocavənd rayonlarında olublar.
Prezident İlham Əliyev dedi:
– Yenə işğaldan azad edilmiş torpaqlardayam. Bu gün Füzuli-Hadrut avtomobil yolunun təməlini qoyacağam. Bu avtomobil yolunun inşası azad edilmiş ərazilərin bərpası üçün böyük əhəmiyyət daşıyır. Bu, birinci layihə deyil. Artıq bir neçə yol layihəsi icra edilməkdədir. Azad edilmiş torpaqların bərpası başlamışdır. Füzulidən Şuşaya yol çəkilir – Zəfər yolu çəkilir. Eyni zamanda, Bərdə-Ağdam yolunun çəkilişi yaxın gələcəkdə icra ediləcəkdir. Horadizdən Zəngilana qədər yol çəkiləcək. Bir sözlə, müharibədən dörd ay keçməsinə baxmayaraq, böyük quruculuq işləri başlamışdır.
Yenə də azad edilmiş torpaqlarda olarkən, bu dağıntıları görərkən bir daha görürük ki, mənfur düşmən bizim bütün yaşayış məntəqələrimizi yerlə-yeksan etmişdir, bizim tarixi irsimizi silmək istəmişdir. Amma buna nail ola bilmədi. Biz bu torpaqlara qayıtmışıq. Qəhrəman xalq kimi, müzəffər dövlət kimi qayıtmışıq. Düşməni öz doğma torpaqlarımızdan qovmuşuq.
Bu gün azad edilmiş torpaqlara gələrkən Qaraxanbəyli kəndindən keçdik. Qaraxanbəyli kəndi müharibənin ilk günündə – sentyabrın 27-də azad edildi. Bax, biz məhz buradan, o istiqamətdən öz şərəfli missiyamızı icra etməyə başladıq və düşməni torpaqlarımızdan qovduq. İndi isə quruculuq işləri ilə məşğuluq. İndi isə həyatımızın yeni dövrü başlayır – quruculuq, inkişaf, torpaqlarımızın bərpası dövrü.
X X X
Prezident İlham Əliyev səfər çərçivəsində Füzuli-Hadrut avtomobil yolunun təməlini qoydu.
Bu yol başlanğıcını Zəfər yolundan götürür və yeni inşa ediləcək Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yoluna birləşir. Uzunluğu 13 kilometr olan bu yol 4 hərəkət zolaqlı olacaq. Yol boyunca avtomobil körpüləri inşa ediləcək.
X X X
Dövlətimizin başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Xocavənd rayonuna yola düşdülər.
Prezident İlham Əliyev: Yenə azad edilmiş torpaqlardayıq. Füzulidən Xocavənd rayonuna gedirik. İşğaldan azad edilmiş Xocavənd rayonuna gedirik. Yol boyunca bütün yaşayış məntəqələrinin dağıdılmasının bir daha şahidi oluruq. Bütün kəndlər, şəhərlər tamamilə dağıdılıb. Özü də bu dağıntılar müharibədən sonra baş vermişdir. Müharibə dövründə – Birinci Qarabağ müharibəsi dövründə bu qədər dağıntılar olmamışdır, ola da bilməzdi. Məhz işğal dövründə mənfur düşmən bizim şəhərlərimizi bu hala salıb.
Bura Füzuli şəhəridir. Amma şəhərdən əsər-əlamət qalmayıb. Şəhər yoxdur, dağıdılıb. Ermənilər dağıdıblar. İşğal dövründə gəlib bizim binalarımızı söküb, binaların daşlarını, damlarını aparıblar, oğru kimi, talançı kimi. Bunlar, Füzuli şəhərinin qalıqlarıdır. Bu gün də Ermənistanı müdafiə edən xarici dairələr gözlərini açıb baxsınlar onların vəhşiliyinə. Onlar kimi müdafiə edirlər?!
Otuz il torpaqlarımızı işğal altında saxlayan mənfur düşmən bir daşı-daş üstündə qoymayıb. Görün, yollar nə gündədir. Otuz il ərzində bu yollar asfalt görməyib. Onların bütün təbliğatı yalandır, bütün tarixi saxtadır. Özlərini dövlət adlandırırdılar, dırnaqarası “Artsax dövləti” – cəhənnəmə getdi. “Dövlət” idisə, bəs, niyə daş-daş üstə qoyulmayıb? Çünki bilirdilər ki, bu torpaq onların deyil. Bu torpaq azərbaycanlıların torpağıdır.
Bura işğaldan azad edilmiş Xocavənd rayonudur.
Durduğumuz yer Xocavənd rayonunun Edilli kəndidir. Bura da Ağbulaq kəndidir. Qəhrəman Azərbaycan Ordusu qədim Azərbaycan torpağını işğalçılardan azad edib. Burada döyüşlər gedib. Vuruşaraq, döyüşərək düşməni öz doğma torpaqlarımızdan qovmuşuq.
Bura da işğaldan azad edilmiş keçmiş Hadrut rayonunun Düdükçü kəndidir. Görün, necə gözəl mənzərədir.
X X X
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Hadrut qəsəbəsində dövlət bayrağımızı qaldırdı və çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı
– Hadrut qəsəbəsi oktyabrın 9-da işğaldan azad edildi. Hadrut qəsəbəsinin azad edilməsi çox uğurlu hərbi əməliyyat nəticəsində mümkün olmuşdur. İlk növbədə, ətraf dağlar götürüldü. Hadrutun ətrafında yerləşən yüksəkliklər Azərbaycan Ordusu tərəfindən götürüləndən sonra faktiki olaraq nəzarət Azərbaycan Ordusuna keçdi və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi artıq qaçılmaz idi. Deyə bilərəm ki, bütövlükdə 44 günlük müharibə zamanı mülki erməni əhali arasında itkilər kifayət qədər az idi. Ona görə ki, Azərbaycan Ordusu heç vaxt mülki əhaliyə qarşı müharibə aparmamışdır. Ermənilərdən fərqli olaraq, biz müharibə dövründə ancaq hərbi birləşmələrə qarşı müharibə aparmışıq, onları məğlub etmişik, onları torpaqlarımızdan qovmuşuq. O ki qaldı, mülki əhaliyə, Ermənistanın statistikasına görə, müharibə dövründə təqribən 40-a yaxın mülki şəxs həlak olmuşdur. Onların da böyük əksəriyyəti məhz hərbi əməliyyatlarda iştirak edən mülki şəxslər idi.
Hadrut qəsəbəsinin işğaldan azad edilməsi böyük əhəmiyyətə malik olan bir əməliyyat idi. Çünki Cəbrayıl rayonundan, Cəbrayıl şəhərindən sonra Hadrutun azad edilməsi hərbi əməliyyatlarımızın davam etdirilməsi üçün xüsusi əhəmiyyətə malik olan hadisə idi.
Onu da bildirməliyəm ki, Füzuli şəhəri Hadrutdan sonra azad edilmişdir – oktyabrın 17-də. Ermənistan ordusu bizi məhz digər istiqamətdə gözləyirdi. Ancaq müharibə qaydalarına əməl edərək, strateji planlaşdırmanı düzgün icra edərək biz Cəbrayıldan sonra Hadrutu, ondan sonra Füzulini işğaldan azad etdik.
Onu da deməliyəm ki, artıq Hadrut bizim əlimizdə olan zaman Ermənistan rəhbərliyi, rəsmi şəxslər və eyni zamanda, Ermənistanın dəyirmanına su tökən bəzi xarici jurnalistlər bəyan edirdilər ki, Hadrut ermənilərin əlindədir. Mən bu günə qədər başa düşə bilmirəm ki, Ermənistan rəhbərliyi nə üçün öz xalqını aldadırdı. Biz dəqiq bilirdik ki, Hadrut bizdədir. Biz bilirdik ki, artıq Ermənistan ordusu burada tamamilə məhv edilib və sağ qalan erməni hərbçilər buradan qorxaqcasına qaçıb dağlarda gizlənmişdilər. Hadrut tam bizdə idi. Ancaq bəzi xarici jurnalistlər bildirirdilər ki, guya Hadrut ermənilərin əlindədir.
Hadrutun azad edilməsindən sonra biz Şuşaya istiqamət götürdük. Şuşa əməliyyatının uğurlu keçirilməsi üçün məhz Hadrutu azad etmək önəmli idi. Yenə də düşmənin bizi gözləmədiyi istiqamətdən Şuşaya yaxınlaşdıq. Dağlardan, dərələrdən, sıldırım qayalardan keçərək, o qayaları dırmaşaraq biz Şuşanı işğalçılardan azad etdik. Ona görə Hadrut əməliyyatı dünyanın hərb elmində xüsusi yer tutacaq.
Bütövlükdə 44 günlük şanlı müharibəmiz, bizim Zəfərimiz bu gün dünyanın aparıcı ali məktəblərində öyrənilir və artıq hərbi ekspertlər, mütəxəssislər, hətta bir çox ölkələrin siyasətçiləri bizim müharibədən bəhs edərək bildirirlər ki, bu, XXI əsrin müharibəsidir. Azərbaycan müharibədə Zəfər çaldı, düşməni əzəli torpaqlarımızdan qovdu, tarixi ədaləti bərpa etdi. Hadrut qəsəbəsi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut rayonunun mərkəzi sayılırdı. Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv olunandan sonra keçmiş vilayətin Martuni və Hadrut rayonları birləşdirildi və Xocavənd rayonu yaradıldı. Bu əraziyə qədim tarixi adı – Xocavənd adı qaytarılmışdır. Müharibə dövründə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Martuni rayonunun 50 faizdən çox hissəsi və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut rayonunun 100 faiz ərazisi işğalçılardan azad edilmişdir. Bəziləri müharibənin yekunlarını şərh edərkən deyirlər ki, Azərbaycan yeddi rayonu azad edib, bu, belə deyil. Biz yeddi rayonu, Şuşa şəhərini, Suqovuşan qəsəbəsini, Talış qəsəbəsini, keçmiş Hadrut rayonunu, keçmiş Martuni rayonunun böyük hissəsini azad etmişik və tarixi ədaləti bərpa etmişik. Beləliklə, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərkən tarixi nailiyyətlərə imza atmışdır.
Biz xalqımızın yeni tarixini yazdıq, şanlı qəhrəmanlıq tarixini yazdıq və azad edilmiş torpaqlarda bu gün böyük quruculuq işləri aparılır, böyük infrastruktur layihələri icra edilir. Bu gün Bakıdan gələrkən, yenə də dağıdılmış Füzuli şəhərindən keçərkən bir daha gördüm ki, erməni vəhşiliyi hansı fəlakət törədib. Bu gün onları müdafiə edən, bu gün onların arxasında dayanan bəzi xarici dairələr gözlərini açıb görsünlər erməni vəhşiliyi nə günə salıb bizim şəhərlərimizi. Bizim bütün şəhərlərimiz dağıdılıb, bütün kəndlərimiz dağıdılıb, tarixi abidələr dağıdılıb, məscidlər dağıdılıb, qəbirlər dağıdılıb, misli görünməmiş vandallıq, barbarlıq törədilib. Biz isə ancaq öz torpaqlarımızı azad etmişik. Bax, bu qəsəbədə qanunsuz olaraq Ermənistandan və xarici ölkələrdən ermənilər gətirilib zorla məskunlaşdırılıb. Amma bu qəsəbə salamatdır, bir bina da dağıdılmayıb, bir bina da yandırılmayıb. Budur, Azərbaycan Ordusunun yanaşması, budur, bizim mənəvi kodeksimiz. Ermənilər nə ediblər? Bütün binalarımızı dağıdıblar, məscidlərimizi dağıdıblar. Məscidlərdə heyvan saxlayıblar. Bizim müqəddəs abidələrimizi təhqir ediblər. Azərbaycanlıların tikdirdikləri, – ermənilər orada qanunsuz yaşayıblar, – o evləri noyabrın 10-dan dekabrın 1-nə qədər yandırıblar, dağıdıblar, meşələri qırıblar. Su elektrik stansiyalarını dağıdıblar. Bax, fərq bundadır. Azərbaycan əsgəri yüksək mənəvi keyfiyyətlərə malik olan əsgərdir və əsgərə, bütün hərbçilərə verilən təlimat yerinə yetirildi. Mən demişdim ki, biz mülki əhali ilə heç vaxt müharibə aparmamışıq və bunu indi hər kəs görür. Mən demişdim ki, Ermənistan rəhbərliyi bizə tarix versin, bizim torpaqlarımızdan nə vaxt çıxır və biz müharibəni dayandırmağa hazırıq, bunu da etdik. Bu gün buraya bu torpaqların sahibləri kimi qayıtmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Bu gün mən Müzəffər Ordumuzun Ali Baş Komandanı kimi Hadrut qəsəbəsində milli bayrağımızı qaldırdım. Bu bayraq burada əbədi dalğalanacaq. Biz azərbaycanlılar bundan sonra öz dədə-baba torpaqlarımızda əbədi yaşayacağıq. Bütün dağılmış şəhərləri, kəndləri yenidən quracağıq, həyat qayıdacaq, insanlar qayıdacaq və biz bütün dünyaya bir daha xalqımızın böyüklüyünü göstərəcəyik. Xocavənd bizimdir, Qarabağ Azərbaycandır!
X X X
Sonra Prezident İlham Əliyev Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun təməlini qoydu.
Bu yol başlanğıcını Hadrut yaşayış məntəqəsindən götürməklə və Cəbrayıl rayonundan keçməklə Şükürbəyli kəndində Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi avtomobil yoluna birləşir. Uzunluğu 43 kilometrdir. Dörd hərəkət zolaqlı bu yol boyunca avtomobil körpüləri tikiləcək.
X X X
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva keçmiş Hadrut Rayon Partiya Komitəsinin binasında oldular.
Dövlətimizin başçısı dedi: Bu bina keçmiş Hadrut Rayon Partiya Komitəsinin binasıdır. Qanunsuz rejim burada özləri üçün administrasiya yaratmışdı. Bu bina Azərbaycan vəsaiti hesabına tikilmişdir və onu biz qaytarmışıq. Hadrut bizimdir!
Bu sözlər köhnə əlifba ilə yazılıb: “Kolxozların torpaqlardan əbədilik faydalanması üçün”. Bu, 1939-cu ilə qədər yazılıb. 1939-cu ildə əlifbamızı dəyişdirdilər. Bu, tarixi sənəddir.
X X X
Daha sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Hünərli kəndindəki Alban məbədi ilə tanış olublar.
Prezident İlham Əliyev dedi:
-Bura qədim Alban məbədidir, Alban kilsəsidir, Hünərli kəndində yerləşir. Ermənilər bu kilsəni də erməniləşdirmək istəmişlər və burada erməni dilində yazılar yazmışlar, ancaq buna nail ola bilməmişlər. İndi əgər bu, erməni kilsəsi olsaydı, bunu belə vəziyyətdə qoyardılarmı? Tövləyə oxşayır, elə bil ki, tövlədir, zibilxanadır. Bu, bizim qədim tarixi abidəmizdir, udi qardaşlarımızın məbədidir. Onlar buraya da gələcəklər. Ermənilər necə ki, bizim məscidlərimizi təhqir ediblər, qədim Alban məbədini də təhqir etmişlər. Amma biz bərpa edəcəyik. Bütün bu yazılar saxta yazılardır, sonradan yazılmış yazılardır. Onlar bizim qədim torpaqlarımızda özləri üçün saxta tarix yaradıblar. Amma buna nail ola bilməyiblər, biz onları ifşa etmişik. Bu kilsənin – alban məbədinin bu vəziyyətdə olması bir daha erməni saxtakarlığını göstərir. Erməni kilsəsi olsaydı, bunu təmir etdirərdilər. Sonra da bəziləri bizə irad tuturlar ki, biz xristian abidələrinə yaxşı baxmırıq. Bunu ermənilər bu günə salıblar.
İndi gəlsinlər, baxsınlar Azərbaycanın müxtəlif yerlərində xristian abidələri necə qorunur. Bu qədim Alban kilsəsini görərlər bir müddətdən sonra biz necə təmir etdirəcəyik. Azərbaycan ərazisində bütün dinlərin məbədləri dövlət tərəfindən qorunur, dövlət tərəfindən tikilir və bütün dünya bunu bilir. Ermənilərin vəhşiliyini dünya bilməlidir, görməlidir bizim məscidlərimiz nə gündədir. Azad edilmiş torpaqlarda 67 məscid var idi, cəmi ikisi qalıb, yarıdağılmış. Özü də onlardan müxtəlif məqsədlər üçün istifadə ediblər. Alban kilsəsini də bu günə qoyublar. Bəlkə burada da heyvan saxlayıblar, burada da dəmir-dümür saxlayıblar, orada o dəmir-dümürlərin bir hissəsi qalıb. Ona görə hər kəs bunu görməlidir, bilməlidir. Əgər kimsə bundan sonra bizə qarşı hansısa əsassız ittiham irəli sürmək istəsə, o, cavabını alacaq, necə ki, bu günə qədər alıb.
Baxın, buraya baxın, erməni kilsəsi olsaydı, bunları yazardılar? Yazardılar bunları? “Kamo”, “Artur”, nə bilim, “Marta”. Öz kilsələrini belə təhqir edərdilər? Bax, bu daşların hamısı saxtadır. Bu, erməni saxtakarlığıdır. İçəridə də, gəlin buraya, əgər bu, erməni kilsəsi olsaydı, bunu yazardı – “İqor”, “Aşa”? Uçurublar, dağıdıblar, qapını da yandırıblar.
X X X
Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Tuğ kəndində oldular.
Prezident İlham Əliyev: Tuğ kəndinə gəlmişik. Tuğ kəndi qədim Azərbaycan kəndidir.
Birinci xanım Mehriban Əliyeva: Budur məktəbin binası?
Prezident İlham Əliyev: Ermənilərin dağıtdıqları Tuğ kəndinin məktəbi. Görün, nə günə qoyublar. Sonra da deyirdilər ki, Tuğ kəndi erməni kəndidir. Erməni kəndi olsaydı, bunu dağıdardılar? Bura qədim Azərbaycan torpağıdır. Tuğ kəndi həmişə Azərbaycan kəndi olub, bundan sonra da olacaq.
Tuğ kəndində azərbaycanlıların ermənilər tərəfindən dağıdılmış evləri. Buradan bütün dağıntılar yaxşı görsənir.
Təbii ki, Tuğ kəndinin sakinləri öz evlərini tanıyırlar. Əminəm ki, yaxın gələcəkdə Tuğun sakinləri öz doğma kəndlərinə qayıdacaqlar.
Görün, Azərbaycan necə də gözəldir. Qarabağ necə də gözəldir. Dağıdılmış bütün kəndləri, şəhərləri bərpa edəcəyik.
Dövlətimizin başçısı və xanımı Tuğda Alban məbədində oldular.
Prezident İlham Əliyev: Bunlar növbəti erməni saxtakarlığıdır. Sonradan gətirilmiş daşlardır. Bu məbədə heç bir aidiyyəti yoxdur.
Bura qədim Alban məbədidir. Bu məbəd də udi qardaşlarımıza qaytarılacaqdır. Ermənilər bunu da erməniləşdirmək istəyiblər, amma alınmayıb və alınmayacaq. Bundan sonra Azərbaycan dövləti bu Alban məbədini qoruyacaq.
X X X
Daha sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azıx kəndinə yola düşdülər.
Dövlətimizin başçısı: Tuğ kəndindən çıxdıq, indi gedirik Azıx kəndinə. Azıx da qədim Azərbaycan kəndidir, qədim yaşayış yeridir. Buraların təbiəti də çox gözəldir.
Azıx kəndinə yaxınlaşırıq. Qarabağın gözəl mənzərəsi. Bura Azıx kəndinin ərazisidir.
Azıx mağarasına gedirik, hələ yolumuz uzaqdır.
Azıx mağarasının girişindəyik. Təxminən 800 pillə qalxmışıq. Yaxşı idman etmişik, fiziki formamızı göstərmişik. İndi girəcəyik Azıx mağarasının içinə. Bu mağaranı azərbaycanlı alim, arxeoloq Məmmədəli Hüseynov 1960-cı ildə aşkar etmişdir və ondan sonra burada tədqiqatlar aparılmışdır. Bu, dünyanın ən qədim insanının yaşayış yerlərindən biridir, Azərbaycan tarixinə məxsusdur, bizim tarixi sərvətimizdir. Ermənistan bu mağarada qanunsuz olaraq işlər aparmışdır, xaricdən qanunsuz olaraq alimlər gətizdirmişdir. Onlar bu mağaraya, bizim tarixi irsimizə böyük ziyan vurmuşlar. Onlar bu ziyanın hamısını ödəyəcəklər. Onları məcbur edəcəyik.
Azıx mağarasını azərbaycanlı alim aşkarlayıb. Azıx mağarası Azərbaycan ərazisində yerləşir. Bundan sonra azərbaycanlı alimlər və onların dəvəti ilə gələcək xarici alimlər burada qanuni yollarla tədqiqatlar aparacaqlar.
Buradan isə gözəl mənzərə açılır. Azıx kəndi, bax, oradadır. Bax, buradan daha yaxşı çəkmək olar. Biz bu zirvəni qət etmişik. Bütün zirvələri qət edəcəyik. Elə zirvə yoxdur ki, onu biz qət edə bilməyək. Gəlin, bir yerdə deyək: “Azıx Azərbaycandır!”, “Qarabağ Azərbaycandır!”.
https://president.az/articles/50893
İlham Əliyev Şuşa şəhərində olub
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 16-da Şuşa şəhərində olublar.
Prezident İlham Əliyev dedi:
-Dünən Azıxdan çıxdıq Şuşaya gəldik. Yollar hələ ki, çox bərbad vəziyyətdədir, çünki yol yoxdur, Zəfər yolu ilə gəlmişdik. Hələlik ancaq torpaq yoludur, çünki havalar soyuq keçir, asfalt döşəmək mümkün deyil. Palçıq idi və güclü duman var idi. Ona görə Azıxdan Şuşaya 1 saat 45 dəqiqəyə gəldik. Gecə Şuşada qaldıq. Səhər saat 9-da çıxmışıq və gedirik, bir neçə tədbir var. Hava açıqdır, ancaq yenə də buludlar şəhərin üstündədir.
Keçən dəfə yanvar ayında gəlmişdik. Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini Şuşaya qaytardıq. Bu gün bir daha Şuşaya gəlmək insana böyük zövq verir. Sol tərəfdə Şuşanın qarlı, dumanlı dağlarıdır.
Vaqifin məqbərəsində tezliklə bərpa işləri başlanacaq. Məqbərənin əvvəlki görkəmi bərpa ediləcək. Bu gün bərpa işlərinə start veriləcək.
Məscidlərin bərpası ilə bağlı artıq müvafiq göstərişlər verildi. İlkin araşdırmalar başlanıldı və yaxın gələcəkdə layihə təqdim ediləcək.
Şuşa bütün mövsümlərdə gözəldir.
Bulaqları da bərpa edəcəyik. Otuz il ərzində ermənilər bütün bulaqlarımızı qurudublar. Görün, şəhər nə gündədir, düşmən Şuşanı nə günə salıb.
Vaqifin məqbərəsinə yaxınlaşırıq. Artıq işlərə start verilib. Layihəyə baxmışam. Bax, burada, fotoşəkillər də var. Ulu öndər Heydər Əliyev burada olarkən həm açılışda, həm də Vaqif poeziya günündə iştirak edib. Tarixi bərpa edirik. Bu layihəni Heydər Əliyev Fondu öz vəsaiti hesabına icra edəcək, Heydər Əliyev Fonduna xas olan zövqlə, Mehriban xanımın rəhbərliyi ilə.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşada Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinə gəldilər.
Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma bu kompleksin bərpası layihəsi ilə bağlı məlumat verdi. Bu layihə Heydər Əliyev Fondu tərəfindən həyata keçiriləcək. Layihənin icrası zamanı məqbərənin əvvəlki vəziyyətinin bərpasına xüsusi diqqət yetiriləcək. 1992-ci ildə ermənilər Şuşanı işğal edərkən bu abidəni də vəhşicəsinə dağıdıblar.
Prezident İlham Əliyev: Mən bu şəkilləri arxivdən tapmışdım. Vaqif poeziya günləri keçirilir, 1982-ci ilin yay ayında. Məqbərənin önündə ulu öndər Heydər Əliyev. İnsanlar da bax, burada, bu tədbirdə iştirak edirdilər. Keçən dəfə burada olarkən bu yerə fikir verdim və dedim ki, arxivdən şəkillər tapılsın, burada nə olub və bu şəkil tapıldı. Görürsünüz, Vaqifin təsviri bax, bu divarda olmuşdur. Mənfur düşmən bunu da sökdü, bu mərməri də sökdü. Bu da qəbirin üstündə sinə daşı idi. Vandal erməni bunu da söküb. Bunu bərpa edəcəyik. Ulu Öndərin o vaxt Şuşaya səfəri ilə əlaqədar daha bir neçə şəkil tapmışam arxivdən, mən də buradayam. Bu da Cıdır düzündə. Bunu bir dəfə göstərmişdim, Natəvan bulağının önündə. Bir şəkil də var, onu da göstərməliyəm. Burada Vaqifin büstü də var idi. Keçən dəfə Şuşada olarkən mən göstərdim ki, ermənilər büstü söküb dükan tikiblər. Bax, budur. Vaqifin büstü, Ulu Öndər də baxır. Bu büstü də bərpa edəcəyik.
Sonra dövlətimizin başçısı, birinci xanım və Leyla Əliyeva Pənahəli xanın sarayının qalıqlarına baxdılar. Bu tikili Şuşa şəhərinin tarixi mərkəzində yerləşir və Qarabağ xanlığının banisi Pənahəli xanın iqamətgahı olmuş tarixi saray idi. Erməni vandalları işğal zamanı bu tarixi binanı da dağıdıblar.
Prezident İlham Əliyev: Bura Pənahəli xanın sarayı olub. Şuşanı quran, Şuşanı salan Pənahəli xan özü üçün burada saray tikdirib. İndi görün, ermənilər nə günə salıblar bu sarayı. Tarixi abidə idi. Mənfur düşmən gəlib bizim torpağımızı zəbt edib, insanları qovub, tarixi abidələrimizi dağıdıb, söküb, vandallıq edib, barbarlıq edib.
Bütün beynəlxalq təşkilatlar gəlsinlər, görsünlər bunu. Erməniləri müdafiə edən, onları dəstəkləyən, onlara həmişə arxa, dayaq olan dairələr gəlsinlər, görsünlər bu vəhşilər nə ediblər.
Azad edilmiş torpaqlar erməni vəhşiliyinin şahididir. Dünya tarixində buna oxşar vəhşilik bəlkə də olmamışdır. Gələsən, başqasının torpağında yaşayasan, sonra fürsətdən istifadə edib buradan yerli əhalini qovasan, öldürəsən, yandırasan, soyqırımı törədəsən. Sonra da o xalq ki, sənə qucaq açıb, səni qəbul edib, sənə burada yaşamağa imkan verib, onun tarixi abidəsini bax, bu günə qoyasan. Vəhşilik. Mən deyəndə ki, sanki vəhşi qəbilə keçib buradan, bax, bu mənzərəni nəzərdə tuturam.
Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Molla Pənah Vaqifin büstünün qoyulacağı əraziyə gəldilər.
Molla Pənah Vaqifin büstünün bərpası layihəsi də Heydər Əliyev Fondu tərəfindən icra olunacaq.
Prezident İlham Əliyev: Bu, postamentin bünövrəsidir. Ermənilər dağıdıblar, biz bərpa edəcəyik.
Erməni vandalları işğal zamanı Şuşa şəhərinin mərkəzi meydanında yerləşən, XIX əsrə aid Karvansaray tarix-memarlıq kompleksini də dağıdıblar.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Karvansaray tarix-memarlıq kompleksinə baxdılar.
Dövlətimizin başçısına burada görüləcək işlərlə bağlı məlumat verildi.
Şəhərdə erməni vəhşiliyi ilə üz-üzə qalan tikililərdən biri də Şuşa Dövlət Rəsm Qalereyasının binasıdır.
Qalereya 1982-ci ildə yaradılıb və işğal dövrünədək – 1992-ci ilədək fəaliyyət göstərib.
Prezident İlham Əliyev: Bura Şuşa şəhərinin rəsm qalereyası olub. Azərbaycan hökuməti burada qalereya təşkil etmişdi. İşğal zamanı düşmənlər buradan öz məqsədləri üçün istifadə etmişlər. İndi tamamilə yenidən bərpa ediləcək və yenə də rəsm qalereyası kimi fəaliyyət göstərəcək.
Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva “Qarabağ” mehmanxanasında aparılacaq təmir-bərpa işləri ilə tanış oldular. Mehmanxana ötən əsrin 80-ci illərinin əvvəllərində inşa edilib. Bina baxımsızlıqdan tamamilə yararsız vəziyyətə düşüb. Burada görüləcək işlər nəticəsində mehmanxana müasir səviyyəyə çatdırılacaq və Şuşa şəhərinə səfər edəcək qonaqların rahatlığı üçün bütün şərait yaradılacaq.
Dövlətimizin başçısına və birinci xanıma Şuşa şəhərində tarixi-dini abidələrin bərpası ilə bağlı görülən işlər haqqında məlumat verildi.
Prezident İlham Əliyev: Otelin otaqları belə olacaq. İşğal dövründə oteli də demək olar ki, dağıdıblar, burada cəmi bir mərtəbə işləyib. Pis vəziyyətdə idi, qısa müddət ərzində şourum kimi hazırlanıb. Otelin bütün otaqları bu stildə olacaq.
“Qarabağ” otelində gedən yenidənqurma işləri ilə tanış olduq. İşğal dövründə otel faktiki olaraq fəaliyyət göstərmirdi, cəmi bir, ya iki mərtəbə fəaliyyət göstərirdi. Bu otel də sovet dövründə Azərbaycanın büdcəsi hesabına tikilmişdir və ona “Qarabağ” adı verilmişdir. Sonra mənfur düşmən otelin adını dəyişdirib “Şuşi palace” qoyub. “Şuşi” adlı bir şəhər yoxdur, olmayıb və heç vaxt olmayacaq.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşa Xalça Muzeyində də oldular. Qarabağ xalçaçılıq sənəti ənənələrinin öyrənilməsi, qorunması və yaşadılması məqsədilə yaradılan bu muzey də işğal zamanı ciddi ziyan görüb.
Dövlətimizin başçısı, birinci xanım və Leyla Əliyeva Şuşada Park otelin yerləşəcəyi binaya da baxdılar. Yenidənqurmadan sonra otel qonaqlarını müasir səviyyədə qarşılaya biləcək.
Prezident İlham Əliyev: Burada keçmiş sanatoriya korpusu olub. İşğal dövründə buradan kiçik otel kimi istifadə etmişlər, amma çox primitiv qaydada. Çox biabırçı bir şərait var idi. İndi yenidən bərpa edilir. Bu da şourumdur, otelin otaqları bax, belə olacaq və bu il otel artıq istifadəyə veriləcəkdir.
Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına icra olunacaq layihələrlə bağlı məruzə etdi.
Dövlətimizin başçısı Şuşada görüləcək işlərlə əlaqədar tapşırıq və göstərişlərini verdi.
Prezident İlham Əliyev: Şuşa sanatoriyasına da baxış keçirdik. Orada da korpusların bir çoxu ermənilər tərəfindən dağıdılıb. Amma bəzi korpuslardan istifadə etmək mümkün olacaq. Burada da kiçik otellərin yaradılması nəzərdə tutulur. Nəzərə almalıyıq ki, Şuşaya çox böyük turist axını olacaq, ona görə burada “beş”, “dörd” və “üç” ulduzlu otellər olmalıdır.
Buradan da şəhərə, şəhərin ətrafında yerləşən dağlara gözəl mənzərə açılır. Amma bir daha görürük, ermənilər burada demək olar ki, bir dənə də bina tikməyiblər. Bəlkə bu binanı tikiblər, bu da eybəcər bir tikilidir. Ancaq sovet vaxtında Azərbaycan tərəfindən tikilmiş binalardan istifadə etmişlər, azərbaycanlıların evlərində yerləşmişlər. Bütün bu evlər sovet vaxtından qalan evlərdir, “xruşşovka”lardır. Bunlar da öz müddətini çoxdan bitiriblər. Bu binaların vəziyyətinə indi diqqət yetirilməlidir.
Şuşada işğal dövründə təxminən 2000 adam yaşayırdı, onların da böyük hissəsi hərbçilər və onların ailə üzvləri idi. Ona görə də bu binaların böyük hissəsi boş qalmışdır. Baxın, burada bir dənə normal vəziyyətdə bina var, yoxsa yox?
Ermənilər Şuşanı erməni şəhəri kimi qələmə vermək istəyirlər. Halbuki, Şuşanın təməlini qoyan Pənahəli xan olub və həmişə burada azərbaycanlılar yaşayıb. Yaxşı, erməni şəhəri idisə, niyə əl gəzdirməmisiniz?. Şuşa kimi mənzərəsi, təbiəti olan şəhəri belə günə salmaq vəhşilikdir. Azərbaycanlıların evlərini dağıdıblar və hesab edirdilər ki, bu işğal əbədi olacaq. Biz işğala son qoyduq.
Mən demişəm ki, Şuşa nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir və buna nail olacağıq, 100 faiz. Bu da Realnı məktəbin dağılmış binasıdır, görün, ermənilər bu binanı nə günə salıblar. Sol tərəfdə də mənə verilən məlumata görə, internat məktəbi olub. Bunu da dağıdıblar, ancaq fasad hissəsi qalıb.
Biz artıq Şuşadan ayrılırıq, ancaq yenə də ayrılmaq istəmirik. Şuşa insanı özünə o qədər cəlb edir ki, buraya gələnlər qayıtmaq, getmək istəmirlər. Ancaq indi biz Bakıya qayıtmalıyıq. Yolüstü Daşaltı kəndində dayanacağıq. O, kəndə də baxacağıq. Ondan sonra istiqamət Bakı şəhəridir.
Birinci xanım Mehriban Əliyeva: Hava günəşli, açıq, mavi səma.
Prezident İlham Əliyev: Şuşaya “hələlik” deyirik. Şuşanın girişində Azərbaycan bayrağı dalğalanır və bundan sonra əbədi dalğalanacaqdır. Aşağıda da Laçın dəhlizidir. Hava da yenə bizimlə həmrəydir. Günəş yolumuzu işıqlandırır. Bura isə Şuşa yarımstansiyasının binasıdır. Bu bina qısa müddət ərzində inşa edildi və Şuşanı dayanıqlı enerji ilə təchiz edəcəkdir. Keçən dəfə də yanvar ayında Şuşaya gələndə, Şuşaya yaxınlaşanda hava açıldı, Günəş bizi salamladı.
Buradan da Şuşanın qayaları gözəl görünür. Çünki biz haqq yolundayıq, işimiz də haqq işidir. Təbiət də bizi salamlayır. Çünki bu Azərbaycan təbiətidir.
Bura isə Daşaltı kəndidir. Daşaltı kəndi ilə də tanış olacağıq.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşa rayonunun Daşaltı kəndinə gəldilər.
Aydın Kərimov: O, Böyük Kirs dağıdır. Şuşanın su mənbələrindən biri onun ətəyindən gəlir.
Birinci xanım: Bu, yeni Daşaltı hesab olunur?
Aydın Kərimov: Bəli.
Birinci xanım: O da köhnə Daşaltı.
Prezident İlham Əliyev: Bizim hərbçilər oradan gəliblər.
Həm sağ tərəfdə, həm də sol tərəfdə Daşaltı kəndinin gözəl mənzərəsidir. Daşaltı kəndi də işğalçılardan azad edilib. Məhz bizim müzəffər Ordumuz Daşaltıdan qalxaraq, sıldırım qayaları qət edərək Şuşaya daxil oldu. İrəlidə də Böyük Kirs dağıdır. Azərbaycanın gözəl təbiəti gözümüzün önündədir. Hansı tərəfə baxsan gözəllik, yaşıllıq. Bura Azərbaycan torpağıdır, Qarabağ torpağıdır. Bundan sonra Azərbaycan xalqı burada əbədi yaşayacaq.
X X X
Erməni qəsbkarlar tərəfindən 1992-ci ildə işğal olunan Daşaltı kəndi də hərtərəfli terrora məruz qalıb. Prezident İlham Əliyev kəndin bərpası ilə bağlı tapşırıqlarını verdi.
https://president.az/articles/50901
İlham Əliyev Cəbrayıl və Zəngilan rayonlarında olub
Xəbər verildiyi kimi, aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar.
Dövlətimizin başçısı, birinci xanım və qızları Cəbrayıl rayonunun girişində “Cəbrayıla xoş gəlmişsiniz!” sözləri yazılmış lövhənin qarşısına gəldilər.
Prezident İlham Əliyev: Cəbrayıl rayonuna gəlmişik. Vaxtilə Cəbrayıl rayonunun girişində ucaldılmış lövhəni biz indi yenidən qurduq və eyni formada, eyni dizaynla. Biz “Cəbrayıla xoş gəlmişsiniz!” lövhəsini bərpa etdik. Sovet vaxtında bu abidə, – əgər belə demək mümkündürsə, – qoyulmuşdur, ucaldılmışdır və işğal dövründə tamamilə sökülmüş, paslanmışdır. Bunun paslanmış görüntüləri artıq mətbuatda da var. Ona görə tarixi ədaləti bərpa edərək, Cəbrayıl rayonunun girişində yerləşən bu “Xoş gəlmişsiniz!” lövhəsini, abidəni biz yenidən bərpa etdik. Azad edilmiş bütün torpaqları bərpa edəcəyik, bütün şəhərləri, kəndləri bərpa edəcəyik.
X X X
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışında iştirak etdilər.
Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.
Elçin Quliyev dedi: Xoş gəldiniz cənab Prezident!
Prezident İlham Əliyev: Salam.
Elçin Quliyev: Salam. Yaddaş daşı yazılmışdır gəlişiniz münasibətilə, cənab Prezident, işğaldan azad olunmuş ərazilərdə.
Məruzə edirəm ki, verdiyiniz göstərişlərin icrası üzrə işğaldan azad edilmiş ərazilərdə tikinti-təmir işlərimiz davam edir. Göstərilən ərazidə köhnədən belə bir bina qalmışdı, möhtərəm cənab Prezident, tapşırıqlarınızın icrası ilə əlaqədar 5339 kvadratmetr ərazidə hərbi hissə yaradılmışdır, hazırkı vəziyyət gördüyünüz kimidir.
X X X
Dövlət Sərhəd Xidmətinin hərbi arsenalı müasir silahlarla daha da zənginləşdirilir və silahlanmaya yeni pilotsuz uçuş aparatları da daxil edilir.
Prezident, Ali Baş Komandan İlham Əliyevə pilotsuz uçuş aparatları barədə məlumat verən Elçin Quliyev dedi: Möhtərəm cənab Prezident, müharibə vaxtı haropların tətbiqi ilə əlaqədar çəkilişlər aparılmışdır. Sağ tərəfdə hazırda həmin çəkilişlər göstərilir, TOR sistemi.
Prezident İlham Əliyev: Bəli, yadımdadır, qarajın içində idi.
Elçin Quliyev: Elədir ki var, cənab Prezident. Burada onların bir çox raket kompleksləri, S-300 sistemləri, SKAD raket kompleksləri. Onlar Horadiz kəndi istiqamətində əks-hücum həmləsi etmək niyyətində olduqda isə haroplar tərəfindən 2 saat ərzində onların 14 tankı məhv edilmişdir. Bu çəkilişlərdə o tankların məhv edilməsi əks olunub. Təqribən 10-12 tankı da düşmən qoyub qaçmışdır.
Prezident İlham Əliyev: Onların özləri də bunu etiraf edirlər.
Elçin Quliyev: Elədir ki var, cənab Prezident. Bu, S-300-ün vurulması anı idi. Haropların vurma qabiliyyəti 97 faizdir, cənab Prezident. Bu, ən yüksək göstəricidir.
Prezident İlham Əliyev: Bu, dağın başında idi.
Elçin Quliyev: Şükrataz dağının, cənab Prezident. Hazırda ən yüksək nöqtədə Azərbaycan sərhədçiləri yerləşmişlər.
Dövlətimizin başçısına məlumat verildi ki, yeni hərbi hissədə xidməti yüksək səviyyədə aparmaq üçün bütün şərait var. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməklə, eyni zamanda, dövlət sərhədinin bərpası kimi çox mühüm bir missiyanı icra etdi. Silahlı Qüvvələrimizin tərkib hissəsi kimi Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti də yüksək peşəkarlıqla düşmənə sarsıdıcı zərbələr endirdi və onu torpaqlarımızdan qovdu.
Sonra Prezident İlham Əliyev yeni hərbi maşınlarla tanış oldu və onlardan birini idarə etdi.
Elçin Quliyev: Cənab Prezident, bu isə növbəti qayğınızın təzahürüdür. Bu maşınlar yeni alınmışdır və Sizin göstərişiniz üzrə bizim çevik heyətimizə təqdim olunmuşdur. Möhtərəm cənab Prezident, Sizin verdiyiniz xüsusi göstərişin icrası üzrə 44 günlük Vətən müharibəsinin ən itisürətli hücumu məhz bu ərazidən başlamışdır.
Dövlətimizin başçısı hərbi hissənin idman zalında oldu.
Prezident İlham Əliyev: Bunu çək, bu birini. Bu, ancaq isinmə hərəkətidir. Göstərirəm ki, şəxsi heyət mənim kimi məşğul olsun və 59 yaşında bunları edə bilsin. İndi gəl bunu çək.
İdmançılar bilirlər ki, burada bir az qaydaları pozmuşam. Ancaq 59 yaşında 40 kiloqramla qaydaları pozmasan olmur.
X X X
Hərbi hissədə yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları ilə görüşdü və çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı
– Əziz sərhədçilər, bu gün ölkəmizin həyatında əlamətdar bir gündür. Azərbaycan-İran sərhədində Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsi açılır. Bu açılışda mən iştirak edirəm və bu, bir daha Sərhəd Xidmətinin işinə verdiyimiz diqqətin təzahürüdür.
Vətən müharibəsi dövründə Azərbaycan-İran sərhədi tam bərpa edilib, işğal altında olmuş 132 kilometr sərhəd bərpa edilibdir. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başlamışdır. Bu hərbi hissənin fəaliyyətə başlaması bunun bariz nümunəsidir. Bütün sərhəd boyunca – həm Azərbaycan-İran, həm Azərbaycan-Ermənistan sərhədləri boyunca lazımi işlər aparılır.
Azərbaycan-İran sərhədi dostluq sərhədidir. Bu sərhədin qorunması Azərbaycan-İran əlaqələrinin inkişafı üçün də çox böyük önəm daşıyır. Bizim İran İslam Respublikası ilə digər istiqamətlərdə sərhədimiz var və bu, sözün əsl mənasında, dostluq, əməkdaşlıq sərhədidir. Hər iki ölkənin sərhəddən keçən vətəndaşları bundan faydalanırlar. Eyni zamanda, ildən-ilə artan yüklərin həcmi Azərbaycan-İran əlaqələrinin inkişafından xəbər verir.
Buraya yaxın məsafədə yerləşən Xudafərin körpüsü Azərbaycan-İran dostluğunun rəmzidir. Xudafərin körpüsü Müstəqillik Günündə – keçən il oktyabrın 18-də düşməndən azad edilmişdir. Bu ərazinin düşməndən azad edilməsində sərhədçilər xüsusi rol oynamışdır. Azadlıq mübarizəmiz məhz bu istiqamətdən başlamış və Vətən müharibəsi 44 gündən sonra Ordumuzun, Silahlı Qüvvələrimizin Qələbəsi ilə nəticələnmişdir. Bu ərazidə şiddətli döyüşlər gedirdi, hər bir kənd uğrunda şiddətli döyüşlər gedirdi, biz şəhidlər verirdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaqdır. İtkilərə baxmayaraq, biz hər gün irəli gedirdik. 44 günlük müharibə dövründə bir gün belə geriyə addım atmamışıq. 44 gün ərzində hər bir gün Zəfər günü idi. 44 gün ərzində Ermənistanın bütün cəhdlərinə baxmayaraq, bir dənə də uğurlu əməliyyat keçirə bilməmişlər. Bax, bu istiqamətdə onlar əks-hücum əməliyyatı planlaşdırmışdılar və bunu həyata keçirməyə başlamışdılar. Amma bu, onların sonunun başlanğıcı olmuşdur. Çünki həmin əks-hücum əməliyyatı Azərbaycan Silahlı Qüvvələri tərəfindən tamamilə darmadağın edilmişdir, düşmən böyük sayda itki vermişdir və düşmənin onlarla texnikası məhv edilmişdir. Biz məhz bu istiqamətdən – Füzuli-Cəbrayıl istiqamətindən bir çox müdafiə xətlərini keçərək azadlığa yol açmışdıq.
Bu gün müzəffər Azərbaycan Silahlı Qüvvələri qarşıda duran bütün vəzifələri icra edir. Eyni zamanda, sərhədçilərimiz hazırda işğaldan azad edilən ərazilərdə Azərbaycan-Ermənistan sərhədini də qoruyur. Bu sərhəd də bərpa edilib və sərhəd boyunca bütün lazımi infrastruktur işləri aparılır, bütün texnika səfərbər edilib. Bu sərhədin uzunluğu 500 kilometrə yaxındır. Bu sərhəd 30 ilə yaxın müddət ərzində işğalçı qüvvələrin əlində idi. Biz Vətən müharibəsində Qələbə qazanaraq bu sərhədi də tam bərpa etdik, Zəngilan və Qubadlı rayonlarını, Laçın rayonunun bir hissəsini döyüşərək azad etdik. Laçın rayonunun böyük hissəsini və Kəlbəcər rayonunu düşmən artıq məcbur olub kapitulyasiya aktını imzalayaraq bizə qaytarıb. Hazırda o ərazilərdə lazımi işlər aparılır.
Ancaq əfsuslar olsun ki, Ermənistanda baş qaldıran revanşist qüvvələr yenə də bizə qarşı ittihamlarla çıxış edərək, bizə qarşı ərazi iddiası irəli sürürlər. Onlara, bax, buradan xəbərdarlıq etmək istəyirəm ki, bu çirkin əməllərdən əl çəksinlər, yoxsa onların axırı pis olacaq. Biz Vətən müharibəsi dövründə kimin kim olduğunu göstərdik. Dəmir yumruq düşmənin başını əzdi. Bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədinin Zəngilan istiqamətində bizim sərhədçilərimizə qarşı edilən hərbi təxribat sonuncu belə cəhd olmalıdır. Biz təmkinlik göstərərək bu təxribata cavab vermədik. Amma bu, sonuncu xəbərdarlıqdır. Əgər bir daha buna oxşar cəhd göstərilərsə, düşmən yerindəcə məhv ediləcək. Biz öz sərhədimizi qoruyuruq və bundan sonra da qoruyacağıq. Hər bir ölkənin sərhədi onun dövlət rəmzlərindən biridir. Azərbaycan öz sərhədlərini, ərazi bütövlüyünü tam bərpa edib. Bizim Silahlı Qüvvələrimiz rəşadət, qəhrəmanlıq göstərərək Vətən müharibəsində Zəfər çaldılar. Sərhədçilərin ümumi zəfərimizdə rolu çox böyükdür. Mən bunu qiymətləndirirəm. Təsadüfi deyil ki, bir çox hərbçilər dövlətimizin yüksək orden və medalları ilə təltif edilmişlər.
Mən sizi bir daha bu hərbi hissənin açılışı münasibətilə təbrik edirəm, sizə yeni uğurlar arzulayıram.
X X X
Dövlətimizin başçısı sərhədçilərlə birgə foto çəkdirdi.
X X X
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Zəngilan rayonunun Ağalı kəndinə gəldilər.
Kənd təsərrüfatı naziri İnam Kərimov: Cənab Prezident, Sizə fevral ayında məlumat təqdim ediləndən sonra artıq intensiv işlərə başlanılıb, mobilizasiya edilib. İlkin söküntü işləri aparılıb.
Prezident İlham Əliyev: Burada nə olub?
İnam Kərimov: Evlər olub burada. Otuza yaxın ev olub. Kəndarası yollar artıq çəkilməkdədir. Kəndin içində də bu işlər aparılır. Hazırda 110-a yaxın işçi çalışır. İşlərin intensiv getdiyi vaxtda təqribən 600-700-ə yaxın işçi çalışacaq.
Prezident İlham Əliyev: Kəndin bir hissəsi yolun o tərəfindədir?
İnam Kərimov: Bəli, bir hissəsi üst hissədə olub.
Prezident İlham Əliyev: Əsas hissə bura olub?
İnam Kərimov: Bəli, əsas hissə bura olub. Bura birinci Ağalıdır.
Ermənilərin işğalçılıq siyasəti nəticəsində dağıdılmış kəndlərimizin ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında bərpasına başlanılıb.
Kənd təsərrüfatı naziri İnam Kərimov dövlətimizin başçısına və birinci xanıma məlumat verdi ki, birinci “Ağıllı kənd” pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Layihənin icrası, əsasən, 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir. Ərazidə, ilk olaraq, tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub. Evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulacaq. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşdırılacaq. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək. Layihənin icrasında Türkiyə, Çin, İtaliya və İsrail şirkətlərinin mütəxəssisləri də iştirak edəcəklər.
Dövlətimizin başçısı xarici şirkət nümayəndələri ilə videoformatda söhbət etdi.
Prezident İlham Əliyev: salam əleyküm.
Türkiyə şirkətinin əməkdaşı: Əleyküm salam, cənab Prezident.
Kənd təsərrüfatı naziri İnam Kərimov: Onay bəy buyurun.
Prezident İlham Əliyev: Buyurun, söyləyin nədir bu qurğu?
Türkiyə şirkətinin əməkdaşı: “Bir millət, iki dövlət” can Azərbaycana Türkiyədən salamlar, cənab Prezident.
Türkiyə şirkətinin əməkdaşı: Həqiqi sahibinə yenidən qovuşmuş bu torpaqlar uğrunda canını qurban vermiş bütün şəhidlərin xatirəsini uca tutduğunuz üçün Sizə təşəkkürlərimi bildirirəm, cənab Prezident.
Prezident İlham Əliyev: Sağ olun.
Türkiyə şirkətinin əməkdaşı: Cənab Prezident, yaradılacaq bu “Ağıllı kənd”də apardığımız çoxistiqamətli təhlillər nəticəsində müəyyənləşdirdik ki, bu, dünyanın təbii dostu olan bərpaedilən enerji qurğusu “Arximed” sistemidir. Bununla yanaşı, karbon dioksid emissiyası sertifikatına malik olan “Arximed” qurğusu “Ağıllı kənd”in bütün daxili elektrik enerjisi ehtiyacını ödəyəcək və artıq qalan enerjini xaricə satmaq mümkün olacaq. Bununla bərabər, sistemdən çıxan isti suyu kənddəki evlərə və otelə ötürəcəyik. Bu qurğu çox sürətlidir, yüksək məhsuldarlıqla işləyir. Heç bir səs-küy yaratmır, suyu oksigenləşdirir ki, bu da balıqlar və yaşıllıqlar üçün çox faydalıdır. Bu sistem günəş enerjisi və digər alternativ enerjilərə nisbətən artıq, yəni 24 saat işlədiyi üçün daha çox enerjini daha az güclə əldə etməyə imkan verir. Bu layihə, sadəcə, enerji istehsal etmək məqsədi daşımır, eyni zamanda, turizm infrastrukturu üçün şərait yaradır. Cənab Prezident, əlbəttə, Sizin dəstəyinizlə, bütün ehtiyaclarını öz daxili imkanları hesabına ödəyə bilən bir “Ağıllı kənd” layihəsi yaratmağı planlaşdırırıq. Minnətdarlığımı bildirirəm.
Prezident İlham Əliyev: Təşəkkür edirəm. Mən çox şadam ki, birinci layihədə Türkiyə şirkəti iştirak edir. Bu, təbiidir. Çünki qardaş ölkə olan Türkiyə bizim bütün bərpa işlərində fəal iştirak edəcək. Bildiyiniz kimi, artıq bir neçə Türkiyə şirkəti bərpa işlərində, infrastruktur layihələrində iştirak edir. Şadam ki, biz burada da – yaşıl enerji sahəsində də Türkiyə şirkətinin fəaliyyətini görürük. Əslində, bu, azad edilmiş torpaqlarda inşa edilən birinci kənddir. Əlbəttə ki, bu kəndin çox böyük önəmi var. Çünki “Böyük qayıdış” bu gün başlayır. Əmin olduğumu bildirmək istəyirəm ki, siz gələcək layihələrdə də iştirak edəcəksiniz.
Türkiyə şirkətinin əməkdaşı: İnşallah, cənab Prezident.
Prezident İlham Əliyev: Bir daha sizə uğurlar arzulayıram.
Türkiyə şirkətinin əməkdaşı: Təşəkkür edirəm, cənab Prezident.
X X X
“Huayvei-Azərbaycan” şirkətinin baş meneceri: Salam, hörmətli cənab Prezident Əliyev. Mənim adım Deyviddi. Mən “Huayvei-Azərbaycan” şirkətinin baş meneceriyəm. Bizim “Ağıllı kənd” rəqəmsal texnologiyamızı Sizə təqdim etmək mənim üçün böyük şərəfdir. Biz bu texnologiyadan Qarabağda yenidən qurulacaq ərazilərdə istifadə edəcəyik.
Əvvəlcə, mən böyük Zəfər münasibətilə, cənab Prezident, Sizə təbriklərimi və dərin ehtiramımı çatdırmaq istəyirəm. Dünya üzrə aparıcı İKT texnologiyaları şirkəti olaraq biz bütün ən son qabaqcıl texnologiyalarımızı Qarabağda təqdim etməyə və gələcəkdə “Ağıllı kənd”lərin inkişafında iştirak etməyə hazırıq. Aparıcı “Ağıllı şəhər” və “Ağıllı kənd” texnologiyalarının təchizatçısı kimi şirkətimizin bu sahədə böyük təcrübəsi var və bizim 100-dən çox qlobal layihəmiz mövcuddur. Qarabağda “Ağıllı kənd” üzrə qabaqcıl texnologiyaları təmin etmək üçün biz ən son məhsul və texnologiyaları təchiz edəcəyik. Biz Azərbaycanda ilk dəfə “Qiqabit AirPON” texnologiyasını istifadə edəcəyik. “AirPON” cihazı hazırda cənab Prezidentin qarşısındadır. Bu texnologiya fiber-optik xətlərin çəkilişini 10 kilometrdən 1 kilometrə qədər qısalda bilər. Beləliklə, biz şəbəkənin qurulmasını sürətləndirə və xərclərə qənaət edə bilərik. Biz “Ağıllı kənd” layihəsinin birinci mərhələsində Qarabağda təhlükəsiz yaşayış mühiti yaradaraq, “ağıllı tədris”, “ağıllı səhiyyə” və “ağıllı kənd təsərrüfatı” sistemlərini həyata keçirəcəyik. Bu, tərəfimdən hazırlanmış qısa hesabat idi. Çox sağ olun, cənab Prezident.
Prezident İlham Əliyev: Təşəkkür edirəm. Mən sizə uğurlar arzulayıram. Bu, Qarabağ regionunda ölkənin birinci layihəsidir. Mən şadam ki, Azərbaycanın yaxşı tərəfdaşı olan “Huayvei” şirkəti bu layihədə iştirak edir. Xatırlayıram ki, Çinə səfərlərimin birində mən sizin Pekindəki mənzil-qərargahınızı ziyarət etmişdim və orada mənə sizin fəaliyyətinizlə bağlı təqdimat verilmişdir. Həmçinin Bakı ofisi ilə birbaşa əlaqə də yaradılmışdır. Bilirəm ki, Bakı ofisi çox uğurlu fəaliyyət göstərir və işğaldan azad olunmuş ərazilərdə çoxlu işlər olacaq. Çünki bu, yalnız bir kənddir. Erməni təcavüzkarlar tərəfindən dağıdılmış yüzlərlə kənd və şəhərlərimiz var. Bizə indi onları bərpa etmək lazımdır. Biz onları müasir standartlar, yaşayış standartları əsasında bərpa etməliyik. Beləliklə, mən sizə uğurlar arzulayıram və ümid edirəm ki, işğaldan azad olunmuş ərazilərin digər hissəsində işləmək üçün sizin başqa fürsətiniz olacaq.
Baş menecer: Təşəkkür edirəm, cənab Prezident. Biz əlimizdən gələni edəcəyik.
Kənd Təsərrüfatı naziri İnam Kərimov: Bu qurğu yüz meqabitə qədər kabelsiz internet paylayacaq. Bir də telefon antenası quraşdırılandan sonra kənd internetlə təmin oluna bilər.
X X X
Prezident İlham Əliyev: Sabahınız xeyir.
İtaliya şirkətinin əməkdaşı: Salam cənab Prezident, sabahınız xeyir. Necəsiniz?
Prezident İlham Əliyev: Çox yaxşıyam, təşəkkür edirəm. Sizin layihəniz necə irəliləyir? Bu gün biz ona start veririk. Odur ki, tikintini başa çatdırandan sonra bizim yaxşı nəticələrimiz olmalıdır. Layihənin işlək vəziyyətə gətirilməsi üçün vaxt cədvəli necədir?
İtaliya şirkətinin əməkdaşı: Onlar süd ferması layihəsinin noyabr ayında istismara verilməsini istəyirdilər. Lakin ehtimal edirəm ki, fermanın daxilində yaşayış yerləri ilə birlikdə noyabr ayında bu, kifayət qədər tezdir. Lakin bunu biz nə qədər tez lazımdırsa edə bilərik. Bizim yenidənqurma işlərini aparmaq üçün bacarıqlarımız və tərəfdaşlarımız var.
Prezident İlham Əliyev: Çox yaxşı. Deməli, əlbəttə ki, bu, noyabr və ya dekabr ola bilər. Bilirəm ki, planlamaq, təşkil etmək və icra etmək asan deyil, çünki biz bütün infrastrukturu, 200-dən çox evi olan kəndi, qəsəbəni salmalıyıq. Çünki buraya yaşamağa gələn insanların iş yerlərinə və istehsalata ehtiyacı olacaq. Mən burada şəkillərə baxıram, onlar çox yaxşı görünür. Məşhur “motsarella” pendiri.
İtaliya şirkətinin əməkdaşı: Bəli, təşəkkür edirəm. Bizim evlər və fermalar üçün birgə modelimiz də var. Beləliklə, Siz insanları kənddə evlərlə təmin etməzdən əvvəl onları fermada işləmələri üçün tez bir şəkildə yerləşdirə bilərsiniz.
Prezident İlham Əliyev: Çox yaxşı, təşəkkür edirəm.
X X X
İsrail şirkətinin əməkdaşı: Sizə təqdimatımızı göstərə bilərikmi?
Prezident İlham Əliyev: Bəli, buyurun.
İsrail şirkətinin əməkdaşı: İlk növbədə, Sizin qarşınızda dayanmaqdan, Sizinlə görüşməkdən böyük qürur hissi keçirirəm. Bu imkana görə təşəkkür edirəm. Mən Sizi Qarabağ ərazilərinin işğaldan azad edilməsi münasibətilə təbrik etmək istəyirəm. Biz Sizin tərəfdaşınız olmaqdan həqiqətən də şadıq. İsrail Zəngilanda, əvvəlcə, 300-400 başlıq camış ferması tikəcək, sonra biz onu 1000 başa çatdırmaq istəyirik. Şirkətimiz ağıllı fermalar üzrə texnologiya ilə işləyir. Bizdə bütün fermanı məlumatların təhlili üzrə proqram təminatına birləşdirən ötürücülər var ki, bu da göründüyü kimi, mal-qaranın yemlənməsi, sağlamlığı və sağılması ilə əlaqədardır. Biz bunu “açar təslimi” layihəsi kimi həyata keçiririk. Buraya texniki-iqtisadi əsaslandırma, tikinti, planlaşdırma, komandanın hazırlanması və mal-qaranın idxalı daxildir. Qeyd etdiyim kimi, heyvanlar sensorlarla təchiz ediləcək. Biz peyin emalı ilə də məşğul oluruq. Peyindən gübrə və bioqaz əldə edə bilirik. Fərqli variantlar var. Tullantı sularının təmizlənməsi, günəş enerjisi. Bu, o deməkdir ki, Sizdə böyük elektrik enerjisi infrastrukturu qurmadan böyük həcmdə elektrik enerjisi istehsal olur. Bu cür ferma çox maraqlı olacaq. Beləliklə, biz İsrailin sahib olduğu süd ferması texnologiyasında bilik və təcrübəmizi Azərbaycana, Qarabağ bölgəsinə gətirmək istəyirik. Bu imkana görə çox sağ olun. Biz Sizinlə əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik.
Prezident İlham Əliyev: Təşəkkür edirəm. Mən bilirəm ki, İsraildə inəklər ən yüksək keyfiyyətli məhsul verir və orada inəkbaşına ən yüksək həcmdə süd alınır.
İsrail şirkətinin əməkdaşı: İsraildə elə fermalar var ki, orada hər inəkdən 40-45 litr süd alınır.
Prezident İlham Əliyev: Bilirəm.
İsrail şirkətinin əməkdaşı: Biz camışlarla da əlimizdən gələni etməyə çalışacağıq.
Prezident İlham Əliyev: Bəs, hər camışdan orta hesabla nə qədər süd alınır?
İsrail şirkətinin əməkdaşı: Camışlarda bu, orta hesabla sağmal inəyin verdiyi məhsulun üçdəbiri qədərdir. Bu, bir camış başına gündə 8-12 litr arasındadır.
Prezident İlham Əliyev: Aydındır. Camışlar İsraildən idxal olunacaq?
İnam Kərimov: İtaliyadan.
X X X
Layihə meneceri: Salam, cənab Prezident. İlk növbədə, Sizi ərazilərinizin işğaldan azad edilməsi və suverenliyinizin bərpası ilə əlaqədar tarixi nailiyyətiniz münasibətilə təbrik edirəm. Bu, mühüm strateji bölgədə sabitlik və firavanlıq dövrü olacaq. Burada olmaq, Sizə İtaliya məhsulları və xidmətləri barədə məlumat vermək mənim üçün həqiqətən də şərəfdir. Mənim adım Cüzeppe Grisoliyadır və mən camış sağmalçılığı ilə bağlı layihə meneceriyəm. Bizim biznes ideyamız strateji regionda tam avadanlıqla təchiz edilmiş camış sağmalçılıq fermasının və ya yüksək keyfiyyətli “motsarella”, “burrata” və digər növ camış pendirlərinin istehsalının həyata keçirilməsi ilə bağlıdır. Biz istehsal prosesinə öz təcrübə və biliyimizi gətiririk. Çünki cənab Prezident, bildiyiniz kimi, camış “motsarella”sı bütün dünyada istehsal olunur, istənilən ölkə həmin keyfiyyətə və səviyyəyə çatmağa cəhd göstərir. Lakin “motsarella di buffalo” pendiri həmişə italyan məhsulu olaraq qalır. Südçülük sahəsində uğurun ən mühüm amili ondan ibarətdir ki, söhbət təkcə bizdə olan texnologiyadan, avadanlıqdan getmir, həm də pendir hazırlayanların əllərindən gedir. Çünki hər kəs bahalı avadanlıq ala bilər, amma yalnız bacarıqlı pendir hazırlayan bənzərsiz “motsarella” hazırlaya bilər. Bu səbəbdən də biz südçülük fermasını qurandan sonra tam təlim kursu keçəcəyik. Bu təlim sayəsində Azərbaycanda birinci nəsil bacarıqlı pendir hazırlayanlar yetişdiriləcək. Biz Azərbaycanda sadə keyfiyyətdə camış pendirinin istehsal olunmasını istəmirik. Bizim hədəfimiz yüksək keyfiyyətli südçülük sektorunun yaradılmasından ibarətdir ki, Azərbaycan da İtaliya kimi mükəmməl “motsarella di buffalo” pendirlərinin istehsalçısı olsun. Bu sahədə güzəştdən söhbət gedə bilməz, yalnız birinci səviyyəli istehsal ola bilər. Biz azərbaycanlı dostlarımızla əlimizdən gələni edəcəyik. Təşəkkür edirəm, cənab Prezident. Yaradılmış imkana görə çox sağ olun.
Prezident İlham Əliyev: Çox sağ olun. Bu, işğaldan azad edilmiş ərazilərdə ilk pilot layihədir. Ona görə də, qeyd etmək istəyirəm ki, biz buna xüsusi diqqət yetiririk. Bu layihənin uğurlu icrası sözsüz ki, bizim əraziləri mümkün qədər tez bir zamanda dirçəltmək və bərpa etməklə bağlı güclü iradəmizi nümayiş etdirəcək. Müharibədən və qələbəmizdən sonra dəfələrlə qeyd etdiyim kimi, bizimlə işləmək üçün dost ölkələrdən şirkətlər dəvət edəcəyik. Şadam ki, bu gün İsrail şirkəti, İtaliya şirkəti, Azərbaycanın iki dost ölkəsindən olan şirkətlər bu mühüm layihəyə qoşulur və bizim beynəlxalq əməkdaşlığımız var. Türkiyədən, Çindən, İsraildən, İtaliyadan olan şirkətlər var, hamısı dost ölkələrdir. Bu, həqiqətən də yaxşı beynəlxalq əməkdaşlıqdır və mən əminəm ki, bu, sadəcə olaraq, ilk addımdır. Bu layihənin uğurlu icrası sözsüz, bizə imkan verəcək ki, bu təcrübədən Qarabağın digər yerlərində istifadə edək. Çünki biz yüzlərlə kənd, qəsəbə və şəhərləri bərpa etməliyik.
Ümid edirəm ki, siz bu məhsulları nümayiş etdirəcəksiniz və onların dadına baxacaqsınız.
İsrail şirkətinin əməkdaşı: Cənab Prezident, qarşımıza çətin vəzifə qoydunuz. Biz hazırıq.
Prezident İlham Əliyev: Çox sağ olun.
İsrail şirkətinin əməkdaşı: Çox sağ olun, cənab Prezident, gününüz uğurlu olsun. Təşəkkür edirəm.
X X X
Sonra dövlətimizin başçısı Zəngilan rayonunun sakinləri ilə görüşdü.
Prezident İlham Əliyev: Salam, gəlin yaxına, gəlin, yaxınlaşın.
Qadın sakin: Ağalı kəndinə xoş gəlmisiniz.
Prezident İlham Əliyev: Çox sağ olun.
Qadın sakin: Bu, bizim kəndimizdir. Mən Ağalı kəndində, bu kənddə anadan olmuşam, burada boya-başa çatmışam. Atamın, anamın, həyat yoldaşımın, əmilərimin, dayılarımın məzarları bu qəbiristanlıqdadır. Həyat yoldaşımın məzarı o görünən ağacın yanındadır, iş başında həlak olubdur.
Prezident İlham Əliyev: Eviniz harada, hansı tərəfdə olub?
Qadın sakin: Evimiz aşağıdadır.
Prezident İlham Əliyev: Böyük Ağalıda.
Qadın sakin: Siz birinci dəfə maşınla keçəndə göstərirsiniz ki, bu ev kimindir, yəqin tanıyacaq. O, bacımın evidir. Çox sağ olun, çox şadam ki, Sizinlə, xanımınızla, qızınızla burada görüşürəm. Hamınızı bağrıma basıram, öpürəm.
Prezident İlham Əliyev: Sizi təbrik edirəm, Ağalıya qayıtmısınız.
Qadın sakin: Sağ olun, mən də Sizə cansağlığı, uzun ömür arzulayıram ki, bizi gətirib öz yerimizə çıxartdınız, torpağımızı gördük. Torpağımızı azad etmisiniz. Siz torpaqlarımızla bərabər şəhidlərimizin qisasını almısınız, qazilərimiz var. Qazilərimizə Allahdan sağlıq, şəhidlərimizə rəhmət diləyirəm. Onların analarının qarşısında baş əyirəm. Sizin qarşınızda baş əyirəm ki, Ali Baş Komandan kimi onları ətrafınıza toplayıb dünyada görünməyən 44 günlük müharibədə qalib gəlmisiniz. Birinci Qarabağ müharibəsində mənim dayımın oğlu, üzr istəyirəm, həm də kürəkənim 5 il 8 ay müharibədə iştirak etdi. 44 günlük müharibədə könüllü iştirak edən nəvəm qazidir. Allah Sizə cansağlığı versin, ömrünüz uzun olsun. Ağalı camaatı bu dəqiqə startda durub, hamımız bir nəfər kimi. Uşaqdan böyüyə hamı deyir ki, gedirik Ağalıya qurub-yaradaq. Ağalı camaatı zəhmətkeşdir. Mən 28 ildir şəhərdə yaşayıram.
Prezident İlham Əliyev: Harada, Bakıda yaşamısınız?
Qadın sakin: Bəli, Biləcəridə yaşayıram.
Prezident İlham Əliyev: Biləcəridə yataqxanada, yoxsa?
Qadın sakin: Xeyr, öz evimizdə yaşayırıq. Öz torpağımıza gəlməyə hazırıq. Bir arzum var, o gün olsun, bu layihə başa çatdırılsın, Ağalı camaatımız gəlsin kəndə yığışsın. Çünki camaatımız zəhmətkeş adamlardır, bərpa edəcəyik. Sizdən xahiş edirəm ki, ikinci dəfə bu kəndə gələndə mənim evimə gəlib bir stəkan çayımı içəsiniz.
Prezident İlham Əliyev: Yaxşı. Söz verirəm sizə. Mütləq gələcəyəm, açılışa da gələcəyəm və İnşallah, yaxın zamanlarda kənd yenidən qurulacaq. Bilirsiniz ki, birinci bərpa olunacaq kənd Ağalı kəndidir.
Qadın sakin: Bu kənd varlı kənd olub, kolxozu ilə. Mənim belə bir bayatım var:
Mən aşiqəm kəndə gəl,
Mən gəlmişəm, sən də gəl.
Ermənilərin dağıtdığı kəndə baxıb,
Təzə tikilən texnikalı kəndə bax.
Prezident İlham Əliyev: Özü də bu kənd nümunəvi bir kənd olacaq.
Qadın sakin: Bəli, çox sağ olun. Çox şadam ki, Sizinlə burada görüşdüm. Canım mənim, hamınızı bağrıma basıram, öpürəm Sizi.
Prezident İlham Əliyev: Siz nə vaxt çıxmısınız Ağalıdan?
Qadın sakin: 1993-cü ildə çıxmışam və həmişə Siz yumruğunuzu göyə qaldıranda Sizinlə bərabər mən də qaldırmışam, yenə də qaldırıram və deyirəm: Qarabağ bizimdir! Ağalı bizimdir! Zəngilan bizimdir! Gənclərimiz Sizin arxanızdadırlar. Yaşasın Qarabağ! Yaşasın Azərbaycan!
Prezident İlham Əliyev: Sağ olun. Ağalı kəndi oktyabrın 28-də işğalçılardan azad edildi. Bilirsiniz ki, burada Zəngilan uğrunda, bütün kəndlər uğrunda şiddətli döyüşlər gedirdi. Biz qan tökərək bu torpaqları qaytardıq.
Qadın sakin: Bəli, nəvəm də burada döyüşlərdə iştirak edib.
Prezident İlham Əliyev: Düşmənləri qovduq və mən birinci dəfə buraya gələndə, dağıntıları görəndə və maşınla keçəndə dedim ki, görəsən, bu ev kimindi? Çünki o evin bir hissəsi qalmışdı.
Qadın sakin: Bəli, indi də qalır, gördüm.
Prezident İlham Əliyev: Qanunsuz məskunlaşmışdılar, dedim ki, yəqin Ağalı camaatı tanıyar kimin evidir.
Qadın sakin: Bəli, mən qulaq asmışam.
Prezident İlham Əliyev: İndi isə yeni layihə ilə yəqin ki, tanış olmusunuz. Burada 200-dən çox ev, məktəb, uşaq bağçası, poliklinika tikiləcək, iş yerləri yaradılacaq. Bu gün mənə verilən təqdimatda göstərilir ki, böyük ferma – camış ferması yaradılacaq, pendir istehsal ediləcək, burada əkin sahələri nəzərdə tutulub, su elektrik stansiyası olacaq, yəni, bütün şərait. Burada yaşamaq üçün nə lazımdırsa olacaq. Burada tətbiq olunacaq texnologiyaların bir çoxu Azərbaycanda yoxdur. Bu, birinci layihədir, pilot layihədir və əminəm ki, maksimum gələn ilin əvvəlində bütün işlər hazır olacaq. Evlər tikilməlidir, kommunikasiyalar tikilməlidir, ondan sonra iş yerləri yaradılmalıdır, əkin yerləri olmalıdır və burada yaşayacaq insanların hər biri işlə təmin edilməlidir. Mən burada gəncləri də görürəm, onlar yəqin ki, müharibədən sonra dünyaya gəliblər, ya da ki, müharibədən əvvəl.
Qadın sakin: Bir yaşında, yeddi aylığında köçkün düşən uşaqlardır.
Prezident İlham Əliyev: Neçə yaşın var?
Oğlan: Möhtərəm cənab Prezident, mən Sizi kəndimizdə görməyimə çox məmnunam. Mən Zəngilanda doğulan ən son körpələrdənəm, buranı məcburi köçkün kimi tərk edəndə yeddi aylıq olmuşam. Bu gün, 28 ildən sonra ilk dəfədir ki, biz öz dədə-baba torpağımıza qədəm qoyuruq və sevindirici hal ondan ibarətdir ki, cənab Prezident, Sizinlə bir yerdə ayaq basırıq.
Cənab Prezident, biz Sizin siyasətinizi hər zaman dəstəkləmişik. Biz Sizin çıxışlarınızı hər zaman izləmişik, 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyinə həsr olunmuş hərbi paradda Sizin çıxışınızda bir ifadə bizim diqqətimizi çəkdi. Siz dediniz ki, Qarabağ əzəli Azərbaycan torpağıdır və tezliklə Şuşada dalğalanan Azərbaycan bayrağı nümayiş üçün Azadlıq meydanına gətiriləcək.
Prezident İlham Əliyev: Bəli.
Oğlan: Cənab Prezident, biz 2020-ci ildə o möhtəşəm Qələbə paradında buna şahidlik etdik. Cənab Prezident, ümumiyyətlə, biz Zəngilan gəncləri daim öz dövlətinə, millətinə, Ali Baş Komandanına sadiq gənclərdir. Ümumiyyətlə, Zəngilan mühüm coğrafi-strateji əhəmiyyətə malik bir rayondur. Zəngilan bizim Naxçıvana keçid qapımızdır. Zəngilan bizim tarixi torpaqlarımız olan Zəngəzura giriş qapısıdır. Zəngilan burada bir çox yolların qovuşuğunda yerləşir. Ümumiyyətlə, Zəngilanda kənd təsərrüfatının inkişafı üçün çox böyük potensial var. Zəngilanda münbit torpaqlar, bol sular, təmiz hava var. Zəngilanda əkib-becərmək üçün hər cür şərait var.
Prezident İlham Əliyev: Zəngilanı görməyib, baxın, görün Zəngilanı necə sevir. Bax, budur Vətən sevgisi. Vətən sevgisi budur.
Qadın sakin: Zəngilan bizim uşaqlıq nağıllarımızdır.
Oğlan: Cənab Prezident, yeri gəlmişkən deyim ki, Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları bizim hər birimizin evində oldu. Bizimlə ayrıca sorğular keçirildi, orada əhalinin yaş qrupu müəyyənləşdirildi, əhalinin əmək fəaliyyətinin istiqaməti müəyyən olundu. Sizi əmin edirəm ki, o sorğuda iştirak edən hər bir Zəngilan sakini Zəngilana qayıdacağını qeyd edib. Mən əminəm və Sizi də əmin edirəm. Çünki bura bizim dədə-baba yurdumuzdur. Mənim babam uzun illər burada kolxoz sədri işləyib, cənab Prezident. Atam daş ustası olub. Öz əlinin zəhməti ilə bu Ağalı kəndində 30-a yaxın ev inşa edib. Təəssüflər olun ki, erməni vəhşiliyi nəticəsində o evlərdən heç bir əsər-əlamət yoxdur. Ancaq biz kədərlənmirik, əksinə, sevinirik ki, bu gün “ağıllı kənd” layihəsinə start verilir və ikiqat sevinirik ki, bu layihə məhz bizim kəndimizdən başlayır. Bunun üçün Sizə ikiqat təşəkkür edirik, cənab Prezident, var olun.
Cənab Prezident, biz həmişə oktyabr ayında hüznlə bir yerə toplaşırdıq, Zəngilanın işğal gününü qeyd edirdik. Amma bu ildən etibarən biz oktyabr ayında qələbə gününü, bayram gününü qeyd edəcəyik. Əminəm ki, Siz də bizimlə bir yerdə Ağalı kəndində bayram şənliklərində iştirak edəcəksiniz. Var olun, cənab Prezident, təşəkkür edirəm.
Prezident İlham Əliyev: Mütləq. Bundan sonra oktyabr ayı zəngilanlılar üçün ancaq bayram ayı olacaq. Çünki həm Ağalı kəndi, həm Zəngilan şəhəri oktyabr ayında azad edildi. Bu gəncin sözlərinə qulaq asaraq bir daha görürük ki, Azərbaycan xalqının nə qədər güclü iradəsi və öz doğma torpağına bağlılığı var. Ermənilərin aləmində əsas ümidverici amil o idi ki, bizim camaat bu yerləri unudacaq, yaşlı camaat unudacaq, sonra vaxt keçəcək yaşlı camaat təbii olaraq həyatdan gedəcək. Gənclər, başqa şəraitdə böyüyüb başa çatan insanlar isə heç vaxt buraya qayıtmaq istəməyəcəklər. Bax, bu, onların böyük səhvi idi. Çünki biz qəlbində güclü Vətən sevgisi olan bir gənc nəsil tərbiyə edib yetişdirdik. Hətta buranı görməyən hər bir gənc, – indi sən görməmisən buraları, sən də görməmisən, – bir arzu ilə yaşayıb ki, qayıtsın öz doğma torpağına, ədalət bərpa olunsun və artıq biz bunu görürük. Ağalı kəndi heç bir il keçmədən yenidən qurulacaq, – yəqin ki, siz maketlərdə görmüsünüz, layihə ilə tanış olmusunuz, – dünyanın bəlkə də ən mütərəqqi kəndlərindən birinə çevriləcək.
Kişi sakin: Ona görə Sizə minnətdarıq, cənab Prezident, çox sağ olun.
Prezident İlham Əliyev: Sağ olun. Siz də burada yaşamısınız?
Kişi sakin: Bəli, hazırda Sumqayıtda məskunlaşmışıq.
Qadın sakin: Mənim nəvəm Bakıda anadan olub. Ancaq hərbi xidmətini qurtarandan sonra özü gəlmişdi buraya. Gəlib Füzulinin kəndindən zəng etmişdi ki, məndən nigaran olmayın, amma Şuşada imiş. Yəni, demək istəyirəm ki, o uşaq burada anadan olmasa da, buranın havası, buranın torpağı, danışdığımız nağıllar o uşağı çəkib buraya gətirdi. Şükür Allaha sağ-salamatdır, Allah-Təala qazilərimizə də şəfa versin. Mehriban xanım Sizin sayənizdə qazilərimiz xaricdə müalicə alırlar, onlara köməklik göstərirsiniz.
Prezident İlham Əliyev: Zəngilan çox səfalı yerdir, gözəl yerdir. Dağları, çayları, meşələri.
Kişi sakin: Bizim kəndimizə dəyər verdiyinizə görə, cənab Prezident, Sizə çox minnətdarıq. Allah Sizdən razı olsun.
Qadın sakin: Allah Sizə cansağlığı versin. O körpə uşaq ki var, Siz bir ana kimi ona qayğı göstərdiniz, Sizə minnətdarıq, çox sağ olun.
Birinci xanım Mehriban Əliyeva: Çox sağ olun.
Kişi sakin: Bunlar hamımızın ürəyindən gələn sözlərimizdir.
Prezident İlham Əliyev: Sağ olun.
Qadın sakin: Biz həmişə Sizin arxanızda durmuşuq.
Prezident İlham Əliyev: Gəlin indi birlikdə təməl daşını qoyaq. Böyük qayıdış bu gün başlayır.
Kişi sakin: İnşallah.
X X X
Daha sonra Prezident İlham Əliyev Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd” layihəsinin təməlini qoydu.
Prezident İlham Əliyev: “Ağalı kəndində “Ağıllı kənd” layihəsinin təməl daşı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qoyulmuşdur. Qarabağ Azərbaycandır!”. Həmin bu yazı gilizdədir.
Kişi sakin: Qoy hamının burada zəhməti olsun.
Prezident İlham Əliyev: Əlbəttə, bu, tarixdir. Kişilər özlərini qabağa verirlər.
Qadın sakin: Xeyirli, uğurlu olsun.
Prezident İlham Əliyev: Burada da abidə ucaldılacaq.
Kişi sakin: Cənab Prezident, buraya gəlməyən sakinlər də bizə tapşırdılar ki, Sizə təşəkkür edək. Çox sağ olun ki, bizim kəndə bu cür dəyər verdiniz.
Prezident İlham Əliyev: Sağ olun məndən də onlara salam söyləyin. Kənd hazır olanda bir də gələcəyik.
Qadın sakin: Mütləq bizə gəlin.
Birinci xanım Mehriban Əliyeva: Mən də istəyirəm.
Prezident İlham Əliyev: Hə, əlbəttə. Sən yaddan çıxdın. Leyla sən də gəl.
Qadın sakin: Bu həyəcanı bizə yaşatdığınız üçün sağ olun. 70 yaşım var özümü 15 yaşda hiss edirəm. O qədər cavanlaşdırdınız ki.
Birinci xanım Mehriban Əliyeva: Göyərçinlər indi uçmalıdır. Çəkin şəkilini.
Kişi sakin: Cənab Prezident, mən bu kənddə doğulmuşam amma burada olmamışam.
Prezident İlham Əliyev: Gələn ilin əvvəlində, inşallah, bir də görüşəcəyik, Ağalı kəndinin bütün camaatı ilə.
X X X
Sonda xatirə şəkilləri çəkdirildi.
X X X
Daha sonra Prezident İlham Əliyev Zəngilanda Beynəlxalq Hava Limanının təməlini qoydu.
Şübhəsiz ki, bu hava limanı bölgənin inkişafında mühüm rol oynayacaq.
Prezident İlham Əliyev çıxış edərək dedi:
-Bu gün Zəngilan Beynəlxalq Hava Limanının təməl daşını qoyduq. Yaxın gələcəkdə Zəngilanda beynəlxalq hava limanı inşa ediləcək. Bu hava limanının uçuş-enmə zolağı üç kilometrə bərabər olacaq. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul etməyə qadir olacaq.
Azad edilmiş torpaqlarda ikinci hava limanının tikintisinə start verilibdir. Artıq Füzuli Beynəlxalq Hava Limanının tikintisi uğurla gedir. Bu il Füzuli hava limanının uçuş-enmə zolağı istismara veriləcəkdir. Beləliklə, biz bu il ilk təyyarələri Füzulidə qəbul edə biləcəyik.
Zəngilan rayonunun coğrafi yerləşməsi və burada olan imkanlar təbii ki, Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır. Təsadüfi deyil ki, hava limanı məhz Zəngilanda inşa ediləcək. Çünki coğrafi vəziyyətə baxdıqda hər kəs görə bilər ki, Füzuli, Zəngilan və ondan sonra Laçın rayonunda inşa ediləcək üçüncü beynəlxalq hava limanı bütün Qarabağ və şərqi Zəngəzur zonasını Zəngilan daxil olmaq şərtilə əhatə edəcək. Buradan dəmir yolu, avtomobil yolu keçəcək, Naxçıvana yol açılacaq. Əlbəttə ki, Zəngilanın gələcək uğurlu sosial-iqtisadi inkişafı üçün bu hava limanının böyük rolu olacaqdır.
Zəngilanda bu gün birinci kənd layihəsi artıq icra edilməyə başlamışdır. Ağalı kəndinin təməl daşı qoyulmuşdur. Bu, böyük qayıdışın birinci addımıdır. Biz müharibədən bir neçə ay keçəndən sonra artıq bu işlərə də start verdik. İnfrastruktur işləri öz qaydasında davam edir. İndi birinci “ağıllı kənd” layihəsi olan Ağalı kəndinin bərpasına start verilib. Ağalı kəndi, əslində, üç kənd – Birinci, İkinci, Üçüncü Ağalı kəndləri oktyabrın 28-də işğalçılardan azad edilmişdir. Altı aydan sonra Ağalıda yeni kəndin təməl daşı qoyuldu və bu nümunəvi kənd olacaq. Çünki bu kənddə tətbiq olunacaq texnologiyalar ən müasir standartlara cavab verir. Həm tikiləcək evlər, ictimai binalar, sosial obyektlər, həm də iş yerləri, əkin sahələri müəyyən edilibdir. Zəngilanın bütövlükdə təbiəti və təbii sərvətləri bu rayonu Azərbaycanın ən qabaqcıl rayonlarının birinə çevirmək üçün imkanlar verəcəkdir.
Böyük qayıdış başlayıb. Bu gün burada təməl daşını qoyduğum hava limanı dövlətimizin gücünü göstərir. Bir qədər bundan aralıda yeni Horadiz-Zəngilan avtomagistral yolunun təməli də qoyulacaq. Mövcud yola paralel olan 4-6 zolaqlı bu yol geniş imkanlar açacaq. Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək üçün bu layihələrin çox böyük əhəmiyyəti vardır. Bu hadisə münasibətilə zəngilanlıları və bütün Azərbaycan xalqını təbrik edirəm.
X X X
Sonra Prezident İlham Əliyev Zəngilan-Horadiz avtomobil yolunun təməlini qoydu.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə dövlətimizin başçısının tapşırığı ilə artıq bir neçə yol layihəsinin icrasına başlanılıb və uğurla davam etdirilir. Bu layihələr işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacaq. Bu baxımdan Zəngilan-Horadiz avtomobil yolu da strateji əhəmiyyəti ilə seçilir. Yolun ümumi uzunluğu 124 kilometrdir və 6 zolaqdan ibarət olacaq.
X X X
Prezident İlham Əliyev: Zəngilan rayonunun təbiəti çox gözəldir. Yaşıl dağlar, meşələr, çaylar. Cənnət kimi bir yerdir. Zəngilanı biz cənnətə çevirəcəyik. Adam baxdıqca baxmaq istəyir. Hər tərəf yaşıllıq. Gözəl təbiət. Baxın, gözəl çay.
Birinci xanım Mehriban Əliyeva: Hansı çaydır bu?
Prezident İlham Əliyev: Oxçu çayı olmalıdır. Oxçu çay, Bəsit çay. Onu biz dəqiqləşdirərik. Burada çox güman ki, yarımstansiya inşa edilir. Polis məntəqəsi. Toxunulmamış təbiətdir. Gözəl mənzərə açılır. Əsas məsələ odur ki, şəhərlər, kəndlər bərpa olunarkən bu təbiətə toxunulmasın. Çox ciddi nəzarət olmalıdır ki, bizim təbiətimizə ziyan vurulmasın. Baxmayaraq ki, ermənilər bizim təbiətimizə də qəsd etdilər. 54 min hektar meşə zolaqlarını məhv etdilər. Kəsib aparıb satdılar. Amma biz bütün meşələri bərpa edəcəyik.
Birinci xanım Mehriban Əliyeva: Bu, çinar ağaclarıdır?
Prezident İlham Əliyev: Bəli, çinar ağacıdır. Bu isə Bəsitçaydır. Zəngilanın gözəl təbiətinin bir hissəsi. Bəsitçay və qədim çinar ağacı. Gözəl Azərbaycanın gözəl təbiəti. Bu torpaqları biz qaytarmışıq, düşmənin əlindən almışıq. Bundan sonra Azərbaycan xalqı əbədi bu torpaqlarda yaşayacaq. Qarabağ Azərbaycandır!.
X X X
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Heydər Əliyev Fondu tərəfindən bərpa olunacaq Zəngilan məscidinə gəldilər.
Memar: Xoş gəlmisiniz, cənab Prezident,
Prezident İlham Əliyev: Salam. Məlumat ver, hansı işlər görülür?
Memar: Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırığına uyğun olaraq, Fond tərəfindən təşkil olunan həm xarici, həm yerli ekspertlərdən ibarət olan komissiya məscidin mövcud binasını qiymətləndirmişdir. Həmçinin bir şeyi də qeyd etmək istəyirəm ki, məşhur Otelye Kummer Agentliyinin nümayəndələri buraya qısamüddətli missiya ilə gəlmişlər və mövcud binanı qiymətləndirmişlər. Hazırda bizim tərəfimizdən mövcud binanın konservasiyası və bərpası ilə bağlı təkliflər hazırlanır, o cümlədən, bu ərazidə yeni məscidin tikilməsi ilə bağlı təkliflərimizi və layihəni hazırlamışıq.
Prezident İlham Əliyev: Yenidən, yoxsa qiymətləndirmə nə göstərir? Daşlar belə salamat daşlardır.
Memar: Biz təklif edərdik ki, daha geniş ərazidə yeni məscid tikilsin. Burada ümumi ərazi 50 sota yaxındır, cənab Prezident. Bu köhnə bina konservasiya olunandan sonra həmin məscid-kompleksin içində qalsın.
Prezident İlham Əliyev: Baxın, ola bilər ki, əgər bu daşlar, divarlar belə sağlamdırsa, bəlkə bunun üstünü bağlamaq, onu da etmək olar. Təkliflər hazır olanda.
Birinci xanım Mehriban Əliyeva: Balaca məscid olub, yəqin ki, balaca da olmalıdır.
Prezident İlham Əliyev: Balaca, özü də birmərtəbəli olub, kümbəz o qədər də böyük olmayıb.
Birinci xanım Mehriban Əliyeva: Minarəsi də olmayıb.
Memar: 1988-ci ildə, sovet dönəmində həmin bina qiymətləndirilib.
Prezident İlham Əliyev: Şəkili olub? Yoxsa tapılmadı?
Memar: Sxemləri var.
Prezident İlham Əliyev: Sxemləri var o vaxtdan?
Memar: Bəli. 1988-ci ilin məlumatlarıdır.
Prezident İlham Əliyev: Belə olub. Faktiki olaraq bunun bir divarını və dam örtüyünü uçurublar. Üst divar qalıb.
Birinci xanım Mehriban Əliyeva: Onlar təkliflərdir?
Memar: İlkin təkliflərdir.
Prezident İlham Əliyev: Elə bu daşdan tikilib.
Birinci xanım Mehriban Əliyeva: Həmin daşdan, içərisi də belə olmuşdu. Təkliflərdə o əski divarlar içində qalır?
Memar: Bəli, kompleks kimi yaradılır.
Prezident İlham Əliyev: Bu divarlar içində qalır.
Memar: Bu, əlavə tikili idi. Sonradan tikilib, sovet dönəmində, 1930-cu illərdə.
Prezident İlham ƏIiyev: Əsas bina orada olub?
Memar: Bəli, burada məktəb olub, sonra təsərrüfat məqsədləri ilə o binadan istifadə ediblər.
Prezident İlham Əliyev: Necə olub, elə də bərpa etmək lazımdır.
X X X
Dövlətimizin başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva üzərində “Zəngilan məscidinin təməli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 26 aprel 2021-ci il tarixində qoyulmuşdur” sözləri yazılmış xatirə daşını məscidin divarına hördülər.
Prezident İlham Əliyev dedi:
– Zəngilan məscidi bərpa ediləcək. Bu məscid mənfur düşmən tərəfindən dağıdılmışdır. Müharibədən sonra Zəngilana səfər edərkən buraya da gəldim, mənzərə ilə tanış oldum və bildirdim ki, hər kəs bunu görməlidir. Bütün beynəlxalq təşkilatlar bunu görməlidir, erməni vəhşiliyini görməlidir. Bir daha demək istəyirəm ki, bu gün ermənilərə havadarlıq edənlər gəlsinlər, görsünlər, bizim məscidlərimizi nə günə qoyublar və təkcə bu məscidi deyil. Azad edilmiş bütün torpaqlarda bizim tarixi, mədəni, dini irsimiz ermənilər tərəfindən dağıdılıb, təhqir edilib, sökülüb.
Zəngilan rayonunda yarıdağıdılmış bəzi məscidlərdən tövlə kimi istifadə olunub, orada donuz saxlanılıb. Bu videokadrlar var. Ağdam məscidində donuz saxlanılıb və bu, bütün müsəlman aləminə qarşı cinayətdir, İslam dininə qarşı cinayətdir. Bütün müsəlman dövlətləri bunu görməlidir və biz bu həqiqətləri bütün müsəlman ölkələrinin rəhbərlərinin diqqətinə çatdırırıq. Azad edilmiş torpaqlara bu gün gələn xarici qonaqlar erməni vəhşiliyini öz gözləri ilə görürlər. Bu yaxınlarda Azərbaycanda səfərdə olmuş İslam Əməkdaşlıq Təşkilatının Baş katibi öz etiraz səsini ucaltmışdır. ICESCO-nun Baş katibi azad edilmiş torpaqlarda olub, dağıdılmış Ağdam məscidini görüb və erməni vəhşiliyi haqqında artıq bütün müsəlman ölkələrini məlumatlandırır. Biz də bu işdə fəal olmalıyıq. Bütün dövlət qurumlarına göstəriş verildi, ictimai təşkilatlardan xahiş edildi ki, bütün beynəlxalq qurumlarda erməni vəhşiliyi haqqında məlumatlar verilsin – faktlarla, sübutlarla, şəkillərlə.
Ermənilər tərəfindən dağıdılmış və təhqir edilmiş bütün dini məbədlərimizin əvvəlki görüntüləri və işğaldan sonrakı görüntüləri tərtib edilir və dünya birliyinin diqqətinə çatdırılır. Bu gün ermənilərin mədəni irsi ilə əlaqədar öz narahatlığını ifadə edən bəzi xarici nümayəndələr, bax, bunu görsünlər, Zəngilan məscidinin qalıqlarını görsünlər, Şuşa məscidlərinin qalıqlarını görsünlər və görsünlər ki, Ermənistan dövləti bizə qarşı mədəni soyqırımı da törədib.
Biz isə bütün tarixi, dini abidələrimizi bərpa edəcəyik. Şuşa şəhərində artıq məscidlərin bərpasına start verilib. Ağdam Cümə məscidinin bərpası ilə əlaqədar hazırlıq işləri gedir. Bu gün Zəngilan şəhərində yerləşən məscidin yenidən bərpası, konservasiyası işlərinə start verilir.
X X X
Daha sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Zəngilan rayonunun Mincivan qəsəbəsinə yola düşdülər.
Prezident İlham Əliyev: Biz gedirik Mincivan qəsəbəsinə. Mincivan qəsəbəsi qədim yaşayış məntəqəsidir.
Orada dəmir yolu stansiyası var idi. Birinci Qarabağ müharibəsindən sonra ermənilər bütün dəmir yolunu söküb aparmışlar. O relslərin bir hissəsini satmışdılar, bir hissəsindən isə tank əleyhinə istehkamlar qurmuşdular. Biz indi yenidən dəmir yolunu çəkəcəyik. Bu işlərə start verildi. Mən bir müddət əvvəl Horadiz qəsəbəsində Horadiz-Ağbənd dəmir yolunun təməl daşını qoydum. Bu dəmir yolu Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə Zəngəzur dəhlizi vasitəsilə birləşdirəcəkdir. Əslində, Zəngilan rayonu coğrafi baxımdan Şərqi Zəngəzur mahalında yerləşir və Şərqi Zəngəzuru Qərbi Zəngəzurla birləşdirib Naxçıvana dəmir yolu açacağıq və həmçinin avtomobil yolu açılmalıdır.
Buranın da çox gözəl təbiəti vardır – uca dağlar, meşələr. Burada da şiddətli döyüşlər gedib, düşməni sərhədə qədər qovmuşuq, şəhidlər vermişik. Ağbənd qəsəbəsini – Ermənistan sərhədinə yaxın yerləşən o qəsəbəni azad edərək düz Ermənistan sərhədinə çıxdıq. İndi bu sərhəddə möhkəmlənirik, burada da sərhəd zastavası fəaliyyət göstərir. Bütün sərhədimizi bərpa etmişik.
Dövlətimizin başçısı erməni işğalçıların viran qoyduğu Mincivan dəmir yolu stansiyasının binasının yerləşdiyi əraziyə gəldi.
Prezident İlham Əliyev dedi:
-Bura Mincivan dəmir yolu vağzalı olub. Mənfur düşmən bu binanı da yerlə-yeksan edib, dağıdıb, dəmir yolunu söküb, relsləri aparıb, satıb, əridib və tank əleyhinə istehkamların quraşdırılması üçün istifadə edib. Bu bina erməni faşizminin növbəti qurbanıdır, növbəti şahididir. Ermənilər bütün binalarımızı – ictimai binaları, evləri, məscidləri, muzeyləri dağıdıblar, söküblər, talayıblar, daşları oğurlayıb aparıblar, özləri üçün evlər tikiblər.
Biz onları buradan qovduq. Burada şiddətli döyüşlər gedib. Mincivan qəsəbəsi uğrunda şiddətli döyüşlər gedirdi. Bizim Silahlı Qüvvələrimiz burada böyük qəhrəmanlıq göstərdi, düşməni buradan qovdu və Mincivan qəsəbəsini azad etdi. Bundan sonra Ermənistan sərhədinə qədər, Ağbənd qəsəbəsinə qədər uğurla irəliləyərək düşməni torpağımızdan çıxartdı. İndi dəmir yolu yenidən qurulacaq, vağzal da, həmçinin. Dəmir yolunun yenidən qurulması prosesinə start verildi. Horadizdən Ağbəndə qədər dəmir yolu çəkiləcək. Ondan sonra Zəngəzur dəhlizi ilə dəmir yolu Naxçıvan Muxtar Respublikasına qədər uzadılacaq. Zəngilan coğrafi nöqteyi-nəzərdən Şərqi Zəngəzur bölgəsinə aiddir və Şərqi Zəngəzurda yerləşir. Qərbi Zəngəzur da bizim tarixi torpaqlarımızdır və o torpaqlardan Zəngəzur dəhlizi keçəcəkdir. Beləliklə, Azərbaycanın əsas hissəsi Naxçıvan Muxtar Respublikası ilə dəmir yolu vasitəsilə birləşəcək.
https://president.az/articles/51295
İlham Əliyev 110/35/10 kilovoltluq “Şuşa” yarımstansiyasının açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva mayın 12-də Şuşada səfərdədirlər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva əvvəlcə 110/35/10 kilovoltluq “Şuşa” yarımstansiyasının açılışında iştirak ediblər.
Şuşa şəhərinin Azərbaycanın ümumi enerji sisteminə qoşulması, şəhərin etibarlı, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məqsədilə ötən ilin dekabrında “Şuşa” yarımstansiyasının və Füzuli rayonunun “Şükürbəyli” yarımstansiyasından başlayaraq 75 kilometr məsafədə 110 kilovoltluq “Şükürbəyli-Şuşa” hava elektrik verilişi xəttinin tikintisinə başlanılıb. Yarımstansiya məsafədən idarə olunan SCADA Dispetçer İdarəetmə sisteminə qoşulmaqla tam rəqəmsallaşıb. Burada perspektiv inkişaf da nəzərə alınıb. Yarımstansiya və elektrik verilişi xəttinin tikintisinin çətin coğrafi şəraitdə aparılmasına baxmayaraq, ən qısa zaman ərzində yekunlaşıb. Füzulidəki “Şükürbəyli” yarımstansiyasından Şuşaya 110 kilovoltluq ikidövrəli elektrik verilişi xətti çəkilişi fasiləsiz, növbəlilik prinsipi ilə 73 günə icra olunub ki, bu da nəinki Azərbaycan energetikası, regionun energetika tarixində rekorddur.
Ümumilikdə işğaldan azad olunmuş ərazilərin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi istiqamətində işlər uğurla davam edir. Hazırda Kəlbəcər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdamda, ümumilikdə, 9 yarımstansiya və onları əlaqələndirən 110 kilovoltluq ötürmə xətlərinin tikintisi gedir. Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərin “Yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı qarşıya qoyduğu tələblərə uyğun olaraq, Suqovuşandakı 2 kiçik su elektrik stansiyasında yenidənqurma, təmir və bərpa işləri yekunlaşıb. Yaxın vaxtlarda isə Kəlbəcərdə 2 kiçik su elektrik stansiyasının tikinti və bərpasına başlanılacaq.
https://president.az/articles/51462
İlham Əliyev Şuşada “Xarıbülbül” otelinin yenidənqurmadan sonra açılışında iştirak edib
Mayın 12-də Şuşada “Xarı Bülbül” otelinin yenidənqurmadan sonra açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva açılışda iştirak ediblər.
Dövlətimizin başçısı oteldə yaradılan şəraitlə tanış oldu.
Anar Ələkbərov: Otelin bu əməkdaşları əslən Şuşadandırlar.
Prezident İlham Əliyev: Çox yaxşı, mən demişdim ki, buraya Şuşadan olan insanlar cəlb edilsinlər. Sən Şuşada yaşamamısan, eləmi?
Otelin əməkdaşı: Xeyr.
Prezident İlham Əliyev: İndi yaşayacaqsan.
Məlumat verildi ki, oteldə ümumilikdə 49 otaq var. Onların hamısı qonaqların qalması və rahat istirahət etməsi üçün bütün zəruri infrastrukturla təchiz olunub. Bu cür obyektlərin istifadəyə verilməsi Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın turizm potensialının möhkəmləndirilməsində çox mühüm rol oynamaqla yanaşı, işğaldan azad edilmiş ərazilərimizdə, o cümlədən tarixi Şuşa şəhərində icra olunan sosial layihələrin ardıcıl və sürətlə davam etdiyini göstərir.
https://president.az/articles/51467
İlham Əliyev “Xarıbülbül” otelinin nəzdindəki korpusda və kotteclərdə yaradılan şəraitlə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva mayın 12-də Şuşada “Xarı Bülbül” otelinin nəzdindəki 48 mənzilli korpusda və kotteclərdə yaradılan şəraitlə tanış olublar.
Dövlətimizin başçısına və birinci xanıma korpusda və kotteclərdə görülən işlər barədə məlumat verildi. Qeyd olundu ki, bu obyektlər də müasir səviyyədə yenidən qurulub.
https://president.az/articles/51468
İlham Əliyev Şuşada Xüsusi nümayəndəliyin yerləşəcəyi inzibati binada olub
Mayın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşada Xüsusi nümayəndəliyin yerləşəcəyi inzibati binada oldular.
Dövlətimizin başçısına və birinci xanıma görülən bərpa işləri ilə bağlı məlumat verildi.
Qeyd olundu ki, burada səmərəli fəaliyyət üçün hərtərəfli şərait yaradılacaq və inzibati bina ən müasir səviyyədə yenidən qurulacaq.
Dövlətimizin başçısı görüləcək işlərlə bağlı tapşırıq və göstərişlərini verdi.
https://president.az/articles/51474
İlham Əliyev Şuşada yeni məscidin təməlini qoyub
Mayın 12-də Şuşada yeni məscidin təməli qoyulub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva tədbirdə iştirak ediblər.
Qədim Şuşada təməli qoyulan məscid dini ocaq və modern memarlıq nümunəsi kimi göz oxşayacaq. İki minarəli, mozaika ilə bəzədiləcək gümbəzi olan məscidin layihələndirilməsi azərbaycanlı və italyan memarlarla birgə həyata keçirilib. Məscidin xarici səthi Şuşanın qədim məscidinin minarələrində istifadə edilən həndəsi naxışlarla bəzədiləcək. Bu memarlıq elementi Şuşanın firavan və uğurlu gələcəyinə əminliyi, keçmişlə bu gün arasındakı əlaqəni təcəssüm etdirəcək.
Məscidin təməlini qoyan Prezident İlham Əliyev çıxış edərək dedi:
– Bu gün Şuşa şəhərində yeni məscidin təməlini qoyduq. Şuşada yeni məscid tikiləcəkdir. Məscidin tikintisi ilə bağlı qərarı mən çoxdan vermişdim. Şuşa şəhəri işğalçılardan azad olunandan sonra artıq bu məscidin memarlığı barədə düşünməyə başlamışdım. Nəzərə alsaq ki, Şuşa şəhərində vaxtilə 17 məscid olub və mənfur düşmən onların hamısını dağıdıb. Üç məscid yarıdağıdılmış vəziyyətdə idi – Yuxarı və Aşağı Gövhərağa və Saatlı məscidləri. Onların da təmiri ilə bağlı göstəriş verilib.
Yuxarı Gövhərağa məscidi artıq təmirdən çıxıb. Nəzərə alsaq ki, Şuşa memarlığının öz xüsusiyyətləri vardır və Şuşada vaxtilə inşa edilmiş məscidlər bir üslubda tikilmişdir. Ona görə fikirləşirdim ki, yeni tikiləcək məscidin memarlığı necə olmalıdır. Demək olar ki, bir neçə ay bu haqda fikirləşirdim. Nəhayət bir fikir ağlıma gəldi ki, bu məscid, bunun memarlığı rəmzi xarakter daşımalıdır. Ona görə təklif etdim ki, məscidin forması 8 rəqəmini əks etdirməlidir. Çünki noyabrın 8-də biz Şuşanı işğalçılardan azad etdik və 8 noyabr Azərbaycanda artıq rəsmi olaraq Zəfər Günüdür. Məscidin iki minarəsi 11 rəqəmini əks etdirməlidir. Onbirinci ayda Şuşa və Qarabağ tam işğaldan azad edildi. Bu fikirlər əsasında memarlar işləməyə başlamışlar və burada göstərilən təqdimatda məscidin görkəmi öz əksini tapır. Bu, ilkin versiyadır, bunun üzərində hələ iş aparılacaq, müəyyən dəyişikliklər ola bilər.
Əlbəttə ki, məscidin daxili dizaynı ilə bağlı təkliflər hələ tam hazır deyil. Ancaq konseptual olaraq məscidin memarlığı 8 noyabr gününü əks etdirəcək. Həm yuxarıdan baxanda 8 rəqəmini görmək mümkün olacaqdır, həm də aşağıdan baxanda. Məscidin yeri də təsadüfən seçilmədi. Bu, Şuşa şəhərinin yuxarı hissəsidir və burada ucaldılacaq məscid şəhərə bir dominant kimi hakim olacaqdır. Belə də olmalıdır. Çünki Şuşa bizim qədim şəhərimizdir, Azərbaycan şəhəridir, azərbaycanlılar tərəfindən salınıb. Azərbaycanlılar həmişə burada yaşayıb. Sadəcə olaraq, işğal dövründə Azərbaycan əhalisi zorla buradan çıxarılmışdı.
Biz Şuşaya qayıtmışıq, əbədi qayıtmışıq! Şəhərə hakim olan bina məscid binası olmalıdır və bu bina şəhərin yuxarı hissəsində yerləşməlidir. Məscidin təməlqoyma günü də təsadüfən seçilmədi. Sabah bütün müsəlman aləmi müqəddəs Ramazan bayramını qeyd edəcək. Fürsətdən istifadə edərək, bütün Azərbaycan xalqını bu mübarək Ramazan bayramı münasibətilə təbrik etmək istəyirəm. Məhz bayram ərəfəsində qədim Şuşa şəhərində yeni məscidin təməlqoyma mərasiminin keçirilməsi böyük tarixi və rəmzi xarakter daşıyır. Bundan sonra artıq memarlar məscidin bütün layihəsi ilə ciddi məşğul olacaqlar və inşaat işləri başlanacaq.
https://president.az/articles/51463
İlham Əliyev Şuşada xan qızı Natəvanın sarayına baxış keçirib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla və Arzu Əliyevalar mayın 12-də Şuşada xan qızı Natəvanın sarayının qarşısındakı əraziyə baxış keçiriblər.
Şuşa şəhərində Xan qızı Natəvanın evi də işğal dövründə dağıdılıb. Azərbaycanda yaradılan ilk uşaq musiqi məktəbi olan Şuşa Musiqi Məktəbi Xan qızı Natəvanın evində fəaliyyətə başlamışdı. XVIII əsrə aid tarix-memarlıq abidəsi erməni vəhşiliyinin, vandalizminin qurbanı olub.
Dövlətimizin başçısına məlumat verildi ki, işğal zamanı binaya dəyən ziyanın qiymətləndirilməsinə artıq başlanılıb. Bu prosesdən sonra burada bərpa işlərinə start veriləcək.
https://president.az/articles/51469
İlham Əliyev Şuşada bərpa edilən “Xan qızı” bulağında olub
Mayın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşada “Xan qızı” bulağında olublar.
Dövlətimizin başçısı və ailə üzvləri bulağın suyundan içiblər.
Prezident İlham Əliyev deyib:
Natəvan bulağından yenə su gəlir. Natəvan bulağını bərpa etmişik. Keçən dəfə yanvar ayında Şuşada olarkən demişdim ki, Natəvan bulağını bərpa edəcəyik. Yenə də bulaq Şuşa sakinlərinin, qonaqların sərəncamına veriləcəkdir. Mənfur düşmən bu bulağı qurutmuşdu, bütün bulaqları qurutmuşdu. Bu da onu göstərir ki, Şuşa həmişə ermənilər üçün yad şəhər olub. İndi isə Şuşa dirçəlir və Şuşanın rəmzlərindən biri olan “Xan qızı” bulağı bərpa edilib. Bu gün bu bulaqdan su içmişəm.
https://president.az/articles/51464
İlham Əliyev Şuşa Yaradıcılıq Mərkəzinin yerləşəcəyi bina ilə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva mayın 12-də Şuşa Yaradıcılıq Mərkəzinin yerləşəcəyi bina ilə tanış olublar.
Dövlətimizin başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya mərkəzdə görüləcək işlər barədə məlumat verildi.
Bildirildi ki, bu binada Ağa Qəhrəman Mirsiyab oğlunun Karvansarası yerləşib. Ölkə əhəmiyyətli memarlıq abidəsi XVIII əsrə aiddir. Dövlətimizin başçısı görüləcək işlərlə bağlı tapşırıqlarını verdi.
https://president.az/articles/51470
İlham Əliyev Şuşa Rəsm Qalereyasında görülən işlərlə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva mayın 12-də Şuşa Rəsm Qalereyasında görülən işlərlə tanış olublar.
Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya qalereyada aparılan işlər barədə məlumat verildi.
Bildirildi ki, burada qaytarılmış Qarabağ xalçalarının sərgisi, “Qarabağ işğaldan əvvəl və sonra”, “Azərbaycan rəssamlarının motivlərində Qarabağ” adlı sərgilərin keçirilməsi nəzərdə tutulur.
https://president.az/articles/51473
İlham Əliyev Şuşada 1 saylı ümumtəhsil məktəbinin təməlini qoyub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva tədbirdə iştirak ediblər.
Dövlətimizin başçısı məktəbin təməlini qoydu.
Prezident İlham Əliyevə məlumat verildi ki, 1830-cu ildə Azərbaycanda və Cənubi Qafqazda ilk dünyəvi məktəbin bünövrəsi məhz burada qoyulub. 1980-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə bu məktəbin 150 illik yubileyi qeyd olunub. İşğala qədər 1 saylı məktəb kimi fəaliyyət göstərən bu təhsil ocağını da erməni vandalları tamamilə dağıdıblar.
Yeni 960 şagird yerlik tam orta məktəbin layihələndirilməsi və tikintisi məqsədilə Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 3 milyon manat vəsait ayrılıb.
https://president.az/articles/51471
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarıbülbül” festivalının açılışında iştirak ediblər
Mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa “Xarıbülbül” musiqi festivalına ev sahibliyi edir. Qədim mədəniyyət beşiyi olan Şuşa 29 ildən sonra yenə doğmalarını, qonaqlarını qarşılayır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşada Cıdır düzündə təşkil olunan “Xarıbülbül” musiqi festivalına gəldilər.
Dövlətimizin başçısı festivalın açılışında çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı
– Əziz dostlar, bu gün ölkəmizin tarixində əlamətdar bir gündür. Uzun fasilədən sonra Cıdır düzündə – hər birimiz üçün müqəddəs olan Şuşada “Xarıbülbül” festivalı keçirilir. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.
Biz bu günü 30 il səbirsizliklə gözləmişik, 30 il Vətən həsrəti ilə yaşamışıq. 30 il ədalətsizliklə barışmalı olurduq, amma barışmırdıq və hər dəfə deyirdik ki, bu vəziyyətlə biz heç vaxt barışmayacağıq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik və bunu etdik. Uzun fasilədən sonra bu il birinci dəfə keçirilən “Xarıbülbül” musiqi festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Biz bu günü bizim qəhrəman hərbçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq. Xalq birləşdi, xalq həmrəylik göstərdi, bir yumruq kimi birləşdi və bu Qələbəni Azərbaycan xalqı qazandı. Bu, bizim hamımızın qələbəsidir. Mən xahiş edirəm ki, Vətən müharibəsində həlak olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək. Builki festival Azərbaycanda yaşayan xalqların nümayəndələrini əhatə edir. Bugünkü festivalda ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri çıxış edəcəklər. Bu tövsiyəni festivalın təşkilatçısı olan Heydər Əliyev Fonduna mən vermişdim, çünki Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır. Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Təsadüfi deyil ki, birinci festivalda Azərbaycanda yaşayan xalqların nümayəndələri çıxış edəcəklər və bir daha biz bütün dünyaya buradan – Şuşadan, qədim torpağımızdan mesaj veririk. Ölkələr belə inkişaf etməlidir, ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur. Biz dünyanın müxtəlif yerlərində baş verən hadisələri izləyirik, görürük və deyə bilərəm ki, bir neçə il bundan əvvəl bu gün mövcud olan vəziyyəti görürdük. Ona görə həm ölkə daxilində, həm beynəlxalq müstəvidə, o cümlədən ölkəmizdə keçirilmiş çoxsaylı tədbirlərdə multikulturalizmi təbliğ edirdik, müxtəlif xalqların birgəyaşayışını təbliğ edirdik və deyirdik ki, bu, mümkündür. Azərbaycanın timsalında deyirdik ki, bu, mümkündür və göstərirdik, öz təcrübəmizi bölüşürdük, öz fikirlərimizi bölüşürdük və hesab edirəm ki, bizim bu səylərimiz nəticə verdi. Çünki bu gün dünyada bu məsələ ilə bağlı daha dəqiq təsəvvür vardır.
44 günlük müharibə Azərbaycanın tam Qələbəsi ilə nəticələndi. Azərbaycan tam Qələbə qazandı, işğalçıları qədim Azərbaycan torpaqlarından qovdu və azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağını ucaltdı. 44 günlük müharibə bizim şanlı tariximizdir. 44 günün hər bir günü qəhrəmanlıq dastanı idi, hər bir gündə biz şəhidlər verirdik, qan tökürdük və irəliyə gedirdik. Hər gün biz irəliyə gedirdik. 44 gün ərzində bir gün də olmayıb ki, biz geriyə addım ataq. Ancaq irəli gedirdik, şəhidlər verərək, qan tökərək, xalqımız birləşərək və biz birləşib bu Qələbəni şərtləndirdik. 300-dən çox şəhər və kənd döyüş meydanında işğalçılardan azad edildi və Şuşanın – alınmaz qalanın alınması ayrıca bir qəhrəmanlıq dastanıdır. Şuşada olan hər bir insan və artıq Şuşaya gələn Azərbaycan vətəndaşları görürlər ki, Şuşanı götürmək, işğaldan azad etmək böyük qəhrəmanlıq, şücaət, fədakarlıq tələb edirdi. Bizim qəhrəman hərbçilərimiz bu sıldırım qayalara dırmaşaraq əlbəyaxa döyüşdə Şuşanı işğalçılardan azad etdi. Baxmayaraq ki, işğalçılar bizə qarşı tanklardan, toplardan atəş açırdılar. Biz Şuşa uğrunda gedən döyüşlərdə şəhidlər verdik. Ancaq bizi irəliyə aparan milli ruh bu Qələbəni təmin etdi. Şuşanın azad edilməsi faktiki olaraq Ermənistan ordusunun və Ermənistan dövlətinin çökməsi demək idi. Çünki ondan bir gün sonra Ermənistan məcbur olub bizim şərtlərimizə əsasən formalaşmış kapitulyasiya aktına imza atıb və biz bir güllə atmadan Laçın, Kəlbəcər və Ağdam rayonlarını geri qaytardıq. Təsadüfi deyil ki, Şuşanın azad edilməsi günü – 8 noyabr günü Azərbaycanda rəsmi dövlət bayramı elan edildi, Zəfər bayramı elan edildi və biz bu bayramı hər il qeyd edəcəyik.
Şuşa Azərbaycan xalqının milli sərvətidir. Bu yaxınlarda Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi bunu bir daha göstərir. Şuşa qədim Azərbaycan şəhəridir. Gələn il biz Şuşanın 270 illiyini qeyd edəcəyik. Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və o vaxtdan işğal dövrünə qədər bu şəhərdə həmişə azərbaycanlılar yaşayıblar. Ermənilər nə qədər çalışsalar da, Şuşadan Azərbaycan ruhunu silə bilmədilər. Bəli, mənfur düşmən tərəfindən binalar dağıdıldı, məscidlərimiz dağıdıldı, tarixi abidələrimiz dağıdıldı. Ancaq Şuşa Azərbaycan ruhunu qoruya bildi. Şuşa 28 il yarım əsarətdə idi, ancaq əyilmədi, sınmadı, öz ləyaqətini qorudu, milli ruhunu qorudu, Azərbaycan ruhunu qorudu.
Əminəm ki, əziz dostlar, sizin bir çoxunuz buraya işğaldan sonra birinci dəfədir ki, gəlirsiniz, bunu görürsünüz, bunu hiss edirsiniz. Mən artıq 3-cü dəfədir Şuşadayam və demişəm ki, hər dəfə bura gələndə burada qalmaq istəyirəm, buradan ayrılmaq istəmirəm. Şuşanın özünəməxsus aurası var. Mən dünyada Şuşaya bənzər şəhər görməmişəm, bəlkə də yoxdur. Bu gün biz uzun fasilədən sonra azad Şuşada yığışmışıq. Bu gün Cıdır düzündə Azərbaycan muğamı səslənəcək. Uzun fasilədən sonra biz Şuşada bu gözəl musiqi bayramını qeyd edəcəyik. Bu gün, sözün əsl mənasında, musiqi bayramıdır. Bəli, biz 8 noyabrda Şuşaya döyüşərək, vuruşaraq, qan tökərək qayıtmışıq. Ancaq bu gün Azərbaycan mədəniyyəti, Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri Şuşaya qayıdıblar və bu qayıdış reallıqdır, bu reallıqla hər kəs hesablaşmalıdır.
Bundan sonra biz Şuşada əbədi yaşayacağıq və Şuşanın bərpa edilməsi artıq başlanmışdır. Verilən göstərişlər yerinə yetirilir. Artıq Yuxarı Gövhərağa məscidi təmir edilib və sabah orada bayram namazı qılınacaq.
Festivalın məhz Ramazan bayramı ərəfəsində təşkil edilməsi də təsadüfi deyil. Biz öz dini, milli, mənəvi köklərimizə bağlı olan xalqıq. Əks-təqdirdə, biz heç vaxt işğala son qoya bilməzdik. Biz bütün bu illər ərzində bir amalla yaşamışıq – torpaqları azad edək, ədaləti bərpa edək, milli ləyaqətimizi qoruyaq və buna nail olduq. Bugünkü tədbir bir daha onu göstərir ki, biz Şuşaya qayıtmışıq və bundan sonra burada əbədi yaşayacağıq. Şəhərdə bərpa işləri başlayıb, mən qeyd etdim ki, Yuxarı Gövhərağa məscidi artıq təmir olunubdur. Beş il bundan əvvəl Cocuq Mərcanlı işğaldan azad olunandan sonra orada mən Şuşa məscidinin bənzəri olan məscidi tikdirdim. O vaxt məscidin açılışında demişdim ki, gün gələcək biz Şuşada məscidləri bərpa edəcəyik və yeni məscidlər tikiləcəkdir. Bu gün Ramazan bayramı ərəfəsində Şuşada yeni möhtəşəm məscidin təməli qoyuldu. Ermənilər tərəfindən qurudulmuş “Xan qızı Natəvan” bulağından bu gün su gəldi. Bütün bunlar böyük rəmzi məna daşıyır. Bax, bizim qayıdışımız budur. Biz Şuşanı quracağıq, bərpa edəcəyik, mənfur düşmən isə Şuşanı dağıdırdı. İndi siz – burada olan vətəndaşlar, dostlar gəzəcəksiniz, görəcəksiniz ki, Şuşa hansı dağıntılara məruz qalıb. Amma yenə də deyirəm, biz Şuşamızı, Ağdamımızı, Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Laçınımızı, Kəlbəcərimizi qəlbimizdə yaşatmışdıq. Dağıdılmış məscidləri biz bərpa edəcəyik, amma o məscidlər işğal dövründə bizim qəlbimizdə ucaldılmışdı. İndi isə biz burada, Cıdır düzündə – hər bir azərbaycanlı üçün müqəddəs olan yerdə yığışmışıq və bu musiqi bayramını, bu birlik bayramını, bu qayıdış bayramını, bu ləyaqət bayramını qeyd edirik. Yaşasın Şuşa! Yaşasın Qarabağ! Yaşasın Azərbaycan!
x x x
Sonra “Xarıbülbül” festivalı başladı.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva festival ifaçılarının çıxışlarını dinlədilər.
x x x
Konsertdən sonra jurnalistlərlə görüşən Prezident İlham Əliyev dedi: Sağ olun, siz ki, burada olmusunuz, ağır günlərdə. Salam Mirşahin.
Mirşahin: Eşq olsun Sizə cənab Prezident. Mən Sizi təbrik edirəm.
Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun, mən də sizin hamınızı təbrik edirəm.
x x x
Dövlətimizin başçısı jurnalistlərlə xatirə şəkli çəkdirdi.
x x x
Prezident İlham Əliyev: Anar mənim yadıma saldı, siz mətbuat konfransında demişdiniz ki, gəlmək istəyirsiniz. Biz də xahişinizi yerinə yetirdik. Mən istəyirdim ki, birinci bizim jurnalistlər gəlsin, bu festivalı keçirək. Siz harada qalırsınız?
Jurnalist: Birbaşa buraya gəldik.
Prezident İlham Əliyev: Hə, birbaşa.
Anar Ələkbərov: Bu gün qalacaqlar.
Prezident İlham Əliyev: İndi burada qalmaq üçün imkan var. Xarici jurnalistləri də dəvət edək gəlsinlər və görsünlər.
Jurnalist: Cənab Prezident, diqqətinizə görə təşəkkür edirik. Həmişə dəstəyinizi hiss edirik, çox sağ olun.
Prezident İlham Əliyev: Bəli, sizi həmişə dəstəkləmişəm. Sizə təşəkkür edirəm ki, belə çox aktual mövzuları qabardırsınız. Bir çox hallarda ölkədə gedən prosesləri mən sizdən eşidirəm, sizdən görürəm. Bu, özlüyündə artıq icra orqanlarını daha da məsuliyyətli olmağa sövq edir.
Jurnalist: Müharibədən sonra Sizinlə birinci görüşümüzdür.
Prezident İlham Əliyev: Elədir.
Jurnalist: Mən də icazənizlə istəyirdim deyim ki, 40 ildir dünyanın müharibələrini görmüşəm. Bu, birinci müharibə idi ki, bir nəfər həm hərbi istiqamətdə işi, həm siyasi, həm də informasiya işini aparırdı.
Prezident İlham Əliyev: Çünki əgər siz bu müharibə ilə bağlı həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmasaydınız, ümumiyyətlə, məsələ ilə bağlı fikir elə təhrif edilmiş kimi qalacaqdı. Siz yaxşı xatırlayırsınız, o vaxt dünya mediasına bizim çıxışımız yox idi. Tək siz gəlmişdiniz, siz də foto çəkirdiniz. Amma ermənilər bütün imkanlardan istifadə edib bütün ölkələrdə olmazın yalanlar yayırdılar. İndi isə artıq müharibə ilə bağlı həqiqətləri siz çatdırmısınız, mən çatdırmışam. Qəhrəman hərbçilərimiz də bax, o qayalara dırmaşaraq düşməni buradan qovub. Mirşahin sən çoxdan olmusan da burada, işğala qədər. Bəziləri heç olmayıb yəqin ki, ilk dəfədir.
Mirşahin: İşğala qədər də olmuşam.
Prezident İlham Əliyev: İndi ilk dəfə gələn burada görür ki, Şuşanı azad etmək, ümumiyyətlə, mümkünsüz hesab olunurdu. Özü də hələ piyada qalxmaq çətindir, bir də ki, əlində avtomat, yuxarıda düşmən, özü də düşmənin tankı, topu, mövqeyi. Doğrudan da misli görünməmiş qəhrəmanlıq dastanıdır.
Jurnalist: Əfqanıstan dağlarında da müharibələri görmüşəm. Buna inanmırdım. Azad ediləndən sonra gəldim, gedib baxdım, izlədim. Özüm də 1992-ci ildə buradan ayaqla çıxmışdım, bura bağlı idi, maşın gələ bilmirdi.
Prezident İlham Əliyev: Siz hansı yolla çıxdınız?
Jurnalist: Elə buradan, Daşaltıdan gəldim. Buraya kimi 4 saat piyada yol gəldim, 3 dəfə də snayperlər atdılar, amma vura bilmədilər.
Prezident İlham Əliyev: Bu yaxınlarda o şəkli siz paylaşdınız, gördüm mən. O vaxt Azərbaycan əsgəri necə vəziyyətdə idi? Nə forması var idi, nə silahı var idi, nə də bir idarəetmə imkanları. İndi aslan kimi əsgərlərdir, aslan kimi. Onlar möcüzə yaradıblar.
Jurnalist: Burada demək olar ki, yaşayış yox idi.
Prezident İlham Əliyev: Yox idi.
Jurnalist: Ancaq şəhərin girəcəyində, o da çox az.
Mirşahin: Amma mən Zəngəzurda evlərin birində oldum.
Prezident İlham Əliyev: Bəli, bəli, Şurnuxu kəndində.
Mirşahin: O kişi də yaxşı təkziblər verirdi, Ermənistan hakimiyyəti barədə. Yaxşı oldu, çox yaxşı oldu. Beş dənə punkt üzrə öz ölkəsini təkzib etdi. Pensiyasının azlığından da danışdı. Dedi ki, Qarabağ Azərbaycanındır.
Prezident İlham Əliyev: Özü də dedi ki, azərbaycanlının evinə girib.
Mirşahin: Bəli, çox vacib bəyanatlar verdi.
Jurnalist: Cənab Prezident, Şuşa qələbəsinə görə Sizə xüsusi təşəkkür edirik. Doğrudan da bu, çox möcüzəvi bir qələbədir. Bu, doğrudan da çox böyük qələbədir. Siz Azərbaycan xalqına sanki bir həyat qaytardınız. Siz bizə nəfəs verdiniz. İnanın ki, bir il bundan əvvəl yatsaq yuxumuza girməzdi ki, biz Cıdır düzündə ola bilərik, burada konsertdə iştirak edə bilərik. Çox böyük bir möcüzədir, cənab Prezident. Allah Sizi qorusun, Ordumuzu qorusun.
Prezident İlham Əliyev: Sağ olun.
Jurnalist: Cənab Prezident, səmimi-qəlbdən deyirəm, dünyada belə ölkə başçısı yoxdur.
Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun. Bir il bundan əvvəl burada başqa musiqi səslənirdi, başqa hərəkətlər edilirdi. O hərəkətlərə görə, bütün cinayətlərə görə düşmən öz layiqli payını aldı. Bundan sonra burada ancaq Azərbaycan musiqisi, Azərbaycanda yaşayan xalqların musiqisi səslənəcək. Doğrudan da böyük tarixi nailiyyətdir. Hər dəfə buraya gələndə xüsusi hisslər keçirirəm. Əminəm ki, siz də bu hissləri keçirirsiniz. Çünki Şuşanı yenidən görmək bizə nəsib oldu. Bu, böyük xoşbəxtlikdir. Əlbəttə, bir daha görürük ki, Şuşa əsl Azərbaycan şəhəridir. Çünki burada Azərbaycan ruhu hiss olunur. Memarlıq abidələri, bulaqlar, – baxmayaraq ki, ermənilər o bulaqların naxışlarını dəyişmişdilər, yazıları da silmişdilər, – amma yenə də burada hər tərəf, necə deyərlər, Azərbaycan mədəniyyəti ilə qaynayır. Biz əbədi qayıtmışıq, burada əbədi yaşayacağıq. Demişəm ki, Şuşa dünyanın ən gözəl şəhərinə çevriləcək. Təkcə Şuşa yox, azad edilmiş bütün başqa şəhərlər.
Jurnalist: Mən altı aydır Qarabağı gəzirəm, özüm də mühəndis memaram. Doğrudan deyirəm, mən dünyada bu cür gözəl yer görməmişəm. Doğrudan da Şuşanın, Kəlbəcərin gözəlliyi dünyada təkdir.
Prezident İlham Əliyev: Burada az da olsa, yaşayıblar. Bizdə olan məlumata görə, – sonra bu məlumatı biz dəqiqləşdirdik, – burada 1600-ə yaxın erməni yaşayıb, onların da çoxu hərbçilər idi, onların ailə üzvləri idi. Yəni, burada erməni əhalisi heç vaxt olmayıb. İndi görürsünüz, işğal dövründə nə gündə idi. İndi biz əl gəzdirmişik, 6 aydır ki təmizləyirik, necə deyərlər, səliqə-sahman yaradırıq. Bütün binalar belə dağıdılmış idi, yarımçıq tikili idi. Yeni bina yoxdur, bir neçə dənə villa tikdirmişdilər özləri üçün, onları da yəqin ki, görmüsünüz. Tarixi binalar sökülüb, şəhər infrastrukturu yoxdur. Baxın, o dirəklər yox idi, hamısı belə köhnədən qalan idi. Deyirdilər ki, erməni şəhəridir, erməni şəhəridirsə, niyə bu günə qoymusan onu? Niyə yaşamamısan, niyə qurmamısan, niyə dağıtmısan?
Jurnalist: Heç kəs öz evini yandırmaz gedəndə.
Prezident İlham Əliyev: Əlbəttə.
Jurnalist: Onlar yandırdılar, yəni, öz evləri deyildi.
Prezident İlham Əliyev: Bizim azad edilmiş digər yerlərdə, torpaqlarda siz də olmusunuz, orada təbiət toxunulmaz kimidir, o ağacların rəngi, səmanın rəngi. Belə bir rənglər mən görməmişəm.
Jurnalist: Ağdam, ümumiyyətlə, viran qoyulub. Bu mənzərəni görəndə düşünürsən ki, söhbət ancaq yaddaşı silməkdən gedə bilər. Axı, qəbirlə insanın nə işi ola bilər? Məhz onlar tarixi silmək, yaddaşı silmək istəyiblər. Məncə məqsədləri yalnız bu olub.
Prezident İlham Əliyev: Əlbəttə, elədir, tarixi silmək istəyiblər ki, biz heç vaxt qayıtmayaq. Hesab edirdilər ki, Azərbaycan heç vaxt ayağa qalxmayacaq. İnanmırdılar ki, biz ayağa dura bilərik. İnanmırdılar ki, bizdə həm güc, həm də iradə ola bilər. Ona görə deyirdilər ki, hər şeyi dağıdaq, daha heç vaxt bunlar qayıtmasın, tarixi də silək, abidələri, qəbirləri də dağıdaq. Sabah deyək ki, bura erməni torpağı olub və elə də deyirdilər. Şahbulağı yalandan “Tigranakert” adlandırmışdılar. Belə saxtakarlıq olmaz. Deyirdilər ki, Şuşa erməni şəhəridir. Axı, bu şəhərin təməlini Pənahəli xan qoyub, hamımız yaxşı bilirik, adını da verib – Pənahabad. Necə erməni şəhəri olub, əgər 275 il bundan əvvəl Pənahəli xan Ağdamdan buraya gəlib.
Jurnalist: Özü də təzə daşlar atıb ora, cənab Prezident, mən getdim özüm baxdım.
Prezident İlham Əliyev: Bəli.
Jurnalist: Guya dırnaqarası “Tigranakert” olub.
Prezident İlham Əliyev: Hə, orada?
Jurnalist: Bəli, Şahbulağın düz yanında.
Jurnalist: Mən Kəlbəcərdə neçə kilsə gördüm, çox qədim kilsələr imiş, amma ermənilər onlara təzə daşlar qoyublar. Elə qoyublar ki, dərhal bilinir. Mən özüm görəndə tez dedim ki, bunlar hamısı saxta daşlardır, adamlardan soruşdum, bildirdilər ki, bu daşları buraya 10-15 ildir gətiriblər.
Hərbçi: Cənab Ali Baş Komandan, icazə versəydiniz xüsusi təyinatlılar Sizinlə xatirə şəkli çəkdirərdilər.
Prezident İlham Əliyev: Bəli, mütləq.
x x x
Xüsusi təyinatlılarla xatirə şəkli çəkdirildi.
x x x
Hamı birlikdə dedi: Qarabağ Azərbaycandır!
https://president.az/articles/51465
İlham Əliyev Şuşada Yuxarı Gövhərağa məscidində olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva mayın 13-də Şuşada Yuxarı Gövhərağa məscidində olublar.
Dövlətimizin başçısına və birinci xanıma məsciddə aparılan bərpa işləri ilə bağlı məlumat verildi.
Bildirildi ki, burada bərpa işləri Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir. 1768-1769-cu illərdə inşa edilən bu məscid də işğal dövründə erməni vandalizminin qurbanı olmuşdu.
https://president.az/articles/51477
Şuşanın Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı qala-konsertlə başa çatıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ölkəmizin mədəniyyət paytaxtı Şuşanın Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalı mayın 13-də qala-konsertlə başa çatıb.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva festival ifaçılarının çıxışlarını dinləyiblər.
Qala-konsertdə Xalq artistləri Rauf Abdullayev, Yalçın Adıgözəlov, Əməkdar artist Fuad İbrahimov və Murtuza Bülbülün dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Xalq artisti Gülbacı İmanovanın bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xor Kapellası çıxış ediblər. Konsertdə Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin, Ələkbər Tağıyevin, Müslüm Maqomayevin, Niyazinin, Tofiq Quliyevin, Vasif Adıgözəlovun və digər bəstəkarların əsərləri təqdim olunub.
Festival çərçivəsində Xalq artistləri Alim Qasımov, Azərin, Dinarə Əliyeva, Elçin Əzizov, Əlixan Səmədov, Fərhad Bədəlbəyli, Mənsum İbrahimov, Murad Adıgözəlzadə, Natiq Şirinov, Polad Bülbüloğlu, Samir Cəfərov, Teyyub Aslanov, Yusif Eyvazov, Əməkdar artistlər Fərqanə Qasımova, Mirələm Mirələmov, Sahib Paşazadə, Şəhriyar İmanov, Şirzad Fətəliyev və digər ifaçıların çıxışları da alqışlarla qarşılandı.
Konsertdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vaxtı ilə işğal altında olan ərazilərimiz haqqında söylədiyi “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu. Biz onlarsız yaşaya bilmərik” fikirlərini və Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin Şuşa şəhərinin 2020-ci il noyabrın 8-də işğaldan azad edildiyi gün xalqımıza müraciətində dediyi “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” sözlərini əks etdirən videoçarx təqdim edilib.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməsindən sonra ilk dəfə keçirilən “Xarıbülbül” musiqi festivalı incəsənət xadimlərinin “Azərbaycan” mahnısının birgə ifası ilə yekunlaşdı.
Konsert bitəndən sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva festivalda iştirak edən incəsənət xadimləri ilə görüşdülər. Cıdır düzündə hamı birlikdə “Qarabağ Azərbaycandır!” söylədi.
x x x
Qeyd edək ki, mayın 12-də – “Xarıbülbül” musiqi festivalının ilk günündə ölkəmizdə yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim edilib. Ölkəmizin müxtəlif bölgələrində yaşayan ayrı-ayrı xalqların musiqi qrupları və ifaçıları öz çıxışları ilə Azərbaycanın millətindən, dinindən asılı olmayaraq hər bir kəsin vahid Vətəni olduğu mesajını bütün dünyaya çatdırıb. Festivalın açılışındakı çıxışında bu mesajın əhəmiyyətini xüsusi vurğulayan Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Təsadüfi deyil ki, birinci festivalda Azərbaycanda yaşayan xalqların nümayəndələri çıxış edəcəklər və bir daha biz bütün dünyaya buradan – Şuşadan, qədim torpağımızdan mesaj veririk”.
Xatırladaq ki, 44 günlük Vətən müharibəsində Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etməyə və ərazi bütövlüyümüzü bərpa etməyə müvəffəq oldu. Hazırda işğaldan azad olunan ərazilərdə böyük quruculuq layihələri həyata keçirilməkdədir. Bu layihələr azad olunan ərazilərin, inzibati, tarixi və mədəni abidələrin bərpası ilə yanaşı, həm də tarixi torpaqlarımızda illərdir keçirilməyən mədəni tədbirlərimizin, ənənələrimizin bərpasını əhatə edir. Beləliklə, işğaldan azad olunan torpaqlarımız hazırda mənən də dirçəlir. Mayın 12-13-də Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalı bunun əyani təsdiqidir.
https://president.az/articles/51478
İlham Əliyev Bərdə-Ağdam avtomobil yolunun təməlqoyma mərasimində iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Ağdama səfərə gəlib.
Dövlətimizin başçısı Bərdə-Ağdam avtomobil yolunun təməlqoyma mərasimində iştirak edib.
Qeyd edək ki, bu layihə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulması istiqamətində həyata keçirilən genişmiqyaslı işlərin tərkib hissəsidir.
Məlumat verildi ki, 14 kilometrlik hissəsi Bərdə şəhərindən və bir neçə yaşayış məntəqəsindən keçəcək yolun uzunluğu 44.5 kilometrdir.
Dövlətimizin başçısının tapşırığına əsasən bu avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olacaq. Avtomobil yolu Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, bu rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edəcək.
Prezident İlham Əliyev yolun təməlini qoydu.
https://president.az/articles/51766
İlham Əliyev Ağdam şəhər meşə-parkında ağac əkilməsi mərasimində iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Ağdam şəhər meşə-parkında dağdağan ağaclarının əkilməsi mərasimində iştirak edib.
“Ağ şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıqov dövlətimizin başçısına burada salınacaq meşə-park barədə məlumat verdi.
Bildirildi ki, burada ilkin olaraq şəhər sakinləri və qonaqları üçün 125 hektarlıq böyük meşə parkı salınacaq. Bərpa olunacaq Ağdam kanalı şəhərin içindən keçəcək və onun suyu burada yaradılacaq gölə töküləcək.
Prezident İlham Əliyev: Hansı tərəfdən?
Ruslan Sadıqov: Bu göldür, bu isə kanaldır, hansı ki, bayraq qoymuşuq, o kanalın səviyyəsidir. Bu göl onun ətrafında olacaq və sonra kanal öz yoluna davam edəcək. Ətraf ərazilər abadlaşdırılacaq və burada gözəl meşə-park yaradılacaq. Parkda sakinlər və turistlər üçün gözəl istirahət guşələri təşkil olunacaq.
Prezident İlham Əliyev: Çox gözəl, yəni, şəhərə giriş böyük meşə massividir.
Ruslan Sadıqov: Bəli, böyük meşə massividir. Məlum olduğu kimi, erməni işğalçılar burada meşələrin, yaşıllıqların hamısını qırıblar. Demək olar ki, heç bir yaşıllıq qalmayıb. Ona görə də burada Ekologiya və Təbii Sərvətlər Nazirliyi, IDEA İctimai Birliyi ilkin olaraq bu təşəbbüslə çıxış ediblər və əkinə də başlayıblar. Bu, dağdağan ağacıdır. O Azərbaycanın simvolik ağacıdır.
Prezident İlham Əliyev: Simvoludur.
Ruslan Sadıqov: Ağdamda bu ağaclar bizi gözləyirdilər. Ona görə şərəf olardı ki, Siz ağacın birini əkəsiniz.
XXX
Prezident İlham Əliyev ərazidə dağdağan ağacı əkdi.
https://president.az/articles/51767
İlham Əliyev Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının təməlqoyma mərasimində iştirak edib
Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının təməlqoyma mərasimində iştirak edib.
Dövlətimizin başçısına inşa ediləcək ilk yaşayış binası barədə məlumat verilib.
Qeyd olunub ki, ABŞ-ın “Gensler”, Azərbaycanın “Azərbaycan inkişaf” və Türkiyənin “URAL mühandislik” şirkətləri binanın layihələndirilməsinə cəlb olunub. Binanın fasadında Ağdamın yerli ağ daşından və Avropa memarlıq elementlərindən istifadə ediləcək. Mənzillər 1, 2, 3, 4 və 5 otaqlı olacaq.
Dövlətimizin başçısı binanın təməlini qoydu.
https://president.az/articles/51768
İlham Əliyev Ağdam Sənaye Parkının təməlqoyma mərasimində iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Ağdam Sənaye Parkının təməlqoyma mərasimində iştirak edib.
Sənaye Parkı qida sənayesi, kiçik sənaye və xidmət, iri sənaye müəssisələri, sosial və texniki zonalar, TIR parkı, tikinti materiallarının satışı bazası hissələrinə bölünəcək. Burada tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət və süd məhsullarının, şərab, yem, gübrə istehsalı və emalının, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların təşkili də planlaşdırılır.
Qeyd edildi ki, işğaldan azad olunmuş ərazilərin müqayisəli üstünlükləri əsasında 4 regional mərkəzin yaradılması nəzərdə tutulub. Ağdamda sənaye mərkəzi, Cəbrayılda logistika və ticarət mərkəzi, Şuşada mədəniyyət və turizm mərkəzi, Kəlbəcərdə hasilat və turizm mərkəzi yaradılacaq. Ağdamda yaradılacaq sənaye mərkəzində ilkin müraciətlər əsasında 33 kiçik istehsal və xidmət müəssisəsi, iri sənaye və qida sənayesi müəssisələri fəaliyyət göstərəcək. Buraya 110 milyon manata yaxın sərmayə qoyulacaq, 330 iş yeri açılacaq. Ağdamın strateji coğrafi mövqeyi, digər bölgələrlə qovuşuqda yerləşməsi, insan resursları potensialı və infrastruktura çıxış imkanları rayonun gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirir.
Dövlətimizin başçısı Ağdam Sənaye Parkının təməlini qoydu.
https://president.az/articles/51769
İlham Əliyev Ağdamda Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksində olub
Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdamda Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksində olub.
Ağdam rayonunda erməni vandalizminə məruz qalan tarixi-memarlıq tikililərindən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın imarətidir.
İmarət barədə dövlətimizin başçısına məlumat verən “ağ şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıqov dedi: Cənab Prezident, bu məşhur imarət yeridir. Pənahəli xan burada atlarını saxlayırmış. Bu atlar burada nümayiş olunub, satışa çıxarılıb. Eyni zamanda, sonradan bura Ağdam ictimaiyyətinin bayram keçirdiyi yerlərə çevrilib.
Prezident İlham Əliyev: Stadion burada olub?
Ruslan Sadıqov: Bəli, stadion burada olub, bu, onun tribunasıdır.
Prezident İlham Əliyev: Bu, tribunadır?
Ruslan Sadıqov: Xeyr, o dağılmış daşlar.
Prezident İlham Əliyev: Hamısı bərpa olunacaq.
Ruslan Sadıqov: İnşallah. Burada kompleks yerləşib. Onun işlədiyi yer, yaşadığı yer və məzarlıqlar da var. Birinci gördüyünüz Pənahəli xanın türbəsidir. İkinci gördüyünüz İbrahim xanın dağıdılmış türbəsidir.
Prezident İlham Əliyev: Məzarları dağıdıblar.
Ruslan Sadıqov: Bunlar Natəvan xanımın məzarının dağıntılarıdır. Qarşısında durduğumuz Pənahəli xanın imarətidir, yaşayış yeridir. Bu ortada onun bağı olub. O sahədə isə onun karvansarayı olub. Gələn qonaqlar burada qalıblar.
İmarət sonradan Azərbaycan ictimaiyyətinin toy-bayram keçirdiyi yerlərdən biri olub. Bu fotolar Ağdamın 1970-1980-ci illərdəki həyatından bəzi məqamlardır.
Prezident İlham Əliyev: “Xarıbülbül” festivalıdır, burada keçirilmişdir.
Ruslan Sadıqov: İşğal dövründə buraya çox vəhşi münasibət bəsləyiblər. Hər yerdə olduğu kimi, burada da heyvan saxlayıblar və bərbad haldadır.
X X X
Qeyd edək ki, XVIII əsrə aid bu tarix-memarlıq abidəsi xan nəslinin ilk mülklərindən olmaqla, iki binadan ibarətdir. Saray Azərbaycan ərazisində yayılmış digər xan saraylarından fərqlənərək dəbdəbəli yaşayış evi xüsusiyyəti daşıyıb. Buna görə də, Pənahəli xanın imarəti də adlandırılıb. İşğal edilən ərazilərdəki digər tarixi-mədəni, dini abidələr kimi Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb. Buradan tövlə kimi istifadə olunub.
Xan sarayının yaxınlığında yerləşən və Qarabağ xan nəslinin bir çox nümayəndələrinin dəfn edildiyi İmarət qəbiristanlığı da erməni vəhşiliyinin canlı şahididir.
Pənahəli xanın, İbrahimxəlil xanın və Mehdiqulu xanın türbələri və Xurşidbanu Natəvanın qəbirüstü abidəsi də burada yerləşir.
https://president.az/articles/51775
Ağdamda Zəfər muzeyi və açıq hava altında İşğal muzeyi yaradılacaq
Ağdamda Zəfər muzeyi və açıq hava altında İşğal muzeyi yaradılacaq.
Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə yeni muzeylər barədə məlumat verilib.
Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov: Cənab Prezident, əvvəlcə, onu qeyd edim ki, Zəfər və İşğal muzeylər kompleksinin konsepsiyası İtaliya şirkəti tərəfindən hazırlanmışdır. İcazə verin, əvvəlcə, çox qısa bir videoya baxaq.
Deməli, bu, hər iki kompleksin iki hissəsidir – İşğal muzeyi kompleksində həm muzey, həm də memorial bağ.
Prezident İlham Əliyev: Bir yerdə yerləşir?
Emin Hüseynov: Bir-birinin yanında yerləşir və 18 hektar ərazini əhatə edir. Bizim durduğumuz yer açıq hava altındadır. Dram teatrının yanındadır. Muzey o tərəfdə olacaq. Bu şəkildə də gördüyünüz kimi 8 hektar ərazini əhatə edir.
Prezident İlham Əliyev: Qalıqlar qalacaq?
Emin Hüseynov: Bəli, fikir verirsinizsə, burada həmin o göldür. Biz buna yaddaş gölü deyirik. Onun üstündə həm Dram teatrının qapıları, həm kitabxana, poçt ofisi də var idi. Kitabxana olub, otel olub, poçt ofisi olub və balaca dükan da olub.
Prezident İlham Əliyev: Bu da belə qalacaq?
Emin Hüseynov: Bəli, bu da belə qalacaq. Bunların görüntüsü həm gündüz, həm də axşam xüsusi rəqəmsal işıqlandırma vasitəsilə gölün üzərində əks olunacaq.
Prezident İlham Əliyev: Bəs, dağıdılmış digər evlər, mən demişdim ki, onlar saxlanılsın. Onlar da bu ərazidədir?
Emin Hüseynov: Bəli, o bağdadır, memorial bağda, bax, bu ərazidə. Hamısı qalır burada, orada həm də nar bağları arasında cığırlar təşkil olunacaq.
Prezident İlham Əliyev: Marşrutlar.
Emin Hüseynov: Bəli, xüsusi mobil tətbiqlər olacaq ki, “mented Reality” ilə onun üzərindən keçəndə haqqında müəyyən hekayələr çıxacaq, insanların danışdıqları rəvayətlər.
Prezident İlham Əliyev: Sonra Zəfər muzeyinə birləşir?
Emin Hüseynov: Bəli, bu, ümumilikdə 22,5 hektar ərazini əhatə edir. Zəfər muzeyi isə digər tərəfdə, Bayraq meydanının yanında yerləşir, yaxınlıqda isə Zəfər arenası olacaq. Çörək muzeyi burada olacaq, o da bərpa ediləcək.
Prezident İlham Əliyev: Gölün içindəki bina nədir?
Emin Hüseynov: Həmin bu binadır, cənab Prezident.
Prezident İlham Əliyev: Yəni, bu da gölün içində olacaq?
Emin Hüseynov: Bəli. Eyni zamanda, burada belə bir obyekt də olacaq. Konsepsiyası hazırlanır. Bu ortadakı bina. Sizin diqqətinizə muzeyin strukturu haqqında məlumatı çatdırmaq istərdim. Bu, çox dağınıq struktura malikdir. Məqsəd 30 illik işğal dövründə Azərbaycan xalqının keçdiyi çox çətin yolu göstərməkdir. Bu, xarici görünüşüdür. Burada giriş hissəsi var. Giriş hissəsində çox nəhəng ekranlar quraşdırılacaq. Orada işğal dövrünün ağrılı-acılı günləri nümayiş etdiriləcək. Birinci zalda Qarabağın, Ağdamın tarixi faktlarla göstəriləcək, ikinci zalda 360 dərəcəlik rəqəmsal ekranlarda müharibə dövrünün çox ağır günləri, dairəvi zalda Ağdamın dağıdılması, yerlə-yeksan edilməsi göstəriləcək. Bu vəhşiliklərin hamısı videolarla və hekayələrlə olacaq. Dördüncü çox böyük və hündür zaldır. Bu, məhz 30 illik dövr ərzində verdiyimiz qurbanların xatirəsinin ehtiramla yad edilməsinə həsr olunub. Nəhayət ən vacibi – beşinci zal Xocalı soyqırımından xilas olmaq üçün Ağdama üz tutmuş köçkünlərimizin keçdiyi əzab-əziyyətli yolu əks etdirəcək. Onlara həmin hissləri yaşatmaq üçün o otaqda çox soyuq temperatur olacaq ki, insanlar, ziyarətçilər o soyuğu hiss etsinlər. Bura isə sükunət zalı dediyimiz yerdir. Bu sarı xətt işıq kimi görsənir. Amma yaxınlaşdığımız zaman belə bir mənzərə ortaya çıxır, dağıntılar, evlərin yanması. Böyük otaq insanlara həmin o hissi yaşatmaq üçün böyük effekt verəcək. Arxiv zalında tarixi faktların hamısı əks olunacaq. Bütün bunlar və virtual zal. Memorial bağ qeyd edildiyi kimi, səma altında muzey olacaq. Hətta yanmış o sınıq-salxaq avtomobillərin qalıqları nar bağlarının arasında göstəriləcək.
Bir də dediyim mobil tətbiq budur. Bina üzərinə gətirildikdə artıq onun haqqında hekayələr çıxacaq. Bu göldür, həmin Dram Teatrının qapıları və bu tağlardan ibarət bir hasar. Bu tağ Qələbə rəmzidir. Lakin çox əlamətdar məsələ odur ki, bu hasar tamamilə Ağdam daşlarından qurulacaq. Həm burada qalıqlar şəklində yığılıb qalmış daşlar, həm də Ağdamın özündə istehsal olunmuş daşlarla inşa olunacaq. Bütün bu binaların hamısının əksi göldə həm gündüz, həm də gecə görünəcəkdir. Zəfər muzeyinin simvolikası Şuşa qalasının qapısını və Qələbə rəmzini təcəssüm etdirir.
Prezident İlham Əliyev: Zəfər tağı kimi?
Emin Hüseynov: Bəli, Zəfər tağı kimi, ağ və qara fonlarda hazırlanıb. Bakıda da belə bir Zəfər muzeyi yaradılacaq. Həmin simvolikadan orada da istifadə olunacaq. Zəfər muzeyi həm abidədir, həm də muzeydir. Üstündəki həmin tağ Günəşin ardınca hərəkət edir, Günəş enerjisi əsasında. O da bərpaolunan enerjidir. O da o anlama gəlir ki, bizim Zəfərimiz, bizim Qələbəmiz tükənməzdir, əbədidir. İçərisindəki muzey dəmir və şüşə konstruksiyalardan ibarətdir. Dəmir “Dəmir yumruq” əməliyyatını, şüşə isə bizim müharibənin, bizim Qələbəmizin ədalətli, saf olduğunu təcəssüm etdirir. İstəyirik burada da qürur, sülh və doğma torpaq təntənəsini çatdıraq. Bir neçə sərgi zalı var. Giriş zalında nəhəng rəqəmsal ekranlar quraşdırılacaq. Ondan sonra bizim pilotsuz uçuş aparatları, ən müasir hərbi texnika, müharibə zamanı istifadə olunan nadir hərbi əməliyyatlar taktikası və sözsüz ki, simulyasiya otaqları. Ən vacib otaq isə bizim qəhrəman oğullarımızın adları həkk edilmiş divarda sakit axan şəlalə, üstündə qırmızı güllər olacaq. Bu, qurbanlarımızın xatirəsini daim yad etmək üçündür.
Prezident İlham Əliyev: Eyni zamanda, 44 günlük müharibənin hər bir günü burada əks olunmalıdır. O günün tarixçəsi əks etdirilməlidir.
Emin Hüseynov: Bu ikinci zaldakı rəqəmsal masalarda hər bir əməliyyat barədə geniş məlumat veriləcək. Zəfər arenası amfiteatr şəklində qurulub. Quruluşu elədir ki, buradan həm Zəfər muzeyi, həm də Bayraq meydanı görünür. Üzərində avtomatik rejimdə açılıb-yığılan dam örtüyü olacaq.
https://president.az/articles/51782
İlham Əliyev Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlini qoyub
Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlini qoyub.
Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına məktəb barədə məlumat verərək dedi:
– Cənab Prezident, bu məktəb Qarabağ bölgəsinin ən qədim məktəbi hesab olunur. Əslində, Əsgər bəy Eyvazov tərəfindən 1883-cü ildə əsası qoyulub. O, müxtəlif yerlərdə fəaliyyət göstərib. 1904-cü ildə həmin bu binaya, bu əraziyə gəlib və 1949-cu ilə kimi burada qalıb.
Prezident İlham Əliyev: Bu ərazidə?
Emin Hüseynov: Bəli, bu ərazidə qalıb. Məktəb 1993-cü ildə erməni işğalı zamanı tamamilə dağıdılmışdır. İkimərtəbəli bina olub. Amma təqdim olunan layihədə üçmərtəbəli bina nəzərdə tutulur. Plana uyğun olaraq, inzibati hissə, tədris korpusları, idman meydançası, texniki zona təşkil olunacaqdır.
Prezident İlham Əliyev: Şagirdlərin sayı nə qədər olacaq?
Emin Hüseynov: Məktəb 960 nəfər şagird üçündür.
Prezident İlham Əliyev: Əvvəlki məktəbdə nə qədər olub?
Emin Hüseynov: Əvvəlki məktəbdə az olub, 500 nəfər. Amma indi 960 şagird yerlik olacaq. Eyni zamanda, 18 sinif otağı, 37 fənn kabineti, kimya, fizika, biologiya laboratoriyaları yaradılacaq. Məktəbdə təhsil üçün hər cür şərait, bütün texniki imkanlar olacaqdır.
Prezident İlham Əliyev: Çox yaxşı.
X X X
Sonra dövlətimizin başçısı məktəbin təməlini qoydu.
Prezident İlham Əliyev: Xeyirli olsun.
https://president.az/articles/51776
İlham Əliyev Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimində iştirak edib, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb
Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Ağdam şəhərinin baş planı təqdim olunub.
Dövlətimizin başçısı əvvəlcə Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Dövlətimizin başçısı görüşdə çıxış edib.
Prezident İlham Əliyevin çıxışı
– Əziz dostlar.
Bu gün Respublika Günüdür. İlk növbədə, sizi və bütün Azərbaycan xalqını Respublika Günü münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bütün Azərbaycan xalqına xoşbəxtlik, firavanlıq arzulayıram.
Görüşümüzün əvvəlində xahiş edirəm ki, İkinci və Birinci Qarabağ müharibələrində Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Sakinlər: Amin. Allah rəhmət eləsin.
Prezident İlham Əliyev: Bu gün Respublika Gününü biz Ağdamda, Ağdam şəhərində qeyd edirik. Bunun çox böyük rəmzi mənası var. Ağdam şəhərinin Baş Planı bu gün təsdiq ediləcək. Bu Baş Plan mənə təqdim edilmişdir. Biz bir müddət bu plan üzərində işləyirdik və istərdim ki, Ağdam rayonunun tanınmış şəxsləri Baş Planla tanış olsunlar, öz fikirlərini bildirsinlər və sizin iştirakınızla biz bu gün bu gözəl mərasimi keçirək.
Bu mərasim üçün, bu görüş üçün başqa vaxt da müəyyən oluna bilərdi. Ancaq mən hesab etdim ki, ən düzgün tarix bizim milli bayramımız olan Respublika Günüdür, müstəqillik günüdür. Çünki bu gün burada olmağımız bir daha müstəqilliyimizin nə qədər güclü olmasını göstərir. Əgər biz güclü müstəqil dövlət qurmasaydıq, öz tarixi torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Ancaq güclü Azərbaycan, müstəqil Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu tarixi missiyanı şərəflə yerinə yetirdi. Ağdam şəhərinin bərpasının başlanğıcı bu gün baş verir, Respublika Günündə. Əminəm ki, bütün nəzərdə tutulmuş planlar Baş Plan əsasında icra ediləcək və Ağdam şəhəri yenidən qurulacaq.
Mən Ağdam rayonunda işğal dövründə doqquz dəfə olmuşam. Bildiyiniz kimi, şəhər işğal altında olduğu üçün rayonun mərkəzini biz Quzanlı qəsəbəsində müəyyən etdik. Quzanlı və digər kəndlərdə dəfələrlə olmuşam. Bu ərazi ilə bağlı bir çox tədbirlər keçirilmişdir. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində Ağdam rayonunun quruculuqla bağlı inkişaf planları təsdiq edilmişdir. Burada bir çox sosial layihələr icra edildi, bir çox məktəblər, Muğam Mərkəzi, uşaq xəstəxanası, mərkəzi rayon xəstəxanası, Olimpiya Mərkəzi, infrastruktur layihələri icra edilmişdir və deyə bilərəm ki, ölkə üzrə olan göstəricilərdən daha da yüksək göstəricilər burada var. Qazlaşdırma təxminən 100 faizdir, elektrik enerjisi, su ilə təchizat təmin edilmiş, 150-dən çox artezian quyusu qazılmışdır. Çünki mənfur düşmən bu bölgəni sudan da məhrum etmişdi. Bir sözlə, işğal dövründə Ağdam rayonunun inkişafı ilə bağlı çox ciddi addımlar atılmışdır. Ağdamdan olan məcburi köçkünlərlə dəfələrlə görüşlər əsnasında deyirdim ki, torpaqlarımız, Ağdam şəhəri və bütün rayon azad olunandan sonra daha da gözəl şərait yaradılacaq. Bu gün sizə təqdim ediləcək Ağdam şəhərinin Baş Planı bu sözümün təsdiqidir. Biz elə bir şəhər quracağıq, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaqdır.
İşğal dövründə Ağdam şəhərinin dağıntılarını, o şəhərin bir hissəsini mən təmas xəttində dəfələrlə olarkən binokl ilə görürdüm. Hər dəfə, bax, təmas xəttində olarkən və bu dağıntıları uzaqdan seyr edərkən öz-özümə deyirdim ki, biz mütləq qayıdacağıq. Nəyin bahasına olursa-olsun qayıdacağıq. Tarixi ədaləti bərpa edəcəyik. Düşməni torpağımızdan qovacağıq və buna nail olduq.
Çalışırdıq ki, bunu sülh yolu ilə həll edək. Ancaq Azərbaycan vətəndaşları yaxşı bilirlər ki, sülh danışıqları, sadəcə olaraq, status-kvonun əbədi olmasına istiqamətləndirilmişdi. Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olan vasitəçilər 30 ilə yaxın davam edən danışıqlar müddətində aqressora – işğalçıya təzyiq göstərmədilər, onları məcbur etmədilər, onlara sanksiyalar tətbiq etmədilər. Açıq-aydın demədilər ki, işğalçı qüvvələr Azərbaycan torpağından çıxmalıdır. Aqressor təbii olaraq, daha da azğınlaşırdı, daha da qudururdu və bu torpaqları əbədi işğal altında saxlamaq istəyirdi və bu, sirr deyil.
Əgər mən Prezident kimi birinci mərhələdə müəyyən ümidlərlə yaşayırdımsa, son mərhələdə artıq bu ümidlər də aradan qalxdı. Çünki Ermənistan rəhbərliyi açıq-aydın bildirirdi ki, bu torpaqların bizə qaytarılması mümkün deyil. Belə olan halda faktiki olaraq danışıqlar prosesinə son qoyuldu. Mən bunu açıq-aydın bildirirdim. Bütün danışıqlar dövrü – 2003-cü ildən son hadisələrə qədər hər zaman Azərbaycan xalqına həqiqətləri çatdırırdım. Hər zaman deyirdim ki, biz heç vaxt bizim torpağımızda ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik. Deyirdim, məsələnin həlli elə olmalıdır ki, bu, yarımçıq həll olmasın. Məhz buna görə bizim mövqeyimiz bir çox hallarda vasitəçilər tərəfindən birmənalı qarşılanmırdı. Bəzi ermənipərəst qüvvələr bizi günahlandırmağa çalışırdılar. Sanki biz aqressoruq, sanki biz işğalçıyıq. Ona görə Ağdam rayonuna binoklla baxarkən, bax, mən bu günü görürdüm və bilirdim ki, əgər məsələ danışıqlar yolu ilə həll olunmasa, müharibə qaçılmazdır. Xüsusilə keçən ilin iyul, avqust, sentyabr aylarında Ermənistan dövlətinin bizə qarşı hərbi təxribatları nəticəsində baş vermiş hadisələr artıq müharibəni qaçılmaz etmişdi.
Qırx dörd günlük müharibə bizim gücümüzü göstərdi, Silahlı Qüvvələrimizin rəşadətini göstərdi, qəhrəmanlığını göstərdi, xalqımızın birliyini göstərdi. Biz bir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdik, düşməni torpağımızdan qovduq. Qırx dörd günün hər bir günü qəhrəmanlıq dastanıdır, hər bir günü bizim üçün əzizdir, doğmadır. Çünki hər gün biz irəli gedirdik, hər gün. Bir gün də geri addım atmamışıq. Düşmən müharibənin son mərhələsində panikaya, isterikaya qapılaraq öz məğlubiyyətini artıq dərk etməyə başlamışdı. Bir daha gördü ki, Azərbaycan qarşısında onlar duruş gətirə bilməyəcəklər.
Biz müharibə dövründə də özümüzü ləyaqətlə aparmışıq və müharibənin bütün qaydalarına riayət etmişik. Məhz buna görə Ermənistan tərəfində mülki vətəndaşlar arasında itkilər həddindən artıq azdır. Biz ancaq işğalçı orduya qarşı mübarizə aparmışıq, müharibə aparmışıq. Dinc əhaliyə qarşı heç vaxt müharibə aparmamışıq. Ermənilərdən fərqli olaraq, soyqırımı törətməmişik və digər hərbi cinayətlər törətməmişik. Ancaq ermənilərin törətdikləri cinayətlər artıq bütün dünyaya bəllidir: Xocalı soyqırımı, digər kəndlərimizin sakinlərinin qətlə yetirilməsi, şəhərlərimizin dağıdılması. Baxın, görün, Ağdam şəhəri yoxdur, yoxdur. Bir bina da yoxdur. Bir Cümə məscidinin qalıqları qalıb. Onu da mən demişəm, onlar iki məqsəd üçün saxlamışdılar. Bir məqsəd o torpağa bağlı olan bir işarə idi. Yəni, artilleriya atəşinin tənzimlənməsi üçün lazım idi bu məntəqə, bu obyekt. İkinci məqsəd müşahidə məntəqəsi idi. Məscidin minarələrindən onlar müşahidə edirdilər. İndi mən müharibədən sonra Ağdama ikinci dəfə səfər edirəm. Birinci dəfə Ağcabədi istiqamətindən gəldim. Bu dəfə isə Bərdə istiqamətindən gəldim. Hər iki istiqamət üzrə bir neçə müdafiə xətti var, istehkamlar var. Cümə məscidinin qalıqlarından başqa, bir dənə də salamat bina yoxdur. Bunu hansısa yad planetli, necə deyərlər, ünsürlər törətməyiblər. Bunu bizim qonşumuz olan, bizim çörəyimizi yeyən, bizim torpağımızda özünə yuva salan, ancaq bizə qarşı daim nifrət hissi ilə yaşayan ermənilər törədiblər. Bu dağıntılar Birinci Qarabağ müharibəsindən sonra törədildi. Bu, ikinci müharibə dövründə törədilən dağıntılar deyil. Bizim bütün maddi sərvətimiz məqsədyönlü şəkildə dağıdıldı, talan edildi. Tarixi-dini abidələrimiz söküldü. Bunun da bir neçə məqsədi var idi. Birincisi, bizə olan nifrət. İkincisi, Azərbaycan xalqının mədəni irsini bu torpaqlardan silmək məqsədi və əlbəttə ki, gələcəkdə elə bir vəziyyət yaratmaq ki, Azərbaycan əhalisi bu torpaqlara qayıda bilməsin.
Ancaq səhv etdilər. Onlar dərk edə bilmədilər ki, bizim üçün, xalqımız üçün torpaqlarımızın işğaldan azad edilməsi ümummilli məsələdir və heç vaxt biz bu vəziyyətlə barışmadıq və bunu açıq bəyan edirdik. İkinci Qarabağ müharibəsi bir daha Azərbaycan xalqının əzmini, iradəsini göstərdi, bütün dünyaya göstərdi və bu şanlı Qələbə tarixdə əbədi qalacaqdır. Bundan sonra Azərbaycan dövləti qalib dövlət kimi inkişaf edəcək. Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq, qürur hissi ilə yaşayacaq. Ermənistan isə məğlub edilmiş dövlətdir və bizim işğal altında olan torpaqlarda törədilmiş vəhşilik o erməni lobbi təşkilatlarının öz xalqı haqqında yaratdıqları mifologiyaya da son qoydu. Çünki bu dağıntıları törədən vəhşidir. Bunun başqa adı yoxdur. Təkcə bura deyil, azad edilmiş bütün torpaqlarda mənzərə eynidir. Mən maşınla yüz kilometrlərlə torpaqları gəzərkən gördüm ki, sağda-solda hər şey dağıdılıb, talan edilib. Sanki bu torpaqlardan vəhşi qəbilə keçib. Mən bunu demişəm, bir daha burada Respublika Günündə Ağdam şəhərində demək istəyirəm, bizim müharibəmiz təkcə faşist Ermənistan dövlətinə qarşı deyildi, bizim müharibəmiz faşizm əleyhinə müharibədir. Bizim qələbəmiz göstərir ki, bütün faşistlərin aqibəti, bax, ermənilərin aqibətinə bənzər olacaq.
Müharibə ilə bağlı, əlbəttə ki, çox danışmaq olar. Ancaq bu gün biz daha çox gələcəklə bağlı danışmalıyıq. Müharibə tarixdir, şanlı tariximizdir. Bu tarix əbədi qalacaqdır, bu tarix dərindən öyrənilməlidir və öyrənilir. Dünya miqyasında, dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində 44 günlük müharibə öyrənilir və Azərbaycanın göstərdiyi yeniliklər öyrənilir. Əlbəttə ki, texniki imkanlarımız müharibənin nəticələrinə ciddi təsir etmişdir. Ancaq bayrağı sancan, bayrağı ucaldan, öz sinəsini qabağa verən, ölümə gedən Azərbaycan əsgər-zabiti idi. Biz bu müharibəni, bu Qələbəni bizim qəhrəman hərbçilərimizə borcluyuq, şəhidlərimizə borcluyuq. İstənilən texnikan ola bilər, istənilən maddi imkanın ola bilər, əgər Vətən sevgisi yoxdursa, əgər milli ruh yoxdursa, əgər Vətən uğrunda ölümə getməyə hazır deyilsənsə heç vaxt Qələbə qazanmazsan. Dırnaqarası qəhrəman erməni əsgərləri bizim əsgərlərimizi görərkən müharibənin artıq ikinci mərhələsində silahları yerə qoyub qaçırdılar, bu gün də qaçırlar.
Bu gün əfsuslar olsun ki, Ermənistan tərəfi öz təxribatçı əməllərindən əl çəkmir. Mən bunu bir neçə gün bundan əvvəl mayın 10-da Naxçıvanda olarkən demişdim. Əgər biz görsək ki, xalqımızın, dövlətimizin təhlükəsizliyinə zərrə qədər təhlükə var, dərhal düşməni yerindəcə məhv edəcəyik. Onlar da bizim gücümüzü bilirlər və görürlər. Ona görə son günlər ərzində Azərbaycan-Ermənistan sərhədi ərazisində Ermənistan ordusu tərəfindən törədilmiş təxribat, təbii ki, cavabsız qalmamalı idi və qalmadı. Növbəti dəfə rəzil oldular, növbəti dəfə biabır oldular. İndi görün, bütün dünya bunlara gülür. Baş nazir bir versiyanı deyir, baş qərargah rəisinin müavini başqa versiya deyir, özü də bir gündə. Bu versiyalar da yalandır. Yəni, 30 il ərzində ermənilər dövlət qura bilmədilər. Deməli, bu xalq dövlət qura bilmir. Deməli, bu xalq ancaq başqa böyük dövlətlərin çərçivəsində yaşaya bilir. O böyük dövlətlərin imkanlarından istifadə edib, orada özü üçün həyat qura bilər. Otuz il ərzində bunların unikal şansı var idi – əgər bu işğal olmasaydı, əgər düşmənçilik olmasaydı, əgər bu vəhşilik ermənilər tərəfindən xalqımıza qarşı törədilməsəydi, bu gün bəlkə də Ermənistan da müstəqil dövlət kimi yaşaya bilərdi. İndi görün, necə, hansı rüsvayçı durumdadırlar. Açıq etiraf edirlər ki, öz dövlətini, öz sərhədlərini qoruya bilmirlər. Günahı biri-birinin üstünə atırlar – indiki hakimiyyət köhnə hakimiyyətin üstünə, köhnə hakimiyyət indiki hakimiyyətin üstünə. Amma, əslində, onların hamısı günahkardır. Çünki onlar böyük səhv etdilər. Onlar düşünmürdülər ki, bu dərəcədə aciz vəziyyətə düşəcəklər və onların bütün bəlalarının səbəbkarları da özləridir.
Biz isə öz sərhədlərimizi bundan sonra möhkəmləndirəcəyik, dövlət sərhədində möhkəmlənəcəyik. Heç kim bizə təzyiq edə bilməz, heç kim bizə təsir edə bilməz. İndi bəzi ermənipərəst ölkələr, dairələr hansısa açıqlamalar verirlər. Versinlər, onların öz işidir. Avropa Parlamenti növbəti dəfə saxta faktlar əsasında qətnamə qəbul edib. Mən heç ona fikir vermirəm. Sizə də məsləhət görmürəm, Azərbaycan xalqına da məsləhət görmürəm. Bunlar hamısı əhəmiyyətsiz şeylərdir. Əhəmiyyətli məsələ odur ki, bax, biz bu gün buradayıq, burada oturmuşuq, burada durmuşuq və əbədi burada yaşayacağıq. Qırx dörd günlük müharibə və müharibədən sonrakı dövr, – altı ay artıq keçibdir, – bir daha göstərdi ki, kim kimdir, kim nəyə qadirdir. Biz də bir çox məsələləri xüsusilə beynəlxalq müstəvidə özümüz üçün yəqin etdik və bu, bizə gələcəkdə düzgün qərar qəbul etməyimizə kömək göstərəcəkdir.
Hesab edirəm ki, bu gün tarixi gündür. Çünki bu gün azad edilmiş torpaqlarda birinci Baş Plan artıq təsdiqlənir. İndi Şuşa şəhərinin Baş Planı hazırlanır, artıq bir müddətdən sonra təsdiqlənəcək. Füzuli şəhərinin, Cəbrayıl şəhərinin, digər şəhərlərin Baş Planları üzrə iş gedir. Amma birinci Baş Plan, bax, burada təsdiqlənəcəkdir. Artıq bir neçə tədbir keçirildi. Ağdam şəhəri üçün çox önəmli olan 1 saylı məktəbin təməli qoyuldu. Siz yaxşı bilirsiniz ki, bu məktəbin çox böyük tarixi var, 140 illik tarixi var. Gələcəkdə burada iş yerlərinin yaradılması üçün Ağdam Sənaye Parkının təməli qoyuldu. Bu parkın ərazisi təqribən 200 hektara yaxındır və orada yüzlərlə, gələcəkdə bəlkə də minlərlə insan işlə təmin ediləcək. Bərdə-Ağdam avtomobil yolunun təməli qoyuldu və artıq yaxın gələcəkdə yol istismara veriləcəkdir. Eyni zamanda, mənim göstərişimlə Bərdə-Ağdam dəmir yolunun və dəmir yolu vağzalının tikintisi nəzərdə tutulur. İmarət kompleksinin bərpası ilə əlaqədar artıq işlərə start verilir. Ağdamda İşğal muzeyi və Zəfər muzeyi konsepsiyası mənə təqdim edildi. Yer seçildi və həm Zəfər, həm İşğal muzeyləri çox möhtəşəm olacaq. Digər obyektlər, digər tədbirlər, böyük meşə sahəsinin təməli qoyuldu. Şəhərin içində böyük bir meşə zolağı olacaq – 125 hektarlıq. Süni göl yaradılacaq, kanallar, körpülər. Şəhərin müasir standartlara, müasir tələblərə uyğun inkişaf planı artıq tam işlənib hazırlanıb. Bütün Qarabağ zonası “yaşıl enerji” zonası olacaq. Bütün şəhərlər “ağıllı şəhər” konsepsiyası əsasında qurulacaq. Yəni, bu gün bu görüşdən sonra birlikdə bizə bu təqdimat göstəriləcəkdir.
Əminəm ki, nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapacaq və biz sizinlə bundan sonra Ağdam şəhərində, Ağdam rayonunda çox görüşəcəyik. Bir daha dediyim sözlərə qayıtmaq istəyirəm, mən bu 17 il ərzində – 2003-cü ildən 2020-ci ilə qədər ovaxtkı məcburi köçkünlərlə bir çox görüşlər keçirmişdim və hər zaman onlara deyirdim ki, biz torpaqlara qayıdacağıq, siz torpaqlara qayıdacaqsınız. Ancaq görürdüm ki, son illər onların gözlərində ümidlər azalır. Görürdüm və bu da təbii idi. Çünki 30 ilə yaxın vaxt keçmişdi. Ancaq mən hər zaman əmin idim ki, bu, olacaq. Sadəcə olaraq, deyə bilmirdim. Sadəcə olaraq, deyə bilmirdim ki, nə vaxt olacaq, necə olacaq. Amma bilirdim ki, olacaq.
Bir məqama toxunmaq istəyirəm, bilirəm ki, müharibə dövründə mənim “Twit”lərimi, mənim çıxışlarımı xalqımız səbirsizliklə gözləyirdi. Mən öz çıxışlarımda və bütün “Twitter”imdə də hər zaman həqiqətləri deyirdim və yazırdım. Bir gün fikirləşdim, dedim ki, yəqin, ağdamlılar fikirləşirlər ki, bəs nə üçün indi Cəbrayıl azad olundu, Xocavənd azad olundu, Hadrut, Suqovuşan, Murovdağ, Füzuli, Zəngilan, Qubadlı, gör, haralara gedib çıxmışıq. Bəs nə üçün Ağdamın kəndləri azad olunmur? Fikirləşirdim, yəqin ki, siz fikirləşirsiniz, ağdamlılar fikirləşir. Amma özümü saxlayırdım, deyə bilmirdim ki, nə üçün, deyə bilmirdim. Amma indi hər kəs bilir nə üçün. Çünki əgər biz bu istiqamətdən hücuma keçsəydik, bir çox şəhidlərimiz olacaqdı. Çünki onlar elə bir istehkam qurmuşdular, elə minalamışdılar ki, buradan bizim hücum etməyimiz, əlbəttə, böyük səhv olardı. Ancaq biz bu istiqamətdə kifayət qədər böyük hərbi qüvvə saxlamışdıq ki, erməni ordusunun əhəmiyyətli hissəsi, bax, burada olsun. Beləliklə biz onların manevr imkanlarını böyük dərəcədə məhdudlaşdırdıq. Onsuz da biz Ağdamı alacaqdıq. Şuşa – alınmaz qala götürüləndən sonra mənim göstərişimlə növbəti istiqamət Ağdam oldu. Mən indi bunu deyə bilərəm. Artıq biz elə bil ki, arxa hissədən gələrək erməni qruplaşmasını mühasirəyə alıb tam məhv edəcəkdik.
Çox güman ki, Ermənistan tərəfi də bunu dərk edib və artıq ağ bayraq qaldırmağa məcbur olub, bizim qarşımızda diz çöküb. Otuz il bizə meydan oxuyan, bizim əsəblərimizlə oynayan, xalqımızı təhqir edən, özündən uydurma qəhrəman düzəldən düşmən diz çökdü bizim qabağımızda, ağ bayraq qaldırdı, təslim oldu və kapitulyasiya aktına imza atdı. Biz Ağdamı bir güllə atmadan, bir şəhid vermədən azad etdik və bu gün buradayıq və bundan sonra əbədi burada olacağıq.
x x x
Xalq artisti Mənsum İbrahimov: Möhtərəm cənab Prezident, biz Sizi salamlayırıq. Bu gün biz Sizinlə Qarabağımızın döyünən ürəyi olan Ağdamımızda tarixi təməlqoyma mərasiminə şahidlik edirik. 28 ildən sonra şanlı Ordumuzun və Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə, onların sayəsində Zəfər çalmış bir xalq kimi Respublika Gününü məhz Ağdamda qeyd etmək bizim üçün böyük bir qürurdur.
Bizim qəhrəman Ordumuzun böyük tarixi Qələbəsindən sonra Heydər Əliyev Fondunun Şuşamızda təşkil etdiyi möhtəşəm “Xarıbülbül” festivalı mədəniyyətimizin qələbəsi və dünyaya bir mesaj idi. Təbii ki, biz buna görə Sizə – Müzəffər Ali Baş Komandanımıza, şanlı Ordumuza təşəkkür edirik, şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərimizə cansağlığı arzulayırıq.
Cənab Prezident, 2018-ci ildə Quzanlıda Muğam Mərkəzinin açılışında çıxışınızda qeyd etdiniz ki, tezliklə Ağdamın mərkəzində bunu daha möhtəşəm tikəcəyik. Artıq bu gün biz o tarixi hadisənin şahidiyik. Həqiqətən bizim üçün böyük bir qürurdur. Mən bütün ağdamlılar adından, bütün sənətkarlar adından Sizə təşəkkür edirəm ki, bizim dövlətçiliyimiz əbədidir. Biz bundan sonra burada ancaq böyük Muğam mərkəzlərində muğam festivalları keçirəcəyik, böyük tədbirlər keçirəcəyik, festivallar keçirəcəyik Sizin sayənizdə. Diqqətinizə görə Sizə təşəkkür edirəm.
Prezident İlham Əliyev: Sağ olun.
x x x
Milli Məclisin deputatı Bəxtiyar Sadıqov: Möhtərəm cənab Prezident, bu gün həyatımızın ən xoşbəxt günlərindən biridir. Yeni Qarabağımızın, yeni Ağdamın təməli qoyulur. Biz də bunun iştirakçısına çevrilmişik. Bu xoşbəxtliyi bizə Müzəffər Ali Baş Komandan kimi Siz nəsib etmisiniz. Bu xoşbəxtliyi təkcə bizə yox, keçmiş məcburi köçkünlərə yox, bütün Azərbaycan xalqına bəxş etmisiniz. Siz bizim itmiş inamımızı qaytarmısınız. Bizim ölməkdə olan ümidlərimizi yenidən dirçəltdiniz, yeni həyat verdiniz. Çox sağ olun, minnətdarıq. Siz Azərbaycan xalqını dünyaya yenidən qürurlu xalq, döyüşkən xalq, itirilmiş torpaqlarını qaytaran xalq kimi təqdim etdiniz.
Möhtərəm cənab Prezident, 44 günlük Vətən müharibəsində Siz əsl möcüzə yaratdınız, – buna başqa ad vermək mümkün deyil, – bizim hamımızın gördüyümüz və şahidi olduğumuz möcüzə. Siz yeni ordu qurdunuz, yeni vətənpərvər gənclər nəsli yetirdiniz. Siz milli birlik yaratdınız. Siz bu ordumuzu ən yeni silahlarla silahlandırdınız. XXI əsrin müharibəsini apararaq ən yeni taktika və strategiya tətbiq etdiniz. Bu gün hətta Amerika Birləşmiş Ştatları kimi güc mərkəzi də Sizin taktikanızdan, İkinci Qarabağ müharibəsindəki taktikadan öyrənir və ordusunda dəyişiklik aparır.
Siz dəmir yumruğunuzla düşmənin başını əzdiniz, belini qırdınız. Siz Ermənistanı təkcə hərb meydanında darmadağın etmədiniz, diplomatiya sahəsində, informasiya müharibəsində də biabırçı məğlubiyyətə uğratdınız. Siz informasiya müharibəsinin yeganə baş qəhrəmanısınız.
Möhtərəm cənab Prezident, Siz bizi bəxtəvər günlərə, xoşbəxt günlərə gətirmisiniz. Siz özünüz də xoşbəxt insansınız. Beş əsrlik dövrdə itirilmiş Azərbaycan torpaqlarını geri qaytaran qüdrətli sərkərdəsiniz. İki əsrlik Qarabağ münaqişəsini uğurla həll edən Müzəffər Ali Baş Komandansınız. Müqəddəs ata vəsiyyətini yerinə yetirən xoşbəxt övladsınız. Azərbaycan xalqını ən ülvi arzusuna çatdıran əsl xilaskarsınız. Var olun, sağ olun.
Möhtərəm cənab Prezident, Siz bizə demişdiniz ki, bizi Qarabağa qaytaracaqsınız, Ağdama qaytaracaqsınız. Çox sağ olun, bu gün Ağdamdayıq. Siz demisiniz, Qarabağı cənnətə çevirəcəyik, bir-birindən gözəl layihələr var. Bu layihələrin baş müəllifi Sizsiniz. Biz inanırıq ki, tezliklə gözəl Qarabağda asudə, şən yaşayacağıq. Həmişə Sizinlə qürur duyacağıq. Biz Sizinlə fəxr edirik, cənab Prezident. Bayramınız mübarək! Qarabağ Azərbaycandır! Qarabağ bizimdir!
x x x
Ağdam rayon Ağsaqqallar şurasının sədri Əvəz Mikayılov: Hörmətli cənab Prezident, icazə verin, çıxışımın əvvəlində Ağdam rayonunun çoxsaylı ağsaqqalları adından Sizi salamlayım, onların bütün arzularını burada Sizə çatdırım.
Əlbəttə, biz bugünkü günü çox səbirsizliklə gözləyirdik. Müharibə, nə qədər dəhşətli, nə qədər müdhiş səslənir bu söz. Bu sözün arxasında minlərlə ana-bacı harayı, viran olmuş şəhərlər, kəndlər, oğul itkisi – bütün bunlar hamısı məhz 30 illik müharibədə ermənilərin bizim başımıza açdığı oyunların qısa xülasəsidir. Çox möhtəşəm bir gündür ki, biz bu günləri arxada qoyduq və bu gün Ağdamda belə bir təməlqoyma mərasimi keçirilir. Siz 44 günlük müharibə dövründə Bakıda bir çox xarici ölkə müxbirlərinin suallarını elə cavablandırdınız ki, onlar sanki mat vəziyyətinə düşürdülər. Onlar peşman olurdular ki, Sizə belə suallar veriblər. Gözləmirdilər. Əlbəttə, biz bunu Sizdən gözləyirdik. Yaxud götürək müharibədən sonrakı dövrdə Bakıda keçirdiyiniz böyük, dörd saatlıq mətbuat konfransını, hansı ki, orada Siz dörd dildə – Azərbaycan, türk, rus və ingilis dillərində bütün dünyaya ürək sözlərinizi çatdırdınız. Bütün bunlara görə, Sizinlə fəxr edirik. Sizin Ağdama bu ikinci səfəriniz, Baş Planı təsdiq etməyə gəlməyiniz biz ağdamlılar üçün böyük şərəfdir. Buna görə Sizə minnətdarlığımızı bildirir və Sizinlə fəxr edirik. Çox sağ olun.
x x x
Milli Məclisin deputatı Aqil Abbas: Möhtərəm Prezident, əvvəla, Sizinlə burada olduğumuz üçün dünyanın ən xoşbəxt adamlarıyıq. Siz başda olmaqla xalqımız xoşbəxtdir. Horadizdə bayrağın altında üzü Naxçıvana dayananda, dedim ki, möhtərəm Prezident, o bayrağı ilk dəfə dövlət bayrağı kimi Ulu Öndər atanız qaldırıb. Biz, xüsusən Qarabağ camaatı inanırıq ki, Siz o bayrağı götürüb, düz bu yolla Naxçıvana gedəcəksiniz və bayrağı orada ucaldacaqsınız. Siz o bayrağı qaldırdınız, gətirib Şuşada ucaltdınız, Himnimizi, uvertüramızı səsləndirdiniz. Siz o bayrağı Zəngəzur dəhlizindən asacaqsınız.
Möhtərəm Prezident, Ulu Öndər Məmməd Arazın bir şeirini çox sevirdi: Dünya sənin, dünya mənim, dünya heç kimin. İndi o şeir dəyişib. İndi deyirlər, dünya sənin, dünya mənim, dünya bizim. Siz o dünyanı verdiniz bizə, bu xalqa o dünyanı verdiniz. Doğrudan, o şeirin sözlərini camaat elə oxuyur, o cürdür.
Möhtərəm Prezident, dostlar 44 günlük Zəfərimiz haqqında dedilər, mən təkrar etmək istəmirəm. Mən o zaman burada – cəbhə xəttində idim, izləyirdik. Mən başqa bir fikrimi demək istəyirəm. Ola bilər, mən bir az çox danışdım. Yenə Məmməd Arazdan demək istəyirəm. Deyir: “Vətən mənə oğul desə nə dərdim, mamır olub qayasında bitərdim”. Siz təkcə bu Vətənin oğlu olmadınız, Siz bütün türk xalqının oğlu oldunuz. Ən böyük oğul oldunuz. Eşq olsun Sizə.
x x x
Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm. Bilirsiniz ki, müharibə dövründə birinci Cəbrayıl rayonu işğaldan azad olunmuşdur. Mən bunu xalqa çatdırandan sonra fikirləşdim, yəqin ki, mənim həyatımda ən xoşbəxt günlərimdən biridir. Çünki birinci rayonu tam azad etmək, işğalçılardan tam təmizləmək doğrudan böyük tarixi hadisə idi və xalqımıza, ordumuza əlavə ruh verdi, inam verdi. Ondan sonra Füzuli, ondan sonra Hadrut, ondan sonra Murovdağ, Suqovuşan, Zəngilan, Qubadlı. Hər dəfə öz-özümə deyirdim ki, ən xoşbəxt günlərimi yaşayıram. 10 noyabr – Ermənistanın kapitulyasiya aktı. Özü də nəinki Azərbaycan ictimaiyyəti, bütün dünya bilir ki, o, hansı formada imzalandı. Bu günə qədər mən bilmirəm, Paşinyan onu hansı tində imzalayıb. O da müharibənin, zəfərin kulminasiyası idi, o, əsl kapitulyasiya aktı idi. İndi hər kəs bunu belə qəbul edir.
Ondan sonra yanvarın 14-də Şuşada birinci dəfə olarkən özümə dedim ki, ən xoşbəxt günlərimi yaşayıram. Bu gün də eyni sözləri deyirəm. Əminəm ki, bizim xalqımızın həyatında bundan sonra belə xoşbəxt günlər çox olacaq. Xalqımız xoşbəxt olsun. Tezliklə doğma Ağdamı bərpa edək, vətəndaşları qaytaraq və bu gözəl diyarımız olan Qarabağ torpağında əbədi yaşayaq. Bir daha təbrik edirəm.
Yerdən: Siz başda olmaqla.
X X X
Prezident İlham Əliyev: Onlar Ağdamı heç vaxt görməyiblər, amma çox gözəl nəticələr göstəriblər. Mənə məlumat verildi ki, 644 bal, 644 bal və 650 bal toplayıblar. Elədirmi? Keçən il qəbul imtahanlarında bu balla onlar öz biliklərini göstəriblər və indi də öz doğma vətənində, bu tarixi gündə mən onları xüsusilə dəvət etmişəm ki, burada ağsaqqallar, tanınmış insanlarla bərabər, gənc nəslin nümayəndələri də olsun. Çünki bu tarixi günümüzü biz bu cür qeyd etməliyik, bütün nəsillərin nümayəndələri ilə. Ölkəmizin gələcəyi məhz bilikli, savadlı və öz doğma torpağına bağlı olan belə gənclərin əlində olacaq.
İctimaiyyət nümayəndələri: Siz başda olmaqla, inşallah. Var olun.
“Ağ şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıqov: Bu şəkillər Ümummilli Liderimizin Ağdam ictimaiyyəti ilə görüşlərindəndir.
Prezident İlham Əliyev: Bu bulaq haradadır?
İctimaiyyət nümayəndələri: Bulaq Xındırıstandadır, İldırım Cəfərov da kolxozun sədri idi. Bu, Qərvənddəkidir, Xuraman Abbasova. Mən Qərvənddənəm.
Prezident İlham Əliyev: Qərvənd kəndindən?
İctimaiyyət nümayəndəsi: Bəli, mən orada tədbirdə iştirak etmişəm. Adı da Heydər bulağıdır. Allah rəhmət eləsin.
Prezident İlham Əliyev: Bu da ağsaqqallarla görüşdəndir.
Ruslan Sadıqov: Cənab Prezident, Siz tapşırmışdınız ki, Ağdam şəhərinin planına rayon ictimaiyyəti ilə bir yerdə baxılsın. Çünki Ağdam rayonunun kommunikasiya, yol xətləri, dəmir yolu və vacib strukturunu təşkil edən meliorasiya xətləri bir-biri ilə vəhdət təşkil etməlidir. Ona görə də rayonun işğaldan azad olunmuş 70 min 900 hektarlıq bu hissəsinə baxılmış, eyni zamanda, onun coğrafi şəraiti nəzərdən keçirilmiş, iqlim şəraiti burada əks etdirilmişdir. İqlim şəraitinə görə burada hansı bitkilər əkilə bilər, hansı kənd təsərrüfatı məhsulları yetişdirilə bilər. Bunun əsasında ictimaiyyətlə, administrasiya ilə bir yerdə 71 kəndi daha rahat, daha uyğun qurmaq üçün 33 kənd layihələndirilib.
Prezident İlham Əliyev: Birinci mərhələdə olacaq. Birinci mərhələdə 33 kənd müəyyən olunub, bəzi kəndlər isə birləşəcək. Ondan sonrakı mərhələdə qalan kəndlər də tədricən bərpa ediləcək. Amma biz əsas planımızı 33 kəndin ətrafında qurmuşuq.
Ruslan Sadıqov: Burada ilkin islahatlar kənd təsərrüfatı torpaqları ilə bağlıdır. İslahatlara əsasən, təqribən 25 sotdan nəzərdə tutulub, Sizin icazənizlə 18 sotdan insanların hər birinə həyətyanı sahə müəyyən olunub. O biri rayonlara baxanda bu, yüksək rəqəmdir, Siz bunu tövsiyə etmisiniz.
Prezident İlham Əliyev: Yəni, həyətyanı sahə?
İctimaiyyət nümayəndələri: Çox yüksək rəqəmdir. Çox gözəl. Çox böyük, gen-bol.
Ruslan Sadıqov: Bunları təmin edəndən sonra Sizin tapşırığınıza uyğun olaraq, investorların cəlb edilməsi və Ağdamın müasir kənd təsərrüfatı növlərinin inkişafını təmin etmək üçün 10, 50 hektarlıq 200 müasir fermer təsərrüfatı nəzərdə tutulub. Yerdə qalan dövlət torpaqlarında isə 50,100 hektarlıq 50 müasir fermer təsərrüfatının yaradılması nəzərdə tutulub. Eyni zamanda, Sizin tapşırığınıza uyğun olaraq, ilk böyük müəssisələr artıq ilk gündən gəliblər və burada əkin işləri aparırlar k